Bazar, 25 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

“Bu bioloji terrorun nəticələri Azərbaycan üçün çox dəhşətli olacaq” – Elçin Bayramlı

“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri: “Qida sektorunun bütün sahələrində vəziyyət acınacaqlıdır. Artıq qida adına heç nə tapmaq olmur”

“Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yalnız kağız üzərində möcvuddur və işi-gücü ancaq kənddən sağlam heyvan gətirib Bakıda satan qəssablarla mübarizədən ibarətdir. Bu agentlik qida təhlükəsizliyi yox, qida təhlükəsi yaradır”.

Bu sözləri “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Azərbaycanda qida təhlükəsziliyinin vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar iqlim dəyişikliyi nəticəsində istehsal prosesi zamanı baş verən kataklizmlər, xəstəlik və zərərvericilərin geniş yayılması, digər tərəfdən də keyfiyyətli toxum, gübrə, texnika, anbar çatışmazlığı, suvarma suyu ilə təminatda yaranan problemlər mövcud durumu daha da çətin vəziyyətə salıb. Fermerlər istehsal etdikləri məhsulları daxili bazara çıxarıb satmaqda çətinlik çəkirlər.

Həmçinin bu gün mövcud emal müəssisələrimizin əldə olunan kənd təsərrüfatı məhsullarını qarşılayacaq gücü, potensialı yoxdur. Bazar məhduddur və bu bazarda son zamanlar daha çox xaricdən idxal oulnan kənd təsərrüfatı məhsulları satılır.

“The Economist İntelligence Unit” araşdırma şirkəti (“Economist” jurnalının analitik bölməsi) isə dünyanın 109 ölkəsində ərzaq təhlükəsizliyinə dair illik hesabatını açıqlayıb. Azərbaycan 109 ölkə arasında 62-ci yeri tutub.

Azərbaycan əhalisinin qida təhlükəsizliyinin təminatında hansı problemlər daha çox gözə çarpır və hansı sahələrdə vəziyyət daha acınacaqlıdır? AQTA yarandıqdan sonra ölkənin qida təhlükəsizliyində hər hansı dəyişiklik və irəliləyiş hiss olunubmu?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlıya müraciət edib.

Elçin Bayramlı: “Kənd Təsərrüfatı Nazirliyi aqrar sahənin məhv olması üçün əlindən gələn hər şeyi edir”.

Emal sənayesi məhsullarının daha təhlükəli olduğunu nəzərə çatdıran iqtisadçı-ekspert bildirib ki, emala məruz qalmış ərzaq məhsulunun başına elə oyunlar açılır ki, onda qidaya aid heç nə qalmır. Bunların içində ən təhlükəlisi süd məhsulları, xüsusən də yağlardır:

“Qida sektorunun bütün sahələrində vəziyyət acınacaqlıdır. Artıq qida adına heç nə tapmaq olmur. Qida məlum olduğu kimi, təbiətdən natural şəkildə süfrəyə gələn və heç bir emala, müdaxiələyə məruz qalmamış təbii məhsullara deyilir. İndi mağazalarda belə bir məhsul tapmaq demək olar ki mümkün deyil. Əvəzində qidaya məharətlə bənzədilmiş kimyəvi maddələrdən hazırlanmış, emal zamanı bütün dəyərini itirmiş saxta, süni məhsullar satılır.

Dünyada qlobal qida terroru tüğyan edir və öz bazarını qorumayan ölkələr ciddi təhdid altında və milli genefondun dağılması təhlükəsi qarşısındadır. Artıq dünya əkinlərinin 70 faizindən çoxunu GMO əkinlər təşkil edir. Genetik modifikasiya edilmiş ərzaq məhsulları insanların bioloji strukturunda və təbiətdə faciəvi dəyişikliklərə səbəb olur və olacaq. Etiraf edilməsə də, ciddi nəticələr var. Bəzi ölkələr GMO-nu qadağan edib. Bizdə də müxtəlif qanunlarla qadağan edilib, lakin kağız üzərində qalıb. Ölkə bazarında satılan kənd təsərrüfüatı məhsulunun azı 90 faizi transgendir. Məsələn, artlq GMO olmayan bircə tərəvəz və paxlalı belə tapmaq mümkün deyil. Yerli toxumlar tam sıradan çıxıb. GMO toxumlar repreduksiya vermir və ölkəmiz getdikcə Monsanto kimi transmilli şirkətlərdən asılı vəziyyətə düşür. Bu, ərzaq təhlükəsizliyi ilə yanaşı, həm də birbaşa milli və dövlət təhlükəsizliyi məsələsidir.

Problem təkcə GMO məhsullarla da bitmir. Əkinlərə yüzlərlə növdə zəhərli dərmanlar vurulur, heyvanlara hormonal qidalar verilir və kimyəvi iynələr vurulur. Bundan başqa qida sənayesində 100 mindən artıq qida əlavələri, kimyəvi qatqılar, rəngverici, dadverici, ətirverici, istifadə müddətini artıran ultraximikatlar tətbiq olunur. Bütün bunlar insanın təbii qida zəncirini dağıdır və orqanizmin xəstəliklərə müqavimətini sıfıra endirir. Bu gün mağazalarda satılan məhsulların heç birinin qidaya aidiyyətı yoxdur. Bazarlarda isə hələ ki, bir neçə təbii məhsul tapmaq mümkündür. Bütün tərəvəzlərin geni dəyişdirilib. Meyvələrin isə yarısı transgendir. Taxılın xromosomları 15-20-dən 40-50-yə qaldırılıb ki, bu da insanın genini dağıdır. Mal-qaraya və qoyun-keçiyə ət və südünün çox olması üçün xüsusi hormonal iynələr vurulur.

Elçin Bayramlı: “Bütün tərəvəzlərin geni dəyişdirilib. Meyvələrin isə yarısı transgendir. Taxılın xromosomları 15-20-dən 40-50-yə qaldırılıb ki, bu da insanın genini dağıdır”.

Emal sənayesi məhsulları daha təhlükəlidir. Emala məruz qalmış ərzaq məhsulunun başına elə oyunlar açılır ki, onda qidaya aid heç nə qalmır. Bunların içində ən təhlükəlisi süd məhsulları, xüsusən də yağlardır. Qida bazarında əhaliyə təklif olunan yağların 99 faizi saxtadır. Ən yaxşı halda kanserogen palma yağıdır. Bu, konkret texniki yağdır. Digər hallarda isə quru süddən, müxtəlif ultraximikatlardan, spredlərdən ibarətdir.

Bir çoxu bunu məhsulun üzərində açıqca yazır. Bitki yağları da eyni vəziyyətdədir. Yalnız bəzi zeytun yağlarını istisna etmək olar.

Bu vəziyyətdə insanlar kənddən gətirilən məhsulları almağa üstünlük verməyə başlayıblar. Lakin bundan istifadə edən işbazlar kənddən gətirmək adı ilə saxta və süni məhsuları əhaliyə sırıyırlar. Hətta bu işlə məşğul olan şəbəkə var. Onlar rayonların birindəki bir sexdə süni yağlar, süd və qatıq düzəldir, bunu bəzi adamlar vasitəsilə köhnə maşınlarda böyük şəhərlərə göndərir və həyətlərdə təbii kənd məhsulu adı ilə satdırır. Maraqlıdır ki, ən ucuz halda nehrə yağının kiloqramı 15 manatdan baha başa gəldiyi halda, bu nehrə yağları 8-12 manat arasında satılır. Mağazada paket südlərin litri 1,5 manatdan baha olduğu halda bu südlər 1 manatdan satılır. Mağazalarda 3-4 manata satılan pendir, kəsmik, qaymaq, smetan kimi süd məhsulları tam ximikatdır. İstisnasiz olaraq bütün içkilər sünidir, məsələn meyvəşirəsi adı ilə satılan bütün içkilər, limonadlar, spirtli içkilər, və s.

Bu dediklərim təkcə ölkədə istehsal olunalara deyil, gömrükdən necəsə keçərək ölkəyə gətirilən saxta və keyfiyyətsiz ərzaq məhsullarına da aiddir. Xaricdən gətirilən məhsulların kimyəvi tərkibi yoxlanılmır və birbaşa bazara buraxılır. Bu sahəyə nəzarət sıfır səviyyəsindədir. Bu şəraitdə istənilən düşmən ölkəyə zəhərli və ya virusa yoluxdurulmuş qida məhsulları göndərib əhalini məhv edə bilər.

Hazırda insanlar əvvəlkindən fərqli olaraq, qida yox, qidanın imtiasiyasını qəbul edirlər. Yəni, həmin qidaya məharətlə oxşadılmış süni kimyəvi maddələr və GMO məhsullar yeyirlər. Orqanizm isə bunları qida kimi tanımır və oradan özünə lazım olan maddələri ala bilmir. Hüceyrələrin funksiyası pozulur, immunitet zəifləyir, nəticədə xərçəng və digər təhlükəli xəstəliklər yaranır.

Elçin Bayramlı: “Xaricdən gətirilən məhsulların kimyəvi tərkibi yoxlanılmır və birbaşa bazara buraxılır”.

Bunun da nəticəsi özünü ağzınadək dolu olan xəstəxanalarda və apteklərdə, həmçinin cavan və orta yaşda dünyasını dəyişənlərin hesabına sürətlə böyüyən qəbiristanlıqlarda göstərir. Artıq körpə uşaqlarda belə ağlasığmaz xəstəliklər yaranır. Xərçəng, şəkər, ürək xəstəlikləri baş alıb gedir.

Bütün bunlarla Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məşğul olmalıdır, o da ki, yalnız kağız üzərində möcvuddur və işi-gücü ancaq kənddən sağlam heyvan gətirib Bakıda satan qəssablarla mübarizədən ibarətdir. Bu agentlik qida təhlükəsizliyi yox, qida təhlükəsi yaradır. Eyni sözlər Kənd Təsərrüfatı Nazirliyinə də aiddir. Nazirlik aqrar sahənin məhv olması üçün əlindən gələn hər şeyi edir. Belə bir vəziyyətdə insanlar özləri bir çıxış yolu tapmalıdırlar.

İnsanlarımızı mümkün qədər mağazalardakı paketlənmiş yerli və xarici qida məhsullarından az istifadə etməyə, ərzaq ehtiyaclarını daha çox kəndlərdən gətirtdikləri məhsullarla ödəməyə çağırıram. Əlbəttə, kəndlərdən gətirilən məhsulların da bəzilərində təhlükə var,- məsələn tərəvəzlərə güclü dərmanlar vurulur, südə qatığa kimyəvi marqarin qatılır və s. Lakin mağaza məhsulları ilə müqayisədə on dəfələrlə azdır.

Elçin Bayramlı: “Hazırda insanlar əvvəlkindən fərqli olaraq, qida yox, qidanın imtiasiyasını qəbul edirlər. Yəni, həmin qidaya məharətlə oxşadılmış süni kimyəvi maddələr və GMO məhsullar yeyirlər”.

Broyler toyuğu və yumurtasından istifadə etməsinlər. Şəkər, ağ çörək və duzdan istifadəni minimuma endirsinlər. Yabanı bitkilərə, çiçək çayları, təbii bal, limon, zəncəfil, sirkə kimi məshullardan gündəlik istifadə etsinlər ki, qidalarla zəhərlədiklərin orqanizmi təmizləsinlər. İçdikləri suya fikir versinlər və təmizliyinə əmin olsunlar. Şüa yayan cihaz və aparatlardan mümkün qədər aralı dursunlar, hərəkətli həyat tərzinə üstünlük versinlər. Əsəb xəstəliklərinə tutulmamaq üçün televiziyalara baxmasınlar.

Xəstələnəndə mümkün qədər təbii vasitələrə üstünlük versinlər, çünki dərmanlar saxtadır. Gigiyenik vasitələrlə də ehtiyatlı olsunlar. Məsələn iysiz, rəngsiz sabunlara üstünlük versinlər. Kosmetikadan, saç boyalarından, ximikat ətirlərdən mümkün qədər aralı dursunlar. Özlərini və sağlamlıqlarına cavabdeh olduqları uşaqlarını qorusunlar. Onları kimyəvi mağaza şirniyyatlarına yox, meyvələrə öyrətsinlər. Əks halda bu bioloji terrorun nəticələri çox dəhşətli olacaq”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...