Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu qaragüruh bir də hakimiyyətə gəlsə, Azərbaycan dağılacaq” – Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin müsahibəsini təqdim edirik...

- Əli Əliyevin idmanla arası necədir?

- Uşaq vaxtı pis futbol oynamamışam. Hətta zamanında Azərbaycan yığmasına da cəlb edilmişəm. 1982-ci ildə Daşkənddə keçirilən SSRİ birinciliyində ora gedəcək yığmanın heyətinə dəvət almışam, onda 9-cu sinifdə oxuyurdum.

- Tibbi təhsil aldınız, ancaq siyasətə yönəldiniz. Bu yol necə keçdi? Çətinlik yaratdımı?

- 1984-cü ildə tibb universitetinə daxil oldum. 2-ci kursda hərbi xidmətə çağırıldım. 2 il hərbi xidmətdə oldum – öncə Moskvada, daha sonra isə Estoniyada. Mən orduda olanda, 1988-ci ilin fevral ayında Sumqayıt hadisələri baş verdi. Həmin zaman mən nəyin necə baş verdiyini qiymətləndirə bilmirdim. Bizimlə xidmətdə olan ermənilər isə, hamısı hazırlıqlı idi – həm təşkilatı baxımdan, həm informasiya baxımından. Mən gördüm ki, biz millət olaraq həmin ermənilərdən geridəyik. Oradan qayıtdıqdan sonra, yenidən təhsilimə davam etdim və həmin ilin noyabrında “Tələbə hərəkatı” başladı. O hərəkata qoşulan fəallardan biri idim. Onda hələ təşkilati yox, emosional forması var idi. Dekabrda hərəkat dağıdıldı, cəza tədbirləri həyata keçirildi. 89-cu ilin may ayından başlayaraq, yenidən Meydan hərəkatı vüsət aldı. Mən Xalq Cəbhəsinin Tibb Universitetində dayaq dəstəsinin yaradılmasında iştirak etmişəm. Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olmuşam. Yəni siyasətə qatılığım bu dövrdən başlayıb. Bu yolun özünün çətinliyi, məhrumiyyətləri, mürəkkəbliyi var. Mən isə bu yolun çətinliklərini çox rahatlıqla qəbul etmişəm və bunu özümün taleyim hesab edirəm.

- Futbolla maraqlandığınızı bildirdiniz. Partiyanızın çıxışını hansı futbol komandasının çıxışına bənzədərdiniz?

- Futbol oyunları bir qayda olaraq, hakimin, federasiyanın nəzarəti altında keçirilir. İstəyir FİFA, istəyir UEFA - bunlar isə müəyyən qaydalarla idarə edilir. Azərbaycanda isə ümumiyyətlə, qaydalara riayət olunmur. Futbol bilirsiniz nəyə bənzəyir? İkinci dünya müharibəsinin sonlarında Almaniya və Kiyev “Dinamo”su arasında tarixi matç keçirilir. Həmin tarixi matçda “Dinamo” futbolçularına xəbərdarlıq eidlir ki, almanları udmamalısınız. Udsanız, oyundan sonra siz güllələnəcəksiniz. Onunla belə, o oyunu “Dinamo” tərəfi udub və matçdan sonra həmin futbolçular heyəti güllələnib.

Azərbaycanda da stiuasiya eynən belədir. Bizi fiziki baxımdan güllələməsələr də, mənəvi baxımdan, siyasi baxımdan güllələnmiş vəziyyətdəyik. Əgər, mənim rəhbərlik etdiyim partiyanın seçki, siyasi və başqa hüquqları hakimiyyət tərəfindən mənimsənilirsə, Azərbaycanda siyasi müxalifətə heç bir şərait yaradılmırsa, bunun adı qətliam deyil, nədir?!

- AXC üzvü oldunuz, qısa vaxtda oranı tərk etdiniz. Sizə qırmızı kart göstərdilər, ya siz onlara?

- Yox, mənə heç kim qırmızı vərəqə göstərməyib. Xalq Cəbhəsinin 1990-cı ilin yanvar hadisələrindən bir qədər əvvəl, yəni, təxminən 10 yanvarından 1991-ci ilə qədər keçirilmiş Cəbhənin qurultayına qədər olan fəaliyyətini yanlış hesab etdiyimdən Xalq Cəbhəsini könüllü sürətdə tərk etdim. Eyni zamanda 1992-ci ildə Milli İstiqlal Partiyasının yaranmasında yaxından iştirak etmişəm. Mən ümumiyyətlə, hakim deyiləm ki, kiməsə qırmızı vərəqə göstərim. Sadəcə Xalq Cəbhəsində yanlışları gördüm və uzaqlaşmaq qərarına gəldim.

- Azərbaycan Milli İstiqlal Partiyasının yaranmasında yaxından iştirak etdiyiniz dediniz. Oradan ayrılıb Vətəndaş və İnkişaf Partiyasını təsis etdiniz. Bəs AMİP adına iddia etməməyinizin səbəbi nə idi?

- Bəlkə də, Azərbaycanda bizim partiya ilk partiyadır ki, bölünmə prosesindən sonra əvvəlki nə intelektual, nə maddi əmlaka iddialar etmədi. Baxmayaraq ki, AMİP-in rəsmi təmsilçisi mən idim, Ədliyə Nazirliyi o biri tərəfi hər hansı bir səbəbdən rəsmi AMİP kimi qəbul etdi. Biz bunu soyuqqanlı qarşıladıq. Bizim məqsədimiz əvvəlki mənəvi yükdən qurtulmaq, uzaq durmaq idi. Maddi nöqteyi-nəzərdən, yeni səhifədən başlamaq qərarına gəldik. Amma oradan gətirdiyimiz uzun illərin təcrübəsi var idi. Kifayət qədər siyasi, təşkilati təcrübəsi olan kadr potensialımız var idi. Bizim partiyanın yarandığı dövr Azərbaycan müxalifətinin zərbələr aldığı dövrə təsadüf edir. Təsadüfi deyil ki, partiyamız 2006-cı ilin mayında təsis olunub, 2007-ci ilin avqustunda dövlət qeydiyyatına alınıb. 13 il vaxt keçib, o gündən bu günə, bizdən sonra yalnız 1-2 partiya qeydiyyatdan keçə bilib.

- İddia məsələsində Etibar Məmmədova uduzmaq qorxusu vardımı?

- Mən əslində o prosesdə özümü və tərəfdarlarımızı qalib görürəm. Biz o partiyada ard-arda 2 qurultay udmuşuq. Biz hansı məğlubiyyətdən qorxa bilərik ki? Sadəcə olaraq, bizim mövqeyimiz hakimiyyətin xoşuna gəlmədi. Hakimiyyətin mövqeyinə uyğun olmadı. Məsələn, 2005-ci il parlament seçkilərinin nəticəsi üzrə saxta protokola imza atmağa etiraz etmişik. Təbii ki, bu hakimiyyətin xoşuna gəlməz. Hakimiyyətin bir qolu olan Ədliyyə Nazirliyi saxta seçkiləri rəsmiləşdirmiş tərəfi partiya kimi qəbul etmə qərarına gəldi. Ümumiyyətlə, bütün normal insanlar qorxmalıdır, amma o da baxır, sən kimdən və nədən qorxmursan. Mənim də qorxu instiktim var. Amma Allahdan qorxan bəndədən qorxmaz.

- Yəni, Etibar Məmmədovdan qorxmamısınız...

- Mən iki dəfə seçkini udmuşam. Ümumiyyətlə, mən qorxu hissindən uzaq durmağa çalışmışam. Mənim qorxu hissim olsaydı, siyasi proseslərdə qarşıdurmaya, qalmaqallara getməzdim. Bu da göstərir ki, bizim fəaliyyətimizdə səmimiyik, açığıq. Bu hakimiyyətə qarşı ən riskli qərarların qəbul olunmasında biz iştirak etmişik. 2008-ci il prezident seçkilərinin saxta keçirilməsi protokoluna ölkədə 5 nəfər imza atıb. O 5 nəfərdən 1-i mənəm. 2010-cu il parlament seçkilərini udmuşuq, seçkiləri saxtalaşdırıblar, o seçkilərin saxta olması ilə bağlı imza atan bizim partiyamız olub. Və bunun kimi çox məsələlər var, mövzu genişdir. Qorxan tərəf bu cür davranmaz. Ölkədə ən ciddi təhlükə mənbəyi bir çox partiyaları, liderləri susduran, dəlmə-deşiyə gizlədən, ortaya çıxma şəraitini almış Azərbaycan iqtidarıdır. Mənə elə gəlir ki, ən riskli təhlükə ilə bu cür davranan partiyaya qorxaq demək olmaz.

- Azərbaycan Xalq Hərəkətını tərk etdiniz. Onlarla oyun çətin idi?

- Yox, başqa səbəblər var idi. Mən orada gözlədiyim nəticəni duymadım, başqa şeylər də oldu.

- Nə kimi?

- Bu siyasi texnologiyaya aid olan məsələdir. Mən oradan tamamilə yeni keyfiyyətdə güc mərkəzinin formalaşdıracağını gözləyirdim. Amma o təşkilat müəyyən səbəblərdən o məqsədlərdən yayındı. Ona görə də uzaqlaşmaq qərarına gəldim.

- Bəs burada hansı tərəf məğlub oldu?

- Cəmiyyət, xalq uduzdu. Mən o cəmiyyəti xalqın vəziyyətdən çıxması üçün bir vasitə görürdüm.

- Komandanızda necə baş məşqçiniz?

- Bunu onlardan soruşsanız, daha yaxşı olar. Amma düşünürəm ki, müxalif partiyalar içində ilk beşlikdəyik.

- Cəzalandırdığınız komanda üzvü olubmu?

- Bəli, olub.

- Nə cəza vermisiniz?

- Sarıq vərəqə də olub, qırmızı vərəqə də.

- Səbəb nə idi?

- Xəyanət.

- Yəni, bağışlamırsınız.

- Xeyr, bağışlamıram.

- Xəyanət edən kimlər idi?

- Adlarını açıqlamağı ehtiyac görmürəm.

- Bəzi deputatlar müxtəlif idman növlərində məharətlərini dilə gətiriblər. Parlamentdə olmaq üçün bunlar kifayət edir?

- Hesab edirəm ki, deputat birinci, qaçmağı, üzməyi yox, göstərdiyi deputat fəaliyyətini qabartsaydı, daha düzgün olardı. Desəydi ki, deputat olduğum dövrdə filan qərarların qəbul olunmasında iştirak etmişəm, bu düzgün olardı. Bu yaşlı deputatların bəyanatları ölkədə olan siyasi proseslərə düşünülməmiş verdiyi replektor reaksiyadır. Prezident bir neçə dəfə bioloji yaş məsələsinə toxunub. Onun verdiyi bəyanat təyinatlı vəzifələr haqqında olub. Mən həkim kimi deyim ki, insan yaşlandıqca onun beynində kirincləşmə prosesi gedir. Yaddaşı zəifləyir. Deputatlar tələsmədən, düşünərək bu hadisələrə reaksiya vermiş olsaydılar, bu məsələ haqqında belə danışmazdılar. Kirincləşmə prosesi insan beynində hansı fiksasiya varsa, ilkin olaraq, onu ifadə edir. İstər Ağacan Əbilov, istər Hadı Rəcəbli, istər Zeynəb Xanlarova olsun, onlar təhtəlşüurlarında bilirlər ki, o vəzifəyə təyin olunublar. Eynən Hacıbala Abutalıbov, Əli Həsənov, Novruz Məmmədov kimi. Onlar təyinatlı olduqlarını bilirlər. Onlar düşünülməmiş, tələskən məlumatları prezidentə mesaj vermək üçün deyirlər. Unudublar ki, bunların vəzifəsi baş nazir vəzifəsi deyil və yaxud başqa təyinatlı vəzifə deyil. Xalq seçərsə, 80 yaşında belə deputatımızın olmasına etiraz etmərəm. Çünki bizim qanunlarımızda da deputat seçilməsində faktiki olaraq, yaş senzi yoxdur. Bizim də o ahıl, qoca, yaşlı saydığımız deputatlar bir az tələskənlik ediblər. Mandata hərislik nümayiş etdirməsəydilər, o fikri deməzdilər. Çünki Arif Rəhimzadədən kim soruşur ki, sən üzə bilirsən? Məgər, Oqtay Əsədov parlamentdə üzgüçülərin rəhbəridir? Ağacan müəllim deyib ki, yaxşı qaça bilirəm. Sən İntizam Komissiyasının sədrisən. Orada səni qaçırdırlar?

- Həkimsiniz. Xanhüseyin Kazımlının çıxışını çoxları psixoloji vəziyyətlə əlaqələndirdi. Siz onun çıxışını necə dəyərləndirirsiniz?

- Allah Xanhüseyin müəllimə şəfa versin. Ciddi nasazdır. Mən onu heç vaxt tənqid etməmişəm, bunu etikadan kənar sayıram. Tam diaqnozunu da qoymuşam. Belə qənaətə gəlmişəm ki, o alzheimer xəstəsidir. Bu mərkəzi sinir sisteminin ciddi xəstəliyidir. Mən onun yaxınlarına məsləhət görürəm ki, onu tibbi müayinədən keçirsinlər. Onun siyasi meydanda olması onun sağlamlığına əks göstərişdir. Onu himayə etmək lazımdır. O cəmiyyətdən təcrid olunmalıdır. Elə adamlarda bir qədər sonra huşsuzluq yaranır. Evdən gedib geri qayıda bilməmə halları ola bilir. Nitqindəki qüsurlar məhz o xəstəliyin əlamətləridir.

- Deputatların sayı artırılsın deyirlər. Siz necə düşünürsünüz, 125 oyunçu kifayət etmir?

- Azərbaycan qanunverici hakimiyyətinim problemi deputat sayında, seçilmə üsulunda deyil. Deputatların sayını da artırmaq olar, proporsional seçki sistemini də bərpa etmək olar, amma proseslərin mahiyyəti, iqtidarın fəlsəfəsi, cəmiyyətə münasibəti dəyişməsə, heç bir dəyişiklik ölkədə müsbət nəticəyə gətirib çıxara bilməz. Nə qədər ki, siyasi sferada islahat mövcud deyil, heç bir isıahatdan danışmağın yeri yoxdur. Bütün bu proseslər kosmetik xarakter daşıyır.

- Deputatlardan bəziləri maaşlarından narazılıq edirlər, əmək haqlarının qaldırılmasını istəyirlər. Sizcə aldıqları məvacib onlara kifayət etmir?

- Mən bilən bazar qiymətlərində onların aldığı maaş yetərlidir, 5 mindən artıq maaş alırlar. Ölkədə maaşı az olan həkim, müəllimlərdir. Azərbaycanda təqaüd səviyyəsi gülünc vəziyyətdədir. Azərbaycan təqaüdçüsünün orta təqaüd miqdarı 200 manatdır. Təqaüdçünün 200 manat aldığı halda millət vəkillinin 5 mindən çox alması gülüncdür. Qiymətlər arasında bu qədər fərq ola bilməz. Millət vəkili 5 min manat maaş alanda müəlim ən azı, 1000 manat maaş almalıdır. Deputatlar büdcə qanunu qəbul olunanda öz maaşları yox, müəllimlərin maaşı haqqında danışsınlar.

- Bu il növbədənkənar parlament seçkilərinin keçiriləcəyini demişdiniz.

- Demişəm, fikrimdə də qalıram.

- Yəni, ilin sonuna kimi keçiriləcək, deyirsiniz.

- Mənim hesablamalarıma görə, iyul-avqust aylarında seçki olmalıydı. Hesab edirəm ki, parlament seçkiləri növbədənkənar olacaq. Siz görün, ölkədə hazırda tektonik proseslər gedir. Epoxal şəxslər hakimiyyətdən uzaqlaşdırılır. Sanki, YAP erasının bir dövrü bitir, digər dövrü başlayır. Belə bir şəraitdə parlament seçkilərinin keçirilməsi yanlış olardı.

- Müxalifət tərəfdə xaos hökm sürdüyünü demişdiniz. Bunu nəyə əsasən, bildirmişdiniz?

- Xaosu o mənada demişəm ki, müxalifətin daxilində bir nizam yoxdur, məsləhətləşmə həyata keçirilmir. Müxalifət param-parça vəziyyətdədir.

- Düşünürsünüz ki, çarə birləşməkdədir?

- Ən azından, bu illər ərzində konsultativ formatımız olmalıydı. Birləşməyə də bilərik. Amma ən azından, ölkə problemlərinin birgə müzakirəsi, inkişaf perspektivlərini dəyərləndirmək mümkündür.

- Sizcə, müxalifət topu niyə Əli İnsanova ötürdü?

- O müxalifət deyil, müxalifətin bir hissədir. Qərarlarına hörmətlə yanaşıram. Deyə bilmərəm ki, niyə Əli İnsanova topu ötürdülər. Əvvəldən Əli İnsanova ötürülməsi ilə bağlı bəyanat verilsə də, amma dəyirmi masanın özünü izlədim, orada Əli İnsanovun üstünlüyünü görmədim. Bəyanat şəkilində görmədim. Mənə elə gəldi ki, onlar həmin gün başqa şey haqqında danışdılar. Amma onu duydum ki, Əli İnsanovun orada lider olması çətin olacaq.

- Əvvəl Azadlıq Blokunda təmsil olunurdunuz. Sonra ofsayta düşdünüz. Səbəb nə oldu?

- Yox. Heç bir ofsayt olmayıb. Biz Azadlıq Blokunda son 3 ili - 2007-2010-cu il periodunu 3 tərəf olaraq davam etdirmişik. Bu Liberal Partiyanın, AXCP-nin və bizim iştirakımızla olub. Lalə Şövkət, AXCP-ni Əli Kərimli, bizi isə mən təmsil etmişəm. 2010-cu ildə bu format buraxıldı. 3 tərəfdən ikisi fəaliyyətini birgə davam etdirdi. 2010-cu ildə Lalə xanımla Parlament seçkilərinə birgə qatıldıq. O zaman ofsaytda qalan ikimizik? Elə hesab edirəm ki, çoxluq haradadırsa, mərkəz də oradadır.

- Sizi hökumətyönümlü hesab edənlər var. Bəs siz öz partiyanızı müxalifətin əsas liqasında, yoxsa, 2-ci liqasında görürsünüz?

- Bu rəqiblərimizin illər uzunu bizim haqqımızda bildirdiyi fikirdir. Onlar bizim hakimiyətin mənafeyinə uyğun olan mövqeyimizi göstərsinlər. Biz heç vaxt belə mövqedə olmamışıq. Qoy bizim hakimiyyətin siyasəti haqqında səsləndirdiyimiz fikirlərə bərabər fikir göstərsinlər. Bizi hökumətyönümlü olmaqda ittiham edənlər hakimiyyətlə uzun illər münasibətdə olub. Biz heç vaxt bu hakimiyyətdən asılı olmamışıq. Biz heç vaxt bu hakimiyyətdən güzəşt əldə etməmişik. Biz hakimiyyətin müəyyən etdiyi seçkilərdə mandat almamışıq, seçkilərdə qeydiyyata belə alınmamışıq. Bu fikri ifadə edənlər yalan danışır.

Təəssüf ki, bu yalanlar ictimai maraqlara ziyan vurur. 19 oktyabr mitinqi ilə bağlı mövqe bildirmişdim və mitinqçiləri haqlı saydığımı söyləmişdim. Bununla belə, bildirmişdim ki, hazırki zamanda Azərbaycanda razılaşdırılmamış mitinqlərin keçirilməsi məqsədəuyğun deyil. Və bu mitinqlər Azərbaycan cəmiyyətinə heç bir fayda verə bilməz. Bilmirəm, bəlkə, başqalarının da bu mövzuda mövqeyi olub, amma mitinq təşkilatçısı, AXCP sədri ad çəkmədən bildirmişdi ki, bəzi hökumətdən maliyələşən, hökumətdən təlimat alan insanlar xalqın gözünü qorxutmağa çalışır, mitinqlər əlehinə danışır, bu mövqe yolverilməzdir. Bunu deyəndən sonra oktyabrın 30-da Əli bəy kanalların birinə müsahibəsində razılaşdırılmamış mitinqlərin xalqın gözünün qırılmasına xidmət elədiyini özü ifadə etdi, bu mitinqlərə son verdiyini dedi. Bununla da bizim 17 oktyabrda səsləndirdiyimiz fikirləri təsdiq etdi. Mənə maraqlıdır, bildirdiyimiz mövqe bizim dilimizdən çıxanda bu hakimiyyətin marağına xidmət edir, başqa adam deyəndə müxalif mövqe olur? Bəli, biz radikal deyilik, qaragüruh deyilik, dağıdıcı deyilik. Bizim mövqeyimiz cəmiyyətin məxməri yolla dəyşilməsinə xidmət edən yoldur. Fikirləşirik ki, ölkədə təlatüm olmamalıdır, ölkə dinc yolla bu keçidə nail olmalıdır. Haqqımızda səslənən yalan fikirlərə baş qoşmaq fikirimiz yoxdur.

- Ölkədə gedən islahatlarda...

- Ölkədə heç bir islahat yoxdur. Hakimiyyətdən bir nəsil dələduzun uzaqlaşdırılması islahat adlandırıla bilməz. Toplananların yerini dəyişəndə cəm dəyişməz. İslahat olanda mən obyektiv şəkildə reaksiya verəcəm. Mən hakimiyyətin ağını da, qarasını da obyektiv deyə bilərəm. Düzdür, ağı çox demərəm, müxalifətin vəzifəsi hakimiyyətin düz etdiyi işləri sadalamaq deyil. Müxalifətin vəzifəsi çatışmazlıqları deməkdir.

- Bəlkə, o ağlardan danışmısınız deyə, ittihamlarla üz-üzə qalırsınız...

- Nə deyirlər, desinlər. Mənə maraqlı deyil. Ağ iş haqqında danışmaram, amma ağ işə heç vaxt qara demərəm. Mənim aləmimdə əgər prezident mənim tənqid etdiyim adamları Novruz Məmmədovu, Hacıbala Abutalıbovu, Əli Həsənovu kənarlaşdırırsa, buna pis iş deməliyəm? Bu yaxşı işdir. Mənim dediyim onların yerinə gətirilən adamların düzgün seçilməməsidir. Niyə İlham Əliyev Novruz Məmmədovu çıxartdı deməyim düzgün olmaz. Düz edib də. Düz etdiyini demək isə mənim vəzifəm deyil, amma ağ işə niyə qara deyim?! Amma bəziləri var ki, ağ da olsa, qara da olsa, bu hökumət edirsə, səhvdir. Belə olmaz, başımızın üstdə Allah var.

- Karyeranızı nə vaxtsa bitirmək istəmisiniz?

Yox, hələ başlanğıcdayıq. Bunun səbəbi hökumətin siyasi proseslərdə tıxac rolu oynamasındadır, siyasi opponentləri sıxışdırmasındadır və.s. Düşünürəm ki, qaragüruha hakimiyyət vermək olmaz. Bu qaragüruh bir də hakimiyyətə gəlsə, Azərbaycan dağılacaq. Onların bütün vasitələrlə gəlişini uzaqlaşdırmaq lazımdır. Bu xalq təmiz xalqdır. Xalqımız 26 illik “norkoz”dan sonra oyanır. İndi xalqımız hələ yuxudan oyanıb, nəyin baş verdiyinin fərqində deyil, bu onlarda baş ağrısı, ürəkbulanma, fikir haçalanması şəkilində özünü göstərir. Bu xalqın başında həmişə Şeyx Nəsrullalar olub. Cəmiyyəti düz yola yönəltmək bizim vəzifəmizdir. Sadəcə olaraq, xalqı yuxudan oyatmamış onun hakimiyyətini mənimsəyən, ondan sui-istifadə edən həm müxalifət, həm iqtidar nümayəndələri var, hamsını nəzərdə tutmuram. Amma əhəmiyyətsiz şəkildə öz ailəsini, övladlarını xaricdə yaşadıb Azərbaycanda yaşayan insanları həbsə atdıran, şəxsi məqsədləri üçün varlanmağı qarşısına məqsəd qoyan insanların hakimiyyətdə və müxalifətdə olmasını biz ifşa edəcəyik.(yeni sabah)

pia.az


Etiket: Əli Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar