Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ölkə prezidenti son bir neçə ildə dayanmadan bir şeyi təkrar edir: O, üzünü məmurlara tutur və deyir ki, mən bu xalqın xidmətçisiyəm. Bunun üçün seçilmişəm. Siz də xalqın xidmətçilərsiniz. Gedin və xalqa xidmət edin... Amma nə baş verir?

Azər Qaramanlının yazısı

Ötən həftə dövri mətbaytda taksi şirkətlərinin sürücülərdən “aylıq” alması barədə bir xəbər dərc olundu. Xəbərin mahiyyəti Azərbaycan reallığı üçün adi bir şey idi. Kim Azərbaycan cəmiyyətini korrupsiyadan, rüşvətdən və elementar reketdən kənar düşünə bilir ki?

Məncə elə bir adam Azərbaycanda yoxdur. Sadəcə bunlar rəsmi şəkildə etiraf olunmayan reallıqlardır və o üzdən də taksi şirkətlərinin də reketlik edərək sürücülərdən “aylıq” almaları sıradan bir xəbər idi.

Başqa cür olsaydı, yəni özəl sektorda çalışan taksi şirkətləri sürücülərə qarşı reketlik etməsəydilər, qarşılıqlı mənfəət və özünə hörmət prinspi ilə bizneslərini yürütsəydilər, bu, bizim cəmiyyətin normalarına qarşı bir hal kimi qəbul olunmalıydı. Yəni normalda bizim cəmiyyətimizin reallıqları budur və həyatımızın hər küncü bu reallıqlardan ibarətdir. Mənimlə razılaşmayan varsa, o zaman mən həmin adamdan sadəcə bir şey xahiş edirəm: mənə dediyiniz başqa reallığı göstərin...

***

Sovet dönəmində, Stalinin görülməmiş repressiyası bütün SSRİ məkanında “parazit psixologiyası” formalaşdırmışdı. Ümumiyyətlə isə bütün “sosialist düşərgəsində” insanlar bir-birlərini “yeyərək” yaşamlarını sürdürürdülər. Başqa cür mümkün deyildi. Yaşamaq üçün hər kəs yaxınında olanın bir parçasını “yeməliydi”. Ya da “qanının sormalıydı”...

Söhbət təbii ki, iqtisadi və sosial münasibətlərdən gedir... Parazit psixologyası üzərində formalaşan iqtisadi və sosial münasibətlərdən... Məhz parazitcəsinə bir-birindən yararlanmaq sovet cəmiyyətini qoruyan faktora çevrilmişdi və sonucda Brejnevin “durğunluq” illərində partiya nomenkulaturasının ifrat parazitliyi və çox böyük parazitlərə çevrilmələri sovet cəmiyyətinin çöküşünü qaçılmaz etdi. Yenidənqurma böyük parazitləri öldürmədi, onlara siyasi arena bəxş elədi...

Bu gün demək olar ki, postsovet ölkələrindən ancaq Baltikyanı respublikaları parazit psixologiyasından qopub ayrıla bilib. Çünki onlar əvvəldən özlərini parazit psixologiyasının içində yamaq kimi görürdülər. Bu psixologiya Saakaşvilinin hesabına Gürcüstanda bir qədər zəifləyib, amma “gürcü parazitlər” ölməyib. Paşinyanın erməni cəmiyyətini nə qədər sağlamlaşdıra biləcəyi hələ bəlli deyil və açıqcası, mən Paşinyanın “erməni-rus parazitlərə” qalib gələ biləcəyini zənn etmirəm.

Azərbaycana gəlincə, bu gün parazit psixologiyası Azərbaycanı sovet dönəmindəkindən daha çox və daha sıx sarıb. Biz ifrat şəkildə bir-birimizə sarılmışıq və birimizin “qanını soruruq”. Əslində biz bir-birimizi öldürməklə məşğuluq və bunu üçün bütün imkanlarımızı səfərbər etmişik. Və biz hal hazırda cəmiyyət olaraq intihar edirik...

Cəmiyyətimizin heç bir fərdi bu “ümummilli harmoniyadan” kənarda deyil. təhlükə artıq bizim cəmiyyəti, bizim ən yaxşı dəyərlərimizi yox edəcək səviyyədədir. Bütün sahələrdəki dəyərlərimiz yox ola bilər və bu prosses əslində çoxdan gedir. Bu prossesi durdurmaq, prossesi geriyə itələmək bu günün məsələsidir. Sabahın deyil...

***
Görünür ki, son bir ildə, xüsusən də yeni ildən bəri sürətli islahatlara start verən Prezident İlham Əliyev də baş verənlərin və təhlükənin fərqindədir. Çünki korrupsiya, reket bizim hər birimizin yaşam tərzinə çevrilib və məhz bu yaşam tərzi bizi tükədən faktora çevrilir. Prezident də bunun fərqindədir.

Açıqca deməliyik ki, artıq bizim cəmiyyətdə özünəhörmət düşüncəsi qalmayıb. Biz mənən o qədər kiçilmişik ki, hətta mənəviyyatımız belə parazit boyda olub. Buna səbəb hər şeydən əvvəl bizim cəmiyytəimizdə mövcud olan şaquli iyerarxiya asılılığıdır. Həmin asılılıq bu gün bizi bitirən əsas faktora çevrilib.

Ona görə də prezident sürətlə oliqarxik sistemi dağıtmağa çalışır. Yerində isə texnokrat, ya da menecment sistemi (necə adlanmasının fərqi yoxdur) yaratmağa çalışır. Bu yaxşıdır və alqışlanmalıdır. Lakin məsələ ondadır ki, parazit sistemi artıq inam kərimovları, vüsal hüseynovları “yeməyə” başlayıb. Ramil quluzadələrdən isə danışmağa dəyməz. Dairə yenidən qapanmağa doğru gedir yəni...

***

Prezidentin son əfv fərmanında mənim üçün ən qəribə olan Beydulla Hüseynovun əfv olunmasıydı. Ondan iki gün əvvəl isə Vidadi Zeynalov məhkəmənin hökmü ilə azadlığına qovuşmuşdu. Halbuki Beydulla Hüseynovun və Vidadi Zeynalovun, o cümlədən bü gün bəraət istəyən Məhəmməd Məmmədovun dövlətin büdcəsindən milyonları mənimsəmələri məhkəmə qərarı ilə təsdiqlənmişdi və onların günahkar olmaları Azərbaycan xalqında heç şübhə doğurmurdu. Lakin onlar bu gün azadlıqdadırlar və sabah dövlətdən oğurladıqları pullarla bizneslərini daha da genişləndirəcəklər və reket parazitliyinin daha da genişlənməsi üçün əllərindən gələn hər şeyi edəcəklər.



Bəs Beydulla Hüseynovun, Vidadi Zeynalovun həbsdən azad olunması cəmiyyətə hansı mesajı ötürür? Mesaj çox aydındır və bu mesajı yozmağa belə dəyməz. Amma yenə də yozsaq, ortaya çıxan budur: dövlətin milyonlarını oğurlayın... həm də çox-çox oğurlayın.. çünki çox oğurlayanların həbsxana həyatı sadəcə bir neçə il çəkir və buna da həbsxana həyatı belə deyilməz...

Yəni “korrupsiya bizim həyat tərzimiz olaraq qalacaq”, deyir bu mesaj və çox əminliklə deyir...

***

Bu günə qədər mənim cavabını tapmağa çalışdığım və tapa bilmədiyim suallardan biri budur: Nazirlər Kabineti 10 ildən çoxdur ki, məmurların mal varlıqları barədə deklarasiya vermələri haqqında qanunu niyə təsdiq etmir? Bu sualı çoxlarına vermişəm. Cavab eyni olub. Bu onlara sərf etmir cavabını eşidirəm, hər dəfə...

Amma hələ də Nazirlər Kabinet susur və bu suala aydınlıq gətirmək istəmir. Ən azından bir səbəb qoya bilərmi ortaya ki, niyə 10 ildir ki, bir qanunu təsdiq etmirlər? Bunun bir izahı varmı?

Əslində cavab özü-özünə aydındır. Nazirlər Kabineti bu qanunu təsdiq etməklə korrupsiyaya qarşı mübarizə üçün qapı aça bilər. Məmurların hər addımda yalanı və oğurluqları ortaya çıxa bilər. Və Nazirlər Kabineti bu üzdən qanunu təsdiq etmək istəmir...

İslahatlarda şəffalıq məsələsi önə çəkilməlidir. Önə çəkilməlidir ki, cəmiyyət özünü cəmiyyət olaraq hiss etsin.

***

Ölkə prezidenti son bir neçə ildə dayanmadan bir şeyi təkrar edir: O, üzünü məmurlara tutur və deyir ki, mən bu xalqın xidmətçisiyəm. Bunun üçün seçilmişəm. Siz də xalqın xidmətçilərsiniz. Gedin və xalqa xidmət edin...

Amma nə baş verir? Xalqa xidmətçi olacaq adamlar xalqın probleminə çevrilirlər və xalqı özlərinə xidmət etməyə məcbur edirlər.

Bu gün Azərbaycanın bir nömrəli problemi də elə budur. Xalqa xidmət edəcək məmurlar xalqı özlərinə xidmət etməyə məcbur edirlər və buna nail olurlar. Xüsusən bunu yerli səviyyədə duran məmurlar edirlər və xalqla hakimiyyət arasında dəmir pərdəyə çevrilirlər. Çünki xalq əsasən yerli səviyyədə duran məmurlar təmasada olurlar. Və sizi inandırım ki, o məmurların demək olar ki, hamısı sovet dönəmində partiya nomenkulaturasının parazitlərinin ya özləridir, ya da o parazitlərin parazit övladlarıdır...

***

Yuxarıda “yenidən qapalı dairəyə dönüş başlayıb”, yazdım. Bəs bu qapalı dairədən çıxış yolu varmı? Yəni yenə başımızın üstündən lənətə gəlmiş “nə etməli?” sualı asılıb və fırladıb hər şeyi qapalı dairənin cəzb etmə qüvvəsinə təslim edir...

Doğrudan da nə etməli? Ən azından yola davam edilməlidir. Prezidentin islahatları dəstəklənməlidir. Normal və parazit psixologiyasına aid olmayan gənclər tapılıb irəli çəkilməlidir. Kadr islahatında yeni düşüncəli gənclərin rolu kütləviləşməli və bizim tək xilas yolumuz olan o gəncliyə etimad nümayiş etdirilməlidir.

Və vəzifələrə oturan məmurlar yanaşma tərzlərini dəyişməlidirlər. Düşüncə tərzlərini dəyişməlidirlər. Onlar dəyişməlidirlər ki, bizi də dəyişə bilsinlər... Yəni biz də dəyişmə imkanı əldə etməliyik... Bu haqq bizə tanınmalıdır...

Yəni qısası islahatlar beyinlərə köçürüləməli, orada aparılmalıdr və bunun üçün normal şərtlər formalaşdırılmalıdr...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar