Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Batka”yla  vals oynayan, odun doğrayan Belarus gözəli…

Lukaşenko 22 yaşlı Mariya Vasileviçi niyə siyasətə gətirir?..

22 yaşlı Mariya Vasileviç son vaxtlar Belarus prezidenti Aleksandr Lukaşenko ilə tez-tez bir araya gəlir. Yerli mətbuat da ikilinin ayrı-ayrı tədbirlərdən çəkilmiş birgə fotolarını həvəslə tirajlayır. Bir neçə gündür mətbuat Belurus gözəlindən daha sıx bəhs etməyə başlayıb. Bu dəfə Mariyanı gündəmə gətirən məsələ daha ciddidir. Gənc qız jurnalistlərə deyib ki, parlament seçkilərinə qatılmaq və deputat olmaq istəyir. Namizədliyini də Minskdəki Kalvariya dairəsindən verəcək.

“Əlbəttə, insanların təsəvvüründəki deputat obrazı fərqlidir. Yəqin ki, hamı bu rolda daha yaşlı adamları görməyə alışıb. Ona görə mənim gənc olmağımla bağlı məqam xeyli müzakirələrə səbəb olub. Amma xatırladım ki, qanunvericilikdə deputat olmaq üçün tələb olunan minimum yaş 21-dir. Mənimsə artıq 22 yaşım var. Çox istərdim ki, parlamentdə gənc nəsillə “eyni dildə” danışa bilən insanlar olsun”, – deyə Mariya deputat olmaq istəyinə aydınlıq gətirib.

Onun sözlərinə görə, Nümayəndələr Palatası xalqın səsi deməkdir və orada ölkədəki hər bir insanın maraqları müdafiə olunmalıdır: “Ona görə də, tərkib müxtəlif olmalıdır. İstərdim ki, gənclərlə bağlı təşəbbüslər, onların problemləri ən yüksək səviyyədən eşidilsin və dinlənilsin”.

Bu arada, Belarusda deputatlığa (parlamentin Nümayəndələr Palatasına) namizədliyin irəli sürülməsi üçün müddət oktyabrın 8-dək uzadılıb. Seçki isə 17 noyabra təyin olunub.

Maraqlıdır ki, Mariya artıq bir ilə yaxındır ki, Lukaşenkodan az qala, bir addım kənara atmır. İkili “bal”a da, kolxoza da, xokkeyə də birlikdə gedir.

Mariya “Miss Belarus” yarışmasında

Ötən il Mariya “Miss Belarus” yarışmasının qalibi olmuşdu. Onun bədən ölçüləri 86-60-90-dır.

Gənc qız “Miss World” yarışmasında “Miss World Europe” titulunu alıb və finala çıxan beş iştirakçıdan biri olub. O vaxtdan Mariya Lukaşenkonun “favoritinə” çevrilib.

Ötən ilin iyulunda Mariya ölkə rəhbərliyi ilə birgə “Vətən” kolxozuna ezamiyyətə getmişdi. Həmin vaxt Lukaşenko ona zarafatla iş də təklif etmişdi: “Maşacan, gəl bura. Otur, görək sən bu aqroholdinqdə necə görünəcəksən”. Mariya iş təklifi ilə razılaşsa da, mətbuat bu dialoqun böyük ehtimalla zarafat olduğunu yazmışdı.

Bir müddət sonra məlum oldu ki, gənc qız ölkə prezidentinin dərin marağına səbəb olub. Lukaşenkonun mətbuat katibi Natalya Eysmond bildirib ki, ölkə başçısı Mariyanı “Miss World” yarışmasına şəxsən özü hazırlayıb, hətta ona odun doğrmağı da öyrədib.

Ötən ilin 28 dekabrında Belarus prezidenti Minskdəki Müstəqillik Sarayında gənclər üçün keçirilən “I Respublika Yeni İl Balı”nda iştirak edib və orada Mariya ilə vals oynayıb.

“Bu mərasim sizin əzminizə, zəhmətkeş olmanıza, əla oxumağınıza və təşəbbüsünüzə görə bir hədiyyədir. Buradakılar yaxşıların yaxşılarıdır”, – deyə prezident əyləncəli tədbirdə nitq söyləyərkən demişdi.

Lukaşenko və Mariya rəqs edərkən

Təxminən bir həftə sonra – yanvarın 8-də Lukaşenko beynəlxalq mədəni əməkdaşlığın inkişafına və aktiv xeyriyyəçilik fəaliyyətinə verdiyi töhfəyə görə Mariyanı “Mədəni Dirçəliş Üçün” mükafatı ilə təltif etdi. Təntənəli mərasimdən sonra təşkil edilən konsert zamanı gənc qız zalda Lukaşenkonun yanında əyləşmişdi.

“Vitebskdəki Slavyan Bazarı”nda isə Belarus gözəli prezident lojasında yer almışdı. Təkcə son iki həftə ərzində ikili xokkeyə və Brestin yubileyini qeyd etməyə birlikdə gediblər.

Mariya ötən il Belarus Dövlət İqtisad Universitetinin iqtisadiyyat və menecment fakültəsini başa vuraraq magistraturaya daxil olub. O, bir müddətdir “Belteleradiokompaniya”da “Belarus, sabahın xeyir!” proqramının aparıcısıdır.

Lukaşenkonun adının xanımlarla qoşa çəkilməsi yeni xəbər deyil. Belarus prezidenti şəxsi münasibətlərinə görə dəfələrlə mətbuatın gündəminə gəlib. 20 yaşında Qalina Radionovna ilə ailə quran Lukaşenko bugünədək birinci xanımından rəsmən ayrılmayıb. Amma cütlük uzun illərdir ki ayrı yaşayır.

Aleksandr həmyaşıdı Qalina ilə 1975-ci ildə evlənib. O, Qalina ilə məktəb illərində tanış olmuş, sonradan gənclər Pedaqoji Universitetdə də eyni fakültədə oxumuşdu.

Evləndikləri il onların ilk övladı Viktor dünyaya gəlib. Beş il sonra ikinci oğulları Dmitri doğulub. Ona qədər isə Qalina ixtisası üzrə işləyib, Aleksandr isə Kommunist Partiyasının sıralarında fəaliyyətini davam etdirib.

1994-cü ildən – Lukaşenko prezident olandan bu yana cütlük birgə yaşamır. Heç kimə açıqlanmayan və məlum olmayan səbəblərdən Qalina doğma kəndində qalmalı olub. Qalina orada məktəbdə, uşaq bağçasında işləyir, prezident və parlament seçkilərində dairə seçki komissiyasına rəhbərlik edir.

Mariya Vasileviç

Lukaşenkonun 2004-cü ildə dünyaya gələn oğlu Nikolayın anasının kim olduğu isə bugünədək dəqiq məlum deyil. Mətbuatın ehtimalına görə, Nikolayın anası o dövrdə Lukaşenkonu səfərlər zamanı müşayiət edən İrina Abelskayadır. 94-cü ilə qədər İrina Minskdəki klinikalardan birində sıravi həkim kimi fəaliyyət göstərirdi. Prezident seçilən kimi Lukaşenko köməkçilərinə ona şəxsi həkim tapmağı və bu həkimin gənc, gözəl, qamətli, subay olmasını göstəriş vermişdi.İrina Abelskaya bu parametrlərə uyğun bilindi. Və o zamandan sonra müxtəlif rəsmi tədbirlərdə onu Lukaşenkonun yanında görmək olurdu.

2001-ci ildə İrina Lukaşenkonun şəxsi həkimi olmaqdan çıxır. 2007-ci ildən isə Nikolayın təlim-tərbiyəsi ilə yalnız Lukaşenko məşğul olur. Deyilənlərə görə, uşaq öz anasını görmür. Yeri gəlmişkən, Lukaşenko bir neçə dəfə bəyan edib ki, varisi məhz Nikolay olacaq.

2007-ci ildə Lukaşenkonun adı daha bir xanımla – İrina Dorofeyeva ilə qoşa çəkilməyə başlamışdı. Belə ki, Mahnı Teatrını ziyarət edən prezident ifaçı İrina Dorofeyevanın çıxışını izləyir. Elə orada “İrina Dorofeyeva – Belarusun siması” dövlət proqramı təsdiqlənir. Və az sonra ölkə rəhbəri televiziyanın efirində Dorofeyevanı ad günü münasibətilə təbrik edir.

Lukaşenko və Mariya

Dorofeyevanın qonşuları danışırdılar ki, həyətdə gəlib-gedənin sənədlərini yoxlayan xüsusi xidmət orqanlarının əməkdaşlarını görürlər. Artıq insanlar belə qənaətə gəlmişdilər ki, Lukaşenko müğənniyə qonaq gedir.

2008-ci ildən prezidenti yeni şəxsi həkimi – Svetlana Konoşenko müşayiət etməyə başlayır. Belarus prezidenti ilə adı birgə çəkilənlərdən biri də gözəllik yarışmasının qaliblərindən Darya Şmanay olub.

News.ru Telegram-kanallar və digər KİV-lərə istinadən yazır ki,siyasi çevrələrdə Mariyanın qəfildən ölkə siyasətinə atılmasını Belarus prezidenti Aleksandr Lukaşenkonun ona simpatiyası ilə əlaqələndirirlər:

“Digər tərəfdən, ehtimal etmək olar ki, uzun müddət “Avropanın son diktatoru” adlanan Lukaşenko gənc qadınların əhatəsində olmaqla Belarus hökumətinin daha insancıl obrazını yaratmağa çalışır. Bu halda Belarus liderinin marağı tamamilə başadüşüləndir. Bu ilin payızında ölkədə parlament seçkiləri keçiriləcək. Bunun ardınca prezident konstitusiyaya dəyişiklik etmək niyyətindədir ki, bu da öz növbəsində hakimiyyətin irsən ötürülməsinə yol açır. Lakin Lukaşenko 2020-ci ildə keçiriləcək prezident seçkilərində özünün qalib gələcəyinə ciddi şəkildə ümid edir”.

Tərcümə etdi: G.Hüseynova(Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar