Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Danışıqlar işğalı pərdələməyə xidmət edirsə...

Münaqişənin həlli üçün effektli format axtarmağın zamanı çoxdan çatıb; rusiyalı politoloq: “Minsk Qrupu dərhal buraxılmalıdır”...

ATƏT-in Minsk Qrupu formatında Dağlıq Qarabağ probleminin həlli perspektivinin olmadığı pandemiya fonunda daha qabarıq şəkildə özünü göstərməkdədir. AzərbaycanErmənistan XİN başçıları arasında həmsədrlərin iştirakı ilə keçirilən son videokonfrans və tədbirlə bağlı vasitəçi-diplomatların yaydıqları “növbətçi” bəyanat buna şəkk-şübhə saxlamadı. Hərgah, həmin bəyanatda bu formatda tezliklə daha bir görüşün keçirilməsi haqda razılığa gəlindiyi də bildirilir.

Lakin belə görüşlərin hansısa nəticəyə gətirməyəcəyi indidən aydındır. Birinci ona görə ki, təcavüzkar tərəfin mövqeyində konfliktin həllinə münasibətdə heç bir pozitiv dəyişiklik, konstruktivlik yoxdur. Ötən həftə Ermənistanın qəbul etdiyi yeni Milli Təhlükəsizlik Strategiyası, bundan cəmi bir gün sonra cəbhənin Tovuz istiqamətində baş verən düşmən təxribatları qənaətimizə şübhə yeri saxlamır.

İkincisi səbəb isə odur ki, həmsədrlərin özləri də konfliktin həlli prosesini irəli aparmaq potensialında deyillər. Onların son ortaq bəyanatı bu gerçəyin növbəti təsbiti oldu. Nə qədər ki, vasitəçilər işğala məruz qalan tərəflə işğalçı arasında bərabərlik işarəsi qoyacaqlar, o vaxta qədər də Minsk Qrupu çərçivəsində nizamlama baş tutmayacaq.

Ancaq Azərbaycan sonsuzadək Minsk Qrupu formatında danışıq aparmaq niyyətində deyil. Bunu ötən həftə prezident İlham Əliyev yerli telekanallarla verdiyi müsahibəsində həmsədrlərin fəaliyyətini sərt şəkildə tənqid eləməklə bir daha, əyani şəkildə ortaya qoydu. Rəsmi Bakı eyni zamanda, konfliktin hərbi yolla həllinin onun müstəsna hüququ olduğunu bəyan elədi. Ölkə başçısı onu da bildirdi ki, bu gün faktiki olaraq danışıqlar prosesi getmir və ErmənistanAzərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Yəni bütün bunlar Minsk Qrupu həmsədrləri üçün, sadəcə, iş, fəaliyyət görüntüsü yaratmağa xidmət edir, nəinki “Qarabağ yükü”nü yerindən qaldırmağa...

*****

“Bəli, Prezident doğru qeyd edib. Məsələ ondadır ki, biz uzun müddətdir ATƏT-in Minsk Qrupunun fəaliyyətindən danışırıq və bu fəaliyyətin heç bir səmərə vermədiyini vurğulayırıq”.

Bu sözləri politoloq Qabil Hüseynli nizamlanma prosesi ətrafındakı son durumu şərh edərkən deyib.

“Artıq uzun müddətdir ki, danışıqlar prosesində pauza yaranıb. Ermənistan rəhbərliyi danışıqlarla bağlı ağlına gələni danışır. Danışıqlar prosesinin həm formatı, həm də iştirakçıları ilə bağlı öz bildiyini dünya ictimai rəyinə yeritməyə çalışır. Amma bu məsələdə nə Minsk Qrupu həmsədrlərindən, nə də ATƏT-in özündən pozitiv xarakterli, prosesləri müəyyən konstruktiv məcraya yönəldəcək səs eşidilmir”, - deyə politoloq qeyd edib.

Sözünə davam edən analitik deyib: “Prezident haqlı olaraq bildirir ki, bu yaxınlarda Minsk Qrupu müəyyən tənqidlərdən sonra güclə xarici işlər nazirləri arasında videokonfrans şəklində görüş keçirdi. Amma görüşün gündəliyi tamamilə boş və mənasız məsələlərlə həsr edilmişdi. Yəni problemi yerindən tərpədəcək, sülhyaratma prosesinə töhfə verəcək məsələlər deyil, tamamilə başqa məsələlərə həsr olunmuşdu. Prezident doğru olaraq deyib ki, bu görüşlər sırf imitasiya xarakteri daşıyıb, gözə kül üfürmək, yaxud gözdən pərdə asmaq üçün idi. Ona görə də bu cür görüşlərin keçirilməsindənsə keçirilməməsi daha yaxşı olardı. Başqa sözlə, belə təsəvvür yaranır ki, videokonfrans vasitəsilə görüşlər sözün həqiqi mənasında danışıqlar prosesinə impuls verə, onu yerindən tərpədə bilmir. Danışıqları irəli apara biləcək fikirlər, ideyalar irəli sürə bilmir. Bir sözlə, danışıqlar prosesi artıq erməni işğalını pərdələyən bir vasitəyə çevrilib”.

Yada salaq ki, İlham Əliyev həmin çıxışında BMT Nizamnaməsinin işğala məruz qalan ölkəyə müharibə-müdafiə haqqı verən bəndi və 2016-cı ildəki uğurlu aprel döyüşlərini də xatırladıb və heç kimin onu unutmamasını məsləhət görüb. Yəni nəticəsiz danışıqların tək alternativinin müharibə olduğunu xatırladıb.

Prezidentin BMT Nizamnaməsinə istinad etməsi, BMT-nin Nizamnaməsi əsasında Azərbaycanın atacağı addımların proqnozunu verməsi, onun 2016-cı ilin aprel döyüşlərini Azərbaycanın atacağı addımlara misal gətirərək söyləməsi göstərir ki, ölkəmiz danışıqlar prosesindən və danışıqlar prosesinin belə məzmunsuz, mənasız aparılmasından tamamilə usanıb. Son dövrlərdə Azərbaycan Ordusunun keçirdiyi döyüş təlimləri, döyüş şəraitinə yaxınlaşdırılmış təlimlər, təmas xətti boyunca keçirilən təlimlər, yeni silahların alınması və Azərbaycan Ordusunun zərbə gücünün artırılması istiqamətində atılan addımlar onu göstərir ki, ölkəmiz danışıqlar prosesindən demək olar əlini üzüb və bütünlüklə öz gücünü və qüdrətini torpaqlarımızın BMT-nin Nizamnaməsində nəzərdə tutulan özünümüdafiə prinsiplərə uyğun müddəalara yönəldib. Azərbaycan bu müddəalara uyğun hərəkət edərək ölkənin ərazi bütövlüyünü hərb yolu ilə bərpa etmək niyyətindədir”, - deyə politoloq əlavə edib.

*****

ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır. Onların heç bir faydası yoxdur”.

Bunu isə Rusiyanın tanınmış siyasi eksperti Qriqori Trofimçuk özünün facebook səhifəsində Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliyi şərh edərkən yazıb.

ErmənistanAzərbaycan ordularının qarşılıqlı zərbələri və yeni qurbanlarla bağlı İrəvan ənənəvi olaraq Bakını təcavüzdə günahlandırır. Bakı İrəvanı ittiham edir. Əgər əlimdə belə imkanım olsaydı, mən birbaşa ATƏT-in Minsk Qrupu həmsədrlərini restoranlardan və yataqdan çıxarıb ”Kimdir təcavüzkar?" sualına dəqiq cavab tələb edərdim. Əks halda, Minsk Qrupu dərhal buraxılmalıdır. Çünki o, baş verənlərə görə heç bir məsuliyyət daşımır. Minsk Qrupu heç nəyə nəzarət etmir. Demək, onun heç bir faydası yoxdur".

Digər rusiyalı politoloq Stanislav Tarasov Qarabağ məsələsində rəsmi Bakının səbrinin tükənmək üzrə olması qənaətindədir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, erməni mediasına müsahibəsində deyib.

“Deyəsən, Əliyevin səbri tükənməkdədir, bunu onun son açıqlamaları sübut edir. Paşinyan danışıqlar prosesini təxirə salmağa çalışır, amma bunun səbəbini söyləmək çətindir”, - deyə o qeyd edib.

“Ümumiyyətlə, Qarabağ nizamlanması ilə bağlı danışıqlar prosesini araşdırarkən, xüsusən Paşinyan hakimiyyətə gəldikdən sonra, əlbəttə ki, nizamlamanın əsas prinsiplərinin məzmununun daraldığını görürük. Minsk Qrupu isə ”kiçik addımlar"la irəliləmək taktikasını söykənir. Ancaq Əliyev və Paşinyan “kiçik addımlar”la irəli getmək qərarına gəlsəydilər, mediada bu mövzuda ciddi siyasi açıqlamalar verərdilər. Belə təəssürat yaranır ki, Azərbaycan prezidenti Nikol Paşinyanın həm daxili siyasətdə, həm də Ermənistan-Rusiya münasibətlərində ciddi və ölümcül səhvlərə yol verməsini gözləyir ki, məqamdan istifadə edib problemi fərqli siyasi kontekstdə həll etməyə başlasın" - politoloq əlavə edib.

Öz növbəsində Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko hesab edir ki, Azərbaycanla sərhəddə təxribat Paşinyana ictimaiyyəti ölkə daxilindəki problemlərdən yayındırmaq üçün lazımdır. “Bu gün Ermənistanda ölkədaxili siyasi böhran hökm sürür. Bu böhran koronavirus pandemiyası ilə uğursuz mübarizə fonunda daha da dərinləşib. Məhz buna görə Paşinyana Azərbaycanla sərhəddə təxribat lazım olub” - deyə o qeyd edib (APA).

Rusiyalı hərbi ekspert baş vermiş insidenti olduqca təhlükəli adlandırıb: “Əlbəttə ki, Ermənistan ordusu tərəfindən Azərbaycanın mövqeləri artilleriya atəşinə tutulduqdan sonra Azərbaycan tərəfi cavab verməyə məcbur olub, atəşə atəşlə cavab verib. Rusiya ümid edir ki, bu münaqişə siyasi nizamlanma ilə bitəcək. Mən bir daha deyirəm ki, bu, Ermənistan tərəfindən məqsədli şəkildə törədilmiş təxribatdır. Məqsəd Ermənistan əhalisini diqqətini ölkədaxili problemlərdən, Paşinyanın siyasətinin iflasa uğramasından yayındırmaqdır”.

Korotçenko Ermənistanın münaqişənin ədalətli və düzgün yolla nizamlanmasını istəmədiyini də deyib: “Ermənistan təcavüzkar ölkədir, hansı ki, Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayır. Bu, bütün dünya tərəfindən tanınmış faktdır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, harada ki, işğal faktı əksini tapıb. Ermənistan konfliktin ədalətli və düzgün yolla nizamlanmasını arzulamır. Biz bu gün İrəvanın ritorikasının sərtləşdiyini müşahidə edirik, hansı ki, Azərbaycana münasibətdə yeni ərazilərin ələ keçiriləcəyini bəyan edir. Əlbəttə ki, beynəlxalq ictimaiyyət buna reaksiya verməlidir. Azərbaycan bu məsələni bütün beynəlxalq meydanlarda qaldırmalıdır. Bakı İrəvanın siyasətinin pislənilməsinə nail olmalıdır. Dağlıq Qarabağ münaqişəsi mövzusu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspertlər səviyyəsində aparıcı beynəlxalq forumlarda dialoq aparılmalıdır. Ona görə ki, bu gün Ermənistan təbliğat və demaqogiya ilə məşğuldur. İrəvan özünü bütün dünyaya qurban kimi qələmə verir, əslində isə aqressordur”.

*****

Vətən sənin Vətənindir, Azərbaycan əsgəri! - İki sahil

O ki qaldı işğalçı ölkənin yeni “milli təhlükəsizlik strategiyası” adlı sənədə, o, Bakı ilə İrəvan arasında böyük sülh anlaşmasını bir az da əlçatmaz edir. Çünki sənəddə deyilir ki, Azərbaycanın Qarabağ münaqişəsinin həlli kontekstində “güc tətbiqi mövqeyindən çıxış eləməsi Ermənistanın təhlükəsizliyinə əsas təhdiddir”, Ermənistan Dağlıq Qarabağdakı kukla rejiminin “təhlükəsizliyinin qarantı” kimi ona Azərbaycanın “hərbi təcavüzü”dən qorunmaqda" kömək göstərməyə davam edəcək. Bu da azmış kimi, iddia olunur ki, guya həmsədrlər və bütün ATƏT ölkələri tərəfindən münaqişənin həllində əsas prinsiplərdən biri qismində tanınan öz müqəddəratını təyinetmə hüququ, Dağlıq Qarabağın “səlahiyyətlilərinin” danışıqların bütün mərhələlərində tam iştirakı üçün əsasdır".

Sənəddə həmçinin Türkiyəyə düşmən münasibət əksini tapıb. İrəvanda hesab edirlər ki, Dağlıq Qarabağ məsələsində Ankaranın Bakıya dəstəyi münaqişənin hərbi yolla həlli üçün Azərbaycanın “istəyini gücləndirir”. İşğalçı ölkə habelə Azərbaycan tərəfindən hərbi əməliyyatlara əl atılacağı təqdirdə Türkiyənin konfliktə “örtülü və ya açıq müdaxiləyə” hazırlığından narahatdır. İrəvan iddia edir ki, Türkiyənin qonşu ölkələrə qarşı “güc tətbiq eləməsi” daha geniş bölgənin sabitliyini təhdid edir və Ermənistana qarşı Ankaranın mümkün hərəkətlərinin nəticələri proqnoza yatımlı deyil. Ermənistan rəhbərliyi hesab edir ki, Türkiyə yalnız Ermənistanla bağlı özünün “qeyri-dost siyasətini” təzədən nəzərdən keçirəcəyi təqdirdə onun təhlükəsizliyinə təhdid olmaqdan çıxa bilər.

Qısası, bu sənəd Qarabağ danışıqlarını irəli aparmağa olan ən kövrək ümidləri də basdırır. Beləcə, İrəvan növbəti dəfə əsas qonşularla münasibətdə sülhü deyil, müharibəni seçir. O zaman gərək etdiyi seçimin bütün nəticələrinə də hazır olsun. Ya da təcili şəkildə ATƏT-in Minsk Qrupu ədalətli sülh anlaşmasını qısa zamanda mümkün edəcək yeni bir formatla əvəzlənməlidir... (musavat.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar