Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AZGRANATA”nın "Topçu" vodkası qınağa səbəb oldu - DTX işə qarışacaq

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də qəhrəman əsgərlərimizin adları dilimizdə, dualarımızda oldu. Vətənimizin keşiyində duran topçu əsgərimizi yəqin ki, hər kəs xatırlayır. Qürurla, mərdcəsinə düşmənlə üz-üz dayanan, ermənilərin başına mərmilər yağdıran igidimiz Vüsal Şahkərimov. Hər kəsin hörmət etdiyi, adının, o məğrur fotosunun yaşadılması üçün təkliflər irəli sürülən, Vətən müharibəsinin, qələbəmizin simvoluna çevrilən, şanlı tariximizə adı yazılan igidimizin fotosunun arağın üzərini bəzəməsi isə cəmiyyətdə tənqidlə qarşılanıb. “AZGRANATA” MMC tərəfindən “Topçu” adlı arağın istehsalı ictimaiyyəti qəzəbləndirib. Azərbaycan cəmiyyətinin din adamları, ilahiyyatçılar da müqəddəs amal uğrunda döyüşən hərbçinin fotosunun içki üzərində əks olunmasını yolverilməz hesab edirlər. Publika.az-a danışan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib ki, Azərbaycan Ordusunun simvollarından birinə çevrilən, 44 günlük Vətən müharibəsində məğrur fotosunun yayıldığı bir igidin şəkilinin araq şüşələrinin üzərinə vurulması təəssüf doğurur: “Mən Qarabağ Seyid Ocaqlarının rəhbəri və bir ziyalı, iman sahibi, vətən, dövlət üçün canını nəzir deyənlərin sırasında olan bir şəxs olaraq bu gecə səhərə qədər yatmamışam. İşbazların müqəddəs dəyərimizə çevrilən bu cür fotonu öz maraqları üçün İslam qaydalarına və “Qurani-Kərim”in hökmlərinə görə qadağan olunmuş spirtli içkinin üzərinə vurması bütün inanclı və inanclı olmayan, övladları vətən, namusumuz olan Qarabağ torpaqları uğrunda şəhid olanlar şəhadət kəfəni kimi qəbul etdikləri mübarək hərbi mundirin bu cür ucuzlaşdırılmasını həqarətlə qınayırlar. Səhər saatlarından onlarla şahid ailələri, qazilər mənə zəng edərək “biz nə etməliyik, buna görə etiraz aksiyası keçirməliyikmi”, deyə suallar verirlər. Mən onlara bunun gərəksiz olduğunu bildirdim”. Şərqşünas qeyd edib ki, Azərbaycanda mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi İlham Əliyev cənablarının özüdür: “İnsanların duyğuları ilə oynayan, müqəddəs şəhidlərimizin mübarək ruhlarını təhqir edən bu cür işbazlar yəqin ki, durdurulacaq. Hələ utanmazcasına da açıqlama verirlər ki, orduya bir milyon manat pul köçürmüşük və bundan öncə də Nizami Gəncəvinin, Dədə Qorqudun, Füzulinin adına araq istehsal etmişik. Bu, yolverilməzdir. Mən həmin müqəddəs mundirdə olan əsgərlərimizin çoxunun dəfnində olmuşam. Onlar hərbi formada müqəddəs şəhid olaraq torpağa basdırılıblar. Onların şəkilləri arağın üzərinə vurulmayıb, kəfən əvəzi al qanları ilə həmin paltarda torpağa tapşırılıblar. “AZGRANATA”nın bu əməli tariximizə ləkədir və bu ləkənin dərhal xalqın üzərindən götürülməsini israrla tələb edirik. Çünki həmin hərbi paltarda Qarabağın fatehi İlham Əliyev və xanımı hərbçilərimizin hərbi geyimdə təmizlədiyi Ağdam məscidinə gedərək, o divarları öpərək Ağdamın qanayan yarasına məlhəm oldular, isti nəfəsləri ilə oranın göz yaşlarını sildilər. Bunu edən adamlar ölkə rəhbərinin, Mehriban xanımın və onların da müqəddəs bildiyi dəyərlərin üzərinə gəlirlər. Mən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edirəm ki, bununla bağlı tədbir görülsün. Çünki o da həmin hərbi paltarda Şuşaya qədəm qoydu. Mən o zaman iki rükət namaz qılaraq sevindim ki, Azərbaycanın DTX rəhbərliyi artıq Şuşadadır. Bu, müharibədən sonra xalqın qələbəsinə qarşı sanki proqramlı şəkildə hazırlanmış böyük bir təxribatdır. Bu məsələnin üzərinə gedilməli və araşdırılmalıdır. Təxribatı həyata keçirənlər hüquqi əsaslarla cəzalandırılmalıdır. Dini camiənin içərisində olan bir adam kimi bunun çox böyük acı fəsadlara aparacağını düşünürəm. Şirkət o ailəni ucuz oyunçuya çevirib. V.Şahkərimovun atası arağın üstünə vurdurmaq üçün oğlunun mülki geyimdə olan fotosunu versin, ancaq toxunulmaz, Azərbaycan şəhidinin qanı bulaşan formanı verə bilməz. Bu, milli birliyimizə, dini kimliyimizə qarşı təxribatdır”. İlahiyyatçı Ağa Hacıbəyli hesab edir ki, biz həm milli, həm də mənəvi dəyərlərimizi mütləq qorumalıyıq: “Azərbaycanda əhalinin 90 faizi müsəlmandır. Hüquqi dövlətdə yaşayırıq və mənəvi dəyərlərimiz var. Bu dəyərlərə həm dövlətimiz, həm də xalqımız aşinadır. O dəyərlərimizdir ki, bizi bu gün Qarabağ zəfərinə götürdü, yüksək tərəqqilərə qaldırıb və bizi bir millət olaraq tanıtdırır. Bu dəyərlərdən biri də dinimizdir. Şəhidlik, şəhadət, qazi və müqəddəs kəlməsinin özünü belə uca dinimiz bizə ərməğan edib. Qarabağda aparılan müharibədə qanı, canı və ruhu ilə bizə bu şərəfli zəfəri qazandıran əsgərlərimizdir. Ona görə də onların adı uca, ortaya qoyduqları dəyər isə dəyərüstü bir dəyərdir”. İlahiyyatçının sözlərinə görə, bu gün hansısa şirkət kimliyindən asılı olmayaraq belə bir mənəviyyat ocağına bazar və maddiyyat gətirməməli və ondan bir qədər utanmalıdır: “Onlar həya eləməlidirlər, dəyərlərimizə maddi şeylərlə kölgə salmamaq mücadiləsini aparmalıdırlar. Din adamları olaraq insanlığa zərər vuracaq, həm də ölkədə koronavirusun tüğyan etdiyi bir zamanda içkinin təbliğatını və onun təşviqini aparmağı şiddətlə qınayırıq və milli mənəvi dəyərlərimizə zidd hesab edirik. Bu, Allahın kitabına müxalifdir, əsgərlərimizin qan tökdüyü torpaqların üzərindən biznes qurulmasının tam əleyhinəyik. Əksinə, o şirkətlər fədakar ruhları qiymətləndirsinlər və başqa cür dəstək versinlər. Onlara iş də verə bilərlər. Nəinki onların müqəddəsliklərindən yararlanıb, onu brend halına gətirərək öz şirkətlərini topluma təqdim etmək”. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli isə vurğulayıb ki, əsgər Azərbaycan üçün bir dəyərdir və bu dəyərdən də bu şəkildə istifadə edilməsi düzgün deyil: “İnsanlar o əsgərlərə qəhrəman vətən keşikçiləri kimi baxır. Ümumiyyətlə, istənilən biznes maraqları olan bir yerə o kimi fotoların vurulması və o qəhrəmanların adından istifadə edilməsi yolverilməzdir. Bu, həm də mənəvi dəyərlərimizə olan hörmətsizlikdir”. Millət vəkili Fazil Mustafa məsələyə bir qədər fərqli yanaşıb. O bildirib ki, şirkətin niyyəti pis deyilsə, o zaman bunu tam şəkildə qadağan etmək də doğru olmaz: “Əslində, Rusiyada və başqa ölkələrdə də bu var. Məsələn, “Rasputin” arağını misal göstərmək olar. Bunlar şişirdilməli deyil. Hərə öz zövqünə və biznes marağına görə istifadə edir. Belə şeylərdə xırda detallara varmamalıyıq. Olmasa daha yaxşı olardı. Bu cür qəhrəmanların adını başqa cür yaşatmalıyıq. Amma kimsə bu istehsalla məşğuldursa, məncə bunu tam qadağan etmək də doğru deyil. Hər şeyi də qadağan edəndə müəyyən problem ortaya çıxır. Əgər pis niyyətlə deyilsə və hansısa formada təbliğ edirlərsə, bu onların seçimidir. Bunu başqa sahələrdə istifadə etsəydilər, daha yaxşı olardı. Olmağının leyhinə deyiləm. Amma tam qadağa qoyulmasını da uyğun bilmirəm. Bunu təhqir kimi götürmək doğru deyil. Bu, dünyada adi bir şeydir. Əgər xüsusi təhqir və aşağılamaq yoxdursa, qadağa qoymaq yolunu tutmağımız ciddi fəsadlar yarada bilər”. Qarşı tərəfin mövqeyini öyrənmək üçün “AZGRANATA” MMC ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli bildirdi ki, məhsul hələ ki, istehsal olunmayıb və sadəcə layihədir: “Məhsulu istehsal etmək ideyasını irəli sürmüşük və Vüsal Şahkərimovun atasından bununla bağlı icazə də almışıq. İctimaiyyətin buna reaksiyasını öyrənmək məqsədilə rəhbərliyimiz şəxsi Feysbuk səhifəsində paylaşıb. Bu məhsulun istehsal olunub-olunmayacağı hələ ki, dəqiq deyil. Müzakirələr gedir. Planda o da olub ki, bu içkidən 10 min ədəd olacaq və ikinci dəfə istehsal olunmayacaq. Fotonu da məhsulun üzərinə vurmağımızda məqsəd odur ki, ordumuzun gücünü, qüdrətini Vüsalın simasında turistlərə, eyni zamanda alkoqollu içkidən istifadə edən insanlara çatdıraq. Bizim şərab muzeyimiz var. Orda məhsulların çeşidləri çoxdur. İl ərzində 1200-1500 nəfər xarici qonaqlar olur. Biz həm də bu məhsulla o qonaqlara ordumuzun qüdrətini göstərmək istəmişik. Məqsədimiz ola bilsin ki, tam aydınlaşmayıb. Hər kəsin də fikrinə hörmətlə yanaşırıq. Hazırda müzakirə olunur, istehsal olunub-olunmayacağı ictimaiyyətə təqdim ediləcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar