Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurorluq “milyardları altına yığanları” istintaqa çağıra bilər

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun açıqlamaları geniş müzakirələrə yol açıb

Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında YAP-ın üzvü olaraq vaxtilə yüksək vəzifə tutmuş sabiqləri hazırda hakimiyyətə qarşı əks təbliğat aparanlara susmaqda, xaricdə olanları maliyyələşdirməkdə ittiham edib. Siyavuş Novruzovun dedikləri istintaq başlamaq üçün toplanan materialları xatırladır.

Onun dediklərindən sitatlar: “Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!”

“Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, ”mövqeyini bildir!”

“Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz”.

Siyavuş Novruzovun açıqlamaları, göründüyü kimi, çox ciddi ittihamları özündə ehtiva edir. Maraqlıdır, bu cür ittihamlar hüquq-mühafizə orqanları tərəfindən araşdırma predmeti olacaqmı?

Siyavuş Novruzov həmin araşdırmalar çərçivəsində dindirilə bilərmi? İcraçı katibdən masasının üzərindəki eks-nazirlərin siyahısı götürülə, onların kimə nə vermələri məsələsi istintaq araşdırmasının mövzusu ola bilərmi?

“Yeni Müsavat”ın əməkdaşı bu və digər suallarla Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova müraciət edib. Xidmət rəhbəri məsələ ilə bağlı ictimaiyyətə geniş açıqlama verəcəklərini bildirib. Lakin günün sonuna qədər açıqlama verilməyib.

Tanınmış vəkil Cavad Cavadov deyir ki, Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsi ilə cinayət işinin başlanması üçün əsaslar müəyyən olunub: “Həmin əsaslardan biri də KİV-də gedən məlumatlar üzrə cinayət işi başlanmasını ehtiva edir. Yəni Siyavuş Novruzovun açıqlamasında sadaladığı məlumatlar cinayət təqibinin başlanması üçün əsas hesab edilə bilər. Siyavuş Novruzovun qaldırdığı məsələlərdə cinayətin əlamətinin olub-olmamasını araşdırmaq üçün prokurorluq orqanı hərəkətə keçməlidir. Onun açıqlamasında cinayət işinin başlanması üçün kifayət qədər qanuni əsaslar var”.

Cavad Cavadlı deyir ki, Siyavuş Novruzovun açıqlamasında konkret olaraq korrupsiya ittihamı yer alıb: “Deyir ki, sabiq nazirlər milyardları yığıblar altlarına. Prokurorluq ilk növbədə aydınlaşdırmalıdır ki, konkret olaraq hansı nazirlərdən söhbət gedir. Həmin nazirlər milyardları necə, haradan əldə ediblər. Həmin milyardların əldə edilməsi, ələ keçirilməsi, mənimsənilməsi yolları, iştirakçılar, gizli dəstəkçilər, cinayət törədilərkən tərəflərin rolları müəyyən olunmalıdır. Siyavuş Novruzovun açıqlamasında qeyd edilənlər prokurorluq üçün araşdırmalar başlamağa qanuni əsas hesab edilir”.

Cavad Cavadov bildirib ki, vəzifə cinayətlərinin qanunla araşdırılması əsasən prokurorluq orqanlarına aiddir: “Amma araşdırma üçün təhqiqatı digər hüquq-mühafizə orqanları da apara bilərlər. Siyavuş Novruzov məlum açıqlamadan sonra ərizəçi kimi də prokurorluğa müraciət edə bilər. Amma açıqlama verirsə, müəyyən məlumatlar da verirsə, prokurorluq orqanı KİV-də gedən xəbərlər əsasında ən azından təhqiqatı başlamalıdır. Ən azından aydınlaşdırılmalıdır ki, belə bir açıqlama veribmi? Yəni çağırıb bu məsələləri aydınlaşdırmalıdırlar. Deputat olmasına görə çağırmasalar da, müraciət edə bilərlər ki, əlinin altında olan nazirlərin siyahısını təqdim etsin. Bilinsin ki, xaricdə olanları maliyyələşdirən korrupsioner nazirlər kimlərdir. Cinayət Prosessual Məcəlləyə əsasən Siyavuş Novruzovun açıqladığı məlumatların araşdırıması üçün qanuni əsaslar ortalıqdadır”.

Cavad Cavadov deyir ki, Siyavuş Novruzov çox ciddi ittihamlar səsləndirib: “Hakim partiyanın icra katibi, deputat belə bir məlumatlar səsləndiribsə, bunu araşdırmaq üçün hərəkətlilik olmalıdır. Azərbaycanda vur-tut 15-20 eks-nazir olar. Həmin nazirlərin siyahısını hazırlamaq üçün da dağa-daşa düşmək gərək deyil. Siyavuş Novruzov konkret olaraq 4 eks-nazir haqda danışıb, onların iş stajlarını da göstərib. Qaldırılıb baxılmalıdır ki, 20 il, 18 il, 15 il, 10 il çalışıb və bu gün milyardları olan nazirlər kimlərdir. Onların xaricdə kimlərə pul ötürmələri məsələsi araşdırılmalıdır”.

Cavad Cavadov onu da vurğuladı ki, ittihamlar təsdiqini tapmasa, eks-nazirlərin Siyavuş Novruzovdan təkzib vermək, vurduğu mənəvi ziyana görə təzminat tələb etmək hüquqları var: “Düzdür, Siyavuş Novruzov konkret ad çəkmir. Amma bu o demək deyil ki, onun məsuliyyəti yoxdur. Başqa bir tərəfdən də qanunverici orqanda təmsil olunan bir şəxsin qaldırdığı məsələlərə ciddi reaksiya verilməlidir. Ortada ciddi ittihamlar var”.

Siyavuş Novruzovun məlum açıqlamalarından sonra eks-nazirlərdən yalnız keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov reaksiya verib.

Modern.az-a açıqlama verən Hüseyn Bağırovun sözçüsü Vüsal Məmmədov eks-nazirin YAP-ın Siyasi Şurasında fəaliyyətini davam etdirdiyini deyib. Bildirib ki, Hüseyn Bağırov ölkə xaricində və ya ölkə daxilində heç kimi maliyyələşdirmir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar