Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib - Yenilənib

Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilir...

 

Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət olan layihə çərçivəsində 2018-ci ilin mayında Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. Həmin ilin iyununda isə TANAP qaz boru kəməri istifadəyə verilib, ötən il isə TANAP Avropa sərhədinə çatdırılıb. Beynəlxalq maliyyə qurumlarının, ABŞ, Böyük BritaniyaAvropa İttifaqının dəstək verdiyi bu layihənin sonuncu seqmenti olan TAP-ın inşası isə davam edir. Yeddi ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliyanın iştirak etdiyi, uzunluğu 3500 kilometr, ümumi dəyəri isə təxminən 40 milyard dollar olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində strateji amildir.

Əvvəlcə toplantının iştirakçıları birgə foto çəkdiriblər.

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib:

- Zati-aliləri cənab Prezident.

İcazə verin, biz - Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısının iştirakçıları Cənub Qaz Dəhlizi layihəsinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildirək. Sizin təşəbbüsünüz sayəsində təsis edilmiş Məşvərət Şurası rəhbərliyiniz və tövsiyələriniz əsasında səmərəli və çoxtərəfli əməkdaşlıq formatı kimi illər ötdükcə Cənub Qaz Dəhlizi layihəsinin icrasına mühüm töhfələr vermişdir. Məşvərət Şurasının toplantılarında tərəfinizdən qaldırılan məsələlər, Sizin aydın strateji baxışınız və qətiyyətli mövqeyiniz 2020-ci ilin sonunadək Cənub Qaz Dəhlizini tamamlamaq üçün bizim əlaqələndirilmiş işimizdə əsas amillər olaraq qalmağa davam etmişdir.

Cənab Prezident, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında açılış nitqi ilə çıxış etmək üçün Sizə söz vermək bizə böyük şərəfdir. Buyurun, söz Sizindir.

Dövlətimizin başçısı toplantıda nitq söyləyib.

Prezident İlham Əliyevin nitqi
- Təşəkkür edirəm.

Hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Mən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında iştirak etmək üçün buraya təşrif buyurmuş bütün qonaqları görməyimə çox şadam. Əvvəla, mən bu gün bizimlə birlikdə bu toplantıda iştirak edən nümayəndələrin hökumətlərinə illik altıncı toplantıda iştirak etmək məqsədilə yüksəksəviyyəli nümayəndələrini göndərdiyi üçün təşəkkürümü bildirmək istəyirəm.

Bu əməkdaşlıq formatının təşəbbüskarı olaraq Azərbaycan böyük qürur hissi keçirir ki, illər ərzində Məşvərət Şurası nəhəng Cənub Qaz Dəhlizi layihəsinin icrasında bizim səylərimizi gücləndirən çox səmərəli işçi mexanizmə çevrilmişdir. Biz bütün tərəfdaşlarımıza, ilk növbədə, Cənub Qaz Dəhlizinin üzvləri olan tərəfdaş ölkələrə - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya minnətdarıq. Bu ölkələr Azərbaycana çox yaxındırlar və mən bu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərimi xatırlayıram. Yalnız bu ilin iki ayında Türkiyə, İtaliya və Gürcüstanın dövlət və hökumət başçıları ilə görüşlərim, həmçinin bizim yaxın əməkdaşlığımızı nümayiş etdirir. Üç gün bundan əvvəl Türkiyə Prezidenti bizim qonağımız idi. Biz bu baxımdan nələrə nail olduğumuzu və gələcək planları müzakirə etdik. Bir həftə bundan əvvəl İtaliyaya dövlət səfəri çərçivəsində bu ölkənin Prezidenti və Baş Naziri ilə görüşlərim zamanı biz bu mühüm layihəni müzakirə etdik. Yanvar ayının sonunda Gürcüstanın Baş Naziri ilə keçirdiyim görüş bizə nailiyyətləri nəzərdən keçirməyə və gələcək addımlarımızı planlaşdırmağa imkan yaratmışdır. Hesab edirəm, Cənub Qaz Dəhlizi layihəsinin üzv ölkələrindən ibarət bu nadir tərkib onu nümayiş etdirir ki, ümumi amal ölkələri birləşdirə bilər. Əminəm ki, Cənub Qaz Dəhlizi layihəsi tamamlanandan sonra bizim çoxtərəfli əməkdaşlığımız digər sahələrdə davam edəcək.

Mən, həmçinin Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları hökumətlərinə Azərbaycanın təşəbbüskarı olduğu layihələrə davamlı dəstək göstərdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Bu proses 1990-cı illərin ortasından başlamışdır. O zaman Azərbaycan öz neft və qaz potensialını xarici investorlar üçün açıq elan etdi. Azərbaycan Xəzər regionunda xarici şirkətlərə sərmayə yatırmaq və Xəzər dənizində neft əməliyyatlarını aparmaq imkanını verən ilk ölkə idi. Ötən 25 ildən artıq müddət ərzində Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallığın hökumətləri Azərbaycanla sıx tərəfdaşlıq edərək Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin icrasına böyük töhfələr vermişdir.

Mən tərəfdaş ölkələrimizin yüksəksəviyyəli nümayəndələrini görməyə çox şadam. Mən, həmçinin Avropa Komissiyasına minnətdarlığımı bildirmək istəyirəm. 2011-ci ildə Avropa Komissiyası və Azərbaycan burada - Bakıda Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzaladılar və bu, faktiki olaraq həmin layihənin icrasının başlanğıc mərhələsi oldu. Həmin Bəyannamədə biz açıq-aydın bəyan etdik ki, bu, strateji layihədir və layihənin icrası üçün səylərimizi əsirgəməyəcəyik. Mən 2011-ci ildə Bakıda bu sənədi birgə imzaladığımız Avropa Komissiyasının sabiq prezidenti cənab Barrozoya şəxsi minnətdarlığımı bildirmək istəyirəm. O, Azərbaycana iki dəfə səfər etmişdir. Həmçinin Azərbaycana iki dəfə səfər etmiş və sonuncu dəfə keçən ilin iyulunda təşrif buyurmuş, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsində çox önəmli rol oynamış Avropa İttifaqı Şurasının sabiq prezidenti cənab Tuska da təşəkkürümü bildirmək istəyirəm. Həmçinin Avropa Komissiyasının sabiq komissarı cənab Ottingerə də çox minnətdar olduğumuzu qeyd etmək istəyirəm. O, bu layihənin icrasına yaxından cəlb edilmiş Avropa İttifaqının ilk komissarı olmuşdur. Həmçinin vitse-prezident Şevçoviçi qeyd etmək istəyirəm, o, indi vitse-prezident vəzifəsində işini davam etdirir, lakin digər sektorlara cəlb olunub. Amma Cənub Qaz Dəhlizi üzərində işləyərkən o, həmişə illik toplantılarda bizimlə birlikdə idi və əməkdaşlığımız konkret nəticələrə gətirib çıxarmışdır. Əlbəttə ki, mən bizə bu layihəni icra etməyə kömək göstərmiş beynəlxalq maliyyə institutlarını da qeyd etmək istəyirəm. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər banklar, həmçinin özəl banklar. Onların dəstəyi olmadan layihənin icrası mümkünsüz olardı. Başqa sözlə, biz çox nadir əməkdaşlıq formatını müəyyən etdik. Əlbəttə ki, Azərbaycan layihənin təşəbbüskarı, investoru və ev sahibi olaraq bu təşəbbüsə start verdi. Bu təşəbbüs bizim qonşularımız Türkiyə və Gürcüstan tərəfindən dəstəklənmişdir. Bu ölkələrlə biz əvvəllər enerji resurslarının nəqli və infrastrukturu üzrə mühüm layihələr icra etmişik. Sonra bu təşəbbüs yeni tərəfdaşlar - onlardan üçü Avropa İttifaqının üzvü olan İtaliya, Yunanıstan və Bolqarıstan, həmçinin Albaniya tərəfindən dəstəklənmişdir. Sonra isə yeni və potensial tərəfdaşlar - anlaşma memorandumlarını imzaladığımız ölkələr olan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro bu təşəbbüsə qoşulmuşdur. Həmçinin bu gün bu masada biz Macarıstan, Rumıniya, Serbiya və Türkmənistanın nümayəndələrini görürük və onların burada iştirakı bu layihəyə maraqlarının olduğunu nümayiş etdirir. Hesab edirəm ki, qarşıdan gələn illərdə biz əməkdaşlığımızı gücləndirəcəyik və ola bilsin, bütün ölkələr arasında daha geniş əməkdaşlıq formatını yaradacağıq və hətta, ola bilsin, burada iştirak etməyən ölkələr gələn ilin fevral ayında bizə qoşulacaq.

Fürsətdən istifadə edərək hamınızı gələn ilin fevralında qonağımız olaraq buraya dəvət etmək istəyirəm. Çünki hesab edirəm ki, TAP-ın tikintisinin tamamlanması bizim komanda işimizin sonu demək deyil. Düşünürəm ki, gələn ilin fevral ayında burada - Bakıda bir çox məsələləri nəzərdən keçirmək lazımdır. Sonra da biz gələcək üçün strategiyamızı hazırlayacağıq. Keçən ilin fevral ayında biz 2018-ci ilin iyununda Türkiyə bazarına çatan TANAP-ın hissəsinin uğurla tamamlanması barədə məlumat verdik. Bu dəfə isə biz qürur hissi ilə artıq Türkiyə-Yunanıstan sərhədinə çatmış TANAP-ın tamamlandığını bildiririk. Bu, bizim meqalayihəmizin icrasında çox mühüm mərhələdir. Bu gün Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması vəziyyətinin çox yüksək olduğu və sizə də yaxşı məlum olduğu kimi, TAP layihəsinin təqribən 92 faiz tamamlandığı bir vaxtda ümid edirəm ki, bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik.

Əlbəttə, bütün səylərimiz çox konkret nəticələr verdikdən sonra geriyə baxdıqda bizim qarşımızda - Azərbaycanın qarşısında müstəqillik illərimizin əvvəlində hansı çağırışların olduğunu hətta təsəvvürümüzə gətirmək belə çətindir və bir gün, 30 ildən daha az müddətdə ölkənin beynəlxalq tərəfdaşları ilə birlikdə belə böyük uğura nail olacağını və dünya ölkələrini maraqlandıran, dünya miqyasında layihələrin təşəbbüskarı olacağını, tərəfdaşları ilə birlikdə onları uğurla icra edəcəyini təsəvvür etmək mümkün deyildi. Bu layihələrin hər biri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, digər kəşfiyyat və hasilat layihələri, Cənub Qaz Dəhlizi, - mən, həmçinin Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihəsini də buraya əlavə edərdim, - onların hər biri strateji əhəmiyyətə malikdir. Onların hər biri ölkəmiz və xalqımız, bu layihədə iştirak edən bütün ölkələr üçün dayanıqlı, uğurlu və əminəm ki, çiçəklənən inkişafı təmin edəcəkdir.

Lakin 1991-ci ildə vəziyyət tamamilə fərqli idi. Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan müstəqilliyini bərpa etmişdi. Lakin əfsuslar olsun ki, ölkə öz xalqı üçün normal həyat şəraitini təmin edə bilməmişdir. Tam yoxsulluq var idi, iqtisadiyyat durğunluq vəziyyətində idi. Bir çox mürəkkəbliklərə və böyük itkilərə gətirib çıxaran xaotik bir vəziyyət var idi. 1992-ci ildə vəziyyət daha da pisləşdi. O zaman hərbi çevriliş nəticəsində Xalq Cəbhəsi hakimiyyətə gəldi. Deyərdim ki, o zaman fəlakət vaxtı idi. Çünki birillik hakimiyyət Azərbaycanı uçuruma gətirdi. İqtisadiyyat tamamilə məhv edilmişdi, geniş vüsət almış korrupsiya faktiki olaraq bizim yeni əldə etdiyimiz dövlətçiliyimizi pozan amil idi. İnflyasiyanın səviyyəsi 1000 faizdən artıq idi. Ermənistanın işğalı, 1 milyondan çox qaçqın və məcburi köçkün - hesab edirəm ki, o zaman biz adambaşına düşən qaçqınların sayına görə birinci yerdə idik. Ermənistan qüvvələrinin bizim ərazilərimizin bir hissəsini işğal etdiyi zaman Xalq Cəbhəsi hökuməti vətəndaş müharibəsinə, bu korrupsioner rejim azərbaycanlılar arasında müharibəyə başladı. Əldə edilmiş dövlətçilik yenidən risk altında idi. Azərbaycan xalqı bu antimilli rejimi məhv edəndə və Heydər Əliyevi Bakıya dəvət edəndə müdriklik və cəsarət nümayiş etdirdi. 1993-cü ilin oktyabrından, Heydər Əliyev prezident seçiləndən sonra Azərbaycan sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoymağa başladı. Beləliklə, həmin vaxtdan bəri ölkəmiz siyasi, iqtisadi və sosial sabitik vəziyyətində yaşayır. Regionumuzda və dünyadakı vəziyyətə nəzər yetirərkən, biz yeni münaqişələr, yeni qarşıdurmalar görürük. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır. Hesab edirəm ki, sabit və təhlükəsiz mühitdə yaşayış bizim siyasətimizin əsas nailiyyətlərindən biridir.

Əlbəttə ki, dövləti qurmaq üçün əsas yollardan biri güclü iqtisadiyyatın yaradılması idi və xarici investisiyalar olmadan bu mümkün deyildi. Ona görə də investisiya yatırmaq üçün xarici şirkətləri cəlb etməyimiz çox aydın idi, lakin haraya investisiya yatırılmalı idi? Xarici şirkətlərin maraq göstərə biləcəyi yeganə sahə neft sahəsi idi. Lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu, burada xarici şirkətlərin nümayəndələri özlərini çox narahat hiss edirdilər, onlar üçün hətta qala biləcəkləri normal otellər mövcud deyildi. Əlbəttə ki, bu vəziyyətdə investisiyaları cəlb etmək asan vəzifə deyildi. Lakin biz bunu edə bildik və 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” yataqları üzrə müqavilə Azərbaycan və xarici şirkətlərdən ibarət konsorsium tərəfindən imzalandı. Bu, bizim tərəqqiyə, çiçəklənməyə və inkişafa doğru yolumuzun əvvəli idi.

Ona görə də Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb. Keçmişdə - Azərbaycan müstəqil olmadığı zaman, bildiyiniz kimi, ilk dəfə neft Bakıda çıxarılıb və dünyadakı ilk quyu bəlkə də buradan 10 kilometr məsafədə yerləşir. Lakin xalqımız bundan faydalana bilmirdi. Çünki Azərbaycanın müstəqil olmadığı zamanlarda 1 milyard tondan çox neft hasil edilmişdir. Əgər həmin vaxt Azərbaycan müstəqil olsa idi, biz bu gün dünyada ən varlı və çiçəklənən ölkələrdən biri ola bilərdik. Lakin həmin təbii sərvətlər Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Yalnız biz müstəqil olduqdan sonra bu, baş verdi. Bu günün Azərbaycanı bunun aydın nümunəsidir. Ona görə də 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması təkcə kommersiya layihəsi deyildi. Bu, bizim üçün həyatda qalmaq layihəsi idi. Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi. Bundan sonra Azərbaycana maraq artdı və 1996-cı ildə “Şahdəniz” sazişi imzalandı. Həmin vaxt qaz ölkələrin enerji təhlükəsizliyində o qədər də vacib amil deyildi. Ona görə də “Şahdəniz” sazişinin imzalanması 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” kontraktının imzalanması qədər vacib hesab olunmurdu. Lakin bu günün reallıqları onu göstərir ki, onu vaxtında etmək necə də müdrik addım olub. Daha sonra 1997-ci ildə müqavilədə müəyyən edilmiş ərazidən ilk neft çıxarıldı. Bu baxımdan, düşünürəm ki, bu da rekord idi. Çünki adətən xarici investorlarla müqavilənin imzalanması ilə ilk karbohidrogen ehtiyatlarının çıxarılması arasında vaxt 3 ildən çox olur. Bizdə isə bu, 3 il oldu və bu, bizə imkan verdi ki, iqtisadiyyatın digər sektorlarına investisiya yatırmağa başlayaq. 2002-ci ildə əsas neft boru kəmərinin tikintisi ilə bağlı qərar artıq həyata keçirilmişdi. Çünki Bakı-Tbilisi-Ceyhan kəmərinin praktiki tikintisi başlamışdı. Bundan əvvəl bizim neftimizi Rusiya, Gürcüstan və Qara dəniz limanlarına çatdıran iki boru kəməri Bakı-Novorossiysk və Bakı–Supsa artıq istifadəyə verilmişdi. Ona görə də Bakı-Tbilisi-Ceyhanın 2006-cı ildə açılışı ölkəmizin inkişafında digər bir mərhələ idi. Çünki ondan sonra biz gəlirlər əldə etməyə, infrastruktura və insan kapitalına investisiya yatırmağa başladıq. 2007-ci ildə isə Azərbaycan ilk dəfə beynəlxalq qaz ixracatçısına çevrildi, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti açıldı. Biz hesab edirik ki, planlaşdırdıqlarımızın əksəriyyəti uğurla yerinə yetirildi. Lakin qarşımızda yeni çağırışlar var idi. Biz “Şahdəniz”in, “Şahdəniz-2” layihəsinin tam miqyasda işlənilməsinə başlamalı idik. Əsas qaz boru xətti sistemi olmadan bu, imkansız idi. Ona görə də konsorsium tərəfdaşlarla razılığa gəlmək, yekun investisiya qərarı vermək üçün bizi gözləyirdi və biz buna nail olduq. 2012-ci ildə Azərbaycan və Türkiyə Trans-Anadolu boru kəmərinin - TANAP-ın tikintisi ilə bağlı müqavilə imzaladı. Bundan əvvəl qeyd etdiyim kimi, biz 2011-ci ildə Avropa Komissiyası ilə birgə bəyannamə imzaladıq. Bundan sonra beynəlxalq konsorsium “Şahdəniz-2” ilə bağlı yekun investisiya qərarını verdi və uğurla aparılmış tikintiyə praktiki olaraq start verildi. 2018-ci ildə biz artıq Bakıda - Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışını etdik və iyunda TANAP-la qaz Türkiyə bazarına çatdı. Artıq dediyim kimi, ötən ilin noyabrında TANAP Avropa sərhədlərinə çatdı. TAP-ın icrası artıq 92 faiz tamamlanıb. Beləliklə, bu, bizim hamımızın uğur hekayəsidir.

Düşünürəm ki, Məşvərət Şurası bu layihənin həyata keçirilməsində çox vacib rol oynayıb. Çünki biz hər il təkcə Bakıda görüşmürük. İl ərzində çoxsaylı görüşlər, məsləhətləşmələr keçirilir və layihəni irəliyə aparmaq üçün vacib qərarlar verilir. Azərbaycan bu müddət ərzində həm də etibarlı tranzit ölkəyə çevrildi. Təkcə təchizatçı deyil, həm də tranzit ölkəyə çevrildi. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər. Həmçinin Rusiya şirkətləri tərəfindən bu ölkənin Xəzər dənizi sektorundan çıxarılan neft bizim sistemimiz - Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql edilir. Beləliklə, biz artıq tranzit ölkəyik. Tranzit ölkə kimi rolumuz əminəm ki, artacaq. Bu, həmçinin Azərbaycanın nəqliyyat sektorunun sürətli inkişafını stimullaşdırmışdır. Bu gün bu sektor çox müasir və səmərəlidir, Avrasiya nəqliyyat qovşağı kimi mövqelərimizi gücləndirməyə kömək edəcək. Xəzərdəki ən böyük donanma bizə məxsusdur, 200-dən çox gəmimiz var. Hazırda həm bizim, həm də konsorsium üçün zəruri gəmilər istehsal edən çox müasir gəmiqayırma zavodumuz var. Biz 6 beynəlxalq hava limanı tikmişik. Onlardan biri - Heydər Əliyev Beynəlxalq Aeroportu 5 ulduza layiq görülmüş hava limanıdır. Bu, dünyadakı beşulduzlu 10 hava limanından biridir. Biz dəmir yolu sistemimizi müasirləşdirmişik və bu proses davam etməkdədir. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərəliliyinə görə dünyada 12-ci yerdədir. Azərbaycan hava yollarının səmərəliliyinə görə dünyada 11-ci yerdədir. Yolların keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. İnfrastrukturun keyfiyyətinə görə isə 34-cü yerdəyik. Beləliklə, nəqliyyat sektorunun inkişafı çox sürətli olub.

Hazırda Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir. Əslində, bu gün biz artıq ölkəmizdən keçən Şimal-Qərb nəqliyyat dəhlizi və hələ ki, istismara verilməyən, lakin potensialı olan Cənub-Qərb nəqliyyat dəhlizi barədə danışırıq. Həmçinin demək istərdim ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” Azərbaycanın yeganə böyük sərvəti deyil. Baxmayaraq ki, onlar həqiqətən də böyük sərvətdir. Çünki Azərbaycanın və BP-nin müqavilənin müddətinin 2024-ci ildən 2050-ci ilə qədər uzadılması ilə bağlı müqaviləni imzalaması faktı onu göstərir ki, “Azəri-Çıraq-Günəşli”nin potensialı həqiqətən də böyükdür. Əgər əvvəllər yatağın neft potensialını 500 milyon ton ehtimal edirdiksə, hazırda bu, 1 milyard tondan qat-qat çoxdur. Əminəm, yeni texnologiyalar imkan verəcək ki, biz daha çox neft hasil edə bilək.

Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar 3 trilyon kubmetr civarındadır. Ona görə də Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq. Bu gün ənənəvi tərəfdaşlarımızla, - “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” konsorsiumlarına rəhbərlik edən və strateji tərəfdaşımız olan BP ilə “D 2030” adlandırılan layihə üzərində çalışırıq. Bu, 2018-ci ildə qüvvəyə minib. BP ilə birlikdə biz “Şəfəq- Asiman” qaz yatağı üzərində çalışırıq və ilk quyu çox tezliklə qazılmalıdır. Biz BP ilə, həmçinin “Dayazsulu” adlandırılan layihə üzərində çalışırıq. Bu layihənin aşkar edilməyən yataqlar baxımından böyük potensialı var, çünki o, sahilə çox yaxın yerləşir və bizim ənənəvi hasilatımız dənizdə aparılırdı. Gələn il biz “Total”la 300 milyard kubmetr qaz potensialı olan “Abşeron” yatağından qaz hasilatına başlayacağıq. SOCAR fəal şəkildə “Ümid-Babək” yatağının işlənilməsi ilə məşğuldur. Hazırda “Ümid” yatağının gündəlik hasilatı 3 milyon kubmetr qazdır. Bu yatağın potensialı 200 milyard kubmetrdən çoxdur. “Equinor”la birlikdə biz “Qarabağ yatağı” üzərində çalışırıq. Mənə verilən məlumata görə, kəşfiyyat quyusu çox tezliklə qazılmalıdır. Beləliklə, bunların hamısı Azərbaycanın gələcək potensialının göstəricisidir. Üstəgəl, “Azəri-Çıraq-Günəşli”də böyük həcmdə dərin qaz yataqları var və SOCAR ilə BP arasında bu istiqamətdə danışıqlar çox uğurla gedir. Ümid edirəm ki, tezliklə biz razılığa gələ biləcəyik. Beləliklə, bunlar hamısı, beynəlxalq bazarlarda iştirakımızın genişləndirilməsi, şaxələnmiş üsullarla karbohidrogen ehtiyatlarımızın ixracı və xalqımız üçün daha yaxşı şəraitin yaradılmasından ibarət olan strateji məqsədlərimizin həyata keçirilməsinə töhfə verəcək. Bu, bizim məqsədimizdir və dövlətçiliyimizin gücləndirilməsidir.

Biz, həmçinin sərvətlərin ədalətli bölgüsü üzərində fəal işləyirdik. Çünki neft hasil edən bir sıra ölkələrdə varlı və yoxsullar arasındakı fərq çox yüksəkdir. Ona görə də bizim əsas məqsədimiz dediyimiz kimi, nefti - “qara qızıl”ı insan kapitalına çevirmək olub. Son 16 ildə Azərbaycanda yoxsulluq səviyyəsinin təxminən 50 faizdən 4,8 faizə düşməsi faktı onu göstərir ki, iqtisadi inkişaf və neft-qaz layihələri insanlara daha yaxşı həyat sürməyə kömək edib. Bu müddət ərzində bizim iqtisadiyyatımız 3,4 dəfə artıb. Bu, dünya rekordudur. Son 16 ildə xarici ticarətimiz 6,4 dəfə artıb. Bizim birbaşa xarici borcumuz ümumi daxili məhsulun yalnız 17 faizini təşkil edir. Sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcu istədiyimiz vaxt bağlaya bilərik.

Beləliklə, bunlar əsas iqtisadi məlumatlardır. Sonda onu əlavə etmək istərdim ki, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri hesab edir. Bu ilin yanvarında Azərbaycan ilə Davos Dünya İqtisadi Forumu arasında Bakıda “Davos Dördüncü Sənaye İnqilabı Mərkəzinin yaradılması haqqında niyyət protokolu” imzalandı. Bu, Qafqaz və Mərkəzi Asiyanı əhatə edəcək regional mərkəzdir. Azərbaycan ona görə seçildi ki, çünki bizim sənayemiz, qeyri-neft sənayemiz sürətlə inkişaf edir. Təkcə ötən il qeyri-neft sənayesində inkişaf təxminən 14-15 faiz idi. Bu il ümid edirik ki, artım daha çox və ya eyni səviyyədə olacaq.

Əlbəttə, neft və qaz layihələrindən danışarkən biz həmişə enerji təhlükəsizliyindən danışırıq. Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir. Enerji resurslarının şaxələndirilməsi ən vacib məsələlərdən biridir. Burada, əlbəttə, mənbələrin şaxələndirilməsi ən vacib məsələdir. Bizim nümunəmizdə isə mənbələrin və marşrutların şaxələndirilməsindən söhbət gedir. Həmçinin düşünürəm ki, bizim uğurumuzun əsas səbəblərdən biri maraqların balansıdır - hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasındakı balans. Əminəm ki, aramızdakı bu müsbət əməkdaşlıq formatı davam edəcək. Məşvərət Şurasına uğurlar arzu edirəm. Çox sağ olun.

X X X

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib:

-Cənab Prezident, icazə verin, Məşvərət Şurasının üzvləri adından ətraflı və məzmunlu nitqinizə görə bir daha Sizə dərin minnətdarlığımızı bildirək. İndi mən çıxış üçün sözü Avropa Komissiyasının nümayəndəsi, Avropa Komissiyasının Enerji Məsələləri üzrə Baş Direktorluğunun baş direktorunun müavini, doktor Klaus-Diter Borxardta vermək istərdim.

X X X

Avropa Komissiyasının nümayəndəsi Klaus-Diter Borxardtın çıxışı
- Çox sağ olun. Hörmətli Prezident Əliyev, nazir Şahbazov, nazir Petkova, nazir Tunova, nazir Ançiç, nazir müavinləri, zati-aliləri, xanımlar və cənablar.

Bu çox mühüm toplantıda - Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı iclasında Avropa İttifaqı adından çıxış etmək mənim üçün şərəf və böyük məmnuniyyətdir. Bilirəm ki, hamınız burada aranızda enerji məsələləri üzrə yeni komissar xanım Simsonu görəcəyinizi gözləyirdiniz. Təəssüf ki, o, Avropa Komissiyası və Afrika İttifaqı arasında keçirilən kollegiyalararası görüşə görə Əddis-Əbəbədə qalmağa məcbur olmuşdur. O, buraya gəlməyi çatdıra bilmədi. Lakin o, sizin hamınıza ən səmimi salamlarını göndərir və həmçinin məndən xahiş etdi sizə çatdırım ki, onun Cənub Qaz Dəhlizinə sadiqliyi sələflərininki qədər güclüdür. Mənim fikrimcə, Məşvərət Şurasının bu altıncı toplantısı tamamilə özəl bir iclasdır. Çünki bir tərəfdən bizim qeyd ediləsi işlərimiz var və Prezident Əliyevin Cənub Qaz Dəhlizinin böyük mərhələləri ilə bağlı bizə verdiyi məlumatdan görə bilərsiniz ki, bütün bunlara 2011-ci ildə start verilib. Biz indi, sadəcə, 2020-ci ildəyik və buna nail olunması özlüyündə tamamilə inanılmazdır. Düşünürəm ki, “Şahdəniz-2” yatağından hasil edilən qazın ilin sonunadək Avropa İttifaqına - İtaliyaya qədər nəqli ilə bağlı sadə fakt bizim hamımız üçün fantastik nailiyyət olacaq. Prezident Əliyevin indicə qeyd etdiyi kimi, Avropa İttifaqı üçün əlbəttə ki, bu layihə həyati əhəmiyyət kəsb edir. Çünki bu, bizim enerji təhlükəsizliyimizi gücləndirir, həmçinin bizim şaxələndirmə strategiyamızın bir hissəsidir, yeni mənbədir və eləcə də daha mühümü olan Avropa bazarına yeni marşrutdur. Burada mən bütün bu illər ərzində bu layihələrə göstərdiyi idarəçiliyə və rəhbərliyə görə Prezident Əliyevə və onun hökumətinə təşəkkürümü bildirmək istərdim. Əlbəttə ki, mən eynilə tərəfdaş ölkələri – Türkiyə, Gürcüstan, Albaniya, Yunanıstan, İtaliya və Bolqarıstanı qeyd etmək istərdim. Mən, həmçinin Amerika Birləşmiş Ştatlarını da unutmaq istəmirəm. Prezidentin qeyd etdiyi kimi, siz hər zaman çox dəstək vermisiniz. Hər bir tərəfin bu layihə ilə bağlı baxışları və konkret səylər olmasaydı, bu layihə heç vaxt həyata keçməzdi. Sonuncu, lakin heç də az əhəmiyyət kəsb etməyən məsələ ondan ibarətdir ki, şirkətlər, kreditorlar olmasaydı, bu, mümkün ola bilməzdi. Ona görə də bunun baş verməsi üçün mənim çox sıx, mükəmməl şəkildə birgə çalışdığım şirkətlərə də böyük təşəkkür edirəm.

Beləliklə, bizim bu toplantıda nailiyyətlərimizi qeyd etmək üçün bütün səbəblərimiz var. Lakin biz həm də fürsətdən istifadə edib bir qədər gələcəyə baxmalıyıq, mən toplantımızın bir məqsədini də bunda görürəm. Bundan sonra nə olacaq? Bu məqamda mən, ilk növbədə, istərdim Cənub Qaz Dəhlizini necə genişləndirə biləcəyimizə nəzər salaq. Çünki bu elə gözəl layihədir ki, siz onu, sadəcə, 10 milyard kubmetr üçün istifadə edə bilməzsiniz. Beləliklə, ilk sual belədir: Bizim yeni istiqamətlərimiz varmı? Bəli, bizim yeni istiqamətlərimiz var. Qərbi Balkan ölkələri var. Onlardan bəzilərinin nümayəndələri buradadır. Digər Avropa ölkələrinin - Macarıstanın, Rumıniyanın marağı var və başqaları da olacaq. Beləliklə, istiqamət aydındır və imkan var. Sual yaranır: Qazı haradan əldə edək? Bu məqamda, Prezident Əliyev, Sizin son kəşfiyyatlarla bağlı dedikləriniz çox ümidvericidir. Əgər bütün bunlar həyata keçsə, onda düşünürəm ki, bizim Cənub Qaz Dəhlizini 10 milyard kubmetrdən 20 milyard kubmetrədək və daha çox genişləndirmək üçün artıq çox yaxşı imkanımız var, çünki bu dəhlizin imkanı, texniki imkanı artıq mövcuddur.

İkincisi, mən bunu da qeyd etmək istəyirəm. Yəqin eşitmisiniz ki, - mən onu leytmotiv adlandırardım, - yeni komissiya Avropa üçün yeni yaşıl pakt işləyib hazırlayıb. İcazə verin, ondan başlayım ki, Avropa yaşıl paktı Cənub Qaz Dəhlizinin inkişafı və ya hətta genişlənməsinə zidd deyil. Avropa yaşıl paktı qazı bizim gələcək enerji sistemimizin əsas komponentlərindən biri kimi ehtiva edir. Siz neytral emissiyalı iqtisadiyyatı yalnız o halda inkişaf etdirə bilərsiniz ki, onu keçidin iqtisadi səmərəliliyini təmin etmək üçün təsirin ciddi qiymətləndirilməsinə əsaslandırasınız. Bizim indiyədək apardığımız müşahidələr və təhlillər tamamilə aydın şəkildə göstərir ki, bu keçid qazı ehtiva etməklə həyata keçirilməlidir. Hələ bir müddət bu, bizim ən yaxşı tanıdığımız qaz – təbii qaz olacaq. Lakin daha uzunmüddətli perspektivdə bu təbii qaz da neytral emissiyalı qaza çevrilməlidir. O, karbohidrogensiz olmalıdır. Bu, bizim hamımızın – qazı bizim gələcək enerji sistemimizin komponentlərindən biri kimi saxlamaqda maraqlı olanların və Avropa İttifaqının Paris sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə həqiqətən əməl etməsini istəyənlərin qarşılaşa biləcəyi bir çağırışdır. Avropa İttifaqı bu mənada əməkdaşlıq üçün açıqdır. Biz Avropa yaşıl paktını qonşu ölkələrdən təcrid olunmuş şəkildə həyata keçirmək istəmirik. Biz uzunmüddətli perspektivdə təbii qazı dekarbonlaşdırmaq və iqlim dəyişikliyi ilə mübarizədən ibarət olan həllin bir hissəsinə çevirmək üçün tələb olunan texnologiyaların inkişafı sahəsində gələcək əməkdaşlığı səbirsizliklə gözləyirik. Beləliklə, ümumilikdə, əməkdaşlıq, eləcə də Cənub Qaz Dəhlizi ilə bağlı gələcək əməkdaşlıq Cənub Qaz Dəhlizinin bizim hamımızın qürur duyduğu layihə olaraq qalmasını təmin etmək baxımından həyati əhəmiyyət kəsb edir. Təşəkkür edirəm.

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov: Doktor Borxardt, çıxışınıza görə Sizə təşəkkür edirik. Mən bir daha bu səhər bizimlə birlikdə olduğuna görə Prezident Əliyevə minnətdarlığımızı bildirmək istərdim.

X X X

Toplantı işini panel sessiyalarla davam etdirib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

Dövlətimizin başçısı toplantıda nitq söyləyib.

Sonra Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borxardt çıxış edib.

Toplantı işini panel sessiya ilə davam etdirir.

***

Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.(apa)

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar