Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cümhuriyyətin naziri bolşevik Şaumyanı necə xilas etmək istəyib?

İnqilabçı qadının xatirəsi...

Behbud xan Cavanşir: “Stepanın yerini deyin, bilirsiniz axı, o məni xilas edib, mən də onu xilas edəcəyəm”

Bir neçə gün öncə Bakı kommunasının sədri Stepan Şumyanın şəxsi katibi, 17 yaşındaykən kommunanın aparıcı şəxslərindən olan Olqa Şatunovskayanın həyatına dair yazdığımız yazıda bir detal vardı. Göstərilirdi ki, o, 1918-ci ilin sentyabrında Bakıya daxil olan Osmanlı-türk əsgərləri tərəfindən həbs edilərək, asılmaqla ölüm cəzasına məhkum edilsə də, axırda sevgilisi Suren Ağamirovla birlikdə yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behdud xan Cavanşir tərəfindən azad edilib.

Bu barədə Qriqori Pomerantsın yazdığı kitabda daha təfərrüatlı məlumatlar var.

Heç demə, Şuşanın əsasını qomuş Pənahəli xanın nəticəsi olan Behbud xan Cavanşir təkcə Suren və Olqanı xilas etməyib, eləcə də artıq həbs edilərək gəmiylə Türkmənistana aparılmış Stepan Şaumyanı azad etmək niyyətində olub.

Məsələ ondadır ki, 1877-ci il təvəllüdlü Behbud xan 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu olan Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub.

Sonralar onların əlaqələri üzülməyib. 1908-ci ildə Bakıda “Daşnaksütyun” Partiyasını möhkəmləndirmək məqsədi güdən Stepan Şaumyan məhz Behbud xanın sayəsində “Xalq evi”nin müdiri təyin olunub. Bəyzadə nəslindən olan Behbud xanla özünü proletariatın təmsilçisi sayan Şaumyanın siyasi-ideoloji baxışları arasında ciddi fərqlər olsa da və onlar daima mübahisələr etsələr də, birgə keçən yeniyetməlik, sinif yoldaşlığı siyasətdən və onların təmsil etdiyi xalqların arasındakı ədavətdən üstün olub.

Pomerantsın kitabında Olqa Şatuovskayanın həmin günlərə dair qeydləri var:

“Mühafizə idarəsinin rəisi Bahəddin hökumətə təqdimat verdi: Ağamirovu, Baranovu və Şatunovskayanı dar ağacında edama məhkum etmək. Parapetdə (indiki Fəvvarələr meydanı – “Torqovı”) ikimərtəbli ev hündürlüyündə dar ağacı vardı və adamları orada asırdılar”.

Buna qədər adları çəkilən şəxslər bir neçə gün evdən bayıra çıxmadan gizləniblər. Ancaq sonra Şatunovskaya erməni olmadığını, yəhudi olduğunu əsas götürərək bayıra çıxıb və Nuru paşanın Bakının mərkəzi küçələrinə nəzarət edən əsgərləri tərəfindən yaxalanıb.

Şatunovskayanın xatirəsi: “Bu ərəfədə bir səhər bizə elan etdilər ki, sizi sabah səhər parapetdə asacaqlar. Bir neçə saatdan sonra isə birdən-birə dedilər: “Çıx!”

Məni Qubernator bağından keçirərək Qubernator küçəsi ilə aparırdılar, hara aparırlar, bilmirdim. Məhkəmə ilə üzbəüz, Rotşildin evinə gətirdilər. Xalçalarla süslənmiş gözəl kabinetdə Behbud xan Cavanşir masa arxasından qalxdı. O, məni tanıyırdı”.

Pomerantsın Şatunovskayanın dilindən yazdığına görə, məsələ belə olub, 1918-ci ilin mart günlərində Bakıda vətəndaş müharibəsi gedəndə Hərbiyyə küçəsindəki beşmərtəbəli evin çardağında qoyulmuş pulemyotdan qırmızılara – daşnak və bolşevik birləşmələrinə atəş açırmışlar. Onlar da top gətirib evi yerlə yeksan etməyə başlayıblar. Bu zaman həmin evdə yaşayan və möcüzə nəticəsində salamat qalan Behbud xan Cavanşir öz keçmiş sinif yoldaşı Şaumyana zəng vurub və deyib:

Stepan, xilas et.

Şatunovskayanın xatirəsi: ”Bu yarım il qabaq olmuşdu. O zaman mən Stepangildə yaşayırdım.

Stepan fövqəladə komissara aid blanklardan birini götürdü və onda mandat yazdı: “Suren Ağamirova və və oğlum Surenə filan evə daxil olmaq, Cavanşiri və xanımını oradan çıxararaq yanıma gətirmək tapşırılır”.

Onlar süngüyə ağ mələfə bağladılar və bu ağ bayraqla çıxdılar ki, çardaqdan atəş açmasınlar. Sonra ev də təslim oldu, onlar da ağ bayraq qaldırdılar.

Onları gətirdilər, mən isə Stepanın yanında yaşayırdım. İki gündən sonra bolşeviklər hakimiyyəti götürdülər. Stepan Bakı komitəsinin sədri oldu. Cavanşir iki həftə Stepangildə yaşadı…

Behbud xan Cavanşir varlı adam idi, xaricdə kapitalı vardı. Stepan gizli fəaliyyətdə olduğu zaman, yəni inqilaba qədər o, Stepana dəstək vermişdi. O, Ağ şəhərdə yaşayırdı, biz hərdən onun evində gecələyirdik, hərdən inqilabi ədəbiyyatı onlarda gizlədirdik. O, Stepana dedi:

-Mən sizin hakimiyyəti tanımıram, Türkiyəyə getmək istəyirəm.

Ona icazə verdilər… Şəhər türklər tərəfindən tutulandan sonra o, qayıdıb gəlmişdi və Müsavat hökuməti formalaşdırılanda onu daxili işlər naziri təyin etmişdilər. Bu halda mühafizə idarəsi ona məruzə etməliydi. Mühafizəçilər ona öz nailiyyətləri barədə, son bir ayda etdiklərinə dair məruzə ediblər, o cümlədən sabah üç bolşeviki asacaqlarını bildiriblər, əlavə ediblər ki, Nuru paşa hökmü təsdiqləyib. O, Ağamirov və Şatunocskaya soyadlarını eşidəndə konvoylara heç nə deməyib, ancaq tutulanların onun yanına gətirilməsini əmr edib.

Beləcə, mən onun kabinetinə daxil oldum. Bunu heç cür gözləmirdim.

Behbud xan onlara dedi:

— Çıxın!

Mənə isə belə dedi:

— Olya, salam. Mən daxili işlər naziri təyin olunmuşam.— Dərhal da soruşdu: – Stepan haradadır?

Mən dedim ki, Stepan filan vaxt hansısa körpüdən “Türkmən” gəmisiylə Həştərxana üzüb. Ancaq bizə bəzi qara şayiələr gəlib çatmışdı ki, guya onları Krasnovodska aparıblar və orada öldürüblər, amma biz inanmırdıq və mən bunu ona dedim.

O dedi: — Ola bilməz.

Mühafizə idarəsi ona ciddi-cəhdlə xəbər vermişdi ki, Stepan Bakıda gizlənir. İstintaqda bizdən də bu barədə soruşmuşdular. O, öz adamlarına inanırdı. Mənə yalvarmağa, inandırmağa başladı.

— Stepan haradadır? Bizdə dəqiq məlumatlar var. Mən onu xilas edəcəyəm. Siz ki bilirsiniz, o, məni xilas edib. Mən də onu xilas edəcəyəm. Belədə isə onu axtaracaqlar, axtaracaqlar və axırda tapıb öldürəcəklər. Onu xilas etməyimə imkan verin.

— Sizi əmin edirəm ki, o, Bakıda yoxdur.

Nazir tədricən əsəbiləşirdi.

— Siz fanatiksiniz! Ağılsızsınız! Siz axı bilirsiniz ki, mən onu xilas edəcəyəm. Nə üçün mənə inanmırsınız?

— Behbud xan, başa düşün, o, burada yoxdur.

O, heç nə eşitmək istəmirdi və o qədər acıqlandı ki, əllərini bir-birinə şappıldatdı, iki əsgər daxil oldu.

-Aparın onu, – nazir əmr etdi.

Mən deməyə macal tapmadım ki, bizi dar ağacından asılmağa məhkum ediblər. Məni kabinetdən çıxardılar.

Oturub gözləyirdim. Axşam kameranın qapısını rus dilində bir az bilən türk açdı.

— Yazıq qız! Yazıq qız… Sabah, bax, parapet, belə! — və o, əli ilə boğazından yuxarını göstərdi.

O, mənə bir salxım üzüm uzatdı: — Al!

Bir saatdan sonra yenə gəldi:

— Ah, gəncdir, tamam cavandır. Sabah parapet, belə! Al, bir stəkan şərab iç!

Bir saatdan sonra yenidən: — Al bu yastığı! Heç olmasa bir gecə rahat yat, sabah sən olmayacaqsan.

Mən dedim:

— Əgər sən belə xeyirxahsansa, orada, aşağıdakı zirzəmidə qardaşlarım yatır, məni onların yanına apar.

— Bilirəm. Onları da, parapet, belə! — və yenə də əliylə asılma hərəkətini göstərdi.

— Mən öz qardaşlarımla vidalaşmaq istəyirəm, məni ora apar!

— Yox. Nə danışırsan? Olmaz. Rəis burdadır. Məni də, parapet, belə!

Onda mən üzüm salxımını ona atdım: — Al! Mənə sənin üzümün lazım deyil.

— A..a… Gecəni gözlə. Bir az gözlə. Rəis gedəcək.

Biz gecə ora getdik. Təzəcə daxil olmuş, quçaqlaşmış, öpüşmüşdük, bir-birimizə İnternasional oxuyacağımızı demişdik ki, səs gəldi:

— Gəl, gəl, tez olmaq lazımdır!

Yenə oturub gözləyirdim. Hey qapının nəfəsliyinə baxırdım, düşünürdüm ki, hava işıqlanan kimi hər şey bitəcək. Hələ qaranlıq idi, birdən eşitdim ki, gəlirlər. Bir qrup adam idi. Gəlirdilər, xəncərlər yellənir, qundaq taqqıldayırdı. Bu nədir belə? Doğrudanmı artıq o söz? Bizim ardımızca? Səhərin açılmasını gözləmədilər… Kameranın önündə dayandılar. Kilid şaqqıldadı.

Mühafizə idarəsinin rəisi Bahəddin bəy içəri girdi. Onu kürən türk adlandırırdılar. Sarışın saçlı, göy gözlüydü. O öz tərcüməçisi, türmənin rəisi və bir neçə həbsxana işçisi ilə birlikdəydi. Bahəddin bəy türkcə tərcüməçiyə nəsə dedi. O, mənə tərcümə etdi:

— Sizi azad edirlər. Dar ağacından asılmaqla ölüm hökmü Azərbaycan hüdudlarından sürgün edilməklə əvəz olunur.

Mən dedim: — Məni aldatmaq lazım deyil, mən özüm gedərəm.

Tərcüməçi çevirdi: — Qız inanmır.

Bu zaman Bahəddin bəy üzünü şəxsən mənə tutaraq fransızca danışmağa başladı: – Yenidən təşkil olunmuş hökumətin daxili işlər naziri Behbud xan Cavanşir sizin dar ağacından asılmaqla edam edilmək hökmünüzü Azərbaycan hüdudlarından sürgün edilmək cəzasıyla əvəz edib.

Bu adı eşidən kimi başa düşdüm ki, bu, həqiqətdir. Anladım ki, o, o zaman qəzəblənsə də, bizim bağışlanmağımız barədə sərəncam verib. Və bu yerdə canımı üşütmə tutdu: birdən yalnız məni buraxarlar.

— Bəs mənim dostlarım da buraxılır?

O güldü: — Ha-ha-ha! Siz ki istintaqda tanış deyildiniz. Siz bir-birinizi tanımırdınız axı.

Mən öz sualımı təkrar etdim və o dedi: – Bəli.

Bu zaman məni bir sevinc dalğası çulğadı”.

Beləliklə, bu hekayətdən çıxan nəticələr.

1.Behbud xan Cavanşir dostluğa, yoldaşlığa o qədər sədaqətli olub ki, öz sinfi düşmənini xilas etməyə çalışıb. Əgər həmin vaxt Şaumyan Bakıda olsa, Ağcaqum çölündə güllələnməmiş olsa, nazir Cavanşir onu mütləq xilas edəcəkdi.

2.Türk ordusu nə qədər qəddarlıqda suçlansa da, bu hekayədən aydın olur ki, həm türmə gözətçisi, həm mühafizə rəisi tutulanlara kifayət qədər mərhəmətlə davranıblar.

3.Olqa Şatunovskayanın qulluq etdiyi partiya və hökumət o qədər qəddar və amansız olub ki, boğazını sinfi düşmənlərin dar ağacının kəndirindən qurtaran inqilabçı qadına 16 il boyunca Sibirdə həbsxana və sürgün düşərgələrində cəza çəkdiriblər. Behbud xan Cavanşirin əfv etdiyi Suren Ağamirov 1920-ci illərin əvvəllərində Bakıda neft sənayesinin rəhbərlərindən biri olub, ancaq o da 1937-ci ildən salamat çıxmayıb.

4.Behbud xan ermənilərə qarşı nə qədər mərhəmətli olsa da, axırda, 1921-ci ildə erməni terrorçunun gülləsi ilə həlak olub.(Tərcümə: KONKRET.az)

pia.az


Etiket: Şaumyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar