Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın siyasi qələbəsinin iqtisadi əsasları

Amid Əliyev yazır...

11 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasının prezidenti V. Putinin dəvəti ilə və Ermənistanın Baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə iştirak etmək üçün Moskva şəhərinə gedib. Qeyd etmək lazımdır ki, üçtərəfli görüşlə yanaşı, Rusiya prezidentinin hər iki ölkə rəhbəri ilə ikitərəfli görüşü də keçirildi. Keçirilən görüşlərin nəticəsi olaraq üçtərəfli yeni bəyanat imzalandı. Görüş sonrası isə ölkə başçıları KİV üçün bəyanatla çıxış etdilər. Bəyanatlarda və görüşlərdə ölkə başçıları tərəfindən səslənən bəzi məqamlar daha çox diqqəti cəlb etdi.

Birinci növbədə, Qarabağ münaqişəsinin bitməsini təsdiqləyən 10 noyabr tarixli Bəyanat imzalandıqdan sonra ilk dəfə idi ki, AzərbaycanErmənistan dövlət rəhbərləri görüşürdülər. Rusiyanın bu münaqişənin həllində vasitəçi olması və ilk görüşün məhz Moskvada, Kremldə keçirilməsi heç də təsadüfi deyildir. Rusiya bir daha region və dünya ölkələrinə bu münaqişənin həll olunması və eləcə də, gələcəkdə əldə ediləcək sülhün hazırlanmasında müstəsna rolunun olmasını göstərdi. Qeyd olunan görüşə hər bir tərəf müvafiq məqsədlərlə gəlmişdi.

Azərbaycan tərəfi bu görüşdə daha çox Qarabağın iqtisadi inkişafının əsasları və eləcə də, 10 noyabr tarixli Bəyanatda təsbit edildiyi kimi, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması və bərpası məsələlərini müzakirə etdi. Bildiyimiz kimi, qeyd edilən bəyanatda Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirəcək yeni nəqliyyat dəhlizinin yaradılması nəzərdə tutulmuşdur. Bu, ilk növbədə regionda yeni nəqliyyat mərkəzinin yaradılmasını və Azərbaycan üzərindən Türkiyəyə yeni dəhlizin açılmasını özündə ehtiva edir. Bundan əlavə, Ermənistanın Naxçıvan vasitəsilə İrana və Azərbaycan ərazisindən keçməklə Rusiyaya nəqliyyat dəhlizinin yaradılması da nəzərdə tutulmuşdur. Nəqliyyat dəhlizləri sırasında Rusiya və Türkiyə dəmir yollarının birləşməsi isə regionun iqtisadi potensialının artmasına xidmət edəcəkdir. Qeyd olunan hallar Azərbaycan Prezidenti tərəfindən bəyanatda səsləndirildi. Bununla yanaşı, münaqişənin bitməsi və iqtisadi əsaslar fonunda gələcəyə baxışın və əməkdaşlığın formalaşdırılması da bildirildi. Azərbaycanla ikitərəfli görüşün müzakirə mövzularından biri də Rusiya sülhməramlılarının bölgədəki xidməti ilə bağlı olduğu ehtimalı daha çoxdur. Belə ki, 10 noyabr tarixindən sonra bölgəyə yerləşdirilən sülhməramlıların münaqişə tərəflərindən daha çox, Ermənistanla sıx bağlı olduqları Azərbaycan tərəfindən müşahidə olunub. Əsas məsələ bölgədə olan erməni silahlı birliklərinin çıxarılmasının gecikməsi daha çox narahatlıq yaradan səbəblərdən birincisidir. Həyata keçirilən humanitar yönümülü yardımların isə birbaşa Azərbaycan tərəfinin rəsmi icazəsi ilə mümkün olması artıq ölkə başçısı tərəfindən vurğulanmışdır. Eləcə də sülhməramlıların öz funksiyaları daxilində xidmət aparmaları barədə xəbərdarlıq edilmişdir. Çox güman ki, bu məsələlər AzərbaycanRusiya dövlət rəhbərlərinin ikitərəfli görüşü zamanı daha çox müzakirəyə səbəb olan mövzulardan olmuşdur. Üçtərəfli görüşdən bir gün öncə Rusiya prezidentinin güc orqanlarının rəhbərləri ilə Qarabağla əlaqəli keçirdiyi müşavirə zamanı toxunduğu məsələlərin məzmunu da bunu deməyə əsas verir. Beləliklə, Azərbaycan 10 noyabr tarixli bəyanatın 9-cu maddəsində göstərilən işlərin həyata keçirilməsi üçün siyasi iradəsinin və iqtisadi gücün olmasını bir daha təsbit etdi. Artıq bölgədə Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-İran-Türkiyə formatında siyasi və iqtisadi əsaslar üzərində əməkdaşlıq platforması mövcuddur. Yaranmış yeni siyası reallıq şəraitində isə Azərbaycan-Rusiya-Türkiyə-İran-Gürcüstan-Ermənistan birliyindən ibarət yeni altılıq müstəvisində əməkdaşlığın qurulması işi başlanıb. Bu əməkdaşlığın əsas məqsədi bölgədə əldə edilmiş sülhün qorunması və uzunmüddətli olması, eləcə də bölgədə yeni iqtisadi imkanların və nəqliyyat dəhlizlərinin yaradılmasıdır. Bu da öz növbəsində ümumilikdə bölgənin inkişafına xidmət edəcəkdir.

Rusiya prezidentinin bəyanatı demək olar ki, Azərbaycan tərəfinin bəyanatı ilə tam uyğunluq təşkil etdi. Belə ki, Rusiya prezidenti bu görüşün qarşılıqlı əməkdaşlığın qurulmasında və inkişafında daha da faydalı olacağını bildirdi. Münaqişənin aktiv müharibə fazasının bitməsi, bölgədə quruculuq, inkişaf və xalqların birgəyaşayış imkanlarının yaradılması kimi tezislər Rusiya prezidenti tərəfindən vurğulandı. Bölgədə sülhməramlılar tərəfindən atəşkəsin saxlanılması və sülhün qorunması istiqamətində həyata keçirilən xidmət yüksək qiymətləndirilmişdir. Nəqliyyat dəhlizlərinin yaradılması ilə bölgədə iqtisadi inkişafın yeni bir mərhələyə keçəcəyi bildirildi. Bundan əlavə, Rusiya prezidenti tərəfindən Qarabağın inkişafı, bölgədə olan məsələlərin daha səmərəli həlli məqsədilə üç ölkənin Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupun yaradılması da təklif olundu. Həm Azərbaycan, həm də Ermənistan bu təklifi qəbul etdi.

Üçtərəfli görüşdə iştirak edən Ermənistanın, sanki, bu görüşdə üçüncü tərəf kimi yox, müşahidəçi qismində olması ilk dəqiqələrdən hiss olundu. İrəvandan çox gərgin bir vəziyyətdə görüşə gələn Ermənistanın Baş naziri N. Paşinyanın görüş zamanı hərəkətləri və özünü aparması onun daxili inamsızlığından, məğlub ruhundan xəbər verirdi. Görüşün nəticəsi olaraq Ermənistan tərəfinin səsləndirdiyi bəyanatı isə olduqca məntiqsiz göründü. Belə ki, həm Azərbaycan, həm də Rusiya tərəfinin bəyanatları daha çox bölgənin iqtisadi inkişafı və nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması fonunda ifadə olunurdusa, Ermənistanın bəyanatı isə Qarabağın statusunun müəyyən olunması, münaqişənin hələ də bitməməsi, erməni əsirlərin geri qayıtması və münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunması kimi siyasi və hüquqi aktuallığını itirmiş fikirlərlə əhatə olundu. İlk öncə, qeyd etmək lazımdır ki, həm Azərbaycan, həm də Rusiya prezidentləri rəsmi qaydada bu münaqişənin bitməsini və tarixə qovuşmasını dəfələrlə bildirmişlər. Hələ müharibənin gedişi zamanı Azərbaycan Respublikasının Prezidenti Qarabağın hər hansı bir siyasi və ya hüquqi statusunun olmayacağını bəyan etmişdir. Bu bəyanatla Rusiya prezidenti də sonuncu dəfə 17 dekabr tarixində keçirdiyi mətbuat konfransında çıxış etmişdir. Qarabağda müharibədən sonra əsir götürülən erməni silahlıları haqqında onu demək olar ki, Ermənistan rəsmi qaydada həmin silahlıların onun silahlı qüvvələrinə aid olmadığını bildirmişdir. Belə olan halda, Azərbaycan tərəfi həyata keçirdiyi anti-terror əməliyyatları nəticəsində onları əsir götürmüşdür. Burada iki əsas məqama xüsusi diqqət yetirmək lazımdır. 1-cisi həmin silahlılar Qarabağa müharibədən sonra 26 noyabr tarixində Ermənistanın Şirak bölgəsindən göndərilmişlər; 2-cisi isə onlar Azərbaycanın silahlı qüvvələri tərəfindən mühafizə olunan bölgəyə mütəmadi olaraq silahlı basqınlar edərək təxribat fəaliyyəti ilə məşğul olmuşlar. Belə olan halda onlar hərbi əsir yox, terrorçu hesab olunurlar. “Qarabağ münqişəsi”nin ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunması öz aktuallığını hələ 27 sentyabr tarixində müharibənin başlanması zamanı itirmişdir. Sonradan Fransa və ABŞ bu münaqişəni həll edilməsində iştirak etmək cəhdləri də boşa çıxdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçən ilin dekabrında ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan heyətləri ilə olan görüşü zamanı səsləndirdiyi fikirlər bunu bir daha sübut edir. Fransanın hələ də bu ümidlərlə yaşamasını sezmək olur. Görüşdən bir gün əvvəl Fransa prezidentinin Rusiya prezidenti ilə telefon danışıqları zamanı Qarabağ ətrafında müzakirələr aparması da bunu təsdiq edir.

Üçtərəfli görüşün nəticələrinə əsasən belə fikir yürütmək olar ki, AzərbaycanRusiyanın bölgədə iqtisadi maraqları üst-üstə düşür. Azərbaycan artıq Qarabağın qaytarılmasında 3-cü fazanı işə salır. Əgər birinci fazada ərazilərin 40% müharibədə, 30% diplomatiya sahəsində qaytarıldısa, yerdə qalan 30% isə iqtisadi inkişaf nəticəsində mümkün olacaqdır. Bu istiqamətdə Azərbaycanın iqtisadi imkanları daha çoxdur. Bölgədə Rusiya ilə yanaşı, Türkiyənin də bu işdə maraqlı olması Azərbaycanın mövqeyini daha da güclü edir. Nəzərə alsaq ki, qurulacaq nəqliyyat dəhlizlərinin və kommunikasiya imkanlarının 80%-i Azərbaycanın ərazisində reallaşacaq, bu, yaxın gələcəkdə regionda Azərbaycanın iqtisadi cəhətdən də söz sahibi olması üçün əlverişli imkan yaradacaqdır. Ermənistan isə hələ də daxili auditoriyasına hesablanan siyasi fikirləri dəstəkləməklə yaranmış siyasi və iqtisadi reallıqlar şəraitində gələcəyə hesablanan addımları atmaqda tərəddüdlər edir. Bu, ilk növbədə müharibədən sonra uduzmuş Ermənistan cəmiyyətində yaranmış çoxtərəfli siyasi baxışlar və iqtidarın erməni xalqının gözündə itirilmiş etibarı ilə izah olunur.

Amid Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının doktorantı

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar