Ölüm səviyyəsinin bu qədər artması hansı səbəblə əlaqəli ola bilər?..
Sosioloq: “Qeyri-təbii və stresli həyat tərzi, saxta qidalar, zəif tibbi xidmət və keyfiyyətsiz dərmanlar kimi səbəblər ölüm faizinin artmasında əsas rol oynayır”.
“Təəssüf ediləsi haldır ki, əhalinin ömür müddəti getydikcə azalır. Son statistikaya görə ölkə əhalisinin 42 faizi 65 yaşa çatmadan dünyasını dəyişir. Bu, olduqca yüksək rəqəmdir və ciddi problemdir”.
Bu sözləri sosioloq Elçin Bayramlı ölkədə bu ilin iki ayında ölüm halının kəskin artma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 2018-ci ildə 5,8, 2019-cu ildə 5,6, 2020-ci ildə 7,6, 2021-ci ilin ilk 2 ayında 8,2 təşkil edib. Ötən il vətən müharibəsində 3000-ə qədər şəhid verdiyimizdən və koronavirus səbəbindən əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi göstəricisi yüksək olub.
Bu il koronavirus qalsa da, müharibədə itkimiz yoxdur, bu halda ölüm səviyyəsinin bu qədər artması hansı səbəblə əlaqəli ola bilər?
Ölüm səbəbinin artma səbəblərini PİA.az-ın əməkdaşı “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.
Elçin Bayramlı: “Bu məsələlər parlamentdə müzakirə edilməli, müvafiq qanunlar qəbul edilməli və lazımi tədbirlər təxirəsalınmadan həyata keçirilməlidir. Əks halda sosial və demoqrafik vəziyyət ağırlaşacaq”.
Pensiya yaşına yenidən baxılmalı və azaldılmalı olduğunu düşünən sosioloq PİA.az-a bildirib ki, optimal pensiya yaşı 60-dır. Bundan yüksək qoyulması açıq şəkidə o deməkdir ki, əhalinin çoxu pensiya ala bilməyəcək. Həmin pul mərhumun ailəsinə də verilmədiyindən, işçinin ömür boyu sosial fonda yığdığı vəsait batmış, daha dəqiq desək mənimsənilmiş olur:
“Ölüm sayının hər il artması təbiidir. Çünki əhali sayı artır, xəstəliklər artır, ömür yaşı da getdikcə azalır. Təbii ki, burada virusdan ölənlərin sayı da təsir göstərir. 2021- ci il üçün müqayisə çıxarmaq hələ tezdir ilin yekin rəqəmləri ilə 2019-cu ili müqayisə etmək daha doğru olardı. Keçən illə yox, çünki keçən il müharibə faktoru təsir göstərib.
Ümumiyyətlə, təəssüf ediləsi haldır ki, əhalinin ömür müddəti getydikcə azalır. Son statistikaya görə ölkə əhalisinin 42 faizi 65 yaşa çatmadan dünyasını dəyişir. Bu, olduqca yüksək rəqəmdir və ciddi problemdir. Hesab edirəm ki, qeyri-təbii və stresli həyat tərzi, saxta qidalar, zəif tibbi xidmət və keyfiyyətsiz dərmanlar kimi səbəblər ölüm faizinin artmasında əsas rol oynayır. Bu problemlərin aradan qaldırılması üçün dövlət təciili və ciddi tədbirlər həyata keçirməlidir.
Elçin Bayramlı: “Pensiya həddinin 60 yaşdan yüksək qoyulması açıq şəkidə o deməkdir ki, əhalinin çoxu pensiya ala bilməyəcək”.
Bundan başqa, pensiya yaşına yenidən baxılmalı və azaldılmalıdır. Optimal pensiya yaşı 60-dır. Pensiya həddinin 60 yaşdan yüksək qoyulması açıq şəkidə o deməkdir ki, əhalinin çoxu pensiya ala bilməyəcək. Həmin pul mərhumun ailəsinə də verilmədiyindən, işçinin ömür boyu sosial fonda yığdığı vəsait batmış, daha dəqiq desək mənimsənilmiş olur. Bu da böyük ədalətsizlikdir, konkret desək pensiya üçün ödəmələri yığaraq sonda pensiya verməkdən imtina deməkdir.
Bu məsələlər parlamentdə müzakirə edilməli, müvafiq qanunlar qəbul edilməli və lazımi tədbirlər təxirəsalınmadan həyata keçirilməlidir. Əks halda sosial və demoqrafik vəziyyət ağırlaşacaq”.
Nərminə UMUDLU
pia.az