Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın 2019 hədəfləri: Qarabağ və iqtisadi inkişaf

Tofiq Zülfüqarov: “Əgər biz müharibə yolunu seçsək, iki məsələyə diqqət yetirəcəyik; ermənilər də hazırlaşırlar...”

Vahid Əhmədov: “Əsasən qeyri-neft sektorunda ixrac yönümlü məhsulların istehsalına diqqəti artırmalıyıq”

Tarixə qovuşan 2018-ci ildə dünyada cərəyan edən bir sıra iqtisadi təlatümlərə rəğmən Azərbaycan dövləti və onun vətəndaşları ciddi problemlərlə üzləşmədi. Prezident İlham Əliyev dünya azərbaycanlılarına ünvanlandığı təbrikində də qeyd etdi ki, dünyada gedən mürəkkəb geosiyasi proseslərə, müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləyir.

Dövlət başçısının sözlərinə görə, ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi bunu bir daha əyani surətdə sübut edir. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilib. 2019-cu ildə iqtisadi inkişafımızın təmin edilməsi, iqtisadi kataklizmlərdən sığortalanmaq təbii ki, başlıca vəzifələrdəndir.

Azərbaycan dövlətini və vətəndaşlarını narahat edən əsas məsələ - Ermənistanın işğalı altında olan ərazilərimizin azadlığına nail ola bilməməyimizdir.

Odur ki, 2019-cu ilin prioritetləri sırasında Qarabağ məsələsinin həlli ilk yerdə dayanır. Dövlət başçısı da qeyd edib ki, ölkəmiz inkişaf etdikcə, daha qlobal xarakterli vəzifələri həll etmək imkanları da artır. “Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi taleyüklü vəzifə dayanır”-prezident deyib. Şübhəsiz ki, Azərbaycanın iqtisadi cəhətdən daha da güclənməsi ordumuzun da gücünün artırılması deməkdir və bu, son nəticədə əsas hədəfə çatmaq şansını qat-qat artırır.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın yeni taktikası haqqında nə isə deməyə ehtiyac yoxdur: “Bu barədə bəyanatlar onu göstərir ki, Azərbaycan danışıqlara, ermənilərin mövqeyinin dəyişməsinə çox da inanmır. Ona görə də cənab prezident demişkən, əsas faktor ordudur, Silahlı Qüvvələrimizdir. Bu baxımdan ikinci bir məsələ təhlil üçün çox vacibdir: söhbət Ermənistanda olan vəziyyətdən və Rusiya ilə münasibətlərdən gedir. Burada da təzə bir söz demək çətindir. Yəni daxildəki böhran, ilk növbədə siyasi böhran göz qabağındadır və ona aid daha çox məlumatlar gəlir. Üçüncüsü, Rusiya-Ermənistan münasibətlərinə də nə isə əlavə etmək çox çətindir. Çünki ilin birinci xəbəri bundan ibarətdir ki, ermənilər yanvarın 12-sində Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı yeni nümayiş planlaşdırırlar. Bununla bağlı tələblər səsləndirəcəklər. Odur ki, burada da təzə bir şey yoxdur. Ümumiyyətlə, hadisələr təxminən o istiqamətdə inkişaf edir ki, ötən ilin sonlarında bu barədə danışmışıq. Hesab edirəm ki, bu faktorları üst-üstə qoysaq, Azərbaycanın gözləmə taktikasını seçdiyini görərik. Ciddi addımlar o vaxt atıla bilər ki, onlar üçün daha münasib şərait yaranacaq”.

Eks-nazir qeyd etdi ki, Qarabağ danışıqlarının, ayrı-ayrı görüşlərin olması vəziyyətin inkişafına ciddi bir təsir göstərmir: “Həmsədrlərin gediş-gəlişi də o sıradan adi məsələdir. Hətta sadə camaat nəinki tənqid edir, onların səfərlərindən lağlağa ilə danışır. Bu baxımdan mən görüşlərdən heç nə gözləmirəm. Hesab edirəm ki, Azərbaycanda bu görüşlərdən nə isə gözləyən az adam tapılar. O qaldı digər məsələlərə, əlbəttə, biz həmişə gözləyirik və ümid edirik. Yəqin ki, bəziləri deyəcək nəyi gözləyirik, zərbə vuraq və s. Deyəsən, mən bu fikri bir dəfə səsləndirmişəm. Əgər biz müharibə yolunu seçsək, iki məsələyə diqqət yetirəcəyik. Birinci şərt o olmalıdır ki, biz ərazi bütövlüyümüzü və suverenliyimizi öz sərhədlərimiz daxilində bərpa edək.

İkincisi isə bu proses zamanı bizim itkilərimiz az olsun. Yəni bu şərtlər bu və ya digər qərarın verilməsi ərəfəsində, qərar verəcək şəxslər üçün əsas meyardır. Ona görə də bizim kənarda durub nə isə məsləhət verməyimiz düzgün olmaz”.

T.Zülfüqarov hesab edir ki, prezidentin səsləndirdiyi Qarabağ bəyanatı ilk növbədə Azərbaycan xalqına yönəlmişdi: “Burada ilk ünvan kimi mən Ermənistanı görmürəm. Çünki onlara deyiləsi hər şey deyilib və təzə nəyəsə ehtiyac yoxdur. Mən əminəm ki, birinci atəşi ermənilər bizə tərəf açacaq. Özü də bu, Qarabağ klanının əli ilə olacaq. Yəni daxili siyasətdə görsələr ki, onların nüfuzu azalır, bu addıma gedəcəklər. Biz başa düşürük ki, Qarabağ hissədəki qoşunlar onların təsiri altındadır və onlar hadisələrin digər istiqamətdə inkişafını istəyərlər. Yəni daxili düşməni yox, xarici düşməni, yəni Azərbaycanı ön plana çəkmək istəyəcəklər. Bu baxımdan mən istisna etmirəm ki, ermənilər də birinci zərbəyə hazırlaşırlar. Hər halda, Qarabağ klanının taktikası məhz bundan ibarət olacaq”.

Deputat Vahid Əhmədov isə “Yeni Müsavat”a dedi ki, iqtisadi sahədə bir sıra mühüm addımlar gözlənilir: “Biz 2019-cu ilin dövlət büdcəsini təsdiq etmişik və çox ciddi islahatlara start vermişik. Vergi islahatları artıq yanvarın 1-dən etibarən ölkəmizdə həyata keçirilməyə başlayıb. Bu islahatlar müəyyən qədər sahibkarlığın inkişafı, vergi inbzibatçılığının təmin edilməsi üçün münbit şərait yaradır. Həmçinin sahibkarlığa kömək məqsədilə ciddi addımlar atılır. Bu, bizim üçün çox əhəmiyyətlidir”. V.Əhmədov qeyd etdi ki, 2019-cu ildə narahatlıq doğuran məqam neftin qiyməti ilə əlaqədardır: “Neftin qiymətinin müəyyən qədər aşağı düşməsi əlbəttə, bizim üçün yaxşı heç nə vəd etmir. Çünki neftin qiyməti yüksək olarsa, neft ixrac edən ölkə olduğu üçün Azərbaycan daha çox gəlir əldə etmiş olar. Biz dövlət büdcəsində neftin qiymətini 60 dollar götürmüşük. Ona görə də bu, bizimçün əhəmiyyətlidir”.

Deputatın sözlərinə görə, ölkəmizi narahat edən digər məsələ Azərbaycanın qonşularında baş verən hadisələrdir: “Rusiya, İran və Türkiyədə milli valyutanın kəskin ucuzlaşması əlbəttə, Azərbaycana təsirsiz ötüşmür. Baxmayaraq ki, biz 2018-ci ildə milli valyutamızı qoruyub-saxlaya bildik. Bu tərəfdən də neftin qiyməti müəyyən qədər aşağı düşüb. Amma mən hesab edirəm ki, hələlik birinci rübdə biz milli valyutamızı qoruyub-saxlaya biləcəyik. Əgər neftin qiyməti kəskin aşağı düşməsə, yəni 60 dollar səviyyəsində olsa, milli valyutamız devalvasiyaya uğramayacaq. Amma qonşu dövlətlərdə baş verən hadisələr Azərbaycan iqtisadiyyatına təsir edə bilər”.

V.Əhmədov Bakı-Qars dəmir yolunun, TANAP-TAP layihəsi istiqamətində atılan addımları 2018-ci ilin müsbət hadisələri kimi qeyd etdi: “2019-cu ildə TAP layihəsinin sona çatdırılması, 2020-ci ildən etibarən qazın Avropaya çıxarılması baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu, çox mühüm əhəmiyyətə malik layihədir, özü də burada maliyyə problemi yoxdur. 2019-cu ilin hədəflərindən biri kimi, çalışmaq lazımdır ki, milli valyutamız devalvasiyaya uğramasın, stabillik qorunub-saxlanılsın. Yox, əgər belə bir proses baş verərsə, heç olmasa yumşaq devalvasiya sistemi həyata keçirilsin ki, Azərbaycan iqtisadiyyatında ciddi problem yaranmasın”.

Deputat bildirdi ki, Azərbaycanda ən ciddi məsələlərdən biri qeyri-neft sektorunun inkişafıdır: “Bu sektorun inkişafında daha çox ixrac yönümlü məhsullara diqqət yönəltmək lazımdır. 2018-ci ildə ixrac yönümlü məhsulların tərkibində qeyri-neft sektorunun payı 7,8 faiz idi. Bu, bizi qane edə bilməz, çalışıb bunu artırmaq lazımdır. Baxmayaraq ki, qeyri-neft sənayesində artım 9 faizə yaxın oldu. Biz qeyri-neft sektorunu daha çox inkişaf etdirməli, buraya daha çox diqqət artırmalıyıq. Özü də əsasən qeyri-neft sektorunda ixrac yönümlü məhsulların istehsalına diqqəti artırmalıyıq.

Çalışmalıyıq ki, 2018-ci ildə olduğu kimi, 2019-cu ildə də Azərbaycanın ticarət balansında müsbət saldo olsun, mənfi saldo yaranmasın, bu, bizimçün çox əhəmiyyətlidir. Çalışmaq lazımdır ki, Mərkəzi Bank 2018-ci ildə olduğu kimi, 2019-da da pul kütləsinə nəzarət mexanizmini həyata keçirə bilsin”.

V.Əhmədov həlinə xüsusi önəm verdiyi digər məsələlərə də diqqət çəkdi: “Ən ciddi və bizi narahat edən məsələlərdən biri əmanətlərin sığortalanması məsələsidir. Mən Milli Məclisdə bir neçə dəfə təklif etmişəm ki, biz əmanətlərin tam sığortalanması haqqında qanun qəbul etmişik. Amma o qanun 2019-cu ilin 1 martında qüvvədən düşür, bunun vaxtını bir qədər uzatmaq lazımdır. Azı 3 il müddətinə artırmaq gərəkdir ki, əmanətlər sığortalansın və insanlar banklara daha çox etibar etsinlər. Ən ciddi məsələlərdən biri də bank sisteminin sağlamlaşdırılmasıdır. Bu prosesi həyata keçirmək üçün əlbəttə, bizim vaxtımız çox azdır. Bank sisteminin sağlamlaşdırılması, bank faizlərinin aşağı salınması, bankların kapitallaşma məsələsini həll etmək, bankların likvidliyini təmin etmək kimi məsələləri yoluna qoymaq lazımdır ki, əhali ilə bank, sahibkarla bank arasında ciddi problemlər yaranmasın”.

Deputat V.Əhmədov da bu fikirdədir ki, 2019-cu ildə Azərbaycanın qarşısında dayanan əsas hədəflərdən biri Qarabağ məsələsinin həllinə nail olmaqdır: “Biz bu məsələdə ciddi irəliləyişlər əldə etməliyik, bunun üçün geniş imkanlarımız var. Azərbaycanın ordusu müasir silahlarla təmin olunub. 2019-cu ildə orduya 3 milyard manatdan yuxarı vəsait ayırmışıq. Bu vəsait həmişə ordunun yüksək səviyyədə silahlandırılması, hərtərəfli təchizatı üçün böyük əhəmiyyət kəsb edir. Dövlət başçımız tərəfindən ordumuza diqqət həmişə böyükdür. Əminəm ki, 2019-cu ildə də bu diqqət davam etdiriləcək və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində zəruri addımlar atılacaq”.

pia.az


Etiket: 2019 Qarabağ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar