Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdan sonrakı boşluq

İqtisadçı Rövşən Ağayev Bakuresearchinstitute.org saytında tarazlı regional inkişaf problemindən yazıb.

PİA.az-ın məlumatına görə, ekspert qeyd edir ki, əhalisi az olan kiçik ölkələrdə demoqrafik disbalans geniş yayılıb: “Məsələn, Belarus Dövlət Statistika Xidmətinin 2020-ci il buraxılışında bildirilir ki, Belarus və Macarıstanda əhalinin 22-23%-i, Latviya, Litva, Estoniya və Moldovada təxminən 25-30%-i, Ermənistanda 34%-i paytaxtda məskunlaşıb.

Əhalisi çox olan böyük ölkələrdə bu nisbət aşağıdır. Fransada əhalinin 3,5%-i, Braziliyada 1,5%-i, İndoneziyada 5%-i, Almaniyada 4,5%-i, Çində 1,4%-i paytaxtda yaşayır.

Yeri gəlmişkən, rəsmi məlumata görə, Azərbaycan təxminən 23%-lə paytaxtda məskunlaşmanın yüksək olduğu ölkələr sırasındadır. Qeyri-rəsmi məlumatlarda bu göstərici 30%-i aşır. Belə yanaşmalar paytaxtda kommunal xidmət istehlakının səviyyəsinin ölkə göstəricisinin 40%-nə yaxın olmasına əsaslanır.

Əhali sayına görə Bakıdan sonra iki böyük şəhərimiz var: Sumqayıt və Gəncə. Onların hər birində 340 min nəfərə yaxın əhali yaşayır. Rayon mərkəzləri nəzərə alınmasa, yerdə qalan respublika tabeli şəhərlər demoqrafik baxımdan çox kiçikdir. Məsələn, Mingəçevir və Şirvan şəhərlərinin hər birinin ayrı-ayrılıqda 100 min nəfər ətrafında əhalisi var və onları geniş demoqrafik yükü olan ikinci sıra şəhərlər kimi götürmək mümkün deyil. Sumqayıt isə faktiki olaraq nəhəng paytaxt aqlomerasiyasının tərkib hissəsidir.

Bu baxımdan Azərbaycanda ikinci sıra böyük şəhər kimi Gəncəyə nəzər salmaq daha doğru yanaşma olardı. Rəsmi statistikadan çıxış etsək, ölkənin birinci və ikinci şəhərləri arasında demoqrafik fərq 7 dəfə, qeyri-rəsmi hesablamalar götürülsə, 10 dəfəyə yaxın fərq var.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Gəncənin ümumi məhsul buraxılışı Bakı şəhəri üzrə göstəricidən 55 dəfə kiçik olub. Ölkə üzrə məhsul buraxılışının 65%-i Bakının, cəmi 1,2%-i Gəncənin payına düşüb. Aydındır ki, Bakı və Gəncə arasında böyük fərqdə neftin rolu həlledicidir. Lakin sənayedən kənar məhsul buraxılışı götürüldükdə də paytaxtın məhsul istehsalının həcmi Gəncə ilə müqayisədə 40 dəfə böyükdür. Eyni zamanda adambaşına məhsul buraxılışı arasında fərq 9 dəfəyə yaxındır. Sənaye işçilərinin cəmi 3,5%-i Gəncədə çalışdığı halda Bakı üzrə həmin göstərici 60% ətrafındadır.

İnsan kapitalının inkişaf göstəriciləri baxımından Gəncə nəinki paytaxtdan, bir sıra başqa bölgələrdən də geri qalır. Məsələn, Gəncənin bəzi mühüm səhiyyə göstəriciləri (əhalinin hər 1000 nəfərinə düşən həkim personalının və köməkçi tibbi heyətin sayı, xəstəxana tutumu və s.) paytaxtdan orta hesabla 50% azdır. Yaxud universitetlərə qəbulda 500-dən yüksək bal toplayan abituriyentlərin nisbətinə görə Gəncə Bərdə, Qəbələ, Şəki, Abşeron, İsmayıllı, Qubadlı, Ağstafa, Ucar, Neftçala, Qax rayonlarından da geri qalıb.

İctimai nəqliyyat infrastrukturu baxımından da Gəncə yoxsul şəhərdir. Metro, elektriklə işləyən digər nəqliyyat (tramvay, trolleybus) mövcud deyil. İaşə obyektlərində oturacaq yerlərinin sayı arasında 30 dəfə, mehmanxana və digər gecələmə yerlərinin birdəfəlik tutumu arasında isə 15 dəfə fərq var. 2011-2019-cu illərdə istifadəyə verilmiş yaşayış evlərinin sahəsi Bakıda Gəncədən 30 dəfə artıq olub.

Gəncənin iqtisadi potensialının zəif olması, sosial baxımdan cəlbedici yaşayış şərtlərinin təmin edilməməsi son 20 ildə şəhərin demoqrafik böyüməsində də özünü göstərib. Şəhər 2000-2020-ci illərdə əhalisi ən zəif templə artan 7 bölgədən biri olub. 20 il ərzində şəhər əhalisi cəmi 11,5% artıb. Halbuki ölkə üzrə orta göstərici 26%, Bakı şəhəri üzrə 30%-ə yaxın olub. Orta və uzunmüddətli dövrdə demoqrafik böyümə potensialı bir sıra şərtlərlə yanaşı həm də ərazinin sosial-iqtisadi baxımdan yaşayış, investisiya qoyuluşu üçün cəlbediciliyini də əks etdirir”.

Ekspert yazır ki, demoqrafik baxımdan ən böyük şəhərlə ikinci eşelon şəhərlərin əhalisi arasında fərqin üç dəfədən çox olmaması optimal nisbət kimi götürülə bilər: “Məsələn, Bakı şəhərinin əhalisi 2,5-3 milyon nəfərdirsə, ondan sonra gələn şəhərin əhalisinin 800 min-1 milyon nəfər olması optimal nisbətdir. Birin üçə nisbəti göstəricisi hazırda Polşa, Vyetnam kimi inkişaf etməkdə olan ölkələrlə yanaşı Yaponiya (Tokio və Osaka), Cənubi Koreya (Seul və Pusan), Tayvan (Taybey və Kaosiunq) kimi inkişaf etmiş iqtisadiyyatlarda da uğurla təmin edilib.

Böyük Britaniyada (London və Mançester) bir qədər yüksək fərq (təxminən 4 dəfə) olsa da, milli gəlirin yaradılmasında paytaxtın xüsusi çəkisi kritik hesab edilmir (20% ətrafında).

Dünyada bu nisbətin son dərəcə kəskin pozulduğu ölkə nümunələri də var. Məsələn, Peruda (Lima və Arekip) qeyd olunan nisbət 12 dəfəyə yaxındır. İnkişaf etmiş ölkələrdən isə Fransa pis nümunə kimi göstərilir: Paris və Lionun əhalisi arasında fərq 7 dəfəyə yaxındır. İqtisadiyyatın paytaxt Parisdə təmərküzləşmə səviyyəsi də yüksəkdir (30% ətrafında).

Tarazlı regional inkişaf, balanslı şəhər inkişafı baxımından Azərbaycanın dünya təcrübəsini öyrənməyə çox ciddi ehtiyacı var. Ümumi daxili məhsulun ən azı 75%-nin, ixracın az qala 90%-nin, büdcə gəlirlərinin 96%-nin paytaxtda formalaşması Azərbaycanda son dərəcə qeyri-bərabər bölgə inkişafını əks etdirən göstəricilərin hələ tam olmayan siyahısıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar