Bazar, 15 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bakıda Sovet İttifaqının rəhbəri Brejnevə qarşı təxribatı kim təşkil edibmiş?

1970-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatında xidmət etmiş Valeri Tatarinsev Sov. İKP-nin baş katibi Leonid İliç Brejnevin 1970-ci ildə Bakıya səfəri zamanı ona qarşı hazırlanmış provokasiya barədə maraqlı xatirəsini paylaşıb

V. Tatarinsev yazır ki, 1970-ci ildə SSRİ-də Vladimir Leninin anadan olmasının 100 illiyi və Sovet Azərbaycanın 50 illiyi təntənəli şəkildə qeyd olunurdu. Həmin il Azərbaycana gələn Leonid Brejnev yüksək səviyyədə qarşılanmışdı.“Biz həmin vaxt xidməti vəzifəmizi icra edirdik. Kimi Brejnevin lap yaxınlığında idi, kimi də məsafədən yoxlama aparırdı. Mən sovet rəhbərinin lap yaxınlığına düşmüşdüm”– deyə Tatarinsev yazır.

SSRİ rəhbərinin gəlişi ilə bağlı Bakı bulvarında Azərbaycanın xalq təsərrüfatı nailiyyətlərini əks etdirən pavilyonlar qurulur. Birinci katib Heydər Əliyev L.Brejnevi bir-bir bu pavilyonlarla gəzdirərək respublikanın uğurlarını təqdim edirdi. Baş katib bu pavilyonlarda çox ləngimirdi: hərəsi barədə məlumatlara bir dəqiqə qulaq asıb, o birinə doğru gedirdi:

“Biz, xüsusi xidmətin əməkdaşları əvvəlcədən pavilyona daxil olaraq hazırlıq vəziyyətini, təhlükəsizliyi yoxlayırdıq. Bizdən sonra Brejnev və Əliyev pavilyona daxil olurdu. Pavilyonların birinə girərkən, nəsə narahatlıq və bir qədər qarışqlıq hiss etdik. “Nə olub?” – deyə soruşduqda, rabitə pavilyonuna rəhbərlik edən müəssisə rəhbəri həyəcanlı səslə bizə dedi:

– Qulaq asın, yoldaş. Kimsə bu pavilyona köhnə, çürük kreslo qoyub, bunu atmaq istəyirəm burdan. Mümkündür?

Mən ona dedim:

– Siz nə danışırsınız? Hara tullamaq? İndicə Brejnevlə Əliyev bura gələcək!

Müəssə rəhbəri emosional halda:

– Birdən Brejnev bu kresloda oturmaq istəsə? Yıxılacaq axı, – dedi.

Mən isə onu sakitləşdirdim:

– Narahat olma, oturmayacaq. Onun oturmağa vaxtı yoxdur. Tələsir.

Amma mənim bütün proqnozum boşa çıxdı. L.Brejnev paviloyna girən kimi, küncə qoyulmuş həmin köhnə kreslonu gördü. Maraqlıdır ki, o biri pavilyonların heç birində kreslo-filan yox idi. Bu kreslonun pavilyona necə qoyulması təəccüblü idi.

Brejnev kreslonu görən kimi eyni açıldı…və düz gəlib həmin kresloda oturdu. Pavilyon rəhbəri bir anın içində qorxudan ağappaq ağardı. O Brejnevə qışqıra bilməzdi ki, “dayan, oturma”. Həmin rəhbər işçinin qorxudan dili qatlanmışdı. Brejnev bunu hiss etdi:

– Belə həyəcanlanma, niyə əhvalın belə oldu? Sakitcə danış görüm, işləriniz necədi, nə ilə məşğulsunuz – deyə baş katib sakit səslə ona ürək-dirək verdi.

Pavilyon rəhbəri ağzını açıb nəsə deməyə cəhd etsə də səsi çıxmırdı. Heç nə başa düşməyən Heydər Əliyev iti nəzərlərlə pavilyon sahibinə baxırdı. Biz gördük ki, bu adamın əlləri və ayaqları tir-tir titrəyir. Onun həyatı tükdən asılı qalmışdı.

Brejnev kreslodan ayağa qalxdı, əli artıq daşa dönmüş həmin şəxsin çiyininə vurdu. Baş katibin kreslodan qalxdığını görən həmin şəxsin dili açıldı: “Y-yol-da-şş Brejnev…Mən indi… Bu dəqiqə… Mən…” – deyə nəsə söyləməyə çalışanda Brejnev yenidən həmin kresloya oturdu. Həmin məmur ilan sancmış adam kimi yenə lal oldu.

– Yaxşı, yaxşı, sakitləş, görüm – deyə Brejnev astaca qalxaraq gülümsündü və pavilyondan çıxdı…

Brejnev pavilyondan çıxan kimi, həmin şəxs əsəbdən əsərək “ay Allah” deyə qışqırıb kresloya oturdu. Onun oturması ilə həmin an kreslonun dağılaraq tikələrinin hər tərəfə yayılması bir oldu. Yerə yıxılan məmur var gücü ilə “Ay Allah! Sən varsan, sənə şəkk edənə lənət! Allah məni xilas etdi” – deyə göz yaşı içində bağırmağa başladı…

Biz də onunla birlikdə sevinirdik. Həmin gün Allah təkcə onu yox, bizi də xilas etmişdi. Əgər Brejnev kresloya oturan zaman kreslo çöksəydi, baş katib yerə yıxılsaydı, o zaman bizim taleyimizin necə olacağı bəlli olmazdı.

Sonradan müvafiq orqanların araşdırmasından sonra subut olundu ki, bu, həqiqətən əvvəlcədən hazırlanmış təxribat olub. Amma bunun kim tərəfindən qurulması müəmmalı qaldı…”(Azpost.info)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


loading...

Ən çox oxunanalar