Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Demokratiya və İslam: bir–birinə yad fenomenlər

Demokratiya və İslam bir – birinə zidd qavramlardır

Liberal demokratiya dini inanc və ənənələrdən ilham alan bir toplumda işləyə bilərmi? Başqa sözlə demokratiya və siyasi islam bir cəmiyyətdə yanaşı mövcud ola bilərmi? Bu sual məni bir hüquqşunas kimi çox düşündürürdü. İslam ölkələri arasında azsaylı demokratik ölkələrdən biri sayılan Türkiyədə Yüksək Seçim Qurulunun heç bir hüquqi dayağı olmayan məlum qərarından və beləliklə, demokratiyanın son qalası olan seçki institutunun çökməsindən sonra bu məqaləni yazmaq qərarına gəldim.

Demokratiya və İslam bir – birinə zidd qavramlardır. Türkiyə nümunəsi bir daha göstərdi ki, demokratiya siyasi islamın dominat olduğu Türkiyə kimi ölkələrdə bərqərar ola bilməz. Qərbin fərdiyyətçilik, liberalizm, insan hüquqları, bərabərlik, azadlıq, hüququn üstünlüyü, demokratiya, dinin dövlətdən ayrı olması qavramları İslam fəlsəfəsi və dünyagörüşünə yaddır.

Demokratiyanın təməl şərtlərindən biri dinin dövlətdən ayrı olmasıdır. Siyasi İslamın yayıldığı Türkiyə kimi ölkələrdə isə din və dövlət bir – birinin institusional davamı kimi fəaliyyət göstərir.

Dinin dövlətdən ayrı olması postulatı bir çox maarifçi filosof tərəfindən əsaslandırılmışdır. Cohn Locke-a görə vicdan azadlığına və vətəndaşlarının düşüncə azadlığına müdaxilə etmək dövlətin işi deyil. Müasir anlamda dinin dövlətdən ayrı olması ABŞ Ali Məhkəməsinin Everson işi ilə bağlı 1947-ci il tarixli qərarında belə əsaslandırılıb: “Heç bir ştat və ya federal hökumət kilsə təsis edə bilməz, bir dinə və ya bütün dinlərə dəstək göstərəcək, eləcə də bir dinin digər dindən üstünlüyünü bəyan edəcək qanun qəbul edə bilməz, dini təşkilatların və ya qrupların işlərində iştirak edə bilməz və onların fəaliyyətini maliyyələşdirmək məqsədilə vergi toplaya bilməz.”

Konstitusiyasında Türkiyə dünyəvi dövlətdir yazılmasına baxmayaraq, türk siyasətində və ictimai həyatında biz bunun tam əksini görürük. Türkiyə büdcəsində hər il milyardlarla dollar dəyərində vəsait Türkiyə Diyanət Başqanlığına ayrılır və bu, nəticədə vergi şəklində vətəndaşlardan toplanır, dini icmalar bu və ya digər formada dövlət tərəfindən dəstəklənir, islam dini ayrıcalıqlı olaraq məktəblərdə tədris olunur.

Demokratiyanın ikinci təməl şərti fikir və düşüncə azadlığıdır. Bu həmin fikir və düşüncə azadlığıdır ki, dini təsisatlar və teokratik hökumətlər onu öz mövcudluğu üçün əsas təhdid hesab edirlər.

Bir ölkədə dərin kök salmış və siyasi hakimiyyət tərəfindən dəstəklənən güclü dini təsisatların mövcudluğu həmin ölkədə düşüncə polisi, azad və tənqidi fikrin boğulması, demokratik təsisatların zəiflədilməsi ilə müşahidə olunur. Çünki dinlər alternativ və rasional fikrə dözümsüzdür. Xüsusilə islami teokratiyada Allah mütləq hakimdir, onun əmrlərinə müzakirəsiz, heç bir şübhə olmadan, sorğulamadan əməl edilməlidir. Allahla nə kompramisə gəlmək olar, nə də onun sözünü veto etmək olar. İslamda Allah demokrat deyil. Təmsilçi demokratiyalardakı kimi seçim yolu ilə onu başqa biri ilə əvəz etmək imkanımız yoxdur. Buna qarşılıq, liberal bir demokratiyada hər kəs alternativ bir fikir irəli sürə bilər və hakim fikri sorğulamaq haqqına sahibdir.

Avtoritarizm və İslam, demokratiya və İslamdan çox daha təbii dostlardır. Demokratiya düşüncə azadlığına, bütün fikirlərin azad bir şəkildə müzakirəsinə əsaslandığı halda İslam hüququ doqmalara, müzakirəsi qadağan olan postulatlara əsaslanır. İslamda fikir alternativləri yoxdur, Allahın və peyğəmbərin sözü son sözdür.

İslamda demokratiyanın əsas şərti olan fərdi azadlıqlar ilahi iradəyə təslim olmaqla şərtləndirilir. Fərdin azadlığı toplumun azadlığının başladığı yerdə bitir. İnsan hüquqları yalnız insanın dini öhdəlikləri ilə əlaqəli olaraq mövcuddur. Bu öhdəlikləri qəbul etməyən fərdin hüquqları da mövcud deyil.

Demokratiyanın oturması üçün mübarizə aparan bütün tərəflərə bərabər imkanların tanındığı azad seçkilər mühüm əhəmiyyət kəsb edir. Əhalinin böyük əksəriyyətinin dindar və savadsız olduğu Türkiyə kimi cəmiyyətlərdə din asanlıqla xüsusilə seçki dövründə manipulyasiya oluna bilir. Kütlənin cənnət arzusu və cəhənnəm qorxusu hər cür rasional seçim etməyə mane olur. Nəticədə din amilini sui-istifadə edən islamçı qruplar öz rəqibləri üzərində haqsız üstünlük qazanmış olur. Həm də onu nəzərə almaq lazımdır ki, İslam kültüründə avtoritetə, mərkəzi hakimiyyətə itaət etmək Allahın buyruğu kimi qəbul olunur. "Quran"da 4.59-da buyrulur ki, özünüzdən olan rəhbərlərə itaət edin. Dindar müsəlman üçün rəhbərin legitimliyi və hakimiyyəti xalqdan yox tanrıdan gəlir. Belə olduğu halda, dindar kütlənin gözündə hakimi mütləq olan mövcud rəhbərin seçkidə rəqibi olmaq heç də asan olmur və nəticədə seçki təsisatı öz funksionallığını itirir.

Və nəhayət, sonda Qərbdə parlament kimi demokratik təsisatların orta əsrlərdən bu günə qədər davam edən çox qədim bir ənənəsi var. Ən qədimi olan İngilis parlamenti 1215-ci ildə təsis olunub. Teokratiyalarda isə qanunverici hakimiyyətə ehtiyac yox idi. Çünki qanunvericilik funksiyasına ehtiyac yoxdur. Məişət münasibətlərinə qədər hər şey Allah tərəfindən bilavasitə göndərilən şəriət qanunları ilə tənzimlənirdi. Belə olan halda islam toplumlarında parlament kimi demokratik təsisatlar və müzakirə mədəniyyəti, fikir prüralizmi inkişaf edə bilmədi.

Demokratiya bir ənənədir, kültürdür. Demokratiya öz kökünü xalqların tarixindən, inanclarından, ənənələrindən götürür. Demokratiya elə bir fenomendir ki, onun bütün komponentləri birlikdə mövcud olmalı və bir-birini tamamlamalıdır. Azad və rəqabətli seçkilər, qadınların və azlıqların hüquqları, vicdan və fikir azadlığı, dinin dövlətdən ayrı olması, fikir plüralizmi, müzakirə mədəniyyəti kimi komponentlər fərdlər və cəmiyyət tərəfindən mənimsənilməsə və zamanla xalqın tarix və mədəniyyətinin bir parçasına çevrilməsə, o cəmiyyətdə demokratik təsisatlar qurmaq təəssüf ki, çətin olur. Görünür Türkiyənin kollektiv demokratik təfəkkürü Atatürkün dünyəvi vizyonu ilə uzlaşmadı. Nəticədə islam ölkələrinin ən parlaq demokratiya ulduzu da beləcə öz parlaqlığını itirməkdədir. Nəysə ki, hərşey çox gözəl olacaq demək cəsarətini göstərən və demokratiyaya inancını itirməyən bir çox aydın və sadə vətəndaş bu ulduzu hələ uzun illər parlaq tutmaqda qərarlıdır. (kultura.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar