Cümə axşamı, 19 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Boşqablar uçur, heyvanlar əcaibləşir – Cəhalətə dəstək duran Azərbaycan mediası

Biz astrologiyaya və falçılığa ölkə ictimaiyyəti və mediası olaraq o qədər etimad edirik ki, çoxdan Şamaxı Rəsədxanasını ancaq eyş-işrətə lazım olan “hərəmxana”ya çevirmişik...

Ziya Mehti yazır...

“Əgər diqqətli olmasanız, bir də görəcəksiniz ki, media sizdə zalımlara qarşı sevgi, məzlumlara qarşı nifrət formalaşdırıb”
Malcom X

Bir neçə il bundan qabaq Türkiyənin Adana vilayətindəki bələdiyyələrdən biri əhaliyə yarı zarafat, yarı doğru çağırış etmişdi ki, hava istidir bilirik, amma xahiş edirik Günəşə güllə atmayın. Bu çağırışa saatlarla gülmək olar, amma zarafat deyil ki, Günəş məhkəməyə verməsə də, Günəşi “yaralayan” 2 gənc həbs olunmuşdu. İnsan bu məsələdə nə reaksiya verəcəyini də bilmir.

Elə bu şəkildə olan cahilin inamı (oxu: Danninq – Krüger effekti) bütün dünyanı bürüyüb. Niyə? Axı, bütün dünyada media da, dövlət aparatları da, əhali ilə işləyən təhsil departamentlərində də ali təhsilli adamlar, ən azından cuzi də olsa, peşə savadına sahib olan adamlar çalışır. Bizə “dövrümüzün İsa”sı lazım deyil ki, möcüzə icad etsin. Yuxarıda dediklərim düşünməli deyilmi ki, ən azından bu toplumda onlar da gələcək inşa edirlər, heç olmasa xurafatın, mövhumatın tozunu biraz da onlar silkələsin.

Dünən aparıcı media qurumlarının bir neçəsində “Bakıda uçan naməlum obyekt ....” başlıqlı xəbər gördüm. Xəbər vətəndaşların həvəskar çəkilişindən ibarət idi və nəyəsə görə videonu çəkən şəxs kifayət qədər çox funksiyalı telefonu ilə video çəkə bilir, amma adi bir “alovlu şarı” görüb tanıya bilmir. Ardınca “İP” ovçuları da bəh-bəhlə xəbəri yayımladılar. Televiziya dəfələrlə belə xəbərlər yayımlanan da üstəlik ekspert rəyi də alırlar və onda məlum olur ki, sən demə uçan-uçmayan, hərəkət edən bütün “kosmikləşə” bilən cisimlər astroloqların monopoliyasındadır. Biz isə ölkə ictimaiyyəti və mediası olaraq bu böyük peşəyə o qədər etimad edirik ki, Şamaxı Rəsədxanasını ancaq eyş-işrətə lazım olan “hərəmxana” etmişik.

Hələ iş burada bitmir, xaricdə baş verən hadisələri Azərbaycanmış kimi qələmə vermək, avropalını fahişə, amerikanı namussuz göstərib insanlarda nifrət yaratmaq, cinayətləri qəhrəmanlıq salnaməsinə çevirib övladını, həyat yoldaşını öldürən adamları ölkənin canına salmaq, oğrunu bağırtdırıb doğrunun bağrını yarmaq illərdi bizim formalqeyri-formal medianın “avanqard ruhu” olub. Belə baxanda hərdən qeyri-formal hansıdır, formal hansıdır bilmək olur. Çünki məhlədə xalalardan çıxan dedi-qodu mediada elə eyni “dadında və duzunda” olur. Yəni xalalar necə deyibsə elə. Bu da bizim medianın peşəkarlığının göstəricisi olur.

Gündə 10 saat işləyən bir zəhmətkeşin dünyanı dəyişməyini gözləyən adamlar həmin o zəhmətkeşi illər içində şorgöz, hozu və bütünlüyü ilə cəhalətə batırmağa çalışdılar. Mənəviyyatın katastrofik yoxluğu latayırçılığı adiləşdirdi. Sırtıqlıq adi mədəni hala çevrildi və adamlar hətta sırtıqlıqdan da yoruldular. O yorğun adamlar indi həm də dəyərsizlik yaşayırlar. Ona görə də xalq dediyimiz o adam hətta ağzından selik axan media ruporlarının bir nömrəli izləyicisi olsa belə, indi o, ruporlara inanmır.

Və indi elə bir zamana gəlib çatmışıq ki, sosial şəbəkələr sıradan insanların “özünü ifadə partlayışı” arenasına çevrilib. Buna ünsiyyət partlayışı da deyə bilərik.

Özünün, eləcə də sözünün boğuqluğunu yaşayan cəmiyyətdən biri üçün sözün yaradıcı gücü olmur, dağıdıcı gücü olur. Ona görə də o sosial şəbəkədə sıradan insanımız jurnalisti də, xəbəri də, bir sözlə, hər şeyi söyür. Çünki onun üçün nə söz var, nə media, olan heç nə onun deyil. Onun üçün özünü ifadə edə biləcək bir platforma var və bu platformada söyüşün birirnin beş qəpiyə partlaması da sıradan olan bir şeydir. Əsas odur ki, orda çoxlu sənlərdən və mənlərdən ibarət xalq olduğu kimi görünüb, göründüyü kimi olmağı bacarır.

Məmməd Süleymanovun sözünə qüvvət, Azərbaycanda mediaya aid hər şey yox olsa, ancaq xalqın 0.0001 % hiss edər. Əgər xalq oxumursa, xalq izləmirsə, bəs niyə bu qədər maliyyələr dolaşır, karyeralar qurulur. Nəyə lazımdı bu xərclər? Onsuzda xalq özünü öz səhifəsində azad və olduğu kimi ifadə edir. Onun, yəni xalqın duzsuz və kəsərsiz mediaya, ucuz televiziya şoularına heç ehtiyacı belə yoxdur. Çünki özü daha kəsərli və daha duzlu şoular yaratmağı bacarır...

Və sonda bir sualım var. Sizcə yaranmış bu vəziyyətə görə kimdir müqəssir: Qəzetləri, saytları oxumayanlar, ya onları yazanlar..?

Ziya MEHTİ
pia.az


loading...