Şənbə, 16 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bakıda Beynəlxalq Media Konfransı keçirilib - Foto

Oktyabrın 14-də “Qloballaşma dövründə medianın inkişaf trendləri: Risklər və imkanlar" mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilib...

AZƏRTAC xəbər verir ki, Qlobal Jurnalistlər Şurasının və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, 100-ə yaxın yerli və xarici media nümayəndələri iştirak edirdilər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbiri açaraq bu media konfransının gələcəkdə qlobal məsələlərin müzakirə olunduğu platformaya çevriləcəyini deyib. O, ölkəmizdə media azadlığının təmin olunduğunu vurğulayaraq son vaxtlar internet medianın inkişaf etdiyini, jurnalistlərin sərbəst fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim çıxışında Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb. Azərbaycan və Türkiyə mediasının ortaq hədəflərinin olduğunu qeyd edən Mehmet Ali Dim Türkiyədə çoxsaylı media təşkilatlarının olduğunu deyib. O bildirib ki, bu sahədə tənzimləməyə, yeni bir nəfəsə ehtiyac var. Qlobal Jurnalistlər Şurası Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəstəyi ilə yaradılıb. Türkiyədə fəaliyyət göstərən xarici media orqanları da bu təşkilatın sıralarında yer alır.

Konfransda çıxış edən Prezidentin köməkçisi Əli Həsənov bildirib ki, bu gün türk dünyasının gözü Bakıda keçirilən Türk Şurasının Zirvə Görüşündədir. Bu ildən Türk Şurasına sədrlik Azərbaycana keçir və bu qurumla bağlı mühüm qərarlar Bakıda qəbul olunacaq.

“Bilirsiniz ki, biz Azərbaycan mediasının həm regional, həm də qlobal media trendlərini inkişaf etdirdiyimiz kimi, bizə aid olan bəzi faktların, informasiyanın, həqiqətlərin regionumuzda və dünyada yayılmasında, gördüyümüz işlər haqqında hər kəsin məlumatlanmasında maraqlıyıq”, - deyən Əli Həsənov Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin multikultural cəmiyyətdə yaşadıqlarını vurğulayıb. Qeyd edib ki, azərbaycançılıq məfkurəsi ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin birliyini, vahid amal uğrunda mübarizəsini, dövlətin onların bütün məsələlərdə yanında olmasını hədəfləyən ideologiyadır.

Prezidentin köməkçisi daha sonra deyib: “Təəssüf ki, bu gün dünyada haqqa, ədalətə qarşı olan dövlətlər də var. Onların qurduğu rejimlər sülhü təhdid edir, terror aktları törədərək xalqların dinc həyatını pozur, insanları yurd-yuvasından didərgin salır. Bu gün Yaxın və Orta Şərqdə, Avropada müşahidə olunan qaçqın-köçkün fəlakətini biz 20 il əvvəl yaşamışıq. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyondan çox azərbaycanlını yurd-yuvasından didərgin salıb. Bu gün onlar qaçqın və məcburi köçkün həyatı yaşayırlar. Biz o insanlar üçün haqq, ədalət axtarırıq. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar isə ikili standartlar səbəbindən həyata keçmir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi, didərgin salınmış insanların doğma yurdlarına qayıtması üçün şəraitin yaradılması tələb olunur. Ermənistan isə 20 ildən çoxdur ki, bu qətnamələri yerinə yetirilmir. Təəssüf ki, müasir dünyanın ədalətsizlikləri fonunda bu işğal davam edir”.

Əli Həsənov Türkiyənin də haqsızlıqlarla üzləşdiyini bildirərək qeyd edib ki, 100 il bundan əvvəl baş vermiş hadisələri qardaş ölkənin adına yazaraq onları soyqırımı törətməkdə ittiham edirlər. Lakin erməni terrorist qrupları həm türklərə, həm də azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktları törədiblər. Türk diplomatlarına qarşı müxtəlif vaxtlarda terror hücumları həyata keçirilib. Həmçinin ötən əsrin ortalarınadək azərbaycanlılara qarşı üç dəfə soyqırımı törədilib. Bu soyqırımıları nəticəsində ümumilikdə 100 minə yaxın, Dağlıq Qarabağ münaqişəsi zamanı isə 30 minədək azərbaycanlı qətlə yetirilib. Bütün bunların səbəbkarı erməni millətçiləridir.

Bu konfransın ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması üçün yeni imkanlar yaratdığını vurğulayan Prezidentin köməkçisi deyib ki, Azərbaycan bu gün bölgənin və dünyanın ən inkişaf etmiş ölkələrindən biridir: “Biz neftdən gələn gəlirləri digər sahələrin inkişafına yönəldərək müasir infrastruktur yaratmışıq. Neft gəlirlərindən istifadə edərək Azərbaycan mediası üçün də yaxşı imkanlar yaratmışıq. Azərbaycan mediası hazırda bölgə üçün ən qabaqcıl nümunələrdən birinə çevrilib. Bu gün Azərbaycanda media azad şəkildə inkişaf edir. İnternet tam azaddır. Sosial şəbəkələrin və internetin yaratdığı imkanlar beynəlxalq və region mediaları ilə əlaqələrimizin intensivləşməsinə şərait yaradır və biz bundan bəhrələnirik. Dövlətimiz azad mediaya dəstək verir. KİV-lərə qrantlar verilir, jurnalistlərin problemlərinin həllinə yaxından kömək göstərilir, onların mənzil-məişət şəraiti yaxşılaşdırılır”.

Əli Həsənov, həmçinin qeyd edib ki, Azərbaycan mediasının imkanlarından istifadə edərək həm ölkəmizin, həm də Türkiyənin problemlərini dünyaya çatdırmağa çalışırıq. Diasporumuzu və mediamızı birləşdirməli və haqsızlıqlara qarşı birgə mübarizə aparmalıyıq. Azərbaycan Türkiyənin “Sülh çeşməsi” əməliyyatına dəstək verir. Haqq işində Azərbaycan Türkiyənin yanındadır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” formulu bu gün bizim bütün sahələr üzrə birliyimizə xidmət edir.

“Habertürk” televiziyasının əməkdaşı Bülent Aydemir bu gün Türkiyənin şanlı mübarizəsinə qarşı əks təbliğat aparıldığını söyləyərək bildirib ki, Suriyada aparılan əməliyyat təhlükəsizliklə bağlıdır, terrorçuluqla mübarizədir, işğal məqsədi daşımır. Türkiyənin öz sərhədləri yaxınlığındakı əraziləri terrorçulardan təmizləməyə gücü və hüququ var. Onun haqq işinin bütün dünyaya çatdırılmasında medianın köməyi də önəmlidir.

Sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bugünkü tədbirin Türk Şurasının yubiley Zirvə Görüşü ilə eyni vaxta təsadüf etdiyini bildirib. Türkiyənin Suriyada keçirdiyi əməliyyatlara toxunan H.Babaoğlu qeyd edib ki, bu gün müharibə təkcə hərbi müstəvidə deyil, eyni zamanda, informasiya müstəvisində gedir. Belə olan halda dost və müttəfiq ölkələrin informasiya resurslarının birgə fəaliyyət göstərməsi də günün aktual məsələsidir. Əgər 20-30 il bundan əvvəl informasiya sadəcə məlumat əldə etmək və onu ötürmək, məlumat mübadiləsi funksiyasını yerinə yetirirdisə, bu gün dünyada informasiya müharibəsi gedir. Bütün müharibələrin ən təhlükəlisi məhz informasiya müharibəsidir.

Yeni media mövzusuna toxunan Hikmət Babaoğlu qeyd edib ki, bu gün informasiya institusionallaşdırılaraq idarəetmə vasitəsinə çevrilib. Hazırda informasiya həyatımıza müdaxilə etməklə həm onun keyfiyyətini müəyyənləşdirir, həm də insanda yeni bir sosial kimlik formalaşdırır.

Konfrans işini panel iclası ilə davam etdirib.

pia.az

Fotolar



Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar