Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bunların qanı bizdən deyil, Quran haqqı, erməni qanıdır!” - Dədə Süleyman

Əməkdar artist Süleyman Abdullayevin müsahibəsini təqdim edirik...

- Ustad, karantin günlərini necə keçirirsiniz? Qaydalara əməl edirsinizmi?

- Karantin qaydalarına əməl edirəm. Amma vətəndaşlar arasında əməl etməyənlər də var. Həyat yoldaşım dünyasını dəyişəndən sonra, illərdir həyət evində qalıram. Karantin elan edilən gündən bəri qaydaları ən çox riayət edənlərdən biri mənəm. Dövlət deyir ki, bu, bütün dünyada yayılmış pandemiyadır, mən də onların dediklərinə əməl edirəm. Amma elə adamlar var ki... Bu qədər onlara yalvarırlar, prezidentimiz, vitse-prezidentimiz, Milli Məclisin deputatları, polislərimiz, həkimlərimiz çağırış edirlər ki, ay qardaş, Allah bu bəlanı bütün dünyaya göndərib, çölə çıxmayın, amma yenə çıxırlar. Mənə elə gəlir ki, əsl azərbaycanlı olan şəxs çölə çıxmaz. Çünki bu çağırışı dövlətin aparıcı qüvvələri edir. Məncə, bu çağırışlara əməl etməyənlərdə azərbaycanlı qanı yoxdur. Xahiş edirəm bunu deyənləri test etsinlər, çünki Azərbaycanda o qədər qarışıq millətlər var ki. Onların qanı bizim qanımızdan deyil. Ancaq bizi yıxmaq üçün bura gəliblər. Hər kəs başa düşsün ki, bu ümumbəşəri bəladır. Ay bədbaxtlar, sizə deyilir ki, çıxmayın. Adam var ki, görməmiş kimi iyirmi çörək alır. Utanmırlar? Ölün, yerə girin! Azərbaycan dövlətini qurmaq üçün nə qədər oğlanlar canını qurban verib. Bu quruculuq yolunda neçə insan həyatını itirib. Axır ki, Heydər Əliyev gəldi düzəltdi bu ölkəni, artıq hər şeyiniz var, ay boyunuzu yerə dürtüm, yaşayın da. Bizim dövlətimiz qabaqcadan tədbir gördü. Karantin elan edildi, lakin qaydalara əməl etməyənlər oldu. Mən heç, bu gün varam, sabah yoxam, artıq 82 yaşım var, yaxşı yaşamışam. Amma bizim nəvələrimiz, nəticələrimiz, bu ölkənin gəncliyi var, onları düşünmürlər. Qarışıq millətdən olanlar bizdə çoxdur. Ona görə Dədə Süleyman deyir ki, gərək bunların qanını yoxlayasan, sonra buraxasan küçəyə, qoy ölsünlər. Vallah, düz deyirəm. Bu qədər yalvarırlar, sözə qulaq asmırlar. Yazıq polislər əlində maska ilə dayanırlar, maskası olmayanlara maska verirlər. Bunu xalqdan ötrü deyirlər.

- Mədəniyyət Nazirliyindəki həbslərdən sonra mədəniyyət adamlarının fəaliyyəti yenidən təftiş olunur. Belə bir iddia var ki, layiq olmayan adamlar bu sektorda zirvəyə yüksəliblər, Xalq artisti, Əməkdar artist kimi fəxri adlara sahibləniblər. Sizcə, təmsil olunduğunzu sferada təsadüfi adamlar çoxdur?

- Bu mənim yaralı yerimdir. Sovet dövründə mən, Sabir, Arif səhnəyə bir çıxmışdıq. O vaxtlar biz fəxri ad haqqında düşünmürdük, öz işimizlə məşğul olurduq. Bir neçə il bundan əvvəl Əməkdar artist fəxri adı almışam. Onu da Zeynəb Xanlarova Milli Məclisdə çıxışı zamanı demişdi ki, utanmırsınız, Süleyman qalıb orda kimlər-kimlər fəxri adlar alır. Fəxri ad məsələsinə gələndə, muğam ifaçılarının hamısı halal, öz zəhməti hesabına alıblar. Onlar hər zaman dövlətə qulluq ediblər, çalışıblar. Mən özüm 60 il dövlətə qulluq etmişəm, görürdülər ki, fəxri ad dalınca qaçmıram, getmirəm harasa. O vaxt Heydər Əliyevə demişdilər ki, bu müsavatçıdır. O, mənlə bir dəfə görüşmüşdü, yadında qalmışdım. Demişdi ki, bəs Süleymana ad verilməyibmi? Prezident təqaüdü alırdım. Estradamızda ad alanlar arasında da halal zəhməti ilə alanlar var. Məsələn, Flora Kərimova, Faiq Ağayev, Samir, Fidan Hacıyeva kimi sənətçilər öz zəhməti ilə bu adı alıblar. F.Ağayev H.Əliyev sarayında 5-10 konsert verib, hər zaman çalışır. Amma heç bir dəfə konsert verməyən, dövlətin tədbirlərinə qatılmayan, toy oxuyub pul qazanmaqla məşğul ola-ola ad qazananların fəxri adı halal deyil. Halal ad alan İslam, Məmmədbağır, Zeynəb, Arif idi...

- Dədə, son vaxtlar ölkəmizdə rüşvətxor məmurlara qarşı sərt tədbirlər görülür. Onlar bir-birinin ardınca həbs olunur. Sizcə, icra başçılar, məmurlar niyə rüşvət alırlar?

- O vaxt əlləşib-vuruşub azadlıq əldə edildi, amma bunlar qanmır ki, azadlıq nədir. 1941-45 də Azərbaycanın nefti istifadə edilirdi, Sovet höküməti yumurta, qoz-fındıq alırdı, hamısını da yığıb göndərirdi Moskvaya, qalırdınız belə. İndi isə hamısını özünüz satırsınız, ay bədbəxtlər, savadsızlar, hər şey edilib göndərilib. Ölkədə hər şey qurulub, kimin belə prezidenti var , hər zaman xalqın içindədir, bizim üçün çalışır. Bunu qanmırsınız, rüşvət alırsınız, ölün, yerə girin! Haram pul qazananların, rüşvət alanların südü qarışıqdır. Əsl azərbaycanlı rüşvət almaz. Bu qədər əziyyət çəkilib, dövlət qurulub, bunun yolunda Məhəmməd Əminlər, kimlər-kimlər ölüb... Bəs bunu hələ də başa düşmürsünüz?! Ona görə deyirəm ki, bizim içimizdə azərbaycanlı qanı olmayanlar var. Çoxdur belələri, onların gözü götürmür ki, Azərbaycan son 30 ildə bu qədər inkişaf edib. Bunu savadsızlar başa düşmür, deyirlər nolsun? Sovetin vaxtında dədənizə bir qoyun, bir eşşək verilmişdi. Amma indi rayona gedirəm, ürəyim açılır. Hamını sürü ilə qoyunu, taxıl əkib-becərir, neçə hektar ərazisi var. Ay boyunuzu yerə dürtüm, bu qədər şərait yaradılıb sizin üçün, mehriban olun. Allah sizə bol-bol nemət verib. Niyə istifadə etmirsiniz? Niyə deyilənlərə qulaq asmırsınız? Bunların qanı bizdən deyil, Quran haqqı erməni qanıdır!

- Pandemiya dövründə sənət adamları etdikləri xeyirxahlıqlarla gündəmə gəldilər. Yoxsul ailələrə yardım edən sənətçilərin karvanıan siz də qoşuldunuzmu? Bu ağır dövrdə kimlərəsə əl tutub, yardım etdinizmi?

- Bəli. ATV telekanalından Nanə Ağamalıyeva karantin vaxtı azuqə paylayırdı, bir də görürəm mənim üçün də pay göndərib. Gülmək tutdu məni.Mən də burada paylayıram axı. Çox sağ olsun. O, Azərbaycan muğamını o verilişlə tanıtdı. Muğam ölürdü, Mehriban Əliyeva onu diriltdi, dünya səviyyəsinə çatdırdı. Ətrafımdakı kasıblara bacardığım qədər əl tuturam.

- Cəmiyyəti ən çox qıcıqlandıran zövqsüz müğənnilərin efirlərdə meydan sulamasıdır. Bayağı mahnılar oxuyan müğənnilərin əl-qolunu kim bağlamalıdır?

- Bu məsələ də mənim yaralı yerimdir. Yanıram, dinə də bilmirəm. Mən bütün televiziya işçilərinə minnətdaram. Məni tez-tez yoxlayırlar, həmişə diqqətdə saxlayırlar. Əsasən də Zaur Baxşəliyev, Nanə, Zaur Kamal, Nəcibə. Meyxana oxuyanlar var, onlar Azərbaycanın gözüdür, bədahətən söz deyirlər, bu, Allah vergisidir. Amma bu gün mahnı yazıb, oxuyanlar var, səsi də yoxdur. Bax, onlar Azərbaycana töhmətdir. Bədbəxtdirlər, özlərini də korlayırlar, Azərbaycan musiqisini də. Ona görə də Azərbaycan musiqi mədəniyyətinə savadlı musiqiçilər lazımdır. Televiziyalara yoxlanıb buraxılmalıdır. Onlar oxumalıdırlar efirə çıxmamışdan, özü də mikrofonsuz. Görək onların səsi 3 metrdən o tərəfə gedirmi? Savadlı, təcrübəli musiqiçilər efirə çıxsa, bax onda belələri yığışar. Yığırlar bir sürü uşağı ora. Ayıbdır. Vallah. Ayıbdır. Musiqini bu qədər korlamaq olmaz! Seçim lazımdır, yaxşılar var düzdür, amma pislər yaxşılardan çoxdur. Bu Azərbaycana ləkədir. Vallah yanıma o qədər səsi olmayanlar gəlir ki. Xətrinə də dəymək istəmirəm, deyirəm gir universitetə, bitirəndə gələrsən. Onlara gərək başa salasan ki, oxumaq sənlik deyil.

- Ölkədə islahatlar erası başlayıb. Sözsüz ki, mədəniyyət sektoru bu islahatlardan kənarda qala bilməz. Sizcə, islahatlara nədən, necə başlamaq lazımdır? Nələri dəyişmək vacibdir?

- Mədəniyyət işçiləri tutulanda mən bir açıqlama verdim. Onlar təmir üçün ayrılan pulları lazımi yerə xərcləməmişdilər, dedim ki, onların boynunu yerə dürtüm. Dövlət 15 milyon pul ayırırsa, heç olmasa onun 2-3 milyonunu yeyin, qalanını mədəniyyət səhəsinə xərcləyin, illərlə baxımsız qalan mədəniyyət abidələrimiz var, onları təmir edin, özünə qaytarın. Ay sizin rüşvət alan yerdə boyunuzu yerə dürtüm! Rüşvətin axırı yoxdur. Mən bu yaşımda İlham Əliyevdən xahiş edirəm, Milli Məclisdə bu məsələ müzakirə olunsun. Belə bir qanun var ki, rüşvət verən də, alan da tutulur. O cümləni dəyişsinlər: verən tutulmamalıdır, alan tutulmalıdır, əgər verən ona şər atsa, ona güllələnmə düşsün. Çünki rüşvət verən buna məcbur edilir.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar