Çərşənbə axşamı, 20 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Dağlıq Qarabağ: Yeni müharibə hazırlığı...

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qarabağda geri qaytarılan torpaqları dəfələrlə ziyarət edib. AzərbaycanErmənistan arasında 44 gün davam edən İkinci Dağlıq Qarabağ müharibəsi ötən il noyabrın 10-da başa çatıb.

Azərbaycan 1990-cı illərin əvvəlindən bu yana Ermənistanın nəzarəti altında olan Dağlıq Qarabağın ətrafındakı torpaqlarının hamısını və Dağlıq Qarabağın bir hissəsini geri alıb.

Kremlin vasitəçiliyi ilə imzalanan bəyanata əsasən, ermənilərin yaşamağa davam edəcəyi Dağlıq Qarabağda beş il müddətində Rusiya sülhməramlı qüvvələri qalacaq.

Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli bəyanatın ardınca Qarabağda müharibə dövrünün bitdiyini açıqlasa da, müstəqil müşahidəçilər bölgədəki münaqişənin həlldən uzaq olduğunu və üfüqdə yeni münaqişələrin görünə biləcəyini söyləyirlər.

Ermənistanda intiqam çağırışları yüksəldiyi vaxtda Azərbaycan da ordusunu gücləndirir və yeni strategiyalar hazırlanır.

Bakının narahatlıqları

Azərbaycan hökuməti Ermənistanda gedən siyasi böhranın sonunda "intiqam istəyən bir hökumətin" vəzifəyə gəlmə ehtimalından narahatdır.

İlham Əliyev bir qrup jurnalistlə verdiyi açıqlamada "Erməni siyasi çevrələri hər hansı bir intiqam və ya intiqam cəhdinin Azərbaycan tərəfindən ağır şəkildə cəzalandırılacağını başa düşməlidirlər" deyib.
Digər tərəfdən, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəqibləri onun Azərbaycan və Türkiyə tərəfindən dəstəkləndiyini irəli sürərərk Bakının narahatlıqlarından sui-istifadə edirlər.

Yerevandakı müxalif media Paşinyandan danışarkən "türk Nikol" ifadəsini işlədir, Paşinyanın siyasi komandasını isə "türk tərəfdarı qüvvələr" adlandırır və bununla Paşinyanın iqtidarda qalması halında Türkiyə və Azərbaycanın ölkəni işğal etmə ehtimalı olduğuna eyham vuraraq xalqı qorxutmağa çalışır.

Bakının digər bir narahatlığı müharibədə uduzan erməni ordusunun Rusiya tərəfindən yenidən qurulmağa başlanılmasına dair xəbərlərdən irəli gəlir.

İlham Əliyev fevralın 25-də etdiyi çıxışı zamanı "Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər" deyib.

Ermənistanda müxalifət liderləri indiyə qədər Azərbaycanı yeni bir qarşıdurma ilə təhdid edən ifadələrdən istifadə etməkdən çəkiniblər.
Lakin separatçı "Dağlıq Qarabağın Müdafiə Nazirliyi" və Ermənistan Müdafiə Nazirliyi Hərbi Nəzarət Xidmətlərinin başçısı Cəlal Harutyunyan fevralın 5-dəki çıxışında Ermənistanın keçən il itirdiyi torpaqları geri almağın yolunu axtarmalı olduğunu deyib:

"Fəaliyyətlərimiz bu gün də, sabah da Azərbaycana qarşı olacaq. İtirdiklərimizi geri almaq üçün hər şeyi edəcəyik. Əsas hədəfimiz ordunu gücləndirmək, yeni silahlar və müasir texnologiyalara sahib olmaqdır".

Yeni strategiya

Azərbaycanda yerli hərbi mütəxəssislər ölkənin sonuncu müharibədəki qalibiyyətindən dərslər çıxararaq gələcəkdə qarşılaşa biləcəyi yeni çətinliklər üçün yeni strategiyalar axtarmalı olduğunu düşünür.

Azərbaycan üçün bundan sonrakı ilk hədəflər sərhədlərinin təhlükəsizliyini təmin etmək, "düşmən agentləri ilə mübarizə aparmaq", Ermənistan və Dağlıq Qarabağdan kəşfiyyat məlumatları toplamaq və yenidən nəzarəti altına götürdüyü torpaqlardakı əhəmiyyətli infrastrukturların təhlükəsizliyini təmin etmək olacaq.

Mütəxəssislər bundan sonra ənənəvi müharibə üsullarından imtina ediləcəyi, daha çox mülki şəxslərin məskunlaşma yerlərində "antiterror əməliyyatlarının aparılacağını" və bunun da polislər və "terrorla mübarizə bölmələrinin" əhəmiyyətini artıracağını bildirir.

Hərbi bloqçu Tofiq Şahmuradov müharibədəki itkilərinin ardından Ermənistanın beş il müddətində ordusunun müqavimətini artıra bilməyəcəyini düşünür. Buna görə də Azərbaycanla mətbuat vasitəsilə psixoloji müharibəyə başladığını deyir.

Şahmuradov Azərbaycanın müharibədəki qələbəsində önəmli rolu olan xüsusi təhlükəsizlik qüvvələrini gücləndirməli olduğunu, bunun 5-10 il sonra baş verə biləcək son müharibə üçün lazım olduğunu qeyd edir.

"Qarşıda Rusiya var"

Təhlükəsizlik məsələləri üzrə təhlilçi llham İsmayıl BBC News Azərbaycancaya müsahibəsində yeni müharibə ola biləcəyini ehtimal etmədiyini söyləyir. Onun fikrincə, qarşıda "Rusiya var və atəşkəsə Rusiya nəzarət edir".

İlham İsmayıl Rusiyanın da Qarabağda hər hansı qarşıdurmaya yol verə biləcəyini düşünmür, bunu onun Rusiya müxalifətçisi Navalniyə görə üzləşdiyi sanksiyalarla əlaqələndirir: "Rusiya bu saat bir Navalnıya görə sanksiyalar ərəfəsindədir. Gəlib Azərbaycanımı işğal edəcək?

Bu, Ermənistan xüsusi xidmət orqanlarının təxribatı ola bilər və ya öz siyasi baxışlarından irəli gələn qərəzli fikirlər irəli sürə bilər.

Heç bir əsas yoxdur ki, bu gün bizə kiminsə müharibə elan edəcəyini deyək. Dünyadakı qlobal qarşıdurmanın hədəfində Azərbaycan yoxdur".

Azərbaycanın silahlanmasında artım

Azərbaycan 2020-ci ildə ordusu üçün 2.6 milyard dollar xərc çəkib. Bu, planlaşdırılandan 376 milyon dollar daha çoxdur. Aradakı fərq yeni hərbi təchizat alışı ilə müharibəyə səfərbər edilən əsgərlərin xərcləmələrindən qaynaqlanıb.

Hökumət 2021-ci ildə müharibə olmamasına baxmayaraq, xərcləri artıraraq 2.7 milyard dollara çıxartmağı hədəfləyir.

Əliyev çıxışlarının birində ordunun ən müasir texnoloji məhsullardan istifadə edəcəyini, "beləliklə, heç kimin Azərbaycana qarşı bir daha provokasiya edə bilməyəcəyini" vurğulayıb.

Bakı rəhbərliyi Türkiyənin müdaviə və aviasiya sektorunun ən böyük ikinci müştərisidir. Təkcə 2021-ci ilin yanvar ayında Türkiyədən 39.7 milyon dollarlıq avadanlıq alıb.

2021-ci ilin fevralında isə Azərbaycan döyüş təyyarələrində istifadə ediləcək yüksək dəqiqlik səviyyəsinə malik SOM qanadlı raketlərin alışı üçün imza atıb.

Bundan əlavə, Bakının yay aylarında İsraildən 2 milyard dollar dəyərindəki yüksək dəqiqlik səviyyəsi olan silah və sursat almaq üçün müqavilə imzalayacağına dair xəbərlər var.

Türkiyə və Azərbaycan 2010-cu ildə imzalanan "strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilə çərçivəsində müntəzəm olaraq birgə təlimlər keçirir.

Sonuncu dəfə Azərbaycanın Naxçıvan ordusunun bir qrup hərbçisi 1-12 fevral tarixlərində Türkiyə ordusu ilə Ermənistan sərhədinin 60 kilometr məsafəsində yerləşən Qars şəhərində birgə qış təlimləri keçirib.
Yenə fevral ayında Azərbaycan Hava Qüvvələrindən 77 zabit "Bayraktar TB2" İnsansız Hava Vasitəsinin istifadəsi üzrə 4 aylıq təlimləri bitirib.
Azərbaycan ordusu bu il Türkiyə və Pakistanla birlikdə daha çox birgə təlim keçirməyi planlaşdırır. (BBC)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Rüşvət alan daha 3 vəzifəli şəxs həbs edildi

Peskov yenə ağzına gələni danışır - Kremlin boğazında sümük qalıb

“Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

“Azercell Telekom”a yeni prezident təyin olunub

Mədəniyyət naziri və müavinləri “Şöhrət“ ordenli Xalq artistinin dəfninə qatılmadı

Ən çox oxunanalar