Ötən gün axşam saatlarından müşahidə olunan qarlı və çovğunlu hava şəraiti Bakıda hərəkəti çətinləşdirib.
PİA.az xəbər verir ki, 12 saatdan çoxdur yağmağa davam edən qar və şaxtalı hava şəraiti yolların buz bağlamasına səbəb olub.
Bəzi ərazilərdə avtomobil qəzaları baş verib.
Müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılsa da, yolların buz bağlaması bəzi problemlərə yol açıb. Belə ki, nəqliyyat vasitələrinin hərəkətində gecikmələrlə müşahidə olunan problemlər yaranıb.
Paytaxt sakinlərinin qarlı və çovğunlu hava şəraitində dayanacaqlarda saatlarla avtobus və ya taksi gözləmələri onların narazılığına səbəb olub.
Bundan başqa, paytaxtda fəaliyyət göstərən məktəblərdə də şagirdlərin dərsə davamiyyəti aşağı düşüb, bir çoxunda isə tədris təxirə salınıb.
Qeyd edək ki, ötən gün Milli Hidrometeorologiya Xidməti ölkədə temperaturun aşağı düşəcəyi, qarlı və çovğunlu hava şəraitinin olacağı və yolların buz bağlayacağı ilə barədə xəbərdarlıq edib. Xidmətin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən, qarlı və çovğunlu hava şəraiti sabah da davam edəcək.
Bakı Nəqliyyat Agentliyi isə qarlı-çovğunlu hava şəraiti ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinin çətinləşdiyi, tıxacların yarandığı barədə məlumat yayıb.
***
İlin ən soyuq günündə Bakıya qar yağıb.
PİA.az xəbər verir ki, qarın yağmasını əks etdirən fotolar bir anda sosial şəbəkələrin bəzəyinə çevrilib.
Hər kəs öz yaşadığı ərazidən foto paylaşaraq qarın yağmasına reaksiya verib.
Qeyd edək ki, hazırda Bakıda da daxil olmaqla, Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda və Abşeron yarımadasında qar yağır.
Qərb küləyinin sürəti Neftçalada 25, Naftalanda 24, Ağstafada 23, Hacıqabul 20, Gəncə, Tovuzda 18, Sabirabad , Yevlaxda 17, Tərtər, Ağdam, Bərdədə 16, Bakıda 22, Binədə 19, Maştağa, Çilov adasında 19, Sumqayıt, Qum adasında 18, Neft daşlarında 21 m/s- dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.
pia.az