Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda hər il 1 milyon tona yaxın qida zibilliyə atılırmış

Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) Ətraf Mühit Proqramı “Qida Tullantıları İndeksi 2021” (Food Waste Index) adlı hesabatını yayımlayıb. Və məlum olub ki, dünyada qida tullantıları ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Təkcə 2019-cu il ərzində 931 milyon ton qida məhsulu zibilə çevrilib. Bu isə o deməkdir ki, ilboyu bütün qida məhsullarının 17 faizi israf edilib. Qida tullantıları ilə bağlı vəziyyəti təsəvvür etmək üçün hesabatda bildirilib ki, həmin tullantıları daşımaqdan ötrü 40 ton tutumlu 23 mindən çox yük maşını lazımdır. İsraf edilmiş qida tullantılarının 61 faizi evlərdə hazırlanmış qidaların payına düşür. İsrafın 26 faizi xidmət sektorunda, 13 faizi isə pərakəndə satış nöqtələrində baş verir.

Hesabatda həmçinin qeyd olunub ki, dünyada 690 milyon insan aclıqdan əziyyət çəkib. Bildirilib ki, insan ömrü boyunca təxminən 70 min dəfə yemək yeyir ki, bu da toplam 25-30 ton qida deməkdir. İl ərzində israf edilən qida 30 milyondan çox insanın ömürboyu qidalanmasına yetə bilərdi. Hesabatdan bəlli olur ki, evlərdə qida tullantıları ilə bağlı problem gəlir dərəcəsinə baxmadan, bütün ölkələrdə müşahidə olunub. Ayrıca, qida tullantıları ekoloji problemlərə də təsir edir. Atmosferdəki zərərli qazların təxminən 10 faizi məhz qida tullantılarından qaynaqlanır. BMT qida israfı ilə bağlı yaranmış təhlükəli vəziyyətin qarşısını almaq üçün  həm hökumətləri, həm istehsalçıları, həm də istehlakçıları daha məsuliyyətli davranmağa çağırıb.

Azərbaycanda adambaşına 93 kiloqram qida zibilliyə atılır

Hesabatda Azərbaycanda qida tullantıları ilə bağlı vəziyyət də əksini tapıb. Bəlli olub ki, 2019-cu il ərzində Azərbaycanda adambaşına 93 kiloqram, toplam 935 min ton qida tullantısı yaranıb.  Qida tullantılarının həcmi baxımından Azərbaycan bir çox ölkələri geridə qoyub və postsovet ölkələri arasında  Tacikistan və Gürcüstandan sonra  3-cü yerdə qərarlaşıb.

Rəsmi rəqəmlərdən məlum olur ki, Azərbaycanda əhalinin əsas xərc istiqaməti məhz ərzaq məhsullarıdır. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, ötən il pərakəndə ticarət şəbəkələrində istehlakçılara 40.2 milyard manatlıq, o cümlədən 21.7 milyard manatlıq ərzaq məhsulu, içki və tütün məmulatı, 18.5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Sırf ərzaq məhsullarının ümumi xərclər içərisindəki payı 48.6 faiz olub.

Dünya təcrübəsində rifahın əsas göstəricilərindən biri ailələrin aylıq gəlirlərinin ərzaq, geyim, əyləncə kimi sahələrə necə bölünməsidir. Aylıq gəlirin ərzağa xərclənən hissəsi bu hesablamanın əsas indikatoru rolunu oynayır, çünki hesablamalar göstərir ki, əhalinin rifah səviyyəsi aşağı düşdükcə ərzaq məhsullarının ümumi istehlak xərclərindəki xüsusi çəkisi artır. Məsələn, Avropa Birliyi ölkələri arasında ərzaq xərclərinin toplam xərclərdəki payı 9-26 faiz arasında dəyişir. İnkişaf etmiş ölkələrin əksəriyyətində bu göstərici 10 faiz civarındadır. Azərbaycanda isə istehlak məqsədi ilə xərclənən hər iki manatdan biri məhz ərzağa sərf edilib. Bu göstərici ilə Azərbaycan Avropa məkanında ilk yerlərdən birini tutur.

Daha çox çörəyi israf edirik

Virtualaz.org-un paytaxtın müxtəlif istiqamətlərində apardığı müşahidələrə görə, doğrudan da qida tullantıları, xüsusilə meyvə-tərəvəz qalıqları digər məişət tullantılarından çoxdur. Və təəssüf doğuran məqam isə odur ki, az qala hər zibil qutusunun ətrafına çörək qalıqları atılıb.

Suraxanı rayon ərazisində tullantıları daşıyan fəhlələrdən biri danışır ki, onlar daşınma zamanı tullantıları qruplaşdırmırlar.  Lakin illərdir bu sahədə işlədiklərindən artıq qoxu ilə qutunun içərisində nə olduğunu müəyyənləşdirə bilirlər: “Onsuz da həmişə ərzaq tullantıları digər tullantılardan çox olur. Sadəcə, yayda mövsümlə bağlı qida tullantılarının həcmi daha da  artır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Azərbaycanda ümumi tullantılar içərisində çörəyin xüsusi çəkidə olduğunu, hətta ümumi istehlak edilən çörəyin təxminən 30 faizinin tullantıya getdiyini  bildirib.  Hüseynovun  sözlərinə görə, Azərbaycanda qida israfı ilə bağlı vəziyyət ürəkaçan deyil. Çörək istehlakı və israfı göstəriciklərinə görə ölkəmiz hətta digər ölkələri üstələyib. “Hər 3 ildən bir 123 ölkənin nümayəndələrinin iştirakı ilə toplantı keçirilir və ərzaq israfçılığı ilə bağlı məsələ müzakirəyə çıxarılır. Məlum olub ki, Azərbaycan çörək istehlakına görə dünyada birincilər sırasındadır. Çörəyi müqəddəs hesab etsək də, qida tullantıları arasında çörəyi çəkisi böyükdür”.

Birlik sədri hesab edir ki, qida israfı ilə bağlı vəziyyət təhlil edilməli, qidaların yenidən çeşidlənməsi üçün ayrıca qurum yaradılmalıdır. “Bu, çox ciddi problemdir və artıq dünya dövlətləri həyəcan təbili çalır. Çünki qida tullantıları əhalinin gəlirlərinə, həm də ekologiyaya təsir edən məsələdir. Nəzərə alın ki, hesabatda yararlılıq müddəti başa çatdığı üçün satışdan çıxarılan ərzaqların çəkisi yer almayıb. Qida israfçılığı ilə bağlı təbliğat aparılması üçün ciddi işlər görülməlidir. Bu məsələ bir-iki ilə həllini tapmayacaq qədər böyük problemdir”.

İqtisadçı ekspert isə deyir ki… 

İqtisadçı ekspert Akif Nəsirli isə bildirib ki, Azərbaycanda ailə təsərrüfatı, ailə iqtisadiyyatı anlayışı formalaşmayıb. Halbuki inkişaf etmiş ölkələrdə ailə təsərrüfatının formalaşması uzun illərdir kiçik yaşlardan dərsliklərdə tədris olunur. Eləcə də şirkətlər öz əməkdaşlarına tövsiyə xarakterli təlimlər keçirlər. “Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərdən biri illər əvvəl öz işçiləri arasında sorğu keçirmişdi. Məlum olmuşdu ki, işçilərin ailə təsərrüfatı ilə bağlı anlayışı yox səviyyəsindədir. Bundan sonra 4 həftə ərzində 8 təlim keçirildi, həmin təlimlərdən sonrakı 6 ayın nəticələri izlənildi. Təlimlərdən sonra puluna qənaət edən işçilərin sayı 80 faizdən çox olmuşdu”.

Ekspert deyib ki, israfçılıq həm də alış-veriş mədənniyyətinin aşağı olmasından xəbər verir.

“Evə bir çörək lazımdısa bəzən üçünü alırlar…”

“Dünyada qəbul olunmuş sadə üsullar var. Məsələn, alış-verişə gedərkən əvvəlcədən siyahı tərtib etmək lazımdır. Ərzaq almağa gedəndə mütləq tox olmaq vacibdir, çünki təcrübə göstərir ki, ac insan əlavə pul xərcləməyə meyilli olur. Tutaq ki, bir çörək almaq lazımdırsa, ac olan zaman 2-3 çörək alırlar. Yəni tədqiqatlar göstərir ki, ac olan zaman təlabatdan bir neçə dəfə artıq ərzaq alınır. Hər bir insan özünün, ailəsinin ətə, çörəyə, yaxud hansısa ərzağa təlabatını bilir və bu təlabata uyğun alış-veriş etmək lazımdır”,-Nəsirli qeyd edib.

Hələ sovetlər dövründə ayrı-ayrı qidalarla bağlı təlabat, standartlar müəyyənləşdirilib. A.Nəsirlinin sözlərinə görə, buna baxmayaraq heç vaxt bu standartlara riayyət edilib-edilmədiyi araşdırılmayıb: “Azərbaycanda hansısa qurum qidaya olan təlabat və israfçılıqla bağlı tədqiqat aparmayıb, ortada real göstəricilər yoxdur. Amma inkişaf etmiş  ölkələrdə vətəndaş istədiyi vaxt məhsulun keyfiyyətini  laboratoriyada yoxlatdıra və təzminat tələbi qaldıra bilirlər.  Bizdə isə alıcılar hələ də məhsulun keyfiyyətini görünüşə, qablaşdırılmaya görə müəyyən edirlər. Azərbaycanda bu məsələ bazar iqtisadiyyatının işə düşməyən mexanizmi kimi qalmaqdadır.

Hesabatdakı Azərbaycanla bağlı göstəricilərə gəldikdə, ekspert hesab edir ki, hesabatı hazırlayanda idxal və istehsal göstəricilərini nəzərə alıb və dünya statistikasına uyğunlaşdırıblar. Lakin bununla belə göstəriciləri tam real hesab etmək olmaz.  İstənilən halda isə problemin miqyası böyükdür, əhalinin maarifləndirilməsinə ehtiyac var.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar