Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dincəlmək istəyir o da azacıq” – generalın Dubay tətili

Deyirdilər, ev dustağıdır. “Qoluna qandal vurub atıblar içəri, harda saxlandığını da demirlər”, deyirdilər. Danışırdılar ki, xəstələnib, Moskvaya aparıblar. Adamın haqqında çox söz danışırdılar. Hətta öz optimist proqnozu ilə camaatı qorxudanlar, deyənlər vardı ki, baxarsınız, bəlkə də təzədən qaytarıb öz vəzifəsinə qoyacaqlar.

General-polkovnikin səsi, daha dəqiqi, şəkli və videosu isə Dubaydan gəldi. Əyinində qara tuman, gözündə qara eynək, başında şəvə kimi qara saç, sanasan, Burak Özçivitdir, ilıq sudan təzə çıxmış halda günəşlənir, sağa-sola göz gəzdirir. Kameralara poza verdiyindən də xəbəri yoxdur. Xəbəri olsa, qaçıb gizlənərdi.

Baxırsan ki, yaşına görə yaxşı qalıb, bir az kilosu var, o da bir şey deyil. Onun tay-tuşlarının kipriyi də ağarıb, amma yuxarıda dediyimiz kimi, adamın başında bir dənə ağ tük yoxdur. Düzdür, bu kimyəvi-kosmetoloji müdaxilənin də nəticəsi ola bilər.

Ona qalsa, İbrahim Tatlısəsin saçı da qapqaradır. Düzdür, 10 il əvvəl onun başına güllə dəyəndə və “imparator” ard-arda klinikalara düşəndə saçı ağarmışdı, amma sonra təzədən qaraldı. Bir iş var ki, ictimai rəy müğənni-manıs tayfasından fərqli olaraq, hərbçilərin qara saç hesabına cavan görünmək istəməsini yaxşı qarşılamır, hesab edir ki, 65 yaşlı adamın saçı-saqqalı ağ olmalıdır. Bizim camaat yaşı 50-ni keçmiş hər kəsə o üzdən “ağsaqqal” deyə xitab edir.

Amma adam özü bilər, istəyər, lap Norveç kişiləri kimi sarışın olar, kimə nə?

Əsas sual budur ki, ilin-günün bu vaxtında cənab Sadıkovun Dubayda nə işi var.

Bəs neynəsin? Görün, adam neçə illərdir müharibədədir, ordumuzun baş qərargahına rəhbərlik edir, macalı varmı istirahət eləsin.

Bəlkə də bu yay, daha dəqiqi, iyulda adam istirahətə gedəcəkdi, lənətə gəlmiş ermənilər Tovuzda aranı qatdı, generalımızın da başı qarışdı, gedə bilmədi. Sonra sentyabrda müharibə düşdü, onun tətil planı yenə pozuldu.

Düzdür, deyirlər, onu müharibəyə yaxın qoymayıblar, amma nə qədər olmasa da, generaldır, uzun illər ordu quruculuğuna cavabdeh olub, yəqin ki, müharibənin gedişində çox həyəcanlanıb, stress keçirib, bir əli eyzən ürəyinin üstündə olub. Ona görə də indi dincəlmək istəyir o da azacıq. Bəlkə də son 30 ildə o, ilk dəfədir dənizə girir, günəşə çıxır. Əynindəki qara tumanın de-mode olmasından da bəllidir ki, dənizə az-az gedib. (Yeri gəlmişkən 2 il öncə o tumanın boz rənglisindən birini şair Yafəs Türksəs geyinib çimərlikdə şəkil çəkdirmişdi, sosial şəbəkə əhli hələ də danışır).

Bəs general-polkovnikin bu görüntüsünü “Sadıkov Dubayda kef edir” deyə yozmaq nə dərəcədə ədalətlidir?

Başqa nə olsun? Götürüb “Sadıkov Dubayda əziyyət çəkir”mi yazsınlar? Onun erməni həmkarları 44 günlük müharibədəki məğlubiyyətin acısını çəkir, ağlaşırlar. Onunla eyni vəzifəni tutan Onik Qasparyan məlubiyyəti sinirə bilmədiyindən baş nazirin üzünə ağ oldu, nəticədə vəzifəsini itirdi, amma bizimki Dubayda günəş vannası qəbul edir, ləzzətlə gərnəşir.

Hamı elə bilirdi ki, Rövşən Əkbərov həbs ediləndən sonra, üç gün çəkməz, xalqı “Sadıkov da qandallandı” xəbəriylə sevindirərlər, amma adam qanadlanıb uçdu isti ölkələrə, indi Dubaydakı 5-6 ulduzlu oteldə canına qulluq edir.

Xalqımızdan olsa, onun dincəliş yerini daha yaxınlarda və daha təhlükəsiz yerlərdə təmin edərdi. Heç o yerdə onu paparassilər də görüb lentə çəkə bilməzdilər. Amma görünür, belə məsləhətdir, necə deyərlər, bilmədiyimiz işlər var.

Yazının bu yerində müəllif duruxur, fikirləşir ki, işdir, birdən general qayıdar, AMEA prezidentinin hərbi işlər üzrə virse-prezidenti vəzifəsinə düzələr, ondan sonra halımız necə olar. Vaxtilə ona qarşı yazan jurnalistlərin başına açdırdığı oyunlar hələ yaddan çıxmayıb.

Amma bilindiyi kimi, AMEA-da hərbi işlər üzrə vitse-prezident postu yoxdur, bəlkə indən belə təsis edilə.(musavat.com)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Dincəlmək istəyir o da azacıq” – generalın Dubay tətili

Ən çox oxunanalar