Cümə axşamı, 19 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bu gün Aşuradır

Bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur...

Aşura günü ilə əlaqədar ölkədəki məscidlərdə İmam Hüseyn əzadarlığı keçiriləcək.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Məhərrəm ayı ilə bağlı fətvasına əsasən, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edir.

Fətvada qeyd olunub ki, Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb. Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir. Odur ki, İmam Hüseyn (ə) əzadarlığı ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, Vətən və iman sevgisinə, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır.

Fətvada bildirilib ki, məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, vətən təəssübü və milli mənafelərimizin təbliğinə ciddi çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir, İmamın (ə) və Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Din xadimləri Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvasını məscidlərdə oxumalı və qeyd olunan tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.

Fətvada həmçinin vurğulanıb ki, QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn (ə) xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanıb: "Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcək. Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər".

Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Aşura günü respublikanın ayrı-ayrı rayonlarında qanvermə aksiyası aşağıdakı ünvanlarda keçiriləcək:

1. Binəqədi - İmam Əli məscidi (6-cı Mik.rayon M. Məmmədxan k. 3215-ci məh.)

2. Xəzər – 14 saylı Birləşmiş şəhər xəstəxanası (Mirmöhsün ağa ziyarətgahı - Buzovna qəs. R. Axundov küçəsi 2, Şüvəlan qəs. A. İldırım küçəsi 1)

3) Nəsimi - Əjdərbəy məscidi (mərasim zalında), (20 saylı şəhər paliklinikası -S.Vurğun küçəsi 78 -3-cü mikrarayon, Cavadxan küç.22)

4. Nizami - Şah Abbas məscidi (Keşlə qəs. M.Hilal küçəsi 18)

5. Sabunçu - Rəhimə xanım ziyarətgahı (Nardaran qəs. M. F. Axundzadə küç.107)

6. Səbail - Bibiheybət məscid ziyarətgahı (Bibiheybət yolu 2)

7. Suraxanı - Qaraçuxur məscidi (Qaraçuxur qəs. Ə. Mehbalıyev küç. 58)

8. Yasamal - Təzə Pir məscidi, Hacı Soltanəli məscidi, Hacı Cavad məscidi (M. F. Axundov 7, S. Əsgərov küç. 75,-Şərifzadə 3)

9. Gəncə - İmamzadə kompleksi (Atabəylər prospekti 230)

10. Lənkəran - Böyük bazar məscidi (Hacılar küçəsi 1)

11. Mingəçevir - Heydər məscidi (Aydın Məmmədov 53)

12. Sumqayıt - Sumqayıt şəhər Cümə məscidi (Sahil küçəsi 5)

13. Şəki - İmam Əli məscidi (Şəki ş. Pişəvəri küç. 4)

14. Şirvan - Mərkəzi Qan bankının Şirvan bölməsi (Heydər Əliyev prospekti 16)

15. Ağcabədi - Ağcabədi ray. Mərkəzi xəstəxanası (Hüsü Haciyev küç. 104)

16. Ağsu - Ağsu ray. Mərkəzi xəstəxanası (M. Rəsulzadə küç. 172)

17. Beyləqan - Beyləqan ray. Mərkəzi xəstəxanası (Sevil Qazıyeva küç. 21)

18. Bərdə - Bərdə İmamzadə (Nüşabə küç, 34)

19. Biləsuvar - Biləsuvar ş. Cümə məscidi (Nizami küç 55 a)

20. Cəlilabad - Cəlilabad ray. Mərkəzi xəstəxanası (Mehdi Hüseynzadə küç. 82)

21. Göyçay - Əbülfəzlil Abbas məscidi (N. Nərimanov küç. 70)

22. Xaçmaz - Xaçmaz şəhər məscidi (20 yanvar 34)

23. Quba - Mərkəzi qan bankının Quba bölməsi (Fətəli xan küçəsi 10 c)

24. Masallı - Masallı şəh. cümə məscidi (Füzuli küç. 1)

25. Salyan - Hacı Tağı məscidi (Şəhriyar küç.66)

26. Şirvan ş. - Şirvan şəhər məscidi (Xaqani küç. 4)

27. Nizami - Sahibəzzaman məscidi (R. Rüstəmov küç. 25-ci məhəllə)

28. Sabunçu - İmam Riza məscidi (Bakıxanov qəs. Sülh küç.1/7).

Qeyd edək ki, tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura əfsus ki, Hicri tarixi ilə 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb. Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir.

pia.az

Etiket: Aşura

loading...