Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brüssel “inqilab”a hazırlaşır: Xarici siyasətdə dalandan xilas yolları

Ekspertlərə görə, Avropa İttifaqının (Aİ) xarici siyasətində ciddi dəyişiklik ola bilər...

Bunun səbəbi təşkilatın son dövrlərdə üzləşdiyi ziddiyyətlərin dərinləşməsi ilə bağlıdır. Qlobal geosiyasi proseslərə Aİ daha çox kənar müşahidəçi kimi baxır. Faktiki olaraq, heç bir məsələdə Brüsselin iradəsi ciddi təsir göstərmir.

Bu böhran vəziyyətindən xilas olmaq üçün Aİ-nin ciddi dəyişikliklər etməli olduğuna inanan ekspertlər az deyil. Avropa Komissiyasının yeni seçilmiş sədri Jozep Borrelin Rusiya ilə bağlı söylədiyi fikirlər bu səbəblərdən maraq doğurub. O, Moskvaya qarşı Avropanın birləşməsini və sanksiyaları qüvvədə saxlamağı tövsiyə edib. Rusiya davranışını dəyişərsə, sanksiyaları ləğv etmək olar. Bu, faktiki olaraq, Vaşinqtonun mövqeyidir. Bundan başqa, Angela Merkel və Ursula von der Leyen kimi J.Borrel də Aİ-də səsverməni yekdillikdən səs çoxluğu qaydasına gətirməyi təklif edib. Bu kimi proseslərin fonunda Aİ-nin xarici siyasəti və geosiyasi vəziyyəti üzərində geniş dayanmaq istərdik.

Üç tərəfdən təzyiq: Brüsselin nəfəsi təngiyir

Görünür, Avropa İttifaqı qlobal miqyasda müşahidə edilən dəyişikliklərə daha ciddi yanaşmağa başlayıb. Daha doğrusu, bu prosesə praktiki səviyyədə reaksiya verir. Aİ-ni həssas edən prosesləri iki qrupda cəmləşdirmək olar. Birincisi, Amerikanın Avratlantik məkanını, faktiki olaraq, parçalayan və ya ən azından yeni təhlükəsizlik fəlsəfəsi çərçivəsinə salan riskli davranışları. İkincisi, Yaxın Şərqdə geosiyasi proseslərin yeni dinamika alması. Bu iki prosesin qarşılıqlı təsiri Brüsseli özü üçün əhəmiyyətli olan bir sıra məsələlərdə daha konkret mövqe bildirməyə məcbur edir. Onlardan ilk sırada daxili inteqrasiya dayanır. Brüssel yeni rəhbərlərlə ciddi addımlar atmağa hazırlaşır. Onun məqsədi hüquqi prosedurları elə sadələşdirməkdir ki, Aİ-nin xeyrinə qərarlar qəbul etmək mümkün olsun. Ancaq hələlik üzv dövlətlər arasında fikir ayrılıqları mövcuddur və yekdil qərar almaq məsələsi getdikcə çətinləşir. Bu baxımdan Avropa diplomatiyasının yeni rəhbəri Jozep Borrelin qərarların yekdilliklə deyil, səs çoxluğu ilə qəbul edilməsi ilə bağlı irəli sürdüyü təklif maraqlı görünür.

Avropa Komissiyasının sədri (faktiki olaraq, Aİ-nin Nazirlər Kabinetinin rəhbəri) Ursula von der Leyen və Almaniya Kansleri Angela Merkel də eyni mövqedədirlər. Onlar hesab edirlər ki, üçdəbir və üçdəiki səs çoxluğu ümumi qərar qəbul etmək üçün yetərlidir. Yekdillik təşkilat üçün əhəmiyyəti olan bir sıra qərarların qarşısını ala bilər. Bu ehtiyatlılıq haradan yaranıb?

Onu deyək ki, ekspertlərin qənaətinə görə, Aİ bu dəyişikliyi etsə, onun xarici siyasətində inqilabi yenilik olacaq. Hər şeydən öncə, təşkilatda fərqli mövqe tutan dövlətlərin separatçılıq etmək imkanları məhdudlaşacaq. Məsələn, İtaliya, Macarıstan və ya Polşa təkbaşına veto qoymaq imkanından məhrum olacaq. Belə bir təhlükə getdikcə artır. Çünki meydana elə məsələlər çıxır ki, onları ümumavropa mövqeyinə gətirmək çox çətin olur. Digər tərəfdən də, Amerika Aİ-nin daxilində fikir ayrılığını dərinləşdirməkdədir. “Breksit” buna əyani misaldır. İndi başqa, məsələn, təhlükəsizlik, Çinlə münasibətlər, Rusiya faktoru kimi məsələlərdə Vaşinqtonla Brüsselin maraqları uyğun gəlməyə bilir.

Ekspertlərə görə, Emmanuel Makronun Rusiya ilə Aİ-nin yaxınlaşmasına istiqamətlənmiş cəhdləri bir çox aspektlərdə məhz Vaşinqtonun belə addımları ilə bağlıdır. Fransa Prezidenti hesab edir ki, Amerikanın siyasəti Moskva-Pekin yaxınlaşmasını stimullaşdırır. Bu isə yaxın gələcəkdə Rusiya-Çin tandeminin başçılıq edəcəyi güclü regional təşkilatın formalaşmasına aparıb çıxara bilər. Əslində, Vladimir Putin Şərq İqtisadi Forumu çərçivəsində Vladivostokda bunun ilk siqnalını verdi. Həmin təşkilata Hindistan və Türkiyə kimi güclər də daxil ola bilərlər.

Bu kimi prosesin qarşısını almaq üçün E.Makron Rusiyaya qarşı Aİ-nin siyasətini dəyişməsini tələb edir. Bunun üçün də sanksiyalar ləğv edilməlidir. Sanksiyaların ləğvi Brüsseli Vaşinqtonla üz-üzə qoymaq deməkdir. A.Merkel, J.Borrel, U.von der Leyen bunu istəmirlər. Nəticədə, Aİ daxilində müəyyən gərginlik yaranmış olur.

Bütün bunların fonunda J.Borrelin Rusiyaya qarşı tətbiq olunan sanksiyalar haqqında yenidən fikir bildirməsi aranı qarışdırıb. Xatırladaq ki, 72 yaşlı ispaniyalı diplomat “El Periodico” nəşrinə verdiyi müsahibədə açıq demişdi: “Bizim köhnə düşmənimiz Rusiya yenə deyir ki, “mən buradayam”. Və yenə təhlükə yaradır”! Avropa Parlamentinin deputatları bu barədə ondan soruşduqda, J.Borrel cavab verib ki, o, indi də Rusiyanı düşmən hesab edir, lakin İspaniyanın deyil, Avropanın. Və “Mən indi də belə deyirəm” sözləri ilə cavabını yekunlaşdırıb.

Son olaraq J.Borrel Rusiya davranışını dəyişənə qədər ona tətbiq edilən sanksiyaları qüvvədə saxlamağın lazım gəldiyini bəyan edib. Üstəlik, bu məsələdə Avropanı birliyə çağırıb. Ekspertlər hesab edirlər ki, bu cür çağırış, əslində, Aİ-də birliyin çox zəifləməsi ilə bağlıdır. J.Borrel ehtiyat edir ki, hazırkı vəziyyətdə hətta Rusiyaya qarşı da yekdil mövqe tutmaq mümkün olmayacaq.

Bir tərəfdən, ABŞ-ın qeyri-ənənəvi addımları Rusiyanın dünyada nüfuzunu artırır, digər tərəfdən isə, müxtəlif səbəblərdən Moskvaya qarşı sanksiyaların tətbiqini istəməyənlər fəallaşırlar. Məsələn, İtaliya istəmir ki, Rusiyaya qarşı bu dərəcədə sərt mövqe olsun. Onunla Yunanıstan da həmrəydir. Deməli, Rusiyaya qarşı sanksiyaları uzatmaq çətinliklərlə rastlaşa bilər. Ancaq J.Borreli, A.Merkeli və digərlərini səsvermə qaydasını dəyişməyə vadar edən yalnız Rusiya məsələsi deyil.

Yaxın Şərq: Türkiyənin geosiyasi nüfuzu və Aİ

Ortada Yaxın Şərqdə son zamanlar geniş vüsət alan və Avropanı narahat edən proseslər vardır. Türkiyənin Suriyanın şimalında apardığı hərbi əməliyyat bütün dünyada əks-səda doğurub. Öncə, Qərbdən Ankaranı dərhal cəzalandırmaq çağırışları eşidildi. Sonra A.Merkel və E.Makron tələb etdilər ki, Türkiyə hərbi əməliyyatı dayandırsın. E.Makron hətta ABŞ Prezidentini köməyə çağırdı. İran narazılığını bildirdi. Rusiya obyektiv və təmkinli reaksiya verdi. Dəməşq Türkiyənin “işğalı”ndan bəhs etdi. Ərəb Liqası isə Türkiyəni qınadı, “işğal”dan danışdı. Ekspertlərin fikrinə görə, ərəb xalqları üçün heç bir şey etməyən, İsrailin əlində əsir-yesir olan bu dişsiz təşkilatın başında misirli dayanır və o, başqa cür reaksiya verə bilməzdi.

Qərb KİV-lərində də Rəcəb Tayyib Ərdoğanı kəskin tənqid edən yazılar dərc olunmaqdadır. Onu hətta “qaniçən” adlandırılanlar tapıldı. Bütün bunların fonunda türk ordusu terrorçuları tam zərərsizləşdirməkdədir. Ankara konkret cavab verdi: əməliyyat sona qədər davam edəcək, kimin nə düşünməsindən asılı olmayaraq. Rusiya rəhbərliyi isə BMT TŞ-də Türkiyənin əleyhinə olan sənədə veto qoydu. Vaşinqton da əsgərlərini əməliyyat zonasından çıxardığını bəyan etdi.

Bununla aydın oldu ki, bir sıra dairələrin hay-küyünə baxmayaraq, Türkiyənin qarşısına çıxan ciddi qüvvə yoxdur. Əksinə, dünyanın böyük gücləri onun işinə qarışmırlar və Türkiyə Yaxın Şərqin söz sahibi kimi meydandadır. Brüssel özünə görə bu gedişatdan nəticə çıxarmağa çalışır. Həm də ona görə ki, Aİ-də Macarıstan Türkiyəyə qarşı hazırlanan sənədə veto qoydu. Bolqarıstanın baş naziri Boyko Borisov isə Brüsselə qarşı çıxaraq, Türkiyəyə sərt davranmağın doğru olmadığını açıq dedi. O, məhz Ankaranın miqrasiya prosesinin qarşısını aldığını ifadə etdi.

Üstəlik, B.Borisov Brüsselin Türkiyə ilə sərhəddən uzaq, Bolqarıstanın isə yaxında olduğunu dedi. Yəni Brüsselə nə var, Türkiyə ilə münaqişədən Bolqarıstan əziyyət çəkəcək. Ankara isə miqrantlarla bağlı üzərinə götürdüyü öhdəliyə tam əməl edir: Bolqarıstan sərhədində miqrant problemi yoxdur!

Bütün bu məqamları geosiyasi kontekstdə ümumiləşdirən ekspertlər belə qənaət əldə edirlər ki, “Sabit Yaxın Şərqə ehtiyacı olan Avropanın Türkiyəyə ehtiyacı var. Türkiyəyə ehtiyacı olan Avropa isə, bu gün Rusiyaya möhtacdır” (bax: A thaw in EU-Russia relations is starting. Undeserved détente / “The Economist”, 12 oktyabr 2019).

Yəni, faktiki olaraq, Avropa diplomatiyası qapalı dairəyə düşüb. Deməli, “genişlənən Atlantika, yüksələn Çin və Yaxın Şərqdəki böhran Avropa ilə Rusiyanı bir-birinə qarşı itələyir” (bax: əvvəlki mənbəyə). Lakin real ziddiyyət mövcuddur – AvropaRusiyanın Baltikdən tutmuş Qafqaza qədər bir sıra ölkələr üzrə fikir ayrılıqları var. Ukraynada isə onlar, az qala, bir-birinə düşmən kəsiliblər. Bu baxımdan J.Borrelin fikirləri Rusiyaya “düşmən” bir siyasətçinin münasibəti deyil, əsası olan tezisdir. O halda Brüssel xarici siyasətdə hansı yolu seçməlidir?

Belə hiss olunur ki, bunu hələ Aİ rəsmiləri də bilmirlər. Onlar yaranmış ziddiyyətli vəziyyətdən çıxış yolu axtarırlar. Bəzən müzakirə və mübahisələr aparırlar, ancaq real nəticə yoxdur. Belə təəssürat yaranır ki, Qərb ekspertlərinin tez-tez “Avropa dünya nəhəngidir” deməsinə baxmayaraq, Avropa səmərəli bir mövqe nümayiş etdirə bilmir. O, sanki Amerika-Rusiya-Çin dairəsində “fırlanır”. İndi bu güclərin hər biri Avropaya öz iradəsini diktə etməyə çalışırlar. Əlbəttə, Avropanın bir çox sahələrdə gücü böyükdür. Lakin çox əhəmiyyəti olan bir məsələdə olduqca zəifdir və bəlkə də ondan çox uzaqdır – Ədalətli olmaqda! Avropanı uduzduran bu zəiflikdir!(Newtimes.az)

pia.az


Etiket: Brüssel inqilab


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar