Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı yanğını və “azyaşlılar”ın idarəçiliyi...


Azadlıq prospektindəki binanın alovlarında can verənlər arasında bir ailənin bütün üzvləri də vardı. İllər əvvəl o ailə 5 nəfərdən ibarətdi: ata, ana və üç övlad (iki qız və bir oğul)




İllər əvvəl ata xəstəlikdən vəfat etdi, böyük oğul Xəzərin sularında batdı. Mayın 19-da isə ana qalan iki övladı ilə birlikdə həlak oldu. Bir ailə izsiz silindi.

Atanı xəstəlik, oğullardan birini dəniz, yerdə qalanları isə hakimiyyət öldürdü. Hamının hələ bir yerdə olduğu köhnə əyyamlarda valideynlərin ən dəhşətli yuxusuna da girməzdi ki, onların üç övladı ailə qurmadan, nəsil qoymadan bu dünyanı tərk edəcək.

Eyni vaxtda universitet rektoru anım tədbirində yanğını “təbii fəlakət” adlandırdı, Yaponiyadakı sunami ilə paralellər gətirdi və sonunda da nitqini nikbin tonda (“Avropa oyunlarına hazırlaşmalıyıq” kimi) bitirdi.

Əcaib dövrümüzün özü qədər də əcaib rektorları varmış - onlara təbii fəlakətin nə olduğunu başa salmaq da adi vətəndaşların üzərinə düşüb.

Elə həmin saatlarda mənfi məişət rollarının mahir ifaçısı, idarəçiliyi bazar balaqanı ilə qarışdırmağına artıq adət etdiyimiz Bakı meri bir zərərdidəni Stanislavski metodundan yararlanaraq qucaqlayıb “Ağlama, qurban olum” deyəndən sonra yanğını “hakimiyyətə qarşı təxribat” elan etdi.

İndi durub ona da təxribatın nə demək olduğunumu anlatmalıyıq? Əgər təxribatdırsa, elə çıxır ki, təxribatçılar da bina üzlüklərini sifariş verən icra hakimiyyəti, işi icra edən və hakimiyyətin nəzarətində olan iri şirkət, ona sertifikat verən, onun iş planını təsdiqləyən, tenderdə udmasına yardım edən çoxsaylı hakimiyyət strukturlarıdır.

Bir sözlə, “düşmən hər yandadır” və bu “hər yan” elə hakimiyyətin özüdür.

Beləliklə, qarşımızda ziyalı rektor və çoxillik idarəçilik ömrü olan mer yox, sanki Saltıkov-Şedrinin “Müasir idilliyası”ndan düşüb bu günümüzə gələn və dövrümüzün qəhrəmanına çevrilən heç vaxt ölməyən Balalaykin dayanıb. Yəni yalan danışmaq prosesinin özündən zövq alan avantüristin ümumiləşmiş obrazı.

Vaxtilə Servantes Madrid sarayının əyanlarını bu cür xarakterizə etmişdi: “Onlar talamaq üçün elə böyük fərasət nümayiş etdirirlər ki, bu fərasətin cüzi hissəsi ədalətlə idarə etməyə yetərli olardı”.

Bizim balalaykinlərin də fərasəti Madrid sarayı intriqanlarının vurduğu hədəflərə yönəlib.

Bəzən elə təəssürat yaranır ki, bu ölkədə idarəçilik məsuliyyət hissi amputasiya olunmuş personajlara tapşırılıb. İctimai şüurun bəsitləşməsindən, mətbuat və TV-lərin səviyyəsinin yerlə sürünməsindən onlar böyük bacarıqla faydalanırlar. Jurnalistlərin bayağı və heç bir düşünülmüş cavab tələb etməyən sual xatirinə suallarına onlar da öz səviyyəsizliklərini kamuflyaj etməyə heç bir ehtiyac duymadan cavab xatirinə cavab verirlər. Və saatlarla danışa bilərlər - ancaq heç nə deməzlər. Sonunda səviyyəsiz suallara tam adekvat olan səviyyəsiz də cavablar meydan sulayır. Heç bir məmur özünü ağzından çıxardığı kəlmələrin sanbalı və məsuliyyətinin qayğısını çəkməyə borclu saymır. Nə sual edəni sual, nə də cavab verəni cavab maraqlandırır. Suallar kimi cavablar da məzmun və mahiyyətdən məhrumdur.

Bu, artıq adiləşmiş tendensiyadır - nə sözünə, nə əməlinə, nə də cinayətinə görə məsuliyyət hiss etmək. Bunun yekunu kimi idarəçilikdə toplaşanlar pis ailədə böyümüş, tərbiyədən uzaq azyaşlılar təəssüratı yaradır.

Axı məhz uşaqlar etdiklərinə görə məsuliyyət yükü daşımırlar - bu, onlara yaddır. Və məhz uşaqlar üçün səbəb-nəticə əlaqəsi yoxdur. Onlar üçün nə dünən var, nə də sabah. Onlar bu an keçirdikləri hisslərin, indiki anın əbədiliyinə inanırlar. Onlar bilmirlər ki, bu gün baş verənlərin səbəbi dünəndədir, indi baş verənlər isə sabah olacaqların səbəbidir. Nəticədə azyaşlılar öz sevinclərini də, kədərlərini də əbədi hesab edirlər.

Məhz uşaqlar üçün etdiklərinə görə məsuliyyət yaddır. Bu an onlara pisdirsə, bu pisi əbədi sayaraq ya aqressivləşir, ya bədbinləşirlər. Yox, yaxşıdırsa - özlərini əbədi xoşbəxt sayırlar.

Məhz uşaqların (deməli, həm də psixikası formalaşmamış yaşlıların - onlar uşaq ağlındadırlar) aqressivliyi motivsiz olur. Təsadüfdürmü ki, azyaşlılar üçün cəza müəssisələrində qəddarlıq və onun formaları daha böyük və çoxdur.

Görünür, “Müstəqilliyimizin yaşı hələ azdır” kimi dəxilsiz arqumentlə qorunmağa çalışanda da hakimiyyətdəki “azyaşlılar” özlərinin intellektual təkamülünün qısa ömürlülüyünü nəzərdə tuturlar. Beləliklə, aksentlərin dəyişdirilməsi, yalançı arqumentasiya baş verir. Mətləbə heç bir dəxli olmayan və təhrif edilən faktların qulağından dartıb onları tamamilə əlaqəsiz mətləblərə calayırlar.

Bu cür “pis tərbiyə görmüş azyaşlılar”ın yuxarıya dırmanması istənilən toplum üçün qorxulu və faciədir. Çünki onlar idarəçiliyə məsuliyyətsizlik, yalan, aqressivlik gətirir, toplum üçün ən elementar şərtlərdən biri olan təhlükəsizlik hissini belə şübhə altına salırlar.

Tezliklə yuxarıların bu tip davranışı etalona və normaya çevrilərək aşağılara da sirayət edir və kütləviləşir. Nəticədə patoloji sosial xarakter formalaşır. O isə humanizmdən, kollektivçilikdən, dürüstlükdən və mərhəmətdən məhrumdur. İdeallar və prioritetlər işarəsini diametral dəyişir. Bütün cəmiyyət yalan, məsuliyyətsizlik, savadsızlıq və saxtakarlıq virusunun cənginə düşür.

Buqələmunluq və onurğasızlıq yuxarı aparan nərdivana dırmaşmaq üçün qaçılmaz və zəruri xüsusiyyətlər kimi qavranılmağa başlayır. Nəticəsini də hər yerdə, hər gün görürük.

Bu cür aqressiv və biofillikdən uzaq cəmiyyətlərdə hansısa qələbə və yüksəlişdən danışmaq yersizdir. Olsa-olsa fəlakətlərin statistikası gündəlik həyatı “bəzəyir”, sonunda isə çoxluğu səbəbindən bu statistika da adiləşir və reaksiya doğurmur.

Burada böyük hədəflərdən danışmaq da yersizdir. Sanki xristianların 4-cü Xaç yürüşündəki ssenari gerçəkləşir - Qüdsü azad etməyə yollanan xristianlar vur-tut xristian Konstantinopolunu qarət etməklə kifayətlənirlər...

Məmməd SÜLEYMANOV(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Bir fotonun tarixçəsi - Nəsillərin mübarizəsi...

Bakı yanğını və “azyaşlılar”ın idarəçiliyi...

Ən çox oxunanalar