Bazar, 17 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bir Vətən uğrunda eyni gündə, eyni saatda şəhid olan iki qardaş

Vətən müharibəsinin ilk günlərində cəbhəyə bərabər yollanan, çiyin-çiyinə döyüşən, eyni gündə, eyni saatda qəhrəmancasına şəhid olan 22 yaşlı İman və 20 yaşlı Bəhram Məmmədovlar adlarını Azərbaycanın döyüş tarixinə şərəflə yazdırdılar. Eyni zamanda bir ailədən eyni gündə iki şəhid, iki qardaşın eyni gündə bu savaşda qurban getməsi sarsıdıcı müharibə dramlarından biri kimi uzun müddət yaddaşlardan silinməyəcək. Axı İman və Bəhramın şəhid olmasından sonra onların ata-analarının daha heç kimi qalmadı, ailədə onlardan başqa övlad olmadığından bir vətən uğrunda şəhid olan iki qardaşın valideyinlərinin nələr çəkdiklərini təsəvvür etmək belə sarsıdıcıdır, acıdır.

Cəmi 3 ay əvvələdək bu qardaşları yaxın qohum-əqrəbaları, dostları tanıyırdı. İndi isə yaşadıqları Binə qəsəbəsi onların adıyla xatırlanır. Qəsəbənin girişindən evlərinə qədər küçəboyu hər iki qardaşın böyüdülmüş fotoları asılıb. Sakinlər qardaşların böyüyüb, boya- başa çatdıqları küçəni indi onların şərəfinə “Şəhid qardaşlar” küçəsi adlandırırlar.

Virtualaz.org-un əməkdaşları İman və Bəhram Məmmədovların “Binə sovxozu” adlanan yaşayış massivindəki evində olublar. Bu evdən də kasıblıq yağır, digər şəhid evləri kimi...

Ana fəryadı: “Duruşundan, yerişindən doymadığım balalarım”

...Uzaqdan yanıqlı səs eşidilir: “Duruşundan, yerişindən doymadığım balalarım. Canım qurban...”

Kiçik həyətdə tikilmiş birmərtəbəli ikiotaqlı evin nisbətən böyük otağında bir neçə qadın ucadan dua oxuyur. Arabir anasının ağrı dolu səsi eşidilir, balalarını haraylayır. Ata isə əlləri qoynunda səssiz ağlayır.

Otaqların dörd bir yanına qardaşların müxtəlif illərdə çəkilmiş fotoları asılıb. Balaca masanın üstündə istifadə etməyə macal tapmadıqları diplomları, bir də idman yarışlarında qazandıqları fəxri fərmanlar, medal qoyulub.

İman və Bəhramı dənizçilik peşəsindən ayıran erməni müəllim

Məmmədovlar ailəsi əslən Lerik rayonunun Kəlvəc kəndindəndir. Ata Elman Məmmədov iş üçün Bakıya, daha çox gecəqondu tipli evlərin yerləşdiyi “Binə sovxozu” deyilən əraziyə köçüb. Qardaşlar orta məktəbin 9-cu sinfini başa vurub, gəmi kapitanı olmaq arzusu ilə Həştərxana gediblər. Anaları da onları tək buraxmayıb, Həştərxana köçüb. Amma Məmmədovların dənizçilik peşəsinə yiyələnməsi erməni əsilli müəllim tərəfindən əngəllənib.

Qafqazdan, Qarabağdan ağızdolu danışan erməni müəlliminə “sizin əlləriniz bizim millətimizin qanına batıb”,- deyə cavab qaytaran İman qəzəbə tuş gəlib. Mübahisədən dərhal sonra qardaşların ya qiyabi təhsilə keçirilməsi, ya da başqa bir məktəbə köçürülməsi tələb olunub. Qardaşlar isə haqsızlığın olduğu yerdə təhsillərini davam etdirmək istəməyiblər. Samarada turizm sahəsi üzrə təhsillərini davam etdiriblər. Övladlarından bir an belə ayrılmaq istəməyən ana-ata bu dəfə də Samaraya köçüb.

“Hər ikisinə eyni paltarlar alırdım, həmişə qoşa gəzirdilər...”

Ata danışır: “İman ağır atletika, Bəhram isə cudo ilə məşğul olurdu. Bəhram 15 yaşında Həştərxandakı idman yarışlarında birinci yerə layiq görülmüşdü. İman qardaşından çox sevinirdi. Müəllimləri deyirdi ki, bu uşaqların böyük gələcəyi var, hansı sahədə olursa, olsun uğur qazanacaqlar”.

Elman Məmmədov əlavə edir ki, uşaqları arasındakı sevgi onu həmişə qürurlandırıb, onların bir-birinə arxa-dayaq durması ilə fəxr edib.

“Hər ikisinə eyni paltarları alırdım, qoşa gəzirdilər. Bu məhəllədəki qonşuların çoxu onların əkiz olduğunu zənn edirmiş...”, - göz yaşları danışmasına imkan vermir. Su gətirirlər, bir qurtum alıb, sakitləşməyə çalışır.

Yaxın qohumları ataya təklif ediblər ki, uşaqlardan birini döyüşə göndərməsin. Ata isə övladları arasında seçim edə bilməyib. “Birini saxlasam, digərinə haqsızlıq etmiş olaram” deyə düşünüb. Qardaşlar da bir-birilərindən ayrı düşmək istəməyiblər.

“Komandir and içir ki, uşaqlardan birini döyüşdən saxlamaq üçün əllərindən gələni ediblər, lakin övladlarım özləri razılaşmayıblar”,-ata deyir.

İkisi də cəbhəyə getmək istəyib

Rusiyada təhsilini başa vuran qardaşlar ötən il iyunun 5-də Samaradan Vətənə qayıdıblar. Və hərbi xidmətə yola düşüblər. Bu ilin dekabrında hərbi xidməti başa vurub geri qayıdacaqlarmış: “Qusar rayonunda hərbi xidmət keçirdilər, eyni bölükdə idilər. Müharibə başlayan kimi ikisi də cəbhəyə getmək istəyib. Komandir birini saxlamaq istəyib, amma özləri razılaşmayıblar. İmana deyiblər ki, yaxşı sən qal, qoy Bəhram getsin. Amma İman deyib ki, əgər gedəcəyiksə ikimiz bir yerdə getməliyik. Iman da qardaşı ilə bir yerdə cəbhəyə gedib”.

Gündə neçə dəfə səslərinə qulaq asır...

Ata əlləri əsə-əsə telefonunu çıxarır, əvvəlcə İmanın, sonra Bəhramın cəbhədən göndərdiyi səs yazılarını dinləyir. Dinlədikcə də ağlayır. “Ata narahat olma, mən də qaqaş da yaxşıyıq. Siz özünüzdən muğayət olun. Dostlarımız şəhid oldu, ana. Şəhidlərə də dua oxu, biz çox yaxşıyıq”.

Yanımızda oturub səssiz qulaq asan qohumlardan biri söhbətə qarışır, deyir ki, Elman bəlkə də gündə yüz dəfə bu səslərə qulaq asır, video görüntülərə baxır: “Səhər yuxudan ayılan kimi telefonu axtarır. İlk işi səslərini dinləyib, videolarına baxmaqdır. Oktyabrın 27-dən bu yana səhərləri göz yaşları ilə açıb, axşamları göz yaşları ilə yatırlar”.

Videogörüntülərdən birində ata oğlanları ilə qucaqlaşır və kövrəlir. Görüntülər Kürdəmirdə çəkilib. Elman Məmmədov Öğlanlarının cəbhəyə yola düşdüklərindən xəbər tutan kimi yola çıxıb, onları aparan avtobusa Kürdəmirdə yetişib. Ata ilə oğullarının duyğu dolu görüşünü qardaşların əmisi oğlu telefonla kameranın yaddaşına köçürüb.

“Cəbhəyə getmədən bir gün əvvəl danışdım. İman dedi ki, döyüş başlayır, mən birbaşa ön cəbhəyə getmək istəyirəm. Dedim bəs qardaşın nə fikirləşir? Dedi o, da cəbhəyə gedir. Bir qədər duruxdu, söylədi ki, qaqaş şəhid olmaq arzusundadır. Kürdəmirdə avtobusun qapısını açanda hər ikisi təəccübləndi. Dedilər ki, sən hardan bildin burdayıq? Səni bura kim çağırdı? Qardaşımın oğlu bizim görüşümüzü telefonun kamerası ilə çəkdi. İnanın, uşaqların hamısı döyüşə gülə-gülə gedirdilər”.

Füzuliyə, döyüş bögəsinə gedib görüşdüm...”

Sentyabrın 27-dən cəbhəyə yollanan qardaşlar Füzuli- Xocavənd istiqamətində gedən döyüşlərə qatılıblar. Oktyabrın 12-də İman atası ilə danışanda Fizulidə olduqlarını söyləyib. Valideynləri onları görmək üçün Füzuliyə, döyüş bölgəsinə yola düşüblər. “Kürmahmudlu kəndində görüşə bildik. Sağ olsunlar, şərait yaratdılar. Anasını qucaqlayanda İman dedi ki, ana, mənim bütün dostlarım şəhid olub. Bircə xahişim var, şəhidlərimizə həmişə salavat çevir. Sonra ikisi də qucaqladı məni. Onları ayıra bilmirdim. Həmişə ikisini bir yerdə qucaqlayırdım. Dedilər ki, ata, bizim üçün narahat olmayın, biz istədiyimiz yerdəyik”.

Qardaşlar axırıncı dəfə oktyabrın 27-də tezdən əlaqə saxlayıblar. Sonradan telefonlarına zəng çatmayıb.

“Tezdən dedilər ki, ata, inşallah salamat qayıdaq, ana ilə yanımıza gələrsiniz. Amma nədənsə həmin gün özümü çox pis hiss edirdim. Sonra neçə dəfə zəng vurdum, zəng çatmadı. Ertəsi gün onlarla döyüşən gizirə zəng vurdum, dedi ki, o, yaralıdır, amma uşaqlar bölüyün yanındadırlar. Uşaqlar gedən gündən oruc tuturdum ki, sağ-salamat geri qayıtsınlar. İndi məzarlarının arasında otururam, quru torpağı oxşayıram. Tək təsəllim odur ki, qələbə qazanmışıq, qanları yerdə qalmayıb...” – Elman kişi göz yaşları içərisində davam edir.

Qırmızı Bazar ətrafında tökülən al qanlar: “Hər iki oğlum eyni vaxtda, eyni anda keçinib”

Hər iki qardaş Qırmızıbazar istiqamətindəki döyüşlərdə şəhid olub. Dərdli ata göz yaşları içində söhbətə davam edir: “Gizir zəng vurub dedi ki, uşaqların əmisi ilə danışmaq olarmı? Dedim nə var özümə de. Dedi ki, uşaqlar şəhid olub. Hər ikisi son gülləyə qədər döyüşüb. İman vurulub, yıxılıb. Bəhram komandirdən soruşub ki, niyə qardaşımın səsi gəlmir. Komandir baxıb ki, artıq İman keçinib. Amma Bəhrama deyib, narahat olma, qardaşın şok keçirib. Həmin vaxt Bəhramı da vurublar. Hər iki oğlum eyni vaxtda, eyni saatda həlak olub”.

“Yoldaşıma dedim ki, cənazədəki balalarındı...”

Övladlarının ölüm xəbərini alan Elman kişi Füzuliyə yola düşüb. Amma həyat yoldaşına onların öldüyünü deyə bilməyib. Anaları İmanla Bəhramın yaralı olduğunu düşünüb. Əri ilə birgə oğlanlarını görmək üçün Füzuliyə, oradan Beyləqandakı hospitala yollanıb: “Yoldaşım şəhid cənazələrini görüb ağlayırdı. Dedi ki, Allah bu balaların valideynlərinə səbr versin. Dedim, cənazədəki bizim balalarımızdı...”

Atanın tək bir istəyi var. Övladlarının Vətən uğrunda zəhmətləri qiymətləndirilsin, xatirələri əbədləşdirilsin: “O qədər bağlıyıdım ki, balalarıma. Yoxluqlarını qəbul edə bilmirəm. Əsas odur ki, şərəflə getdilər bu dünyadan. Allahdan son istəyim, tezliklə balalarıma qovuşmaqdır. Onsuz da ruhum onlarladır, cismim bu dünyada”

Daha deməyə söz tapmırıq, dərdi, acısı bu dünyaya sığmayan, tezliklə o dünyada şəhid balalarına qovuşmaq istəyən atadan ayrılıb üz tuturuq şəhərə tərəf...

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

Vüqar Səfərlidən 26 milyon manat tələb olunur – Onun Əli Həsənovu satdığı iddia olunur...

Rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunur

“Əliyevin bu planının hədəfini anlamıram” - Paşinyandan etiraf

Əli Həsənovu həbsxanaya aparan yol - Biznes imperiyasında nələr var

Yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışa necə icazə veriləcəyi açıqlanıb

İlham Əliyevdən “Azərlotereya” ilə bağlı sərəncam

Operatib Qərargahdan məktəblərlə bağlı açıqlama

Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim?”

Koronavirusdan da betər epidemiya yayılıb” - Rusiyalı həkim

Bu tarixlərdə beynəlxalq və ölkədaxili uçuşlara icazə veriləcək

loading...

Ən çox oxunanalar