Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokratik qələbənin qiyməti: Lukaşenko getsə də, Belarusun problemləri bitməyəcək...

Minsk kimi iri şəhərlərdə keçirilən etiraz aksiyalarının məqsədi ölkəni Qərbin liberal-kapitalist dəyərlərinə uyğunlaşdırmaqdır. Yalnız qələbə qazandıqdan və ilk həvəs dalğası bitdikdən sonra əsas problemlər ortaya çıxacaq...

Slavoj Jijek
“The Independent” qəzeti, 27 avqust 2020-ci il

Belarus prezidenti Aleksandr Lukaşenkoya yönəldilən tənqidlərdən biri də hökumətinin Covid-19 pandemiyasını pis idarə etməsi olsa da, bu məsələ ictimaiyyətdə açıq şəkildə müzakirə edilmir. Avtoritar liderin getməsini tələb edən etirazçıların ortaq nöqtəsi koronavirusa qarşı olan bu münasibətdir.

Prezident seçkilərindən sonra başlayan nümayişlərdə Minskdəki kütlənin sosial məsafəyə fikir vermədiyi, çox az qismin maska taxdığı və hətta Lukaşenkonun özünün də mütəmadi olaraq koronavirusun təhlükələrini görməzlikdən gəldiyi aydın oldu. Xatırlayırsınızsa, hətta 8 mayda böyük bir qələbə yürüşü keçirilməsini istəmişdi. Ancaq qeyd etmək lazımdır ki, Belarus virusun yaratdığı pandemiya ilə qonşu ölkələrdən daha yaxşı mübarizə aparıb.

Ən azından qısa bir müddətlik pandemiya arxa plana atıldı və Avropadakı son diktatoru devirən, azadlıqsevər kütlələrin tanış səhnəsinə yenidən şahid olduq. Minsk yeni Kiyevə çevrildi.

Lakin demokratiyaya duyulan bu coşğun istəyin içində kor bir nöqtə də var. Şübhəsiz ki, bu etirazları dəstəkləməliyik. Çünki Lukaşenko ekssentrik, avtoritar bir liderdir və bir qədər də gülünc şəxsiyyətdir. Dövlətini dəmir yumruqla idarə edir, rəqiblərini həbs etdirir, mətbuat azadlığını məhdudlaşdırır və s. Lakin sadəcə bunlara görə rədd edilə bilməz. Çünki o, iqtisadi sabitliyi, təhlükəsizliyi, nizamı təmin etdi və Belarusda adambaşına düşən gəlir “azad” Ukraynadakından qat-qat yüksək və daha bərabərdir. Ancaq ən qazanclı işlərindən biri (Rusiyadan ucuz neft almaq və yenidən Qərbə satmaq) aşağı düşən neft qiymətlərinə görə artıq sona çatıb. Beləliklə, onun da iqtidar dövrü bitdi.

Belarusda davam edən etirazlar ölkəni Qərbin liberal-kapitalist dəyərlərinə uyğunlaşdırmağa yönəlmiş etirazlardır. Ancaq etirazçılar demokratiyanın qələbəsini elan etdikdən və ilk coşğu dalğası bitdikdən sonra əsas problemlər ortaya çıxacaq. Son nəticədə, Macarıstanın Baş Naziri Viktor Orban ya da Polşadakı Yaroslav Kaçinskinin belaruslu versiyasına bənzər yeni, daha millətçi-mühafizəkar bir fiqur hakimiyyətə gələ bilər. Bu da o deməkdir ki, Lukaşenkonun son vaxtlara qədər nisbətən populyar olmasının səbəbi nəzərə alınmalıdır: ona dözüm göstərildi və hətta qəddar liberal kapitalizmin (korrupsiya, iqtisadi və sosial qeyri-müəyyənlik) təxribatlarına qarşı təhlükəsiz bir sığınacaq təklif etdiyi üçün bəziləri onu qəbul etdi.

Son bir neçə ildə dünyanı sarsıdan etirazlar açıq şəkildə 2 tip arasında dəyişir. Bir tərəfdə Qərbli liberal medianın dəstəyi ilə boşluğu aradan qaldırmağa yönələn etirazlar var: Honkonq, Minsk və s. Digər tərəfdə isə liberal-demokratik layihənin öz sərhədlərinə cavab olaraq daha çox narahatlıq doğuran etirazlar var: Fransadakı Sarı Jiletlilər hərəkatı, “Qaraların Həyatı Önəmlidir” (Black Lives Matter) hərəkatı və Yox Olma üsyanı. İkisi arasındakı münasibət məşhur Axilles və tısbağa paradoksunu xatırladır. Bu paradoksa görə, iki tərəf arasındakı yarışda sürətlə qaçan Axilles heç vaxt tısbağanı keçə bilmir. Axilles hər dəfə boşluğu nə qədər tez doldursa da, yavaş, lakin davamlı hərəkət edən tısbağa daim kiçik fasilələrlə bu yunan qəhrəmana qalib gəlir.

İndi Axillesi “demokratik üsyan qüvvələri”, tısbağanı isə “liberal-demokratik kapitalizm” idealı ilə əvəz etsək, aydın olur ki, qısa müddət ərzində əksər ölkələr bu ideala çox da yaxınlaşmırlar və ona çatmamaları qlobal kapitalist sistemin zəif tərəflərini üzə çıxarır. Bu ölkələrin edə biləcəyi tək şey bu sistemdən kənara çıxmaq üçün riskli bir addım atmaqdır və bu da, təbii ki, onlar üçün təhlükəlidir.

Üstəlik, demokratiya tərəfdarı olan etirazçılar liberal-kapitalist Qərb dünyası ilə boşluğu aradan qaldırmağa çalışarkən, inkişaf etmiş Qərbin özünün həm iqtisadi, həm də siyasi olaraq post-kapitalist və post-liberal bir dövrə (əlbəttə ki, distopiya dövrə) qədəm qoyduğunu açıq şəkildə görə bilmirik.

Bu yaxınlarda Yunanıstan keçmiş Maliyyə Naziri Yanis Varoufakis olacaq hadisələrlə bağlı mühüm bir işarə vurub: İngiltərədə və ABŞ-da tarixi durğunluqla bağlı xəbərlər çıxdıqda fond birjası rekord həddə çatdı. Bunlardan bəziləri sadə faktlarla izah edilə bilsə də (fond bazarındakı yüksək dəyərlərin əksəriyyəti hazırda “Google”dan “Tesla”ya qədər yalnız uğurlu olan bir neçə şirkətə məxsusdur), ümumi tendensiya maliyyə dövriyyəsinin və spekulyasiyanın istehsaldan və qazancdan ayrılması istiqamətindədir. “Netflix” buna nümunə ola bilər: o da pul itirərkən böyüməyə davam edir. Ona görə, indi əsl seçim budur: kapitalizmdən sonra hansı dövrə düşəcəyik?

Demokratiyaya gəldikdə isə gəlin mediadakı əsas hekayələrə bir nəzər salaq. Polşanın tanınmış liberalları demokratiyadakı dağılmanı izləməyə məcbur qaldıqlarını etiraf edərək öz şikayətlərini bildirirlər. ABŞ-da Barak Obama Donald Trampın demokratiya üçün ciddi bir təhdid yaratdığını vurğulayarkən, Tramp da öz lehinə olmayan prezident seçkilərini tanımayacağına işarə edib. Bunlar elə Lukaşenkonun hərəkətlərinə bənzəmirmi?

Elədirsə, o zaman Belarusdakı etirazçılara uğurlar arzulayaq. Çünki əgər zəfər qazansalar, ekologiyadan yeni yoxsulluğa qədər bütün vacib məsələlərlə birlikdə Covid-19-la bağlı problemlər də artıqlaması ilə geri qayıdacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar