Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda uşaqlara qarşı zorakılıqdan daha çox danışırlar. Nə dəyişib?

Azərbaycanda uşaqlara qarşı zorakılıqdan daha çox danışılır, baxmayaraq ki, bir neçə il əvvəl bu cür cinayətlər elə də çox əks-səda doğurmurdu. Ucqar bölgədə yaşlı müəllimin öz şagirdinə qarşı belə hərəkətlərini misal çəkmək olar. Qurbanların özləri hələ də ictimai açıqlamadan yayınsalar da, getdikcə daha çox insan hüquq müdafiəçiləri və dostlarıyla bölüşməyə başlayırlar.

Avqustun sonlarında 16 yaşlı qız Bakıda yerləşən zorakılıq qurbanlarının sığınacağında dünyaya uşaq gətirdi. Onu buraya kəndlilərdən qorumaq üçün gətirmişdilər.

Qızın başına gələnləri sosial şəbəkələrdə izləyirdilər.

Bundan əvvəl, 15 yaşlı şagirdi ilə cinsi əlaqədə olan 60 yaşlı müəllimin bir il müddətinə azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü qızğın mübahisələrə səbəb olub. Sosial şəbəkələrdə qəzəb doğurmuş yüngül cəzaya görə yerli ədliyyə sistemi tənqid olunurdu.

Müəllimə 15 ildən tutmuş ömürlük həbsə qədər daha sərt cəza tələb olunurdu. Hətta bəziləri ölüm cəzasını bərpa edərək, onu edam etməyə səsləyirdi.

Çoxları müəllimi rüsvay etmək üçün onun fotoşəklinin yayılmasını da istəyirdi. Mütəxəssislər deyirlər ki, bir neçə il əvvəl belə bir cinayətlər ictimaiyyətin diqqəti kənarında qalardı.

Nə baş verib?

Kirəvud kəndi Azərbaycanın cənubundakı Lerik rayonunda, İran sərhədi yaxınlığında yerləşir. Burada 60 yaşlı müəllim öz şagirdi ilə cinsi əlaqəyə girdikdən sonra, qız hamilə qalıb.

Qızın atası BBC-yə deyib ki, hər şeyi yalnız yazda, uşağın hamilə olduğunu aşkar etdikdə öyrənib.

"Biz qızın qarnı yekə idi deyə uşağı həkimə apardıq, dedilər 6 aylıq hamilədir. Bizim o vaxtadək xəbərimiz olmayıb. Heç kim bizə heç nə deməyib, xəbər verməyib. Biz bilən kimi polisə şikayət etdik".

Baş Prokurorluğun verdiyi məlumata görə, müəllim Şəfahət Məmmədova qarşı iki maddə üzrə ittiham irəli sürüb: 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə.

Bu maddələr birlikdə bir ildən beş ilədək həbs cəzasını nəzərdə tutur.

Lerik rayon məhkəməsində iyun ayında başlayan proses bir ay yarım davam etdikdən sonra, müəllimə bir illik həbs cəzası verilib.

Lakin avqust ayında prokurorluğun özü, həddindən artıq yumşaq hesab etdiyi hökmə etiraz edərək, qonşu rayondakı məhkəməyə apellyasiya müraciətini təqdim edib.

Zərərçəkmişin atasına əsasən, həm istintaq vaxtı, həm də məhkəmədə onun qızı məhz həmin müəllimlə əlaqədə olduğunu bildirib.

"Müəllim uşağa konfet, alma, pul verib deyib ki, mənim adım olmasın, heç kəsə deməyəsən mən etmişəm, başqasının adını verərsən," - atası deyir.

Məhkum edilmiş müəllimin oğlu BBC-yə bildirib ki, atası özünü şərlənmiş hesab edir və ailə hökmə qarşı şikayət verib.

Qurbanlar qınanılır

Hələ aprel ayında qəyyumluq orqanlarının nümayəndələri qızı ailədən alıblar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi azyaşlının "ailəsinin yanında qalmasının təhlükəli olduğu" üçün onu, Bakıdakı sığınacaqlardan birinə yerləşdirilib.

Həmin sığınacaqdan BBC-yə danışan Mehriban Zeynalova deyib ki, zərərçəkmişə təhlükə törədən valideynlər yox, kənd sakinləri idi. Hüquq müdafiəçisinə əsasən, rayonun öz qaydaları var və qıza qarşı pis, qeyri-etik rəftar göstərilə bilərdi.

Bu işə marağı artırıb, əks-səda yaradan Mehriban Zeynalovanın Facebook-dakı paylaşımı olub.

Onun yayılmasından sonra, Baş Prokurorluq həddən artıq yüngül hesab edilən cəzadan apellyasiya şikayəti verdiyini açıqlayıb.

Hərçənd ki, vəkil Əsabəli Mustafayev deyir ki, hökmü ciddi şəkildə dəyişdirmək mümkün deyil, çünki qərar artıq çıxarılıb və onu istintaqa qaytarmağa hüquqi vasitə yoxdur.

"Cəzanı ən çox iki ilə qaldıra biləcəklər. Bundan artıq cəza istəmək mümkün olmayacaq," - vəkil deyir.

"Ən pisi odur ki, bu cür yüngül cəzalar məktəblərdə belə qorxulu praktikalar yarada bilər və belə hadisələrin çoxalmasına təkan verə bilər. Hər bir cəza cəmiyyətin tərbiyələnməsində həm də profilaktik rol oynayır. Yüngül cəza əlbəttə, cəzasızlıq mühiti yarada bilər. Ona görə, düşünürəm ki, bu cür yüngül cəza vermək düzgün deyildi".

Müraciətlər axını

Yerli mütəxəssislərin fikrincə, uşaq zorakılığı haqqında müzakirələr son 2-3 ildə canlanıb. Yeniyetmələr evdə necə döyüldükləri haqqında danışmağa başlayıblar, valideynlər isə uşaqların məktəbdə pis rəftara məruz qaldığını deyirlər.

Ötən il məktəbdəki təqiblərin qurbanı olan 14 yaşlı Elina Hacıyevanın faciəsi xüsusiylə geniş əks-sədaya səbəb olmuşdur.

Cəmiyyətdə böyük qəzəb doğuran həm də bu oldu ki, məktəbin direktoru intihar cəhdindən sonra hələ sağ olan Elinanı sorğu-sual etmiş, təcili yardım xidmətinə hadisədən iki saat sonra zəng vurmuş, xəstəxanada qızın valideynlərini bir sutkadan çox onun yanına buraxmamışdılar.

Bu hadisədən sonra ictimaiyyətin diqqəti haqqında danışılmayan bullinq probleminə yönəldi.

"İllərdir bu barədə danışsaq da, bullinqə, Elinanın faciəsindən sonra diqqət yönəldi, baxmayaraq ki, belə bir faciəni görmək lazım idi," - hüquq müdafiəçisi və uşaq sığınacağının rəhbəri Kəmalə Ağazadə deyir.

O deyir ki, bunun ardınca onun təşkilatına müraciətlər axını başlayıb. "Mənim uşağım da bullinqə məruz qalır" deyən valideynlər məktəbi dəyişdirmək istəyirlər.

Düzdür, hüquq müdafiəçisi Şəhla İsmayılın fikrincə, zorakılıq mövzusuna həddən artıq diqqət mənfi nəticələrə də səbəb ola bilər: "Bu gün belə işlərin üzə çıxmasının yaxşı olub-olmadığı ilə bağlı müzakirələr gedir. Təəssüf ki, əks nəticə də əldə edə bilərik. Bir tərəfdən insanların narazı qalması yaxşıdır. Digər tərəfdən cəmiyyət bu məsələyə alışır".

Cinsi zorakılıqdan nə vaxtdan daha çox danışmağa başladılar?

Cinsi zorakılıqla bağlı hər şey daha mürəkkəb görünür. İndiyədək bu məsələyə damğalanmaqdan qorxan qurbanlar deyil, cəmiyyətin özü diqqət yetirir.

"Uşaqlar ümumiyyətlə bu barədə səslərini çıxarmamağa çalışırlar, çünki təcavüzkarlar onları qorxudur, şantaj edirlər," - deyir Kəmalə Ağazadə.

Beləliklə, onun sözlərinə görə, pedofiliya, xüsusilə də ucqar bölgələrdə baş verdiyi zaman, gözə görünməyən cinayət olaraq qalır.

Son illər ərzində sosial mediadakı maarifləndiricilər sayəsində cinsi zorakılıq problemləri haqqında daha çox bəhs olunur.

"2010-cu ildə biz bir qızı müəyyən etdik, o, psixiki cəhətdən qeyri-sabit qohumuyla evlənməyə məcbur edildiyini söylədi," - Biz polisə müraciət etdik və bundan sonra başqa işlərin də üstü açıldı, Kəmalə Ağazadə deyir.

"Daha sonra bölgələrdə ikinci, üçüncü hekayə üzə çıxdı, biz polisə müraciət etməklə yanaşı bu barədə sosial şəbəkələrdə danışırdıq və müzakirələr başladı."

Onun sözlərinə görə, hələ üç il bundan əvvəl 11 yaşlı qız ögey atasından hamilə qalanda hamı deyirdi ki, o, mütləq doğmalıdır. "O zaman bu barədə yazdıq ki, deyirdik ki, bunu etməməlidir, təhlükəlidir," - deyə hüquq müdafiəçisi xatırlayır.

Bu hadisədən dərhal sonra İnstagram-da ona yazmağa başladılar, qızlar və qadınlar bənzər hekayələriylə bölüşürdülər.

"10 il əvvəl oxşar təcrübəni yaşamış yetkin qadınlar yanıma gəlir və görürsən ki, belə işlər həmişə olub, amma bu barədə danışmayıblar," - Kəmalə Ağazadə deyir.

"İndi qız bu barədə danışır, ondan azad olmaq istəyirsə, bu çox yaxşı haldır."

Ən azından dostlarına etiraf etmək

Hadisədən 20 il sonra, hər şeyi yaxın dostlarına danışmaq qərarına gələn Xəyalə (adı dəyişdirilib) həmin azadlıq hissini yaşayıb.

O, 10 yaşından başlayaraq, dörd il ərzində, əmisi tərəfindən sistematik olaraq təcavüzə məruz qalıb.

"Qorxurdum ki, anam bilsə, məni günahlandıracaq, cəmiyyətimizdə qurbanı günahlandırmaq adət olunub, - o, xatırlayır. - Qardaşım və ya atam bilsə idi, onu [əmimi] öldürərdilər, çünki bu, onlar üçün qeyrət məsələsidir. Belə qəbul olunub. "

Xəyalə nəyinki damğalanma, hətta "anlayışların" girovu da olub.

"O vaxtlarda da polisə etibar etmirdim," - o, deyir.

Xəyalə polisin onu qoruyacağına inanmırdı və "qeyrət qətlindən" sonra qardaşı və atasının dəmir barmaqlıqlar arxasına atılacağından qorxurdu.

Ancaq 14 yaşına çatanda artıq cana yığıldı və hər şeyi anasına danışdı.

"Bunu eşidəndə anam mikroinfarkt keçirdi və sonra məni tutub ginekoloqa apardı, çünki ona yalan danışdığımı düşünürdü, - Xəyalə deyir. - Bu, o qədər qadağan olunmuş bir mövzudur ki, hətta ginekoloq üçün də hekayə qoşduq, sanki nişanlıyam deyə, barmağıma üzük taxdım, halbuki 14 yaşım var idi. "

Baş verənlər üzündən Xəyalə illərlə kişilərdən qorxub, hələ də onlardan çəkinir və münasibətlər haqqında yalnız bu yaxınlarda düşünməyə başlayıb.

"Ancaq bir şeyi başa düşdüm - hamıya danışmasan da, öz ailənə söyləməlisən. - Kəmalə deyir. - Üç il əvvəl hər şeyi dostlarıma söyləmək qərarına gəlidm. Məni qınamadıqlarını gördüm, onlar da başlarına eyni işin gəldiyini söylədilər."

Xəyalə deyir ki, əmisi tərəfindən təcavüzə məruz qalan ilk şəxs deyildi.

"Ancaq digər qız susdu və o, cəzasız qalacağına inandı. Buna görə, belə hekayələrin təkrarlanmaması üçün danışmaq lazımdır."

Buna baxmayaraq, Xəyalə açıq şəkildə, sosial şəbəkələrdə danışmağa hazır deyil - onu qınayacaq insanların ortaya çıxacağına şübhə etmir: "#MeToo [qadın hüquqları hərəkatı - BBC] bizdə işləmir."

Hüquq müdafiəçisi Şəhla İsmayıl onunla razılaşır.

"#MeToo hələ alınmır, çünki ictimai qınaq mövcuddur" - o, deyir.

Onun sözlərinə görə, hələ elə bir ictimai şüur formalaşmayıb ki, "ilham vermək, ruhlandırmaq, həmrəylik üçün lazım olan hekayələri bölüşmək olsun."

Bütün bunlara rəğmən, son illərdə Azərbaycanda qadın hüquqları uğrunda kampaniya genişlənməkdədir.

Açıq şəkildə etiraz etmək adətinin kök salmadığı ölkədə, ötən il 8 martda "Qadınlara qarşı zorakılığa "Yox" şüarı altında ilk etiraz aksiyası keçirilib.

Türkiyədə qadın cinayətləri: “Öz qanımda boğulacaqdım”
Oğlanlar niyə susurlar?
Qadınlar və qızlar nadir hallarda olsa da, dəhşətlərdən, öz uşaqlarına qarşı məktəb və evdəki zorakılıqdan danışırlar. Ancaq oğlanlara qarşı zorakılıq aysberqin görünməyən hissəsidir.

BMT-nin sorğusuna görə, qadınların yalnız 0,4 faizi uşaqlıqda təcavüz qurbanı olduğunu etiraf edib. Eyni yaşda təcavüzə məruz qaldığını deyən kişilərin nisbəti daha yüksəkdir - 1,1 faiz.

Kəmalə Ağazadəyə əsasən, oğlan uşağının damğalanmaq təhlükəsindən yayınması daha çətindir, çünki inanılır ki, bu "məlum olsa, o, artıq kişi ola bilməyəcək."

"Təcrübəmə görə, qızlar bu barədə oğlanlardan daha çox danışırlar, - o, deyir. - Sığınacağımızda zorakılığa məruz qalan uşaqlar reabilitasiya kursu keçir və bizdə əsasən qızlar var, yəni qızlar bu barədə daha çox danışırlar."

Sığınacağın təcrübəsinə əsasən, cinsi zorakılığın qurbanları ən çox 8-10 yaş arası, kimsəsiz küçə uşaqlarıdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər beş qadından biri və hər 13 kişidən biri uşaqlıqda cinsi zorakılığa məruz qaldığını deyir.

Ekspertlərin rəyinə istinad edən Almaniyanın Deutsche Welle nəşri bildirir ki, Avropada hər beşinci uşaq cinsi zorakılıq qurbanı olduğunu etiraf edib.

Bir çox tədqiqat göstərir ki, bu kimi faciələr uzunmüddətli psixi problemlərə səbəb olur. Bura günahkarlıq hissi, fobiyalar, asılılıq, depressiya, narahatlıq və travma sonrası stress sindromu da daxildir.

Lakin həm Azərbaycan, həm də bütün dünyada cinsi zəmində uşaqlara qarşı törədilən cinayətləri aşkarlamaq çətindir və belə zorakılıqlar illərlə davam edə bilər.(İllüstrasiyalar: Məhərrəm Zeynalov)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar