Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinin Tacikistan həmləsi: Pekin Düşənbənin tərəfdaşıdır, yoxsa ağası?..

İnkişafın maliyyələşdirilməsi, təhlükəsizlik və ərazi ilə bağlı tarixi iddialar Çinin hədəflərini sual altında qoyur...

Suzanne Levi-Sanchez
“The Independent” qəzeti, 24 sentyabr 2020-ci il

Çinli bir diplomat bu yaxınlarda Tacikistanın Pamir dağlarının Çinə aid olduğunu və hər zaman belə olacağını bildirib. Sözügedən ərazi Sincan Uyğur Muxtar Bölgəsi və 17 uyğur toplama düşərgəsinin yerləşdiyi Kaşqar şəhəri ilə həmsərhəddir. Çinlilərin həm uyğur müsəlmanlarına qarşı rəftarı, həm də Pamirlərlə bağlı getdikcə daha çox səsləndirdikləri tarixi iddiaları bölgədə yaşayanlarla yanaşı, həm də Tacikistanı və yaxın müttəfiqi Rusiyanı narahat edib.

Bu vəziyyət bir sıra suallar doğurur. Çinin bölgədəki fəaliyyəti nədən ibarətdir? Doğrudanmı Tacikistanın ona məxsus olduğunu düşünür? Sərhəd qonşusu olan Pamir torpaqlarına girməsini bölgə üçün uzunmüddətli bir strategiya kimi görə bilərikmi?

Avrasiya üzrə mütəxəssis Paul Qoblun yaxın zamanda qeyd etdiyi kimi:

“Keçən ay Çin Xalq Respublikasının (ÇXR) rəsmi nəşrləri bir vaxtlar Pamir bölgəsinin tamamilə Çinə məxsus olduğunu söyləyən və Tacikistanın əvvəl-axır Pekinə qayıtmalı olduğuna eyham vuran Çin tarixçisi Ço Yao Lunun məqaləsini yenidən nəşr ediblər”.

Çinin bu regional iddiası qismən e.ə II əsrə gedib çıxır. Çin hökumətinin daha əvvəl dilə gətirmədiyi bu düşüncəyə görə Mərkəzi Asiyadakı bir çox insan Çinin bölgədəki strategiyasının interaktiv və faydalı olmadığını düşünür. Əksinə Çinin hədəflərinin coğrafi və tarixi iddialara əsaslanan, yeni müstəmləkəçi və imperialist əməllərlə dolu daha böyük strategiyanın bir hissəsi olduğundan şübhə edirlər.

10 il əvvəl bölgədə Çinin Pamirdəki fəaliyyətləri ilə bağlı səsləndirilən mənfi fikirləri isə artıq Çinin sərhəd bölgəsini ələ keçirməsi iddiaları əvəzləyib. Tacikistan rəhbərliyi Çin sərhədindəki Pamir bölgəsi olan Murqabın Dağlıq Bedaşhan vilayətindən bir ərazini hədiyyə kimi verdikdə bir çoxları Çinin pis niyyətlərinin baş tutduğunu düşünürdü.

Tacikistanın Çinə 1,2 milyard dollar borcu olduğu deyilir. Bu rəqəm ölkənin 2.9 milyard dollarlıq xarici borcunun demək olar ki, yarısıdır. Tacikistan rəhbərliyi 2011-ci ildə borcun bir hissəsini ödəmək üçün Tacikistanın Pamir bölgəsinin 1158 km²-ni Çinə verən bir müqavilə imzalayıb. 2019-cu ilin sonlarında isə bir gümüş mədəninin hüquqlarını Çinə verib. Bunların hər ikisi Tacikistandakı yeni Çin hərbi bazasının yaxınlığında yerləşir. Çinin Tacikistandan aldığı torpaq və baza onun bölgədəki hərbi və təhlükəsizlik varlığı ilə bağlı ciddi bir artıma işarə edir.

Rusiya da vəziyyəti diqqətlə izləyir və Çinin ənənəvi olaraq bölgədəki rolundan narazıdır. Əslində elə görünür ki, Rusiyanın dəstəklədiyi sosial media kampaniyasının məqsədi Pamirlərə təsir edən borc tələsi krediti və bölgədəki Çin investisiyalarının artması qarşısında Rusiyanın narazılığını vurğulamaqdır.

Çinin inkişaf etməkdə olan təhlükəsizlik aparatından əlavə, yük maşınları ilə ticarəti də bölgədəki ərazilərə axın edərək yolları doldurur. Bundan əlavə, bölgədəki daha təsadüf odur ki, “Bir Kəmər Bir Yol” layihəsi çərçivəsində Çin əraziyə yol kameraları quraşdırıb, hökumət binalarının təmirini, yenidən qurulmasını maliyyələşdirib və Tacikistanda çoxlu yol və tunel inşa edib.

Təxminən 65 min km² olan bu ərazi, demək olar ki, Şri-Lanka boyda və ya başqa sözlə, Livandan 6 dəfə böyükdür. Bedahşanda isə yalnız 3%-i kənd təsərrüfatı üçün əlverişli olan Tacikistan-Əfqanıstan sərhədinin hər iki tərəfində 350.000 nəfər əhali var. Ancaq mineral mənbələri ilə zəngin olduğu deyilir və qiymətli daşları ilə də məşhurdur. Çin mənbələrinə görə, təkcə Tacikistanın təxminən 145 qızıl yatağı var.

Eyni zamanda, həm Tacikistanın Dağlıq Bedaşhan bölgəsində, həm də Əfqanıstanın qonşu Bedahşan bölgəsində bir çox insan Çinin dəstəyini məmnuniyyəti qarşıladığını bildirib. Çin hökuməti yerli liderlərin oğullarına təqaüd verir, bazaları və inkişafı maliyyələşdirir və sərhədin hər iki tərəfindəki rəhbərliklərdən az miqdarda təzminat tələb edir. 2015-ci ildən bəri Çin Tacikistan və Əfqanıstanda gizli bazalarını təkmilləşdirir, sərhəddə ortaq təlimlər aparır, kəşfiyyat məlumatları paylaşır, birgə kəşfiyyat əməliyyatlarında iştirak edir və ölkə daxilindəki ordu ilə polisə hərbi texnika və təhlükəsizlik avadanlığı satır, yaxud da təmin edir.

Ruslar bütün bunları diqqətlə izləyir və hər iki tərəfi də idarə edirlər. Bir tərəfdən, Çinlə fəal diplomatiya və iqtisadi tərəfdaşlıq qururlar. Eyni zamanda, bölgədəki məlumatlandırma kampaniyalarını dəstəkləyərək, xüsusilə Çinin Pamirdəki yeni müstəmləkəçi təsirləri ilə bağlı mesajlar yayırlar.

Tacikistan rəhbərliyinin bölgədə iddialı olan Çinə verdiyi reaksiya isə həm Çinə boyun əymək istəmədiklərini, həm də Rusiya ilə olan ittifaqı və dərin əlaqələri qorumaq istədiklərini göstərir. Tacikistanla Çin arasındakı ticarət, inkişaf və təhlükəsizlik müqavilələrinin çoxalması isə Tacikistan rəhbərlərinin mədənçilik müqavilələri və regional hədiyyələr vasitəsilə bölgədə Çinin təsirini qəbul etməsindən xəbər verir. Tacikistan hökuməti, eyni zamanda öz torpaqlarındakı Çin işğalını geri püskürtməklə Rusiyanın dəstəyini də qazanır. Tacikistan prezidenti İmaməli Rəhmanın Çinin Tacikistanın şimal-şərqi üzərindəki iddiasını qınaması da buna nümunə ola bilər.

Çox güman ki, Rusiya Rəhmana Çini geri püskürtməsi üçün təzyiq göstərir. Bu, onu bir az pis vəziyyətdə qoyacaq. Ölkəsindəki layihələr üçün Çinə hökumətinə borclu qaldığı məbləğ bir şəkildə ödənməlidir. Həmçinin, qeyd edək ki, Rəhmanın Vladimir Putini sakitləşdirməklə bağlı uzun bir keçmişi var. Rəhman öz strateji məqsədlərinə çatmaq üçün uzun müddətdir ki, bir neçə tərəfi uğurla idarə edir. Gələcəkdə də belə olacağı gözlənilir.

Daha əvvəl dediyimiz kimi, 2012-ci ildə Tacikistanın Pamirin şimal-şərqindən bir hissəni Çinə verməsi ilə yanaşı, həm də Tacikistanın kənd təsərrüfatının mərkəzində olan ərazini də kirayə verərək ölkənin borcunu ödəyib. Qısa müddət sonra rus hərbi müşavirlərinin və bölgədə rus bazalarının artması üçün bir təhlükəsizlik müqaviləsi imzalayıb. Daha sonra da Çinin ölkədə baza qurmasına, müxtəlif hərbi təlimlərdə iştirak etməsinə və ölkədəki varlığını davam etdirməsinə imkan verib.

Bütün bunlar inkişaf və təhlükəsizlik sahələrində eyni anda həm ABŞ-la, həm də Avropa Birliyi ilə birgə həyata keçirilirdi.

Hazırda Çin Tacikistanda inkişafın maliyyələşdirilməsi, iqtisadi investisiya, təhlükəsizlik fəaliyyəti və ortaqlıq məsələlərinə görə Rusiya, ABŞ və AB-nı belə qabaqlayır. Yaxın gələcəkdə Rusiya-Çin münasibətləri dəyişəcək və bir-birilərinin nüfuzunu zədələmək üçün müxtəlif taktikalardan istifadə edəcəklər.

Görəsən, bu durum necə sonlanacaq? Çinlə Rusiya bölgədə ABŞ və AB-yə qarşı çıxmaq üçün ortaq olacaq? Yoxsa bir-biriləri ilə yarışmağa başlayacaqlar?..

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar