Bazar ertəsi, 16 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bu ideologiya ilə hara qədər gedə bilərik?!

Bu gün Azərbaycanda ideoloji sahədə böyük bir boşluğun olduğu danılmaz faktdır...

Məhz bu ciddi problemin nəticəsidir ki, cəmiyyətdə hardasa inamsızlıq, durğunluq və bəzi hallarda aqressiya yaranıb. Bu isə ondan qaynaqlanıb ki, ideoloji sahəyə rəhbərlik edənlər ölkəmizdə gedən proseslərin mahiyyətini xalqa düzgün çatdıra bilmir. Görəsən, niyə?

Gəlin qısa tezislərlə bir qədər geriyə, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin dövründə ölkənin keçid mərhələsinə nəzər salaq. O dövrdə dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınması, iqtisadi problemlərin fonunda əsası qoyulan neft strategiyası və insanların mənəvi qidasını təşkil edən ideologiyanın rüşeymlərinin münbit şəraitdə inkişaf etməsi gözümüzün önündə baş verirdi. Azərbaycanın ən ağır tarixi günlərində LİDER özünün ideoloji əsaslarını formalaşdırmaqla xalqda gələcəyə böyük ümid yaradırdı. Zamanında mifə çevrilmiş Heydər Əliyev fransız alimi Destyut de Frasinin baxışlarında olduğu kimi, cəmiyyətin düşünmək qabiliyyətinin formalaşdırılmasını ideologiyanın ana xəttinə çevirdi. Bununla da ulu öndər Azərbaycan dövlətçiliyinin ən ağır dövrlərində xalqın ictimai təfəkkürünə nüfuz edə bildi.

Həmin illərdə bu böyük şəxsiyyət demokratik Azərbaycanın qloballaşan dünyada yeni modelini təqdim edir, Qərbdə və ABŞ-dakı çıxışlarında xalqımızın demokratiya anlayışını böyük diplomatik bacarıqla izah edir, ölkədə siyasi plüralizm, sərbəst toplaşmaq və digər siyasi, hüquqi, mənəvi ideyalar sistemini sürətlə formalaşdırırdı.

Bəs bütün bunlara o, necə nail olurdu?

İlk növbədə Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının düzgün həyata keçirilməsi xalqı ildən-ilə uğurlu gələcəyə kökləyirdi. Ən uğurlu məqam o idi ki, bu ideologiya demokratik dəyərləri özündə ehtiva edən əsas fəlsəfəni ictimai fikrə çatdıra bilirdi. Ona görə də azərbaycançılıq ideologiyası ilkin mərhələdə dövlətçilik doktrinası kimi uğur qazandı. O dövrdə ictimai reallığı əks etdirən bütün baxışlar, yanaşmalar cəmiyyətdə nə qədər rəngarəng görünsə də, mövcud ideologiyada öz zərərləri ilə əriyib yoxa çıxırdı.

2003-cü ildən bu ideologiya yeni mərhələyə qədəm qoydu və ümummilli liderin siyasi kursunu davam etmək gücündə olan İlham Əliyev buna yeni çalarlar gətirdi. İlk növbədə dövlət başçısı “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” ifadəsi işlətməklə milli birlik ideyasını ortalığa atdı.

Ölkə vətəndaşlarının vətənpərvərlik hislərinin yüksəldilməsində əməli addımlar atan İlham Əliyev Mübariz İbrahimov kimi qəhrəmanlarımıza yüksək dəyər verməklə müharibə şəraitində olan bir ölkə üçün ideoloji kursun dəqiq konturlarını cızdı.

Növbəti illərdə Prezident İlham Əliyev özünün çıxışlarında məmur özbaşınalığından danışır, korrupsiyaya qarşı mübarizənin bütün formaları barədə fikir və mülahizələrini yürüdür, praqmatik baxışları ilə bu sahədə kreativ üsulları önə çəkirdi.

Lakin ölkədə neft strategiyasının uğurlu tətbiqi ilə güclü iqtisadi sıçrayış fonunda azərbaycançılıq və milli birlik ideyasının birləşdirilməsilə cəmiyyətdə təbəqələşmə meyllərinin qarşısı alınmır və nədənsə bununla bağlı ideoloji təfəkkür düzgün formalaşdırılmırdı.

İlham Əliyev “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” ifadəsi ilə milli birlik ideyasının strateji hədəfini göstərdiyi halda, ölkə ideologiyasına cavabdeh olanlar pafoslu məqalələrində bu tezisin mahiyyətini tam aça bilmir və kobud səhvə yol verirdilər:

SİTAT:

İlham Əliyev “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” deyərkən sadə bir vəd vermirdi, xalqa xidmət missiyasının strateji hədəfini göstərir, ana xəttini ortaya qoyurdu. Azərbaycana rəhbərlik etdiyi 16 il ərzində İlham Əliyev verdiyi vədə, seçdiyi strateji xəttə sadiq qalaraq dini, etnik, sosial mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın prezidenti olduğunu nümayiş etdirmişdir” (sitatın sonu).

Göründüyü kimi “dini, etnik, sosial mənsubiyyət” kimi ifadələrin vurğulandığı fikirdə siyasi mənsubiyyətdən söhbət belə getmir və bu cür rəy yaradılır ki, İlham Əliyev hər hansı siyasi əqidəsi olan Azərbaycan vətəndaşına çağırış etməyib.

Və bununla da cəmiyyətdə ayrıseçkilik toxumu səpən bəsit ideoloji xətt yaradılır, dövlətçiliyin kökünə sözün əsl mənasında balta çalınırdı.

Bütün bu misallardan da göründüyü kimi, DÖVLƏT və PREZİDENT anlayışının DÖVLƏTÇİLİK prinsipləri kimi geniş miqyasda təqdim edilməli olduğu halda, ölkəmizdə azərbaycançılıq ideologiyası kosmetikalanmış, boğazdan yuxarı, gəlişi gözəl cümlələrlə təqdim edilir, əsas mahiyyət kənarda qalır, milli birlik ideyası ətrafında müzakirələr aparılmırdı.

Cəmiyyətin maariflənməsindən isə söhbət belə getmirdi. Əslində İLHAM ƏLİYEV özü elm, təhsil və tibb ictimaiyyəti ilə görüşlərdə bu istiqamətdə tezislər səsləndirsə də, ölkənin baş ideoloqları nədənsə bu ideyaya daha çox siyasi don geyindirməyə çalışırdılar.

İdeoloqlarımız bu gün də ideoloji işi müxalifətlə mübarizə üzərində kökləməklə köhnə təfəkkürlə “artıq ölkəmizdə yeni müxalifət olmaldır”, – deyir, “Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib” kimi səbatsız fikirlər səsləndirirlər.

Görəsən, “yeni müxalifət lazımdır” sifarişi kimə verilir? Ümumiyyətlə, bu fikir nə dərəcədə yerindədir?

Yaxud başqa bir yanaşmadan sitat: “İnanıram ki, Yeni Azərbaycan Partiyası özünün gücü, səfərbərliyi, qətiyyəti, dövlətə və Prezident İlham Əliyevə sədaqəti ilə bütün anti-milli qüvvələrin qarşısında keçilməz maneə olacaq, onların bütün təxribat cəhdlərinin qarşısını alacaq, yalan, böhtan, şayiə üzərində qurulmuş təbliğatına Azərbaycanın bu gününü əks etdirən, parlaq gələcəyindən xəbər verən reallıqlar əsasında tutarlı cavab verəcək. Biz doğru yoldayıq. Bu yolda fədakarlığa dəyər və Yeni Azərbaycan Partiyasının bütün fəal üzvlərini, gəncləri yeni fədakarlıqlara səsləyirəm”. (sitatın sonu).

Belə aspektlər – kiçik anti-milli qrupların qüvvələr kimi təqdim edilməsi, bir yığın adamın cəmiyyətə təsirinin şişirdilməsi, gənclərin hansısa fədakarlığa çağrılması ideoloji mahiyyət kəsb edə bilməz. Dövlətin potensial qüvvəsi olan gənclərimizdə güclü dövlətçilik amalı və ideyaları formalaşdırmaq əvəzinə onlarda hansısa əks qütbün mövcudluğu barədə mif formalaşdıran belə yanaşma kimə lazımdır?

Göründüyü kimi, bu kimi zərərli fikirlər səsləndirilməklə Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasları darmadağın edilir.

Əslində isə ölkədə ideoloji siyasət aşağıdakı istiqamətlərdə həyata keçirilməli idi:

1.Milli birlik ideyasını təbliğ etmək.

2.Müəyyən ideyalar əsasında yaranan ictimai birlik və təşkilatlarla ardıcıl işləmək.

3.Hər bir vətəndaşa dövlətçilik tərbiyəsi aşılamaq.

4.Televiziya və elektron mediada, eləcə də sosial şəbəkələrdə xalqımızın milli-mənəvi dəyərlərinə söykənən, humanizm prinsipləri təbliğ edən genişmiqyaslı layihələri həyata keçirmək.Qeyd: Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyəti olduqca təqdirəlayiqdir.

5. Azərbaycanda yeni media siyasəti formalaşdırmaq, bu sahənin nüfuzunun atırılması istiqamətində köklü islahatlar aparmaq.

Əlbəttə, biz bu siyahını artıra da bilərik. Amma hesab edirik ki, ideoloji sahə ilə məşğul olan kadrlar yeniləri ilə əvəzlənməli, məhz bu kadrların iştirakı ilə daha mükəmməl konsepsiya hazırlanmalıdır.

Fadil Paşayev (konkret.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


loading...

Ən çox oxunanalar