Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına start verilib...
"Report"un məlumatına görə, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparırlar.
Mübarizəyə 1/4 finaldan qoşulan Eldəniz Əzizli ilk görüşündə Ermənistan idmançısı Rudik Mkrtaçyanı çətinlik çəkmədən məğlub edərək adını yarımfinala yazdırıb. Əzizli final uğrunda görüşdə Bolqarıstanı təmsil edən erməniəsilli Edmond Armen Nazaryanla üz-üzə gələcək.
63 kq çəki dərəcəsində Taleh Məmmədov startda Rusiya güləşçisi İbrahim Labazanovla bacarmayıb.
77 kq-da Sənan Süleymanov debütdə Bolqarıstanı təmsil edən erməni güləşçi Aik Mnatsakanyana qalib gəlib. Daha sonra İtaliya idmançısı Matteo Mafezzoliyə şans tanımayan güləşçimiz 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Yunanıstan idmançısı Georgios Prevolarakislə görüş dramatik alınıb. Əzmkarlıq nümayiş etdirən Sənan son saniyələrdə uğurlu fənd işlədərək rəqibinin kürəyini yerə sıxıb və yarımfinala yüksəlib. Onun bu mərhələdəki rəqibi Ermənistan təmsilçisi Karapet Çalyan olacaq.
87 kq çəki dərəcəsində İslam Abbasov ilk mərhələdə yanvarda Fransa "Qran-pri"sində məğlub olduğu Kiril Maskeviçlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz belaruslu rəqibindən revanş alıb. İslam 1/8 finalda isə polşalı həmkarı Arkadiuş Kuliniçdən güclü olub. Abbasov yarımfinalda Viktor Lorintslə (Macarıstan) qarşılaşacaq.
103 kq-da mübarizə aparan Sabah Şəriəti startda Ermənistan təmsilçisi David Ovasapyanla üz-üzə gəlib. Prinsipial qarşılaşmadan qalib ayrılan yığma üzvü 1/4 finalda rumıniyalı güləşçi Alin Aleksuk Kiurariuya uduzub.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
55 kq
1/4 final: Eldəniz Əzizli - Rudik Mkrtaçyan (Ermənistan) 7:1
1/2 final: Eldəniz Əzizli - Edmond Armen Nazaryan (Bolqarıstan)
63 kq
1/8 final: Taleh Məmmədov - İbrahim Labazanov (Rusiya) 0:8
77 kq
Təsnifat: Sənan Süleymanov - Aik Mnatsakanyan (Bolqarıstan) 5:3
1/8 final: Sənan Süleymanov - Matteo Maffezzoli (İtaliya) 7:0
1/4 final: Sənan Süleymanov - Georgios Prevolarakis (Yunanıstan) 6:4 (tuşe)
1/2 final: Sənan Süleymanov - Karapet Çalyan (Ermənistan)
87 kq
Təsnifat: İslam Abbasov - Kiril Maskeviç (Belarus) 3:2
1/8 final: İslam Abbasov - Arkadiuş Kuliniç (Polşa) 3:1
1/4 final: İslam Abbasov - Tarek Mohammed Abdelsalam (Bolqarıstan) 4:3 (tuşe)
1/2 final: İslam Abbasov - Viktor Lorints (Macarıstan)
130 kq
1/8 final: Sabah Şəriəti - David Ovasapyan (Ermənistan) 3:0
1/4 final: Sabah Şəriəti - Alin Aleksuk Kiurariu (Rumıniya) 2:3
pia.az