Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu yay çimərliklər bağlı olacaq?

Pandemiyanın “vurduğu” ən böyük sahələrdən biri də çimərlik mövsümündə fəaliyyət göstərən ictimai-iaşə müəssisələri oldu. Ötən il pandemiyanın ölkəmizdə yayılmasının 3-4-cü ayları artıq çimərlik mövsümünə təsadüf edirdi, lakin virus yeni olduğundan necə davranmaqda, hansı qərarlar verməkdə çətinlik çəkən hökumətlər daha çox qapanma yolunu seçdilər ki, buraya çimərliklər də daxil idi.

Böyük bir sektorun əhatə etdiyi obyektlər bağlı qaldı, minlərlə insan gəlir yerini itirdi. Lakin sonda məlum oldu ki, hər nə qədər qapanmalara gedilsə də, bu, hökumətin vaxt qazanması baxımından effektli oldu, lakin virusun yayılmasının qarşısını tam ala bilmədi. Artıq koronavirusla mübarizə, profilaktika, müalicə sahəsində həm hökumət, həm də vətəndaşlar çox böyük təcrübə qazanıblar, o cümlədən ölkəmizdə sürətlə peyvəndləmə gedir. Bu isə onu deməyə əsas verir ki, bu mövsümdə iqtisadiyyatın və xüsusən də turizmin ən əhəmiyyətli sahələrindən biri olan çimərlik sektoru açılsın.

Bu məsələ artıq müzakirə olunur. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov açıqlama verib ki, bu yay çimərliklərin bağlı qalması üçün ciddi bir əsas yoxdur: “Keçən il yay aylarında nəinki ölkəmiz, bütün dünya qarşılaşdığı bu problemin yarada biləcəyi fəsadların həcmi haqqında heç bir fikrə sahib deyildi. Heç bir ölkənin bu problemlə mübarizədə istifadə edəcəyi resurslar haqqında ətraflı məlumatı olmadığı üçün, əksər ölkələr, eləcə də Azərbaycanda sərt karantin rejimi tətbiq olundu və məhdudiyyətlər sırasına çimərliklərin də qapanması daxil idi. Əlbəttə, nəzərə almaq lazımdır ki, məhz o məhdudiyyətlər sayəsində hökumət və qurumlar hazırlıq işlərini görmək və gələcəkdə ola biləcək böyük dalğalar qarşısında önləyici tədbirlər almaq üçün imkanlar qazandı. Amma bu il yay ayları yaxınlaşdıqca dünya səhiyyə ekspertləri tərəfindən də bildirilən odur ki, dalğaların sönməyə davam edəcəyi və yay müddətində açılmalara imkan verə biləcək reallıqların mövcud olacağı ölkələrdə çimərliklərə və sosial həyatımızın digər məqamlarına ciddi əngəl qoyulmasına ehtiyac olmayacaq”.

R.Mahmudov həmçinin vurğulayıb ki, çimərlikdən istifadə virusun daha tez yox olmasına gətirib çıxara bilər: “Digər tərəfdən, bir çox təsirdən bu virusun qısa müddət içərisində yox olduğunu göstərən tədqiqatlar var. Bu təsirlər içərisində duzlu suyun, eləcə də istiliyin virusun yayılmasını artırmadığı, hətta azaltdığı ehtimal olunur. Bütün bunları nəzərə alan hökumətlər, eləcə də ölkəmizin aidiyyəti qurumları yəqin ki, yay aylarında, epidemioloji vəziyyət imkan verdiyi müddətdə çimərliklərin açılmasına qərar verə bilər. Amma xüsusi qayda və qanunlar çərçivəsində tətbiq olunacaq bu icazələrin davamlılığı üçün cəmiyyətin də verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməsi vacib şərtlərdən biridir”.

Verilən bu açıqlama iqtisadiyyat üçün çox böyük anonsdur. İlk növbədə insanlarımızın işsizliyini nəzərə alsaq, bu sektorda insanlar müvəqqəti də olsa müəyyən qazanc əldə edə bilərlər. Qeyd edək ki, 2021-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 252 500 nəfər olub, onlardan 4 876 600 nəfərini məşğul əhali təşkil edib. Bu, sözügedən tarixə işsizliyin 7,2% səviyyəsində olması deməkdir. Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda işsizlik səviyyəsi 5,8% təşkil edəcək.

Rəsmi rəqəm bu şəkildə ifadə olunsa belə, hər kəs bilir ki, ötən il əksər sahələrin bağlı olması, hətta artıq sıradan çıxması səbəbindən işsizlik rəsmi statistikadan daha çox oldu və rəsmi olaraq deyildiyindən fərqli olaraq, heç də bütün bağlanmış özəl müəssisələr işçilərə əmək haqlarını sona qədər tam ödəmədi. İqtisadiyyatın bərpası, toylara icazə verilməsi, turizm sektorunun fəaliyyətə başlaması, çimərliklərin açılması multiplikativ olaraq iqtisadiyyatın əksər sahələrini hərəkətə gətirə bilər. Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli də vurğuladı ki, indiki şəraitdə çimərlikləri açılması ilə bağlı qərar verilərsə, bu doğru qərar olar: “Dünyada gedən trendlər də göstərdi ki, qaydalara əməl olunarsa, çimərliklərdə virusun yayılması ehtimalı sıfıra yaxındır. Ona görə də çimərliklərin açılması yaxşı olardı. Həm əmək bazarına, həm də iqtisadi aktivliyə töhfə verə biləcək sahədir. Sadəcə, burada problem ondan ibarətdir ki, çimərlik mövsümündə fəaliyyət göstərən işçi qüvvəsi qeyri-rəsmi çalışırdı. Bunu açıq demək lazımdır. Çox zaman işçilər sahilyanı obyektlərdə günəmuzd çalışırdılar və heç bir müqavilə olmadan işləyirdilər. Ancaq söhbət minlərlə insanın yay mövsümündə günəmuzd da olsa işləmək və pul qazanmaq imkanının yaranmasından gedir ki, bu da əhalinin sosial vəziyyətinə pozitiv təsir edə biləcək məsələdir”.

N.Cəfərlinin sözlərinə görə, bundan başqa müsbət qərar çimərlik sektoru ilə birbaşa və dolayı əlaqəsi olan sahələrin canlanmasına yol açacaq: “Həm dənizkənarı fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin işinə müsbət təsir göstərəcək, həm kənd təsərrüfatı istehsalçıları üçün əlavə bazar yaranacaq. Qeyd edək ki, toyların 1 ildən çoxdur dayanması onların da fəaliyyətinə çətinlik yaradıb. Çimərliklər açılarsa, onlar üçün də əlavə topdansatış bazarı yaranacaq. Nəqliyyat sahəsinə müsbət təsir göstərə bilər, əyləncə sektorunu canlandıra bilər”.

İqtisadçı vurğuladı ki, bu mövsümdə xaricə istirahət məqsədilə getmək imkanları məhdud olduğundan kirayə mənzil bazarı da canlanacaq. Lakin bu sahənin leqallaşması üçün dövlətin müəyyən addımlar atmasına ehtiyac var: “Pandemiya səbəbindən bu yay xaricə çıxış imkanlarının olub-olmayacağı bəlli deyil. Quru yollarının bağlı olması, aviabiletlərin də həddindən artıq baha olması yəqin ki, bir çox vətəndaşlarımızın yay tətilini ölkədə keçirməyə qərar verməsi ilə nəticələnəcək. Bu da dənizkənarı mənzillərin qiymətini artıran faktora çevriləcək. Qiymət artımının qarşısını isə cəza və ya xəbərdarlıqlarla yox, bu sahə ilə məşğul olan iş adamlarına, sadə vətəndaşlara müəyyən güzəştlər təklif etməklə almaq olar. Bu həm də onların qeydiyyata düşməsi üçün önəmlidir. Bu il olmasa belə, gələn ildən onların normal fəaliyyət göstərməsi və dövlətə vergi verməsi üçün şərait yarana bilər. Ona görə də burada söhbət on milyonlarla manat vəsaitdən gedə bilər. Obyektlərin hamısı bütün yay boyu fəaliyyət göstərsə, kifayət qədər böyük bir dövriyyə yaranacaq. Bu, həm də minlərlə yeni iş yeri deməkdir”.

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov isə 1 ay sonra çimərlik mövsümünün açılması üçün vətəndaşları qaydalara əməl etməyə və yoluxma sayının azalmasına nail olmağa çağırdı: “Əgər virusun yayılması üçün bir şərait olmazsa, yoluxma sayının daha da artması təhlükəsi olmazsa, çimərliklərin açılması iqtisadi baxımdan çox faydalıdır. Sahilboyu ictimai-iaşə müəssisələri, orada çalışan insanlar ötən il pandemiya səbəbindən fəaliyyətsiz qaldı, onlara çox böyük ziyan dəydi. Xəzərin sahillərində belə ictimai-iaşə müəssisələri saysız-hesabsızdır və bu çox böyük əmək bazarı deməkdir. Arzu edək ki, virusun azalması istiqamətində görülən tədbirlər öz əhəmiyyətini versin, virusun gücü azalsın, peyvəndlənmiş insanların sayı artsın. Virusun birinci dalğasında xəstələrin müalicəsi çox çətin idi, indi isə nisbətən daha asandır. O zaman daha çətin müalicə olunurdu, ölüm halları daha çox idi. İndi isə bir qədər virusun zəifləməsi müşahidə olunur”.

Sabiq nazirin sözlərinə görə, bu məsələ sırf insan həyatı ilə bağlı olduğundan risklər doğru qiymətləndirilməlidir: “İqtisadi baxımdan itkilər var. Bütün ictimai-iaşə müəssisələrinin işləməməsi, çox az bir qisminin fəaliyyət göstərməsi həm dövlət üçün, həm də müəssisələrin özü üçün ağır nəticələr doğurdu. İndi isə bu məsələdə mütəxəssislərin rəyinə ehtiyac var. İqtisadi sektorlardakı açılımlar insanların həyatı üçün bir təhlükə törətməzsə, risklər azalarsa, mən bunun tərəfdarıyam. İnsanlar günün altında D vitamini toplayır, dənizdə sağlamlıqlarını möhkəmləndirirlər. Qapalı mühitdə qalmaqdansa, bu daha faydalıdır. Ancaq vəziyyətin necə olacağını gedişat özü göstərəcək. Əlbəttə ki, təhlükə varsa, riskə getmək olmaz. Yox, risklər olmazsa, həm insanların sağlamlığı, həm də iqtisadi faydalar üçün çimərliklərin açılmasına ehtiyac var”.

Qeyd edək ki, bu sahədə fəaliyyət göstərən sahibkarları narahat edən əsas məsələ çimərliklərin açılıb-açılmaması ilə bağlı qərarın vaxtında verilməsidir. May ayının sonuna qədər davam edən qeyri-müəyyənlik onların da işinə çətinlik yaradır. Çünki il ərzində fəaliyyət göstərməyən obyekti mövsümə hazırlamaq 1 aydan çox vaxt aparır, bunu etmədikdə isə sahibkarlar digərləri ilə rəqabət aparmaqda çətinlik çəkirlər. Bir sahibkar üçün kifayət qədər böyük maliyyə tələb edən hazırlıq prosesinə başlamaq üçün isə hökumətdən ciddi bir anonsun verilməsi və ya konkret qərarın açıqlanması çox önəmlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar