Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu, radikal müxalifətin sonu olacaq” – Aslan İsmayılov

Çox istərdim ki, ABŞ-dakı sonuncu Prezident seçkilərindən sonra baş verənlər barədə ölkəmizdə tanınmış siyasi, ictimai şəxslər, aktiv vətəndaşlar müzakirə açsınlar. Xüsusilə, bu sahədə peşəkar olanların, insan hüquq və azadlıqları sahəsində nəzəriyyələri mükəmməl bilənlərin fikirləri cəmiyyətimiz üçün çox önəmli olacaq. Ona görə ki, baş vermiş hadisələr insan hüquq və azadlıqları, cəmiyyətlərin inkişafı yolunda çox dəyişikliklərə səbəb olacaq. Bu müzakirədə çox istərdim ki, qaraguruhçuluğa, kimlərəsə satılma, hakimiyyətə qulluq etmə kimi ittihamlara, təhqirlərə yol verilməsin.

4 il bundan əvvəl D.Trampın seçilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərdən dərhal sonra yazmışdım ki, bu seçkilərin nəticələri gələcəkdə insan hüquq və azadlıqları, cəmiyyətlərin inkişafı yolunda çox mühüm dəyişikliklərə səbəb olacaq. D.Trampın idarəçiliyi dövrü ədalətin, qanunun, qlobal problemlərin həlli yox, gücün, pulun dövrü olacaq. Zənnimcə elə də oldu. Ən vacib və qlobal olan ekoloji, insan hüquq və azadlıqları problemləri arxa plana keçdi, öndə güc və pul oldu, varlılar daha da varlandı, kasıblar isə daha da kasıblaşdı. Ən əsası ABŞ-da baş verən son hadisələr, xüsusən Konqresə hücum, böyük güclərin uzun illər insan hüquq və azadlıqlarından ümumi insanlıq naminə yox, öz maddi maraqları üçün istifadə etdiklərini, bu problemlərə ikili standartlarla yanaşdıqlarını açıq şəkildə göstərdi. Əminəm ki, artıq bundan sonra ABŞ və Avropa İttifaqı insan hüquq və azadlıqlarının həll edilməsində geninə boluna cürbəcür rəngli inqilablardan istifadə edə bilməyəcək və bu sahədə başqa yollar axtarmalı olacaq.

1980-ci illərdən Qərbin elan etdiyi prinsiplərə görə insan hüquq və azadlıqlarının özəyində konkret şəxsin hüquq və azadlığı dururdu. Bununla da kommunistlərin çoxluğun azlıq üzərindəki hökmranlığı nəzəriyyəsi tam inkar olunurdu və qınanırdı. Bu prinsip bir müddət inkişaf etdi. Xüsusilə, Ərəb baharından başlayaraq dünya güclərinin insan hüquq və azadlıqlarından istifadə edərək öz iqtisadi və siyasi maraqlarını həyata keçirmələri, bundan sui-istifadə etmələri, bu prinsipi və bunun əsasında cəmiyyətlərin inkişafını tamam başqa, dağıdıcı istiqamətlərə yönəltdi. Qüdrətli dövlətlər, BƏƏ, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı klan hakimiyyətləri ilə bu gün də dostluq edirlər, bütün dünyanın gözü qarşısında jurnalisti tikə-tikə doğradıb kimyəvi turşuda həll edən kralı bəh-bəhlə qarşılayırlar. Əvvəllər eyni münasibət bəslədikləri, əlini öpdükləri (Qəddafi kimi), tərif söylədikləri diktatorları istəklərini yerinə yetirməyəndə insan haqları pozulur deyib çarmıxa çəkdilər, İraq, Liviya, Misir, Suriya kimi ölkələri viran qoydular. Bunu görən diktatorlar və o yolu getmək istəyənlər öz xalqlarının hesabına həmin güclərin iqtisadi maraqlarını təmin etməli oldular. Bütün bu illər ərzində insan hüquqlarının pozulduğu elan edilən dövlətlərin məmur-oliqarxları öz var-dövlətlərini məhz dünyaya ağalıq edən dövlətlərin məkanlarında yerləşdirdilər. Korrupsiya yolları ilə toplanmış pulların yuyulduğu ofşor şirkətlər də həmin dövlətlərdə yaradıldılar. Məhz korrupsiyanın tüğyan etdiyi məkanlarda insan haqlarının pozulması isə heç kimə sirr deyil.

ABŞ-da hakimiyyətə gəlmiş demokratların fəaliyyətinin Azərbaycan kimi dövlətlərlə münasibətinin əsas istiqaməti insan hüquq və azadlıqları olacağına şübhəm yoxdur. Ona görə də bizim hər birimizin insan hüquq və azadlıqlarının hansı prinsip əsasında davam etdiriləcəyi çox maraqlı olmalıdır. Əminəm ki, demokratlar, C.Bayden və K.Harris başda olmaqla məhz insan hüquq və azadlıqlarından istifadə edərək Azərbaycanda Qarabağ probleminin həllində ermənilərə kömək etmək üçün daxildə vəziyyəti gərginləşdirib hakimiyyəti ciddi güzəştlərə getməyə məcbur etmək istəyəcəklər. Məhz buna görə də 2020-ci ilin əvvəllərindən dəfələrlə elan etmişdim ki, əgər D.Trampın hakimiyyətdə olduğu dövr ərzində Qarabağ problemini həll etməsək gələcəkdə nəinki Dağlıq Qarabağı, bütövlükdə Qarabağı itirəcəyik.

Buradan bir daha təkrar edirəm ki, Azərbaycan hakimiyyəti dünyada və regionda geosiyasi vəziyyətdən tam məqamında istifadə edib Qarabağ probleminin həllində mümkün olanın maksimumunu etdi. Bəli, Dağlıq Qarabağ problemi tam həll olunmadı. Ancaq dünyada gedən proseslərdən, tarixdən anlayışı olanlar çox yaxşı bilirlər ki, yüz ildən artıq müddətdə dünya gücləri, xüsusən İran və Rusiya imperiyaları tərəfindən bilərəkdən yaradılmış qlobal problemi bir həmlə ilə tam həll etmək mümkün deyildi. Ancaq problemin əsasən həll edildiyi də göz önündədir. Əgər 2021-ci ili də dünyada gedən prosesləri dəqiq izləyib müvafiq addımlar ata bilsək, bu il Qarabağ probleminin həmişəlik Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qorumaqla həll edə biləcəyik. Ona görə də ilk növbədə insan hüquq və azadlıqlarının bundan sonra hansı istiqamətdə inkişaf edəcəyini diqqətlə izləməli və proqnozlaşdırmalıyıq. Bu isə Azərbaycan hakimiyyətinin, siyasi qüvvələrin, vətəndaş cəmiyyətinin və bütövlükdə vətəndaşlarımızın davranışından asılı olacaq.

Bunun üçün hakimiyyət qələbə eyforiyasından çıxıb vətəndaşların, xüsusilə maddi, psixoloji vəziyyətlərinin çox ağır olduğunu dərk etməli və təcili addımlar atmalıdır. Bu vəziyyətdə keçən hər gün, həftə gələcəkdə elə hakimiyyətin özü üçün ciddi problemlər yaradacaq. Hakimiyyət bilməlidir ki, qazanılmış qələbənin effektindən, xalqın dəstəyindən yubanmadan istifadə edib bütün sahələrdə ciddi dəyişikliklərə başlamalıdır. Anlamalıdır ki, neftin qiymətinin düşməsi ilə bağlı yaranmış iqtisadi böhran, pandemiya, 44 günlük müharibə xalqı həm maddi , həm iqtisadi, həm də psixoloji baxımdan xeyli tükəndirib. Belə bir vəziyyətdə, özü də qalib olmuş xalqı çox asanlıqla ziyanlı istiqamətlərə yönləndirmək olar. Bunun təzahürlərini saziş bağlandığı ilk günlərdən görməmək korluqdur. Hakimiyyət həm də nəzərə almalıdır ki, 44 günlük müharibədən sonra bölgədə yaranmış geosiyasi reallığı qardaş Türkiyədən başqa heç kim qəbul etmək istəmir. Bu istiqamətdə hələ ki, gizli gedən savaşı yazının həcminə görə təsvir etmək istəmirəm. İnsanların maddi rifahının yaxşılaşdırılması ilə bağlı atılacaq addımlardan başqa gərginliyi azaltmaq üçün siyasi, iqtisadi, məhkəmə, kadr islahatlarına dərhal start verilməlidir. İlk növbədə şəhid ailələri, yaralılar, müharibə iştirakçıları daim diqqət mərkəzində olmalıdırlar. Müharibədən sonra yaranan durğunluq dərhal aradan qaldırılmalı, insanlar dəyişikliklərin olduğunu hər gün hiss etməlidirlər. Ən əsası hakimiyyət, 44 günlük müharibə dövrü qazandığı vətəndaş rəğbətini qorumalı, hakimiyyət-müxalifət münasibətlərini normallaşdırmalıdır. Özü də nəzərə almalıdır ki, bu yöndə ən böyük maneə ənənəvi radikal müxalifət olacaq, çünki münasibətlərin normal müstəviyə keçməsi onların sonu olacaq.

Müxalifət və vətəndaş cəmiyyəti bu dövr ərzində maksimum çalışıb kənar qüvvələrin onlardan Dağlıq Qarabağ probleminin həllində hakimiyyətə təzyiq vasitəsi kimi istifadə edilməsinə yol verməməlidirlər. İstənilən tələblər real olmalı, populizm xatirinə həyata keçirilməsi mümkün olmayan tələb, dəyişikliklər səsləndirilməməli, məqsəd, ancaq hakimiyyətdəkilərin yox, mövcud idarəetmə sisteminin dəyişilməsi olmalıdır. Nəyin bahasına olursa olsun ölkədə vəziyyəti gərginləşdirməklə hakimiyyət dəyişikliyinə çalışmağın bütövlükdə Dövlət üçün faciə olacağını heç kim unutmamalıdır. Nəzərə almaq lazımdır ki, bu günkü vəziyyətdə istənilən süni yaradılmış gərginlik hakimiyyəti daha da aqressiv edəcək və bundan da ən çox ziyanı məhz müxalifət və vətəndaş cəmiyyəti çəkəcək. Bu gün məqsəd, illərlə yığılmış problemlərin dərhal yox, mərhələli həllinə çalışmaq olmalıdır.

İctimai aktiv şəxslər, ziyalılar bu müddətdə seyrçi mövqeyində durmamalı, həlledici məqamlarda öz məsuliyyətlərini dərk etməli və tərəf olmadan yaxşıya yaxşı, pisə pis deməyi bacarmalıdırlar. Bu gün yaranmış vəziyyətdə bunun həm hakimiyyət, həm də müxalifət tərəfindən qəbul edilmədiyini və çox çətin olduğunu yaxşı bilirəm.

Vətəndaşlarımız həm hakimiyyətin atdığı addımları, həm də müxalifətin tələblərini kor-koranə müdafiə etməməli, hər şeyi özləri təhlil etməyə çalışmalıdırlar. Hər bir vətəndaş ölkəsinin gələcəyinin həm də ondan asılı olduğunu bilməli və ağ atlı oğlan nağılına inanmamalıdır.

Aslan İsmayılov

Hüquqşünas

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar