Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdə indiyə qədər gördüklərimin ən qorxulusu idi: Cəbhədə könüllü xidmət etmiş həkimlə müsahibə

Növbəti həmsöhbətimiz koronavirusla altı ay davam edən mübarizədən sonra yaralı əsgərlərin müalicəsi üçün cəbhəyə könüllü yollanan həkimdir.

Dəfələrlə kontuziya alaraq Bakıya qayıtmaq məcburiyyətində qalıb və indi paytaxtda müalicə alır.

Media.Az həkim-rentgenoloq Müseyib Şərifzadə ilə həmsöhbət olub.

- Müharibə başlamazdan əvvəl olan fəaliyyətiniz barədə danışın.

- Bakıdakı özəl klinikalardan birinin rentgenoloq işləyirəm. Artıq 13 ildir ki, rentgen üsulları ilə KT (kompüter tomoqrafiyası) və MRT(Maqnit rezonans tomoqrafiya) üsulu ilə müxtəlif xəstəliklərə diaqnoz qoyuram. Ölkəmizdə COVID-19 pandemiyası başlayandan bəri sözün əsl mənasında gecəni də işdə keçirdim, gündə 16 saat işləyirdim. Bu, koronavirusa yoluxma sayının artması və ağciyərlərin kompüter tomoqrafiyasına göndərilən xəstələrin axını ilə əlaqədar idi.

Yaxşı xatırlayıram, iyunun 10-dan başlayaraq gündə 100-dən çox xəstə ağ ciyər tomoqrafiyası üçün bizə müraciət edirdi. Bunu öz təcrübəmdə ilk dəfə görürdüm. Xəstələrin 70 faizi COVID-19-a yoluxmuşdu, ağciyər tomoqrafiyası pnevmoniyanın və “buzlu şüşə” sindromunun mövcudluğunu göstərirdi. Sutkada bir neçə dəfə ciyərlərinin 80 faizinin məhv olduğu xəstələrə rast gəldik. Mən özüm də koronavirusa yoluxub sağalmışam.

- Nə vaxt cəbhəyə könüllü yollanmaq qərarına gəldiniz?

- Sentyabr ayında ölkəmizdə koronavirusla bağlı vəziyyət sabitləşdi. Biz COVID-19 infeksiyasına yeni yoluxma faizinin azaldığını müşahidə edirdik. Ancaq bizi başqa sınaqlar gözləyirdi. Xatırlayıram ki, Qarabağda döyüş əməliyyatları başlayan gün, sentyabrın 27-də Gəncədə tanıdığım bir həkim mənə zəng vuraraq bildirdi ki, xəstəxanalara yaralı əsgərlər daxil olmağa başlayıb, həkim çatışmazlığı var. Həmən gün mən və üç həmkarım tərəddüd etmədən Gəncəyə yola düşdük, ertəsi gün isə Naftalan şəhər mərkəzi xəstəxanasına yollandıq.

Hər birimiz ixtisasımızdan asılı olaraq fəaliyyətə cəlb olunduq. Üç nəfər anestezioloq, mən isə rentgenoloq kimi. Həmən vaxt oraya Bakıdan iki neyrocərrah gəlmişdi, bir qədər sonra isə Mingəçevirdən də bir neçə cərrah gəldi.

- Sizin işinizə nə daxil idi?

- Mən rentgen, ultrasəs müayinə edirdim, tikiş qoyurdum, reanimasiyada, əməliyyat otağında ürəyin xarici və daxili masajını etmək lazım olurdu.

Xəstələri gözləmə otağına aparmaq, onlara vazofiks (venadaxili kateter) qoymaq, güllələrini çıxartmaq məcburiyyətində qalırdım. Bir sözlə bacardığımı etməyə, faydalı olmağa çalışırdım. Bizə, əsasən, snayper atışı nəticəsində güllə yarası alan və ya qəlpə xəsarətləri alan hərbçilər gətirilirdi.

- Siz bütün bu müddət ərzində Naftalanda oldunuz?

- Xeyr, lazım olduqda bizi başqa yerlərə də göndərdilər. Xüsusilə Ağcakənddə işləyirdik, orada kiçik bir tibb məntəqəsi var idi. Biz tibb məntəqəsini zirzəmiyə köçürdük, prosesi elə təşkil etdik ki, orada ağır olmayan əməliyyatlar aparmaq mümkün olsun. Ümumiyyətlə, cəbhə bölgələri də daxil olmaqla müxtəlif yerlərdə işləyirdik. Tərtərə getdik. Şəhər davamlı atəş altında idi. Gözümüzün qabağında şəxsi ev və uşaq bağçası partladıldı.

Bərdəyə raket hücumundan sonra təcili olaraq bu şəhərə yola düşdük. Bu o zamana qədər gördüklərimin ən qorxulusu idi. Bəzən Naftalanda gündə 300-400 yaralı qəbul edirdik. Ancaq Bərdədəki kimi heç vaxt olmamışdı. Bu, dəhşətli bir şey idi.

- Hansı hadisə daha çox xatirənizdə qalıb?

- Naftalanın xəstəxanasına ürəyi dayanan əsgər gətirildi. Reanimasiya prosesinə mən də qoşuldum. Ona qapalı ürək masajı etməyə çalışırdılar. Oğlanın qollarının və ayaqlarının soyumağa başladığını hiss etdikdə dərhal açıq ürək masajı edilməsinə qərar verildi. Diafraqmanı açmalı və birbaşa əllərimlə ürəyi masaj etməli idim. Əsgərin həyatını xilas edə bildik. Naftalanda iki dəfə açıq ürək masajına müraciət etməli olduq və hər iki halda da hərbçilərimizi xilas edə bildik.

Ümumilikdə, bizə daxil olan yaralının həyatını xilas edirdik. Ümumi bizdə ürəyi dayanan 10 yaralı olub, indi onların hamısı sağ-salamatdır. Biz hər gün xəstələri qəbul edərək təcili əməliyyatlar keçirirdik. Vəziyyəti stabilləşənlər əlavə müalicə üçün Gəncə, YevlaxGoranboy xəstəxanalarına göndərildi. Ön cəbhədə olduğumuz üçün həmişə boş çarpayılarımız olmalı idi.

Fürsətdən istifadə edərək Naftalan xəstəxanasının direktoru Orxan Bağırzadəyə və kurator İftixar Zeynalova təşəkkürümü bildirirəm. Onlar həkim heyətini peşəkar şəkildə idarə etdilər və xəstələrin sayından asılı olmayaraq nəzarəti əldən vermədilər.

- Yerli sakinlər tibb işçilərinə kömək etməyə çalışdılar?

- Əlbəttə. Naftalan sakinləri bacardıqları qədər kömək etdilər. Xalqımızın möhkəm həmrəyliyinin şahidi olduq. 13-15 yaşlı uşaqlar xəstəxanaya gələrək yaralıların xərəkdə daşınmasına kömək etməyə çalışırdılar. Bu, bizi çox ruhlandırırdı. Hamımız yorulmadan çalışırdıq.

Hər gün maşınların park edilməsinə və ya məişət səviyyəsində əlindən gələn köməkliyi göstərməyə gələn kişi yaxşı yadımda qalıb.

Bir gün kədərli xəbər gəldi - onun oğlu şəhid olmuşdu. Bundan sonra onunla vidalaşmaq arzusu ilə yaşayırdı. Vəfat etmiş hərbçilərdən birinin cəsədini gətirdilər. Kişiyə bildirdilər ki, bu onun oğlu deyil. Çox incidi. Cavabında “burada hamı mənim oğludur” söylədi. Bir neçə gün sonra oğlunun cəsədi gətirildi, ancaq cənazə törənlərindən dərhal sonra kişi geri qayıtdı, yaralı əsgərlərə kömək edirdi, onlara yemək gətirdi. Bir gün belə işindən ayrılmadı. Çox təsirli idi. Deyirdi ki, əgər nə iləsə faydalı ola bilirsə, heç bir halda evdə otura bilməz.

- Niyə Bakıya qayıtmalı oldunuz?

- Noyabr ayının əvvəlində şiddətli baş ağrılarım, boyun nahiyəsində ağrılar və ürək bulanmalarım başladı. Narahatlığım bir neçə gün davam etdi. Bunun artıq ciddi bir şey olduğunu başa düşdüm. Xəstəxanada mənə kömək edə bilməzdilər, çünki buna sadəcə vaxtları yox idi. Mən özüm də hərbi həkimlərin yaralıları müalicə etmək əvəzinə vaxtlarını mənə həsr etmələrinə razı ola bilməzdim. Buna görə Bakıya qayıtmalı oldum. Məlum oldu ki, cəbhə bölgəsində olduğum üçün bir neçə dəfə kontuziya almışam. Müalicə müddətində yaddaşımı itirməyə başladım. Hələ də müalicə olunuram, amma özümü yaxşı hiss edirəm. Ümid edirəm tezliklə xəstəxanadan çıxacağam. İki aya yaxındır evdə deyiləm, ailəm üçün çox darıxmışam.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar