Bazar, 05 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bərzani və Təlabanilərin salnaməsi - KDP-KVB münaqişələri, xəyanətlər...

Yaxın Şərqdə həmişə qısqanclıq, eşq və intiqam iç-içə olub...

Altan Tan 

“The Independent” qəzeti, 13 Fevral 2020-ci il

Şimali İraqı nızarətləri altında saxlayan KDP (Kürdüstan Demokratik Partiyası) Bərzanilərin, KVB (Kürdüstan Vətən Birliyi) isə Talabanilərin partiyasıdır. Hər iki tərəfin həm içində, həm də öz bir-biriləri ilə münaqişə və xəyanətlərlə dolu bir tarixi var. Eynilə bütün dünyadakı partiyalarda olduğu kimi.

“Xəyanət” anlayışı bəşər tarixi qədər qədimdir. Xəyanət, demək olar, hər dövrün və cəmiyyətin vacib bir problemi olub. Şumer mifologiyasının yunan mifologiyasına qədər hər zaman bundan bəhs edilib.

Xəyanət dedikdə, yalnız kişi və qadın arasındakı aldatma və qarşılıqlı sevginin pozulması nəzərdə tutulmur. Dostluqda, ticarətdə, siyasətdə də xəyanət olur.

İnsan niyə xəyanət edir? Niyə ən yaxın olanları və ona güvənənləri heç gözləmədikləri anda arxadan vururlar? Xəyanətin fəlsəfəsi dərin məsələdir. Xəyanət edənlər asanlıqla “xəyanət edirəm” deyə bilmirlər. Xəyanət etdiyiklərini də qəbul etmirlər və bunun üçün “əsaslı” səbəblər irəli sürürlər. Xüsusilə siyasətdə fikir ayrılıqları və xəyanətə məruz qalan tərəfin səhvləri bəhanə edilir.

Əslində məsələlərə bir az yaxından baxdıqda hamısının altından qorxu, maraqlar, şöhrət və qısqanclıq çıxdığı aydın görünür. Xüsusilə maraqlar və qısqanclıq insan nəfsini daim ələ keçirir. Bunların nəticəsində insanın bir nöqtədən sonra xəyanət etməsi qaçınılmaz olur.

Siyasətdə xəyanət etmək, demək olar ki, siyasətin əvəzedilməz hissəsidir. İçində xəyanət olmayan bir siyasətdən danışmaq mümkün deyil.

Dinlərin, ideologiyaların və mifologiyaların tarixi bu mövzuda saysız-hesabsız nümunələrlə doludur. Məsələn, Hz. İsanı 30 gümüş dinara görə satan Həvari Yəhudanın xəyanəti 2 min ildir ən məşhur xəyanət hekayəsidir. Şotlandiyanin əfsanəvi lideri olan Vallası aldadaraq onun ölümünə səbəb olan şotland zadəganları, qan qardaşı Çingiz xanı tələyə salan Camuqa və tarixin ən böyük qul üsyanının lideri Spartaka xəyanət edərək razılaşdıqları gəmiləri gətirməyən dəniz quldurları və Ankara müharibəsində son anda tərəfini dəyişdirərək Teymurun tərəfinə keçən Bəyazid əsgərlərinin xəyanətləri Şərqdən Qərbə doğru uzanan böyük xəyanətlərə dair nümunələrlərin yalnız bir neçəsidir.

Roma imperatoru Sezarın “Sən də mi Brut!”, sözü siyasət tarixinin üz qabığına yazılıb.

Xəyanətlə bağlı Türkiyənin son siyasi tarixinə nəzər salsaq yada düşən ilk simalardan biri Egeydə yunanlara qarşı Kuvayı Milliyyət Hərəkatına başlamış və böyük fayda verdikdən sonra Mustafa Kamal və dostları ilə ixtilafa gedərək yunanlara sığınan Çərkəz Ethəmi və ən yaxın tariximizdən isə Ecevitin ABŞ-dan gətirərək ölkə iqtisadiyyatını təslim etdiyi və bir gecədə Ecevitin partiyasını boşaldıqdan sonra İsmayıl Cem və digər dostlarını tərk edərək CHP-yə keçən Kamal Dərvişi göstərmək olar.

Türkiyə siyasətinin ən maraqlı simalarından olan Osman Bölükbaşının Ədalət Partiyasından ayrılan yoldaşlarının xəyanətindən şikayətlənən Süleyman Dəmirələ: “Dəmirəl, Dəmirəl Sizin qucağınız bir kənd qəbiristanlığıdır, mənimki isə Karacaahmet!”, deməsi siyasətin vəfasızlığını çox yaxşı ifadə edir.

Digər xalqlar kimi kürdlərin tarixi də xəyanətlərlə doludur.

1925-ci ildə Şeyx Səidin tutulduğu üsyanın ilk günlərindən bəri onun ən yaxın dostlarından biri mayor Qasım idi.

1937-ci ildə Əlişər və həyat yoldaşı Zərifəni öldürərək başlarını kəsən Seyid Rzaya ən böyük xəyanəti edən də qardaşının oğlu Rayber idi.

İraq kürdlərinin, Bərzanilərin və Talabaninin münasibətləri də xeyli qarışıqdır. Dostluq, qardaşlıq, mübahisələr və xəyanət iç-içədir.

Bərzani ailəsi Kürdüstanda 1850-ci illərdən etibarən təsirli olmağa başlayan Nəqşibəndi şeyxinin ailəsidir. Yəni deyildiyi kimi qəbilə və ya tayfa başçısı deyillər. Bunlar 8 qəbilədən (Mizori, Şirvani, Dolameri, Beroji, Nizari, Gerdi, Herki, Binəci) ibarət birliyin şeyxi və söz sahibidirlər. Onların uzun və dəyişkən bir tarixi var. Molla Mustafa Bərzaninin rəhbərliyində İraq höküməti ilə döyüşən 10 minə yaxın kürd İkinci Dünya Müharibəsindən sonra 1946-cı il 22 yanvarda İranda qurulan Mahabad Kürd Respublikasına dəstək olmaq üçün Mahabada getmişdi. Molla Mustafa da yeni respublikanın Baş qərargah rəisi olmuşdu.

İraq Kürdüstan Demokratik Partiyası (Partiya Demokratik Kurdistan) 16 Avqust 1946-cı ildə Mahabadda qurulub və Molla Mustafa Bərzani partiyanın baş katibi seçilib.

Kürdüstan Demokratik Partiyası feodal kürd ağa və şeyxlərdən, yoxsul kürd kəndlilərinə qədər, şəhər biznesləri və kiçik burjualarından solçu-kommunist ziyalılarına qədər, sağdan sola kürdlərin hamısını əhatə edən bir partiya kimi qurulmuşdu. Bölgədə yaşayan xristian assuriyalıların bir qismi də bunun içində yer alıb.

Yarandığı gündən etibarən Molla Mustafa Bərzani (1903-1979) sağın lideri, süleymaniyəli hüquqşünas və yazıçı İbrahim Əhməd (1914-2000) isə solun lideri olmuşdu.

İran Kürdüstanında qurulan Mahabad Kürd Respublikasınün 1946-cı il 17 dekabrda ortadan qaldırılması və 31 Mart 1947-ci ildə bu kqrd respublikasının prezidenti Kadı Məhəmməd İran şahı tərəfindən edam edildikdən sonra Molla Mustafa və dostları Sovet İttifaqına sığınmalı oldular.

1947-ci ildən 1958-ci ilə qədər Bərzanilərin Sovet İttifaqında qaldığı 11 il ərzində İbrahim Əhməd və dostları KDP fəaliyyətlərini qeyri-qanuni olaraq davam etdiriblər.

General Əbdülkərim Qasım 14 İyul 1958-ci ildə İraqda çevriliş edərək krallığa son qoyaraq respublika elan etdi. Kral II Faisal kralın əmisi Əbdülilah və baş nazir Nuri Səid Paşa edam olundu.

İraqda krallıq ləğv olunduqdan sonra Molla Mustafa Bərzani Sovet İttifaqından qayıdaraq tarixi və xarizmatik rəhbərliyi ilə yenidən KDP-nin lideri oldu. Molla Mustafanı ənənəvi feodal olmaqda günahlandıran İbrahim Əhməd isə partiya daxilində dünyəvi sol fraksiya yaratmaqla partiya rəhbərliyi uğrunda mübarizəyə başladı. Yəni əbədi rəqiblərin qarşıdurması yenidən şiddətlınmişdi.

1970-ci ildə İbrahim Əhmədin qızı Hero ilə evlənərək onun kürəkəni olan Cəlal Talabani (1933-2017) tələbəlik illərində Kürdüstan Tələbə Birliyinin rəhbəri olmuşdu. 1959-cu ildə isə İraqın gələcək prezidenti KDP mərkəzi komitəsinin üzvü seçillmişdi. Təlabani KDP-nin dünyəvi sol qanadın ən nüfuzlu simalarından biri idi. 

Türk, kürd, fars və ərəb dillərində möhtəşəm şeirləri olan Qədiri Şeyxi Əbdürrəhman Xalis Talabani və böyük satirik şair Şeyx Rza Talabani kimi böyük şəxsiyyətlərin çıxdığı Zengene qəbiləsinin rəisi Yusif Ağanın oğlu olan və Qədiri Şeyxi Məla Mahmudun nəslindən gələn Talabaninin ailəsi Kürdüstanda çox tanınan bir ailə idi.

Siyasətə başladığı ilk dövrlərdə sosialist olan Talabaninin ailəsi ənənəvi kürd feodalizmindən gəlirdi. Əslində 1970-ci illərə qədər bütün Kürdüstan coğrafiyası “feodal” quruluşa malik idi. Kürd cəmiyyətində diqqətə alınmağın və lider olmağın ən vacib şərtlərindən biri hörmətli bir ailəyə mənsub olmaqdır bə bu ənənə qismın hələ də savam edir. Dünyəvi-sekulyar və sosialist ziyalılar yeni dönəmin məhsulu olaraq 1950-ci illərdən bəri siyasi səhnədə görünməyə və nüfuz qazanmağa başladılar.

1958-ci ildə başlayan KDP ilə İraq rejimi arasında başlayan münasibətlər də bir neçə ildən sonra pozuldu.

1963-cü ildə İraq rejimi kürdlərlə bir muxtariyyət müqaviləsi imzalamaqdan yayındıqda yenidən toqquşmalar başladı. 1964-cü ilin iyul ayında Kala-Dizədə keçirilən KDP-nin 6-cı qurultayında İbrahim Əhməd qrupu seçkidə qalib gəlib, ancaq İdris Bərzaninin komandanlığı altında peşmərgələr İbrahim Əhməd Cəlal Talabani və yoldaşlarını həbs edərək İrana sürgün etdilər.

Bununla da KDP-də yarandığı gündən bu yana ən ciddi parçalanma baş verdi. İbrahim Əhməd və Cəlal Talabani 1966-cı ildə İraq rejimi ilə saziş bağlayaraq İraqdan sığınacaq aldılar və İrandan Bağdada köçdülər. İbrahim Əhməd və Cəlal Talabani hökumət qüvvələri ilə Bərzanlılara qarşı mübarizəyə başladılar. Buna baxmayaraq İraq rejimində kürdlər üçün işlədilən “eşşək” ifadəsiTalabani qüvvələrinə də deyilməyə başlamış və Təlabaninin İraq rejimimə versiyi dəstək “66 eşşəkləri” olaraq tarixə düşmüşdü.

Qarşıdurmalar 1970-ci ilə qədər davam etmişdi. 11 mart 1970-ci ildə muxtariyyət şərtilə Bərzanilərlə İraq rejimi arasında sülh müqaviləsi bağlandı. Müqaviləni Baas Partiyası adından Prezident Köməkçisi Səddam Hüseyin və KDP adından Molla Mustafa Barzani imzaladı. İbrahim Əhməd, Cəlal Talabani və yoldaşları yenidən KDP-yə qayıtdılar.

İraq Konstitusiyasında 16 iyul 1970-ci il tarixli sülh müqaviləsi çərçivəsində bəzi dəyişikliklər edilmişdi.
Molla Mustafanın böyük oğlu Ubeydullah Bərzaniyə və bir çox kürdə Bağdadda mətkəzi hökümətdə vəzifə verilmişdi. İraq Dövlətinin 11 Mart 1974-cü ildə yayımladığı Muxtariyyət Qanunu kürdlərin əksəriyyəti tərəfindən qeyri-adekvat və aldadıcı hesab edildiyi üçün münasibətlər yenidən pozulmuş və müharibə başlamışdı. Elə həmin il Bərzanlıların başçılıq etdiyi KDP heyəti ABŞ-a getmiş və Vaşinqton İraqa qarşı müharibədə kürdlərə dəstək verəcəyini vəd etmişdi.

İran Şah Rza Pəhləvi Şattül ərəb probleminə görə döyüşdüyü İraqa qarşı kürdlərə dəstək vermiş, silah, sursat və maddi-texniki vasitə ilə təmin etmişdi.

KDP-nin başçılıq etdiyi Kürd Milli Mübarizəsi 1964-cü ildə qurultayda parçalandıqdan sonra həmin tarixdə kürdlər aeasında ikinci ən böyük bölünmə baş vermişdi. Molla Mustafanın böyük oğlu Ubeydullah Bərzani başda olmaqla, bəzi kürdlər müharibədə iştirak etməmiş və bu muxtariyyət müqaviləsinin məhdud şəkildə də olsa dəstəklənməli olduğunu deyərək rejimə qoşulmuşdular. Muxtariyyət Qanununa görə, 5 dövlət nazirliyinə və 1 vitse-prezidentliyə əsasən, 1974-cü ildə kürd siyasətçilərindən biri olan Taha Məhəddin Məruf vitse-prezident, Ubeydullah Bərzani isə Dövlət Nazirliyinə gətirilmişdi.

Ubeydullah Bərzani 23 Mart 1974-cü ildə Küveytdə nəşr olunan “R-Risalah” qəzetinə verdiyi açıqlamada atasının separatçı olduğunu, İsrail tərəfindən dəstəkləndiyini və qardaşı Məsud Bərzani ilə birlikdə özünün də atası adından əlaqələr yürütmək üçün İsrailə getdiyini bildirmişdi.

Molla Mustafa Bərzaninin böyük oğlunun müəyyən mənada düşmən tərəfində olması həyatının ən böyük faciələrindən biri idi. Müharibənin ilk ilində kürd qüvvələri ciddi uğurlar əldə etmişdi. Şimali İraqın böyük bir hissəsi nəzarət altına alınmışdı.

6 mart 1975-ci ildə bir daha hər şey alt-üst oldu. Əlcəzairdə keçirilən OPEC (Neft İxrac Edən Ölkələr) ABŞ Dövlət Katibi Henri Kissencerin vasitəçiliyi ilə İran şahı ərəb problemi ilə bağlı tələblərini qəbul edən Səddam Hüseynlə razılaşmış və kürdlərə verdiyi dəstəyi geri çəkmişdi.

ABŞ-ın və İranın dəstəyini bir anda itirən kürdlər məğlub olmuş, bütün qazanclar itirilmiş və ciddi bir hissəsi İrana sığınmaq məcburiyyətində qalmışdı. Molla Mustafanın oğulları İdris və Məsud Bərzani də İrandakı qaçqınlar arasında idi. Molla Mustafanın Übeydullah ilə eyni anadan olan övladları Sabir və Loğmanın isə İran əvəzinə, Bağdaddakı qardaşları Übeydullahın yanına getmələri Molla Mustafa Bərzani üçün ikinci bir zərbə olmuşdu.

1975-ci ildə bu məğlubiyyətdən sonra Cəlal Talabani Dəməşqə getmiş, burada öz partiyasını, KVB (Kürdüstan Vətənpərbərlər Birliyi) partiyasını qurmuş və KDP ilə yolunu birdəfəlik ayırmışdı. Talabaninin qayınatası İbrahim Əhməd də İngiltərəyə sığınmışdı.

1 il sonra 1976-cı ildə xərçəng xəstəliyinə tutulmuş Molla Mustafa çətinliklə aldığı viza sayəsində müalicə üçün ABŞ-a getmişdi. Bərzaniyə güclə viza verən ABŞ, eynilə Yaxın Şərqdəki ən vacib adamlarından biri olan İran şahına da 1979-cu ildə taxtını itirəndən sonra xərçəng müalicəsi üçün istədiyi vizanı çox çətinliklə vermişdi. Oğlu Məsud Bərzani xəstəlik dövründə Molla Mustafanın yanında olub. Həyatı boyu həmişə qürurlu şəkildə yaşamış bu qoca çinar 8 fevral 1977-ci ildə yaşadığı ABŞ-ın 2933 nömrəli Melaine Leyn Oakton Virciniya adresindən ABŞ Prezidenti Cimmi Karterə yazdığı məktubda: “Əgər ABŞ-ın verdiyi sözə inanmasaydım, xalqımı bu fəlakətdən xilas edə bilərdim. Xalqım yarım əsrdən çoxdur ki, ümidlərini mənə bağlayıb. Bu ümidləri isə indi sizə verirəm, kömək edin”, deyərək yalvarmışdı.

Molla Mustafa Bərzani 1 mart 1979-cu ildə vəfat etmiş və müharibə şəraitində Bərzana aparıla bilməyən İmam Xomeyninin icazəsi ilə İran Kürdüstanında qardaşı Şeyx Babonun yanında dəfn edilmişdi. Körfəz müharibəsindən sonra cənazəsi Bərzana köçürülüb.

Bütün bu hadisələrin canlı şahidi olan Məsud Bərzaninin: “Henri Kissencerin bir daha əlini sıxmaram və ölənə qədər bağışlamayacağam. O, atamın ən ağır şəkildə ölməsinə səbəb oldu”, sözləri, təəssüf ki, başda Barzanilər olmaqla, kürd siyasətçilərə təsir etmədi.

1979-cu il İran İnqilabından sonra başlayan İran-İraq müharibəsi ilə vəziyyət bir daha dəyişdi. Kürdlər Məsud Bərzani və İdris Bərzaninin rəhbərliyi altında yenidən toplanaraq İraq rejimi ilə mübarizəyə başladılar.

1988-ci ildə İraq hökumətinin Səddamın əmri ilə başladılan və adını Quranda Ənfal ayəsinin adı verilən “Ənfal” əməliyyatlarında 180 min kürd öldürüldü.

KDP (PDK) və KVB (PUK) 1992-ci ildə Kürdüstan Bölgəsində Körfəz müharibəsindən sonra meydana gələn seçkilərdə müttəfiq bir hökumət qurmuşdu.

1994-cü ildə ortaqlıq pozulmuş və Bərzani ilə Talabani qüvvələri arasında müharibə başlamışdı. Kürdlərin 100 illik mübarizəsindən sonra əldə etdikləri ərazi Ərbil və Süleymaniyyə olmaqla 2 yerə bölünmüş və 3500 kürd öz qardaşlarının gülləsi ilə öldürülmüşdü.

Cəlal Talabaninin həyat yoldaşı İbrahim Əhmədin qızı Hero Talabani Bərzani qüvvələri tərəfindən ələ keçirilmiş və esamını gözləyərkən Məsud Bərzaninin müdaxiləsi ilə sərbəst buraxılmışdı.

Bərzani və Talabani 1998-ci ildə ABŞ-da sülh müqaviləsi imzaladılar. Molla Mustafa Bərzaninin Səddama sığınan 3 oğlunun həyatı isə əsl faciə kimi sona çatdl. Übeydullah, Sabir və Loğman Bərzani Səddam Hüseyn tərəfindən Bağdadda 1980-ci ildə, kürdlər İraqa qarşı mübarizəyə başladığı zaman edam edildilər. Ataları Molla Mustafa ilə, sonra da Səddam Hüseynlə niyə ayrı düşdükləri, necə müzakirələr apardıqları və necə öldürüldükləri bu günə qədər gizli qalıb. Hətta bu gün də heç kim KDP siyasətinin tabularından olan bu mövzunu müzakirə etmək istəmir. Bir çoxları Übeydullahın, Sabirin və Loğmanın Molla Mustafanın Süleymaniyəli olan ilk həyat yoldaşından, İdris Bərzaninin isə yenə Süleymaniyyəli olan digər yoldaşından, Məsud Bərzani ilə Nihadın, Sidatın, Dilşadın, Sihadin və Eyyubun isə Mahmud Ağa Zibarinin qızı Həmayıl xanımdan olduğunu və əsas ayrılığın siyasətlə deyil, ailədəki qısqanclıq və münaqişələrlə bağlı olduğunu iddia edir.

Həmayıl xanım uzun illər Bərzanilərlə düşmən olan Zibari qəbiləsinin başçısı Mahmud Ağanın qızı və Səddamdan sonra İraqın Xarici İşlər naziri olmuş Xoşyar Zəbarinin böyük bacısı idi. Molla Mustafa və Həmayıl xanımın evliliyi kürdlərin qədim ənənəsi olaraq sülhün davam etməsi üçün həyata keçirilib.

Demək olar ki, hər kəs Həmayıl xanımın həm Molla Mustafa sağ olduğu dövrdə, həm də ölümündən sonra çox effektiv bir fiqur olduğunu qəbul edir.

Bir iddiaya görə, Übeydullah ilə atası arasındakı ən vacib problem evli olan Übeydullahın tibb işçisi olan bir qıza aşiq olması və qızla evlənmək istəməsi imiş. Atası Molla Mustafa bu evliliyə qəti şəkildə qarşı çıxsa da, Übeydullah bütün xəbərdarlıqlara qulaq asmamış və həmin qızla olan münasibətinə davam edibmiş. Digərləri isə Übeydullahın qızla evləndiyini ehtimal edirlər. Qısa müddət sonra qızın ölməsi və ya öldürülməsi ata ilə oğul arasındakı gərginliyi ən yüksək həddə çatdırıb.

Lakin bunlar sadəcə iddiadır. Dediyim kimi, hadisələrin əslini bilənlər hələ də susurlar.

Daxili münaqişələrdə mülayim şəxsiyyəti ilə fərqlənən Məsud Bərzani də bu mövzuda təmkinli davranmış və yaraları sağaltmağa çalışmışdı. Bağdadda öldürülən böyük qardaşlarının uşaqlarına qayğı göstərmişdi.

Sabir Bərzaninin oğlu Sirvan Bərzani də bu gün Kürdüstanın ən böyük iş adamlarından biridir. Digər oğlu Sayvan Bərzani isə Hollandiyanın İraqdakı səfiridir və qızı da Məsud Bərzaninin oğlu, Baş nazir Məsrur ​​Bərzani ilə evlidir.

Yenidən münaqişə və xəyanət məsələsinə gəlsək, deyə bilərik ki, Yaxın Şərqdə həmişə qısqanclıq, eşq və intiqam iç-içə olub. İnsan var olduğu müddətdə bu xəyanətlər də bitməyəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Cəlilabad xəstəxanasında tibbi vasitələrin yetməzliyindən tibb işçiləri koronavirusa yoluxub - Foto

Azərbaycanda 200 min şəxsə birdəfəlik ödəniş veriləcək

Azərbaycanda internetin zəif olmasının səbəbi açıqlandı

Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlanıb - Video

Polis tanınmış jurnalisti cərimələdi – Maska və əlcəyə görə

İcazəsiz evdən çıxanlara ilkin olaraq xəbərdarlıq ediləcək

Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunacaq - Rəsmi

Vüqar Səfərli işdən çıxarıldı - Prezident KİVDF-yə yeni icraçı direktor təyin etdi

Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir? - Dosye

Böhrandan ən çox zərər görəcək ölkələr... – BVF Azərbaycanı hansı qrupa aid edib?

Sabiq deputat Hadı Rəcəblinin kölgədə qalan daha 5 şirkəti üzə çıxdı - Foto

Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat edib

loading...

Ən çox oxunanalar