Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ilk qadın rejissoru: Qəmər Salamzadə

8 Mart - Dünya qadınlarının mübarizə günündə incəsənət insanlarından və Azərbaycanın güclü qadınlarından yan keçmək olmazdı. Gəlin bu gün Azərbaycanın ilk qadın rejissoru Qəmər Salamzadəni daha yaxından tanıyaq...

Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda dünyaya göz açıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür. Atası, məşhur publisist-şair Əliqulu Qəmküsar 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər də əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır.

O, hələ körpə ikən evlərində qırmızı cildli, qızıl xəttli “Molla Nəsrəddin” jurnalı görən, Naxçıvanın, Tbilisinin ədəbi mühitlərində böyüyən Qəmər xanım elə bir vaxtda özünə kinorejissorluq sənətini seçmişdi ki, hələ də Azərbaycanda qadınlar köhnəlik buxovundan bütövlükdə xilas olmamışdılar. Qəmər Salamzadə təhsilini Moskvada Dövlət Kinematoqrafiya Texnikumunda davam etdirmişdir.

20-ci illərin sonu, 30-cu illərin əvvəllərində “Azərkino”da çəkilən filmlərin sayı artdığına görə, rəhbərlik II kursu bitirdikdən sonra Qəmər xanımı geri çağırtdırır. Bakıya qayıdan tələbə “Qızıl kol” bədii filmində (1930) rejissor köməkçisi, “Əlsiz adamlar”da (1932) rejissor assistenti, “Rəqs edən bağalar” da (1935) 2-ci rejissor, “Dəcəl dəstə”də (1937) quruluşçu rejissor (A.Popovla birgə), “Səbuhi”də (1941) və “Bir ailə”də (1943) rejissor assistenti, “Ordenli Azərbaycan” sənədli filmində (1938) 2-ci rejissor, “Kənd təsərrüfatı sərgisi”ndə (1940) və “Şəfa nəğməsi”ndə (1944) rejissor kimi fəaliyyət göstərmişdi. Vaxtilə Bakıda çıxan “Raboçiy zritel” jurnalının (1930, N35) üz qabığında Qəmər xanımın şəkli verilmiş və bu sözlər yazılmışdır:

“Azərkino-da işləyən ilk qadın kinorejissor köməkçisi – türk qadını Qəmər Nəcəfova”.

Qəmər Salamzadənin arzusu milli kinomuzun inkişafına xidmət olsa da, 30-cu illərin repressiyaları bu xanımın geniş fəaliyyət göstərməsinə mane oldu. Üzləşdiyi təzadlar onu da sarsıdıb. Çox vaxt azərbaycanlı xanımı hansısa çəkiləcək bir filmə rejissor təyin etsələr də, son anda ya bir erməni, ya da Moskvadan gəlmiş kimsə bu vəzifəni yerinə yetirirdi. Qəmər Salamzadənin “Azərbaycanfilm” Kinostudiyasındakı əsas fəaliyyəti Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayıb. Beləliklə, “Səhər” romanının motivləri əsasında çəkilən filmdə, nəhayət ki, azərbaycanlı qadın - Qəmər Salamzadə öz töhfəsini verə bilib. Atası kimi Qəmər xanımın da mədəniyyətə marağı güclü olub. Hələ Bakıda Pedaqoji İnstitutda oxuduğu zamanlardan tamaşaya qoyulan əsərlərdə bir sıra rollar yaratmışdır. Sonralar isə nəcib insanların köməyi sayəsində Qəmər xanıma etimad göstərilib.

Azərbaycanın ilk qadın kinorejissoru həm öz niyyətini, həm də ömrü yarıda qırılmış atası Əliqulu Qəmküsarın arzularını həyata keçirməyə qismən nail olmuşdu. Qəmər xanım əri, xalq rəssamı Salam Salamzadə ilə birgə böyük və mənalı ömür yaşamışdır. O, 1994-cü ildə 86 yaşında vəfat etmişdir. Bu gün fəxrlə deyə bilərik ki, bütün müsəlman Şərq aləmində ilk qadın kinorejissor olan Qəmər Salamzadənin adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazılmışdır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar