Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BAAS-ın İraqdakı son yumruğu: Səddam Hüseyn qatil idi, yoxsa qurban?..

Səddam Hüseyn bir Qurban bayramı səhəri öz qərarlarının, xalqının və qəddar dünya siyasətinin qurbanı oldu…

Səlman Sami Yasin

“Mecra” qəzeti, Türkiyə

Amerikalı əsgərlərin Bağdada girdiyini eşidən motosiklet təmirçisi Həsən əl-Caburi Firdovs meydanındakı Səddam Hüseyn heykəlini yıxmağa gedərkən tarix hələ 9 aprel 2003-cü il idi. BAAS Partiyasının İraqdakı son nümayəndəsi də artıq tarixə qarışmaq üzrəydi.

Səddam Hüseyn 28 aprel 1937-ci ildə Dəclə çayının sahilində, Səlahəddin kimi tanınan Tikrit şəhərində anadan olub. Hələ dünyaya gəlmədən əvvəl atasını itirən Səddam uşaqlığını və ilk gənclik illərini anasından uzaqda, ingilislərə qarşı Rəşid Əli üsyanında iştirak etmiş və bu səbəbdən həbsdə olan əmisi ilə keçirib. Anası yenidən evləndikdən sonra ona qayıdan Səddam tez-tez ögey atasının zorakılığına məruz qaldığı üçün anasını tərk etmiş və dayısının yanına gedib orada qalmağa davam etmişdi.

Səddam Hüseynin heykəlinin yıxılması

Təhsilini 18 yaşına qədər Tikritdə davam etdirən Səddam orta məktəb təhsili üçün doğulduğu şəhəri tərk edərək paytaxt Bağdadın yolunu tutub. Bağdadda ingilislər tərəfindən dəstəklənən monarxiya administrasiyasına qarşı siyasi fəaliyyət göstərən Hüseyn bu səbəbdən təhsilini tamamlaya bilməyib. O, hələ gənclik illərində Yaxın Şərqdə vahid ərəb dövləti qurmaq istyən BAAS Hərəkatına qoşulmuşdu. 1956-cı ildə BAAS-ın uğursuz çevriliş cəhdi ilə qara siyahıya düşən Səddamın Baş nazir Əbdülkərim Həsəni öldürmək üçün qurulan bir sui-qəsd təşkilatı ilə birlikdə adının çəkildiyi üçün ölkəni tərk etməli oldu.

Səddam Hüseynin uşaqlıq fotosu

Qahirədə məskunlaşan və orta məktəb təhsilini bitirən Hüseyin 1963-cü ilə qədər, yəni İraqda BAAS Partiyası hakimiyyətə gələnə qədər Qahirə və Dəməşqdə yaşamağa davam edib. 1963-cü ildə İraqa keçən Səddamın azadlığı BAAS-ın hakimiyyəti kimi çox çəkmədi. Bir neçə ay sonra rejim devrildikdə Səddam həbs edildi. 2 il həbsdə qaldıqdan sonra qaçmağı bacaran Səddam partiya üçün işləməyə davam etdi.

Səddam Hüseyn və BAAS Partiasının tələbə icması. Qahirə, 1959-1963-cü illər

Qadağan edilmiş müxalifət partiyasına çevrilən BAAS Əhməd Həsən əl-Bəkirin rəhbərliyi altında yenidən qurulmuş və İraqda fəaliyyətini gizli şəkildə həyata keçirməyə başlamışdı. Bu yenidən qurulma çərçivəsində əl-Bəkir əmisi oğlu Səddamı BAAS-ın Baş katibinin müavininin yanına gətirir. Bu dövrdə yaşadığı təcrübələri partiyasına ötürən Səddam tədricən yüksəlməyə başlayır.

4 illik gizli təşkiltlanmadan sonra İraqda 35 illik BAAS Partiyasının iqtidarı artıq başlamaq üzrə idi. 1968-ci ilin iyulunda BAAS və müttəfiqləri prezident Əbdürrəhman Arif və Baş nazir Tahir Yəhyanı istefaya göndərdilər. Əl-Bəkir yeni qurduğu hökumətdə həm prezidentliyini, həm də İnqilabi Komandanlıq Şurasının (İKŞ) rəhbərliyini öz üzərinə götürür. Səddamı ən yaxın adamı kimi görən əl-Bəkir onu İKŞ sədrinin yanına gətirir. Ətrafındakı iqtidar qüvələrinə etibar etməyən BAAS güc qazandıqdan sonra sərt addımlar atmağa başlayır. İraqda nəzarəti gücləndirmək istəyən BAAS administrasiyası zabitlər və yüksək bürokratlar arasında təmizlik apararaq sosialist ərəb millətçilərini vəzifələrə gətirirlər.

Əhməd Həsən əl-Bəkir və Səddam Hüseyn, 1978-ci il

Bu dövrdə Tikritdə anadan olanların BAAS-da əhəmiyyətli bir yeri vardı. 1973-cü ildə İKŞ-nın 9 üzvündən 4-ü Tikritdə doğulanlar idi. Şübhələndiyi insanlarla amansızca rəftar edən rejim yüzlərlə insanı həbs etmişdi. BAAS rejimə qarşı durmaq istəyənləri nə gözlədiyini göstərmək üçün Bağdad meydanlarında kütləvi edamlar həyata keçirirdi. 1970-ci ilə qədər “rəsmi sənədlərə” görə, “sionist agenti” etiketi ilə 90 nəfər İraq rejimi tərəfindən edam edilmişdi.

Əl-Bəkir və gənc Səddam partiyada ahəngdar şəkildə işləyirdilər. BAAS rejimi əhəmiyyətli iqtisadi və sosial islahatlar həyata keçirərək xalqın rifahını xeyli artırmışdı. Bu vəziyyət Baas-ı ərəb dünyasında ciddi bir səviyyəyə qaldırır. Bəlkə də, bu islahatların ən vacibi ingilislərə məxsus olan İraq Neft Şirkətinin milliləşdirilməsi idi. 1972-ci ildə ingilis neft şirkətinin milliləşdirilməsi ilə yaşanan neft böhranı və 1 il sonra OPEC ölkələrinin embarqosu olmasına baxmayaraq İraqın gəlirləri xeyli artmışdı.

1968-ci ildə İraqın neft gəliri 476 milyon dollar olduğu halda, 1980-ci ildə bu rəqəm 26 milyard dollara çatmışdı. Bu gəlirlərdən BAAS infrastruktura sərmayə qoyur və İraq vətəndaşlarının həyat rifahı üçün ciddi addımlar atırdılar. Eyni zamanda, İraqda müasir sənayeyə və güclü orduya keçidin də əsası bu dşvrdə qoyulur. İqtisadi inkişafı yaxından izlədikdən sonra Amerika, İngiltərə və Fransa bu gəlirli bazara girmək üçün rəqabət aparmağa başladılar. Fransa İraqdan “Mirage” təyyarələri və 200 tank satarkən, İtaliya da İraqa müasir gəmilər satmağa başladı.

Əl-Bəkir, hərbi keçmişi olmayan Səddam Hüseynə 1976-cı ildə Quru Qoşunlarında general-leytenant rütbəsi verdi. Bu qərar zamanla keçmiş məmur əl-Bəkirin səlahiyyətlərinin azalması ilə müşaiyət olunur. Əl-Bəkir 1979-cu ildə Səddam Hüseynin təzyiqi nəticəsində səhhətindəki problemləri bəhanə edərək vəzifəsini tərk etdi. Səddam Hüseynin24 illik hakimiyyəti bu şəkildə başladı.

Səddam Hüseyn Quru Qoşunlarında General-leytenant rütbəsi ilə, 1980-ci il

1979-cu ildə Səddam Hüseyn prezident, BAAS Partiyasının baş katibi, İŞK-nın rəhbəri və silahlı qüvvələrin baş komandanı olaraq əl-Bəkirin yerinə keçdi. General-leytenant rütbəsinə sahib olan Səddam artıq marşal olmuşdu.

1968-ci ildə BAAS çevrilişindən sonra ikinci təmizlənmə dalğasına başlamışdı. Bu dalğanın hədəfində şübhəli bilinən BAAS rəsmiləri və zabitləri vardı. Səddam rəqib kimi gördüyü BAAS-çıları bir-bir partiyadan kənarlaşdırır. Bu prosses, ümumiyyətlə edam, “qəza”, həbs və sürgün şəklində olurdu. Hüseynin atdığı bu addımlar onu düz 24 il hakimiyyətdə saxladı.

1980-ci ildən başlayaraq İraqda bütün idarəetmə sistemini ələ keçirən Səddam elə həmin il ən çox səs gətirən addımını atdı, yəni İrana hücum etdi. Onun İrana hücumunun ən vacib səbəbi İrandakı qondarma İslam İnqilabı idi. Ayətullah Xomeyni hakimiyyətə gəlməzdən əvvəl Səddam Hüseyn və partiyasını “kafir BAAS Partiyası, İslamın başlıca düşməni” olaraq xarakterizə etmişdi. İran şahının devrilməsindən sonra İranda artan militar şiə sisteminin qurulması Səddam üçün böyük təhlükə yaradırdı. Ayətullah Məhəmməd Bakır Sədrin 65- şiə əhalisi olan İraqdakı İran İnqilabını tərifləməsi, iki ölkə arasında münasibətləri daha da qızğın hala gətirmişdi. Bu durumun bir çox şəhərə yayılması nəticəsində İrandakı inqilabın lehinə etirazlar başlamışdı. Səddam isə bu etirazları yatırmaqda qərarlı idi.

Səddam Hüseyn İran-İraq müharibəsi zamanı raket atarkən

Sədrin tərəfdarları və İraqdakı şiələri təmsil edən İslama Dəvət Partiyasından yüzlərlə insan həbsə atılmış, bəziləri isə edam edilmişdi. Sədr özü də həbs olunanlar arasında idi. Ancaq sərbəst buraxılması üçün edilən təzyiqlər nəticəsində həbsdən azad edilmişdi. Səddam rəhbərliyinin bütün səylərinə baxmayaraq, Sədr geri addım atmadı və İran İnqilabının arxasında durmağa davam etdi. Bunun ardınca, BAAS rejimi İslama Dəvət Partiyasının bütün üzvləri və eyni məqsədə xidmət edənlər üçün də edam qərarı verdi. Tezliklə Sədr həbs olundu və həbsxanada öldürüldü. Çıxışında “İraq xalqı və ordusu BAAS rejimini devirməlidir” deyən Xomeyni eyni nitqində Səddamı İslama və Qurana hücum etməkdə ittiham etmişdi.

İrandakı inqilab mühitinin yaratdığı qarışıqlıqdan kürdlər də istifadə etmişdilər. Kürdlər İraqın şimalında bəzi iğtişaşlara başlamışdılar. Səddam İran hökumətinin kürd üsyanına kömək etməklə ölkəni qeyri-sabitliyə sürükləməyə çalışdığını görürdü. O da Xomeyniyə hakimiyyəti möhkəmləndirməyə imkan vermədən onu devirmək qərarına gəldi.

Hüseyn müharibə ehtimalına qarşı tədbirlər görmüş və müharibəyə hazırlaşmışdı. Bunun üçün ilk addımı olaraq 1975-ci ildə imzalanan Şəttülərəb məsələsini həll edən Əlcəzairlə İraq arasında olan müqaviləsi ləğv etdiyini və 1937-ci ildə olduğu kimi Şəttülərəb su yolunun İraqın hakimiyyətində olduğunu elan etmişdi. Verdiyi sözü yerinə gətirəcəini nümayiş etdirmək üçün sənədin rəsmi nüsxəsini bir mərasimdə cırmışdı. 5 gün sonra İraq qoşunları İrana girdi. Səddamın qısa bir hərbi əməliyyat olacağına ümid edərək başlatdığı İran müharibəsi düz 8 il davam etdi.

22 sentyabr 1980-ci ildə İraq təyyarələri İran hava limanlarını və hərbi obyektlərini bombaladı. Döyüşün ilk ayında İraq şimaldan cənuba doğru 600 kilometrlik cəbhədə 26.000 kvadrat kilometr İran ərazisini işğal etdi. Noyabr ayının ortalarında Səddam Xürrəm şəhərini ələ keçirdi. Bu uğulu əməliyyatlar Səddam üçün qələbənin yolunu acırdı.

İraq qüvvələrinin İranın Xürrəm şəhərinə raket hücumu, 1980-ci ilin oktyabrı

Müharibədə İranın ən böyük üstünlüyü İraqdan daha çox əhaliyə və torpağa sahib olması idi. Səddam işğalın İran daxilində xaos yaradacağını düşünürdü. Lakin bu, baş vermədi. Xalq Xomeyni rejiminə qarşı hərəkət etmək əvəzinə, onun arxasında durmağı seçdi və inqilaba sədaqətini göstərdi. İranlılar ilk məğlubiyyətlərini dəf etmiş və Xomeyninin arxasında dayanmışdılar. Bundan sonra isə İraq ordusu və Bəsrə limanı İran tərəfindən bombalandı. 1981-1982-ci illərdə İraq qoşunları İran sərhədindən kənara atıldı və bundan sonra İraq ordusu öz ölkələrini müdafiə etməli oldular.

 

İraq təyyarələri insanları narahat etmək üçün bəzi şəhərlərə bomba hücumları həyata keçirdiyi üçün İran da İraqın ən vacib gəlir mənbəyi olan neft limanlarını və quyularını hədəf almışdı. Bu hava əməliyyatları nəticəsində Bəsrə liman qurğuları, cənubda və şimaldakı vacib neft quyuları yararsız hala düşdü. Buna görə, İraqın neft sənayesi ciddi şəkildə pozuldu və müharibə şəraitində olan ölkənin iqtisadi gəlirləri xeyli azalmağa başladı. 1982-1988-ci illərdə cəbhədəki vəziyyət isə qisas müharibəsinə çevrilmişdi.

İraqlı əsgər sərhədin yaxınlığında yerləşən İranın Abadan emal zavodunun yanmasını izləyir

Müharibənin sonuna yaxın İran qoşunları son hücumla İraqın Hələbcə bölgəsini ələ keçirmişdilər. Səddam İranın bu hücumuna amansız bir qisasla cavab verdi. İraq Hərbi Hava Qüvvələri şəhərə kimyəvi bomba atmış və bununla da 5 minə yaxın insan həyatını itirmişdi.

Bu qisasla Səddam Xomeyniyə qarşı nə qədər qəddar ola biləcəyini göstərdi. 8 il gedən bu müharibəni davam etdirə bilməyəcəyini başa düşən tərəflər BMT TŞ-nin 598 saylı qətnaməsini qəbul edərək müharibəyə son qoyublar. Razılaşma nəticəsində hər iki ölkə müharibədən əvvəlki sərhədlərinə qayıtmaq barədə razılığa gəldilər.

Səddam Hüseyn İranla apardığı müharibədən sonra iqtisadi cəhətdən çox pis vəziyyətə düşmüşdü. Təxminən 80 milyard dollar dəyərində bir borcun altında idi və bu borcun yarısını Körfəz ölkələrindən almışdı. Xüsusilə Səddam kimi İranı öz rejiminə təhdid olaraq qəbul edən, dövrün Küveyt əmiri Şeyx Cabir əs-Sabah bu müharibədə İraq rejimini maddi vəsaitlə təmin etmişdi. İran müharibəsində əksər neft qurğularının yararsız hala düşməsi bu borcun ödənilməsini daha da çətinləşdirdi. Buna görə də, Səddam Küveyt əmirindən çox çətin bir şey tələb edir. Əmirə bu müharibəni bütün sünnilərin adından apardığını deyən Səddam borcun silməsini istəyir. Bu istəyini qəbul etməyən əmir sonradan özünü müharibənin ortasında tapmışdı. İran ssenarisi 1961-ci ilə qədər İraq ərazisi olan Küveyt üçün də təkrar olundu.

Milyardlarla dollarlıq borcunu ödəmək istəməyən və bundan əvvəl İraq və Küveytin birləşməli olduğunu deyən Səddam Küveytə İraq ərazisində qurulmuş bir ingilis dövləti kimi baxırdı. Bundan əlavə, Küveytin Rümeyla bölgəsində İraq neft yataqlarından istifadə etməsi Səddamın Küveytə qarşı olan düşmənçiliyini daha da artırırdı. Yenicə müharibədən çıxmasına baxmayaraq, hələ də yaxşı vəziyyətdə olan Səddam güclü silahlar, xüsusən də “Scut” raketləri istehsal edəcək qədər güçlü bir sənayeyə sahib idi. Bundan əlavə, silahlı qüvvələrdəki əsgərlərin sayı müharibənin təsiri ilə 190 mindən 1 milyona qədər artmışdı. Səddamın rəhbərliyi altında olan İraq bölgə üçün böyük bir hərbi gücə çevrilmişdi.

İraq tankları Küveytdə olarkən

2 mart 1990-cı ildə Səddam Hüseyn gözlənilənləri yerinə yetirərək Küveyti işğal etmişdi. Küveytdən daha çox hərbi gücə malik olan Səddam iki tərəfdən hücuma başlamış və qısa müddətdə qələbə qazanmışdı. İraq qüvvələrinə qarşı dayana bilməyən Küveyt məğlub olmuşdu. Əmir, əmirin ailəsi və ölkənin tanınmış şəxsləri Küveytdən çıxaraq Səudiyyə Ərəbistanına qaçmışdılar. İraqın qələbəsi ilə nəticələnən bu işğal cəhdindən sonra Səddam 8 Avqustda “Azad Küveytin Müvəqqəti Hökuməti” adlanan yeni bir hökumət qurub. Əmisi oğlu Əli Həsən əl-Məcidi Küveyt qubernatoru təyin etmişdi. Avqustun 28-də isə Küveytin İraqın 19-cu əyaləti olduğunu elan etmiş və Küveyt-İraq sərhədini ləğv etmişdi.

Səddamın Küveytə hücumu Yaxın Şərqdə bütün nizamı ciddi şəkildə dəyişdirmişdi. Önəmli neft yataqlarını ələ keçirən Səddam Fars körfəzindəki dünya neft ehtiyatının 20% -ni və 1990-cı ildə isə dünya neft hasilatının 7% -dən çoxunu ələ keçirmişdi.

İranın neft quyuları İraq tərəfindən atəşə tutularkən

İşğaldan bir qədər sonra BMT və Ərəb Birliyi Səddamı qınamış və bu işğaldan imtina etməsini tələb etmişdi. Ərəb Birliyi ölkələrindən yalnız Sudan və Liviya Səddamın işğal cəhdinə qarşı səssiz qaldıqları halda, İordaniya xarici ölkələrin müdaxiləsinə qarşı olduğunu açıqlamışdı.

İşğal etdiyi torpaqlardan geri çəkilmək niyyətində olmayan Səddam Hüseyn BMT-yə bəzi tələblər irəlü sürdü və bu tələblər yerinə gətirildikdən sonra Küveyt məsələsinin həll oluna biləcəyini söylədi. Onun istəkləri belə idi: İşğal etdiyi Suriya və Livan ərazilərindən İsrailin çıxması, Səudiyyə Ərəbistanının Küveytdəki ABŞ qoşunlarını əvəz etməsi və nəhayət, İraqa qarşı hər hansı bir boykot və sanksiyaların dərhal dondurulması. Lakin aparılan görüşlərdən heç bir nəticə əldə olunmadı.

Səddamın növbəti hədəfi olacağını düşünən Səudiyyə Ərəbistanı kralı Fəhd Amerika prezidenti Buşdan kömək istəmişdi. Bu çağırışdan sonra Səddam İraqın rəsmi televiziya və radiosundan Məkkə və Mədinənin xarici güclərin kölgəsində inildədiyini deyərək cihad çağırışı etmişdi.

Səddamın atdığı addımlar nəticəsində Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın iqtisadi maraqları və enerji təhlükəsizliyi böyük təhlükə altına girmişdi.

BMT Təhlükəsizlik Şurasının 29 Noyabr 1990-cı ildə çıxarılan qərarla 15 yanvar 1991-ci il tarixinə qədər Küveytdən çıxmayacağı təqdirdə ona qarşı güc tətbiq ediləcəyini bildirildi.

Səudiyyə Ərəbistanının çöllərinə yerləşən Amerika əsgərləri, 1990-cı il

Səddama verilən vaxt artıq bitmişdi. Prezident Buş İraqın Səudiyyə Ərəbistanını işğal edə biləcəyi üçün “bu ölkəni tam qorumaq” məqsədilə “Səhra Qalxanı Hərəkatı”na başlatacağını açıqlamışdı. Səudiyyə Ərəbistanına 200 minə yaxın Amerika əsgəri yerləşdirilmiş və Səddama qarşı BMT tərəfindən koalisiya yaradılmağa başlanmışdı. 40-dan çox ölkə bu koalisiyaya dəstək vermiş, 30-a yaxın ölkə isə qoşun göndərmişdi. İraqın sərhədində müxtəlif ölkələrdən olan 956 min nəfərlik bir hərbi qüvvə toplanmışdı.

BMT TŞ tərəfindən verilən müddət başa çatdıqdan sonra ABŞ Hərbi Hava Qüvvələri 16 avqustda “Səhra Qalxanı” əməliyyatına başladı. Bu hava əməliyyatları nəticəsində İraqa 90 min ton bomba atıldı. Digər tərəfdən, Səddam bu hava əməliyyatına “Scud” raketləri ilə cavab verdi. 2 ay davam edən hava hücumları zamanı 88 “Scud” raketi atəşə tutulmuşdu. Koalisiyanı dəstəkləyən ərəb ölkələri, xüsusən İsrail bu raketlərdən öz paylarını almışdılar. Raket atəşi nəticəsində İsraildə 74 nəfər ölmüş, 250 nəfər yaralanmışdı. Ərəb ölkələrinə qarşı əzbərlənən bu sözlər Körfəz müharibəsində Səddamın dilindən deyilirdi:

“Mən onlardan 39-nu İsrailə atdım. Əgər aranızda adam olan biri varsa, 40-cı raketi atsın”.

ABŞ Hərbi Hava Qüvvələri tərəfindən bombalanan Bağdad səmaları

Hava əməliyyatından sonra fevralın 24-də quru əməliyyatına da başlandı. Bu 100 saatlıq quru əməliyyatında heç bir ciddi müqavimətlə qarşılaşmayan koalisiya qüvvələri İraq qoşunlarını məğlub edərək müharibəni dayandırdı. Ərəb dövlətlərinin ona kömək edəcəyini düşünən Səddam isə məğlub oldu.

Şübhəsiz ki, Səddamın sərt və qəddar siyasətindən ən çox zərər çəkən İraq xalqı idi. Müharibə bitdikdən sonra da 11 il davam edən embarqo dönəmi başlanmışdı. Bu müddət ərzində İraq xalqı, hətta ən vacib ərzaq məhsullarına və dərmanları da almaqda çətinlik çəkirdi.

Digər tərəfdən ən maraqlı və gülünc məsələ o idi ki, iqtidar eşqi tükənməyən Səddam Hüseyn 1995-ci il oktyabrın 15-də keçirilən xalq referendumu ilə 99% səs alaraq yenidən 7 illik prezident seçilmişdi. O, xalqının yoxsulluğuna baxmayaraq, ölkəsini silahlandırmağa davam edirdi. Səddamın bu addımıarına qarşı bir sıra reaksiyalar da verilirdi. Belə ki, 1998-ci ildə Səddamın böyük oğlu Udaya qarşı sui-qəsd cəhdi oldu, lakin yaralılar xilas edildilər. Fərqli şəxsiyyəti ilə hər zaman fərqlənən Səddam Hüseyn oğlunun bu hücumdan xilas olmasına çox fərqli bir şəkildə şükür etdi. Minnətdarlıq göstəricisi olaraq o, öz qanı ilə Quran yazılmasını istədi. Qanını qablara dolduraraq vaxtaşırı göndərdiyi xəttat bu Quranı təxminən 2 ilə yazıb bitirdi.

Səddam Hüseyn oğlu Uday ilə

“Səhra Qalxanı” əməliyyatından 7 il keçmişdi. Səddam Hüseynin bu müddət ərzində davam etdirdiyi silahlanma Amerikanı və İngiltərəni narahat edirdi. BMT-nin silah nəzarəti ilə razılaşmayan İraq 16 dekabrda başlayan və təxminən 3 gün davam edən yeni bir əməliyyatla bombardman edildi. Amerika və İngiltərənin başlatdığı bu əməliyyatın adı “Səhra Tülküsü” idi.

Bütün bu hadisələrdən sonra Səddamın gələcəyini müəyyənləşdirən edən mühüm bir hadisə oldu. Əl-Qaidə ilə əlaqəli adamlar tərəfindən qaçırılan təyyarələrlə Ümumdünya Ticarət Mərkəzinə 3000-ə yaxın insanın öldüyü kütləvi hücum təşkil edildi. Hücumdan sonra hamının gözü Amerika prezidentinə dikildi. Bu hücumlara görə məsuliyyət daşıyan bir adam axtaran Buş üçün hədəf aydın idi: Səddam Hüseyn.

11 sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzinə edilən hücum

Kiçik Buş 2002-ci ilin payızında artıq Səddam Hüseyni hədəf seçmişdi. Onun sözlərinə görə, Səddam kütləvi qırğın silahlarını saxlayır və nüvə silahı istehsal edirdi. 2002-ci ilin oktyabrında Buş həm Nümayəndələr Palatasından, həm də Senatdan İraqa qarşı hərbi güc tətbiq etmək üçün icazə aldı. Lakin ata buşdan fərqli olaraq oğul Buş BMT-dən istədiyi icazəni ala bilməmişdi. 2003-cü ildə ABŞ Dövlət Katibi Pauell BMT-ni razı salmaq üçün sonradan saxta olduğu üzə çıxan bir sıra sübutları sənədlərlə birlikdə ortaya qoydu.

17 mart 2003-cü ildə Səddamdan və oğlundan ölkəni tərk etməsini tələb edən Buş BMT-nin icazəsi olmadan, Səddam rejimini ləğv etmək üçün İngiltərənin dəstəyi ilə müharibəyə başladı. Səddam hücumlara çox dözə bilmədi. Çünki İraq xalqından gözlədiyi dəstəyi ala bilməmişdi. Hökumət dövründə Səddam Hüseynin xalqına etdiyi ağır təzyiqlər onu bu vəziyyətə gətirib çıxarmışdı. Bəzi iraqlılar, hətta Səddamı devirmək üçün edilən bu işğal cəhdini dəstəklədiklərini bildirmişdilər.

2003-cü ildə ABŞ-ın İraqa etdiyi hücum

2003-cü ilin aprelində hakimiyyətdən imtina etməli olan Səddam öz hekayəsinin başladığı və eyni zamanda, bitəcəyi yerə - Tikritə qaçdı. 8 ay Tikritdə gizlənən Səddam bir güllə belə atılmadan ələ keçirildi. Tutulduğu zaman ağzından çıxan ilk sözlər “Atəş açmayın! Atəş açmayın! Mən İraq prezidenti Səddam Hüseynəm!”, olmuşdu.

Səddam Hüseynin Tikritdə gizləndiyi yerdən çıxarıldıqdan dərhal sonra çəkilmiş fotoşəkli

Verdiyi görüntülərdə daim xarizmatik və sərt duruşu ilə yadda qalan Səddam Hüseynin tutulduğu anda düşdüyü vəziyyət çox acınacaqlı idi. Kameralar daha əvvəl heç kimin görmədiyi bu donmuş və dumanlı baxışları çəkirdi.

Səddam Hüseyn məhkəmədə özünü müdafiə edərkən.

2006-cı ildə bəşəriyyətə qarşı cinayət törətdiyinə görə ona edam cəzası verildi. Son nəfəsinədək düşündüyünü söyləməkdən çəkinməyən Səddam asılmazdan əvvəl ona “cəhənnəmə get”, deyən cəlladına “kişi olun, kişi!”, deyə cavab vermişdi.

Səddam Hüseyn dekabrın 30-u Qurban bayramının ilk günündə kəlməyi-şəhadəti belə tamamlamasına icazə verilmədən edam edildi. Beləliklə, Səddam Hüseyn bir Qurban bayramı səhəri öz qərarlarının, xalqının və qəddar dünya siyasətinin qurbanı oldu.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar