Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatın qardaşı İçərişəhərdə vətəndaşın dükanını əlindən almaq istəyir - Foto

Milli Məclisin deputatı Eldar İbrahimovun qardaşı Heydər İbrahimov bütün vasitələrdən istifadə edərək İçərişəhərdə vətəndaşın şəxsi mülkünü ələ almağa çalışır

Bakı şəhər, Yasamal rayonu, C. Cabbarlı küçəsi, ev 20/67, mənzil 21-də qeydiyyatda olan Əliyev Cəlal İsmayıl oğlu tərəfindən AzToday.az-a göndərilən şikayətdə bildirilir ki, Heydər İbrahimov 25 ildən çox bir müddətdə dükan kimi fəaliyyət gösrtərən, iki dəfə əsaslı təmir olunmuş obyekti mənimsəmək istəyir.

Vətəndaşın şikayətini olduğu kimi təqdim edirik:

“Həqiqətən də çox gərgin psixoloji durum yaşayıram. Allah bu işdə sifarişli qərar, rəy çıxaranların, insanların mülklərinə həyasızca qəsd edənlərin Özü ən ağır cəzalarını versin.

Demək 2005 ci ildə İçərişəhərdə tam qanuni, çıxarışla təxminən 46 kv m-lik (45,6) yarımzirzəmidə yerləşən dükanı alqı- satqı yolu ilə əldə etmişəm. Dükanın alqı-satqı prosesindən dərhal sonra (notarius binasını tərk etdikdən sonra), dükanın keçmiş sahibəsi (Nigar Quliyeva) mənə dükanla bağlı yuxarıdakı qonşu Heydər İbrahimov adlı birisi ilə məhkəmə çəkişməsinin olduğunu, apellyasiya məhkəməsinə qədər Heydər İbrahimovun (yuxarıdakı qonşunun) uduzduğunu və yalnız Ali Məhkəmənin qaldığını dedi. Həyəcanlandığımı, bunu mənə alqı-satqıdan əvvəl niyə demirdiniz, sualıma,”boş söhbətdir, dükanın onun evinin zirzəmisi olduğunu iddia edən birisinin sərsəm iddialarına ciddi yanaşmağa dəyməz”, kimi cavab verdi. Bu cavab məni yetərincə sakitləşdirdi, həqiqətən də Azərbaycanda kifayər qədər zirzəmi dükanların olduğunu və demək olar ki, hamısının da şəxsi mülkiyyətdə olduğunu düşünüb, iddianı doğrudan da sərsəm iddia hesab etdim

Qısa bir müddətdən sonra dükanda əsaslı təmir işlərinə başladım və əsl müsibətlər də bundan sonra başladı. Demək, dükanın təmir olunduğunu görən Heydər İbrahimov dükanın mənim tərəfimdən alındığını aşkarlayıb, məsələnin məhkəmədə olduğunu, dükanın onun zirzəmisi olduğunu, təmir işlərini dayandırmağımı əmr etdi. Bəndəniz də dükanı tam qanuni yolla, çıxarışla aldığını, bu dükanla bağlı məhkəmə çəkişməsi haqqında alqı-satqıdan sonra xəbər tuduğunu yeni qonşunun diqqətinə çatdırdı. Ertəsi gün dükanın keçmiş sahibəsi Nigarın qaynı və həm də bir zamanlar onunla bu dükanın ticarət işində ortağı olmuş Cahanbala “mənə halallıq verəcəksən” kimi iddia ilə üstümə gəldi. Üstündən bir az keçmiş “uçastkovu” məni öz otağına dəvət etdi. Getdim, mənim hansı haqqla hörmətli deputatımızın qardaşının (Heydər İbrahimov deputat Eldar İbrahimovun qardaşıdır) mübahisə predmeti olan obyekti almağımı və nədən obyekti almamışdan əvvəl obyektlə bağlı sorğu keçirmədiyimi və böyük yalnışlığa yol verdiyimi diqqətimə çatdırdı. Hörmətli sahə müvəkkilinə də obyekti vasitəçi Almaz vasitəsi ilə aldığımı, vasitəçinin bu obyektlə bağlı, hər şeyin qaydasında olduğunu, deməsini nəzərə alıb, tam qanuni yolla aldığımı dedim. Beləcə bir iki dəfə “uçastkovu”muzun yanına aydınlaşdırma prosesinə gedib gəldim. Bu əsnada Cahanbala zəng vurdu və məni “halallığın verilməsi” ilə bağlı görüşə dəvət etdi. Görüşdən əvvəl mərhum anam halallıq xətrinə bir 250 dollar pul götürüb ona verməyimi təklif etdi. Mən də 250 dolları cibimə qoyub yollandım görüşə. Cahanbala görüşə xalq arasında lotu kimi tanınan bir adamla gəlmişdi. Görüşdə bildim ki,Cahanbala nə az nə çox,düz 30 min dollar məndən “halallıq” pulu istəyir. Guya Nigar sadəcə rəsmən icarədar imiş, sonradan bu üstünlüyündən istifadə edərək obyekti özəlləşdirmiş və məndən aldığı puldan da bir qəpik Cahanbalaya verməmişdir. Dedim, bu əgər belədirsə, burda mənlik bir şey yoxdu, iki qardaşın bir obyekt uğrunda, daha doğrusu obyektin satış pulu (Nigar Cahanbalanın qardaşı arvadıdır) uğrunda çəkişməsidir və öz aranızda həll etməniz məsləhətdir. Görüşdən çıxan kimi Nigara zəng vurdum və dərhal görüşməyimizi təklif etdim. Görüşdük və Nigar xanım mənə hal-qaziyəni tam təvsilatı ilə nəql etdi. Demək məsələ bu cür imiş. Bu zirzəmi dükan kimi fəaliyyətinə 90 cı illərin tam əvvəllərindən başlayıb və dükanı da dövlətdən icarəyə götürən hər zaman Nigar xanım olubmuş. Cahanbala sadəcə dükanda satış məsələlərində ona köməklik edirmiş. Amma sonradan Cahanbalanın tam əyyaşlığa qurşanması üzündən (90 cı illərin sonundan Cahanbalanı ayq vəziyyətdə görmək mümkün deyildi,öz əyyaşlığı, ətraf gənclərə pis örnəkliyi ilə qonşuları da bezdirmişdi) bu işdən də kənarlaşdırılıbmış. Bu kənarlaşdırmadan qəzəblənən Cahanbala hər keyfləndikdə hər yerdə hamıya dükanın onun olduğunu deyirmiş. Bir gün də, 2001 ci ildə Heydər İbrahimovla qanunsuz sövdələşməyə girib, dükanı 5 min dollara ona satıbmış və sövdələşmə qanunsuz olduğundan, əldə hər hansı bir sənədin olmamasından sadəcə əllə “5 min dollar aldım, dükanın halallığını verdim” kimi ifadə yazıb Heydər İbrahimova veribmiş( bu kağız Nigar xanımın Heydər İbrahimovla olan məhkəmə işinin materiallarında var). Nigar xanım bütün bu məsələlərin məhkəmə işində keçdiyini və hətta qanunsuz sövdələşmə işinə görə hər iksinin məsuliyyət daşıdığını və lazım gələrsə, bu işlə bağlı da məhkəmə iddiası ilə məsələ qaldıracağını dedi. Bir iki günə Cahanbalanın adamı bir də mənə telefon açdı,bu dəfə mən hirsli şəkildə, bir yerə iki dəfə halallıq istənilirmi, deyə sorudum və 2001 ci ildə baş vermiş hadisədən xəbərdar olduğumu bildirib telefonu qapatdım. Bundan sonra Cahanbala məni rahat buraxdı, bildi kibir zaman saxta yolla Heydəri aldadıb ona 5 min dollara dükanı satdığından xəbərim var (Deyilənlərə görə sonradan Heydər İbrahimov bu pulları Cahanbaladan alıbmış).

Amma Heydər İbrahimov 14 ildən çox məni rahat buraxmadı. Ali Məhkəməni də bir müddət sonra Nigara uduzdu. Amma mən 14 ildir ki, təzyiq və təhdid altındayam. Lap əvvəl məni öz xəbərçiləri ilə, binanı qəzalı kimi sənədləşdirib sökdürtdürəcəyi ilə hədələməyə başladı. Sonra dükanı məndən almaq istədiyini dedi. Dedim, mənim dükanı satmaq fikrim yoxdu, əgər bu obyekt ona bu qədər önəmliysə, mənə yaxın ətrafda uyğun bir obyekt tapsın və bu halda o obyektlə dəyişə bilərəm. Yəni istədim hər şey Allahlı olsun, bəlkə adamın bu mülkə həqiqətən də çox ehtiyacı var… Sonra dükanıma tapşırıqla öz maklerlərini göndərdi, guya bu adamlar mənim dükanımın həqiqi qiymətini müəyyənləşdirəcəkdilər. Dedim, mənim dükanı satmaq niyyətim yoxdur və sizin qiymətləndirməniz də mənə lazım deyil. Sonra yenə təkidlə dükanı ona satacağımı israr etdi və elə bir gülünc qiymət təklif edirdi ki o qiymətə mən oralıqda bu dükana yaxın bir şey belə ala biməzdim. Bu ərəfədə anam rəhmətə getdi. Anamın yas mərasiminə də təşrif buyurdu. Əslində düşünürəm, yas mərasiminə gəlməsində məqsədi bəlkə də çevrəmlə maraqlanması və məhkəmədə Nigara total məğlubiyyətinin əsil səbəblərini özü üçün araşdırmaq imiş. Nigar xanım zamanında mənə bu işlə bağlı Arif Rəhimzadə ilə, Heydərin qardaşı Eldar İbrahimovla da görüşdüyünü və hər ikisinin də tam onun mövqeyini müdafiə etdiklərini demişdi.

Sonra yenə təzyiqlər, yenə təhdidlər… Sonuncu dəfə(səhv etmirəmsə 2016 də) Polşa telefonuma zəng vurub binanın söküləcəyini, bu halda hər kvadrata 1500 manat və bəlkə ondan da az alacağımla məni təhdid etməyə çalışdı. Dedim, nə olacaqsa, qoy olsun, Allah bilən məsləhətdir. Bu son danışığımızdan sonra 2017 da Bakıda oğlumla əlaqə yaradıb dükanı 75 min manata almaq istədiyini demişdi. Təsəsvvür edirsiniz, bu 75 min manata o ətrafda 10 kv-lıq dükan belə almaq mümkün deyil. Oğlum da heç bir halda dükanı bu qiymətə satmayacağımızı ona bildirmişdi.

Nəhayət 2018 ci il avqustun 1 də, mənim xəbərim olmadan Heydər İbrahimov Səbail məhkəməsinə dükanın özəlləşdirilməsinin ləğvi ilə bağlı iddia ilə çıxış etmişdir. Hansı özəlləşmənin? Rəhmətlik Nigar xanımın(2016 da rəhmətə getmişdir) on ildən çox dövlətdən icarə edib, sonradan dövlət xəzinəsinə müvafiq məbləği ödəməklə 2004 cü ildə özəlləşdirdiyi və elə həmin ildə Heydərin özəlləşdirmənin ləğvi ilə bağlı iddiası ilə bağlı məhkəmə çəkişməsində qalib gəldiyi həmən o özəlləşdirməni.

Bu vaxta qədər heç bir yollla tutduğu məqsədinə çata bilməyən Heydər İbrahimov indi də məhkəmə sistemi vasitəsi ilə mənim min bir əziyyətlə qazanıb aldığım halal mülkiyyətimi əlimdən almağı qərara alıb.

Demək, həngaməyə bir baxın. Heydər İbrahimovun dükanımın özəlləşməsi ilə bağlı məhkəmə qarşısında qaldırdığı iddia faktını düz 5 aydan sonra bilmişəm. O da mənim xəbərim olmadan keçirilən məhkəmə iclaslarının birində hakiminin məsələni məhkəmə ekspertizasına yönəltməsindən, təyin edilmiş ekspertlə Heydər İbrahimovun dükanıma təşrif buyurmalarından sonra. Demək dükan kirayədidr və kirayənişin də mənə zəng vurub deyir ki, bəs bir neçə kişi Ədliyyə Nazirliyindən yuxarıdakı qonşu ilə birlikdə dükana baxış keçiriblər və dükanın şəkillərini çəkiblərmiş. Heydərə zəng vurub məsələnin nədən getdiyni soruşdum. Dedi, bəs qardaş, zirzəmimin özəlləşməsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişəm. Dedim bəs mənə bu barədə indiyə kimi niyə bildiriş olmayıb. Dedi, olub, sən bilməmisən.

Düşünürəm məhkəmə iddiası ilə mənim ekspert təyinatından sonra xəbər tutmağım da düşünülmüş şəkildə baş tutmuşdur. Eyni obyekt haqqında eyni məzmunda məhkəmə qarşısında ikinci dəfə iddia qaldırılmanın mümkünsüzlüyü məsələsinin üstündən adlanıb, məsələni tezliklə ekspertizaya,ekspert rəyinə yönəltmək.

Telefonla eyni obyekt haqqında eyni məzmunda yenidən iddia qaldırılmasının mümkünsüzlüyünü Heydərin diqqətinə çatdırdım. Dedi,”hə orası elədir, amma mən iddianaməni 2004 dən fərqli olaraq bir az orasın burasın dəyişmiş şəkildə vermişəm”. Nə olsun ki dəyişmisən, məzmun ki eynidir?

Anladım ki mənə vermək istədiyi o 75 min pulu deyəsən indi məhkəmə və ekspertizaya xərcləmək niyyətindədir.
Vəkil tutdum.Vəkil ekspert rəyinin artıq məhkəməyə göndərildiyini və yeni hakimin Şahin müəllim (çox güman ki Şahin Abdullayevdir) təyin olunduğunu, məhkəmə iclasının 28.03.2019 tarixində olacağını bildirdi. İşlərimlə bağlı tam həyəcanla dolu Polşaya qayıtdım və nəhayət 28 martda məhkəmə iclasında ekspert rəyi açıqlandı

İlham Xudiyev adlı ekspertin hasil etdiyi nəticə sən demə beləymiş.Əvvəlki hakimin ekspert qarşısında qoyduğu dükan zirzəminin indiki həqiqi təyinatı və kommunikasiya xəttləri ilə bağlı suallarına,25 ildən çox dükan kimi fəaliyyət göstərən,iki dəfə əsaslı təmir olunmuş gül kimi obyektə verilən ekspert cavabı ilə tanış olun:

1 Cİ SUAL ÜZRƏ:

RƏYİN TƏDQİQAT HİSSƏSİNDƏ GÖSTƏRİLƏNLƏRİ, O CÜMLƏDƏN BAKI ŞƏHƏR İCRAİYYƏ KOMİTƏSİ TEXNİKİ İNVENTARİZASİYA BÜROSU TƏRƏFİNDƏN TƏRTİB EDİLMİŞ LAYİHƏ SƏNƏDLƏRİNƏ ƏSASƏN TƏDQİQ OLUNAN ZİRZƏMİNİN BAKI ŞƏH. SƏBAİL RAY. İÇƏRİ ŞƏH…….ÜNVANINDA YERLƏŞƏN İKİMƏRTƏBƏLİ BİNANIN ALTINDA LAYİHƏLƏNDİRMƏKLƏ, HƏMİN BİNANIN TƏRKİB HİSSƏSİ OLDUĞUNU, ELƏCƏ DƏ ZİRZƏMİYƏ GİRİŞ QAPISININ BİNANIN YAN FASAD HİSSƏSİNDƏ YERLƏŞDİYİNİ NƏZƏRƏ ALARAQ, MÜBAHİSƏLİ ZİRZƏMİNİN HƏMİN BİNANIN SAKİNLƏRİNƏ AİD ÜMUMİ İSTİFADƏ ÜÇÜN NƏZƏRDƏ TUTULAN SAHƏ HESAB EDİLDİYİ MÜƏYYƏN OLUNUB

2 CI SUAL ÜZRƏ:

TƏDQİQ OLUNAN BİNANIN KOMMUNİKASİYA XƏTTLƏRİNİN PLANLI YERLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI İLKİN LAYİHƏ SƏNƏDLƏRİNİN OLMADIĞINDAN,ELƏCƏ DƏ ZİRZƏMİ ÜZRƏ YENİDƏNQURMA İŞLƏRİ APARILARAQ FAKTİKİ TİCARƏT OBYEKTİ KİMİ İSTİFADƏ EDİLDİYİNDƏN,HƏMİN ZİRZƏMİDƏ ƏVVƏLLƏR BİNAYA AİD ÜMUMİ SU,KANALİZASİYA XƏTTLƏRİNİN YERLƏŞİB YERLƏŞMƏDİYİ MÜƏYYƏN ETMƏK MÜMKÜN OLMADI.lAKİN BUNUNLA YANAŞI QEYD OLUNUR Kİ,TİKİNTİ NORMALARINA UYĞUN OLARAQ TEXNİKİ MƏRTƏBƏLƏR ZİRZƏMİ,KÜRSÜ VƏ S.KİMİ NƏZƏRDƏ TUTULAN BİR NEÇƏ MÜXTƏLİF TİPLİ TEXNİKİ SAHƏLƏRƏ BÖLÜNÜR VƏ HƏMİN SAHƏLƏR KOMMUNİKASİYA XƏTTLƏRİNİN YERLƏŞDİRİLMƏSİ ÜÇÜN NƏZƏRDƏ TUTULUR.

Ərz edim ki, əvvəla hansı bina sakinlərindən söhbət getdiyi bəlli deyil, bir halda ki, binanın yuxarı mərtəbələri bir adama, yəni Heydər İbrahimova məxsusdur, o da ailəsi ilə illərlədir ki orda yaşamır, görünür ehtiyacı yoxdur, bəlkə belə evlərdən onda bir deyil, iki deyil.. kim bilir… Amma heç olmasa, bu məhkəmə iddiası, məhkəmə avanturası qaldırdıqdan sonra, barı ora bir qalıçka xətrinə bir adam göndərəydi, yəni görüntü xətrinə, bir sakin olsun deyə, görünür buna da ehtiyac duymamış. Rəyin ən komik tərəfi isə ordadır ki, dükanın giriş qapısının da, qabaq hissəsinin də, o olub olmayan sakinlərlə 0,001 faiz belə əlaqəsi yoxdur. Yəni elə bir yerdəndir ki, yalnız ordan dükana girmək üçün gəlib keçmək olar, gediş-gəliş yolundan da kənardır. Eyni zamanda dükanımın giriş qapısı bina fasadının yan hissəsindən, Heydər İbrahimovun girişi isə ön hissəsindəndir.

Min-bir əziyyətlə qazanıb aldığım mülkümü əlimdən almaq istəyən Heydər İbrahimovun uzun illər Kövsər bankın İdarə Heyətinin sədri, faktiki sahibi olduğunu diqqətinizə çatdırmaq istəyirəm. Bir ara(2015 də səhv etmirəmsə) mətbuatda bu bankı 38 milyon manata satdığı haqqında yazılar getmişdi…

Özünə müsəlman, dindar, mömin, hacı deyib, dindən istifadə edərək milyonlara sahiblənən, yanındakının kiçik mülkünə göz tikən birisinə nə deyəsən…”

Qarşı tərəfdi də dinləməyə hazırıq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar