Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakımız sanki diri-diri yandırılmışdı”: 20 Yanvar faciəsinin şahidi ilə müsahibə

20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 minlik sovet ordusu Bakı və Sumqayıta şəhərlərinə daxil oldu.

Hərbi müdaxilə nəticəsində 147 dinc sakin həlak olub, 744 nəfər yaralanıb.

Həmin dəhşətli gecədə günahsız dinc sakinlər zərər çəkdi.

Qanlı gecənin şahidlərindən biri də Zaqafqaziya Hərbi Dairəsinin Bakı qarnizonunun Hərbi Prokurorluğunun keçmiş əməkdaşı Lalə Rzayeva olub.

Media.Az onunla həmin dəhşətli gün barəsində danışıb:

O zaman artıq mənim 22 yaşım tamam olmuşdu, uşaqlarım var idi. Böyük qızım üç yaş yarım, kiçiyi altı aylıq idi. Biz Zahid Xəlilov küçəsində, Bakı Ali Hərbi Məktəbindən bir qədər aralıda, “Salyan kazarma”sının yanında yaşayırdıq. Anam isə hərbi şəhərcikdə uşaq bağçasının müdiri idi.

Qeyd olaraq:

Yanvarın 15-də Moskvada Mixail Qorbaçovun sədrliyi ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası keçirilməli idi. Həmən gün Bakıda Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Dağlıq Qarabağ Muxtar Vilayəti və sərhədyanı rayonlarda fövqəladə vəziyyət rejiminin tətbiqini təsdiq etməli olan iclası baş tutmalı idi. Bakı iclasında kvorum (yetərsay, yetərsəs .red) olmadığından qərar da qəbul edilmədi. Lakin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov və onun kimiləri isə məlumatları saxtalaşdıraraq, kvorumun baş tutduğunu və fövqəladə vəziyyətin tətbiqinə icazə verildiyini bəyan etdilər. SSRİ Ali Sovetinin Rəyasət Heyəti saxta sənəd əsasında Azərbaycan Respublikası ərazisində fövqəladə vəziyyətin tətbiqi haqqında qərar qəbul etdi.

Artıq yanvarın 19-da hərbi şəhərciklərin yaxınlığında barrikadalar qurulmuşdu. Müəyyən bir gərginlik hiss olunurdu.

Şayiələr yayıldı ki, sovet qoşunları Bakıya daxil olub şəhəri işğal edəcəklər. Səhər məhkəmə eksperti işləyən dostum mənə zəng etdi, məndən və qohumlarımdan evdən çıxmamağımızı istədi.

Ondan nə baş verdiyini soruşdum, cavab vermədi. Sadəcə, hamımızı evdə qalmağa təkid etdi. Qeyd edək ki, bütün kriminalistlər işə getməyə məcbur edildilər.

Eyni zamanda bizim hərbçilər anama xəbərdarlıq etmiş, o isə öz növbəsində evə zəng edərək bizə evi tərk etməməyi tapşırmışdı. Təkrar edim ki, şəhərdə gərginlik hökm sürürdü. Hiss olunurdu ki, nə isə olacaq, amma heç kim bunun nə olacağını təxmin etmirdi.

- Əlbəttə, tankların mülki şəxslərə atəş açacağını necə təsəvvür etmək olardı?

Təbii ki, bunu heç kim gözləmirdi. Yanvarın 19-da anam evə axşam saat 6-da gəldi.

Uşaqlara dayə baxırdı, ərim isə ezamiyyətdə idi: ya Minskdə, ya da Leninqradda (indiki Sankt-Peterburq) idi.

Səhər bizimlə eyni binada yaşayan qohumumla birlikdə ərimi qarşılamaq üçün hava limanına getməli idik.

Yanvarın 19-u axşam saat 9-da qohumum Şəfiq Ağasının evdən getdiyini öyrəndim. Uşaqları yatızdırıb, başqa bir qohumum Mehranla birlikdə onu axtarmağa getdik. Elə bu vaxt gördük ki, televiziya studiyasının qarşısına insanlar toplaşıb.

Qeyd edək ki, Azərbaycan Televiziyasının enerji bloku partladılıb, nəticədə Azərbaycan televiziyası yayımını dayandırıb. Bu, sadə vətəndaşların Bakıda fövqəladə vəziyyətin tətbiqindən xəbər tutmaması üçün edilib. Mixail Qorbaçov yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyətinin Bakıda fövqəladə vəziyyətin tətbiqi haqqında qəbul etdiyi fərmanı imzalayıb. Baxmayaraq ki, buna Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti icazə verməli idi. Beləliklə qanunsuz normativ akt Bakıya da şamil edilib.

İnsanlar nə baş verdiyini başa düşmürdülər. Yeri gəlmişkən, demək olar ki, bütün şəhəri gəzsək də, yaxın qohumumuzu tapa bilmədik.

Bəs o harada idi?

Onu evimizin yaxınlığındakı təcili tibbi yardım stansiyasında tapdıq. Şəfiq Tibb Universitetini bitirməyə hazırlaşırdı, rezident idi. Artıq saat 22:00 idi, evə getdik, atışma başladı. Şəfiq dərhal təcili yardım stansiyasına endi, bacısı onu saxlamağa çalışsa da, o, “Hippokrat andı” içdiyini söylədi. Qonşum anestezioloq da köməyə getdi. Artıq təcili yardıma çoxsaylı zənglər gəlməyə başlamışdı, ilk yaralılar və ölənlərlə bağlı xəbərlər yayılırdı. Təcili yardım maşınlarının sürücüləri təşviş içində idilər, belə ki, zənglər daxil olsa da, yollandıqları ünvanda yaralıları tapa bilmirdilər, geri dönəndə isə maşınlar atəşə tutulurdu. Təcili yardım maşınlarının bəzilərinin yanacağı bitmişdi, onlardan birinə benzini öz maşınımızdan tökdük.

Qohumum hətta sürücülərdən birinə müraciət də etdi: “Əgər ehtiyat edirsinizsə, mən sizin əvəzinizə çağırışa gedə bilərəm”. Bizim israrımızı görüb sürücü bizi də özü ilə apardı. Amma məlum oldu ki, bizim çağırışa yollandığımız ünvanda yaralı yoxdur, sonra bizim maşın da atəş altına düşdü. Qayıdanda qorxulu filmlərdəki kimi təcili yardım maşının arxa qapılarını açıb yolda asfaltın üzərində olan insanları yığırdıq. Ölü, diri... Fərq etmirdi. Biz həmən an heç bunları anlaya da bilmirdik!

Sadəcə dəhşətdir...

18 yaşında bir gənc qızı xatırlayıram, onun baxışını hələ də unuda bilmirəm. Biz onu qan içində maşına mindirmək istəyəndə tank bizim yolumuzu kəsdi, hərbçilərdən biri onu bizim əlimizdən alıb avtomatın qundağı ilə başına vurdu. Qəzəbdən özümdə deyildim, onun arxasınca qışqırdım, söylədim ki, sən nə edirsən, axı o yaralıdır... O isə cavabında qışqıraraq dedi: “Biz sizi və bütün Bakını yerlə-yeksan edəcəyik”. Bu səhnəni hələ də unuda bilmirəm. Bilirsiniz, tanklarda olanlar – sanki heyvan kimi idilər; maskada olan qeyri-adekvat şəxslər, heyvanlar kimi tankların üzərində atlanıb-düşür, salto edəndən sonra atəş açırdılar. Kimin kim olduğunu ayırd etmədən hamıya atəş açırdılar.

- Onlar axı sizi də öldürə bilərdilər...

Bəli, amma bu barədə yalnız sonra düşündüm. Yaralıları 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) aparırdıq. Xəstəxanada işıq yox idi, hava şaxtalı idi, insanlar qəzetləri yandırırdılar ki, həkimlər yaralıları müalicə edə bilsin. Dəhşət idi!

Evə qayıdanda bir maşına rast gəldik, içəridə yaralının olduğunu düşündük, kömək etmək istədik. Bu şəxsin mənim sinif yoldaşım olduğu məlum oldu, o, başına açılan atəşdən həyatını itirmişdi. Səhərə yaxın evə qayıtdıq, ruhuma ağırlıq çökmüşdü, qışqırmaq istəyirdim. Bizimlə niyə belə rəftar edildiyini başa düşə bilmirdik. Sıravi insanları öldürdülər. Yadımdadır, o zaman anama demişdim ki, bizim Bakı sanki diri-diri yandırılıb.

-Bütün bunlar nə zaman bitdi?

-Xalq şairi Bəxtiyar Vahabzadənin müraciətindən sonra.

Qeyd edək ki, Bəxtiyar Vahabzadə deputatların təcili çağırılmasını xahişi ilə çıxış edərək, respublika rəhbərliyi ilə fövqəladə sessiyanın keçirilməsi barədə razılıq əldə etdi. Saat 5-ə kimi Bakıda baş vermiş qanlı hadisələri pisləyən qərar qəbul olundu.

Yanvarın 22-də Bakı qaraya büründü, bütün şəhər ayağa qalxdı, həyatını itirənlər dəfn edildi, insanlar yas tutdu, ölkədə matəm elan olundu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar