Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda antikorrupsiya tədbirləri islahatlara uyğun aparılırmı?

Cəzasızlıq mühiti ölkədə korrupsiyanın daha geniş yayılması üçün həvəsləndirici faktora çevrilir...

Nəsimi Məmmədli: “Doğrudur, son vaxtlar hakimiyyətin müəyyən müsbət addımları var. Lakin bütün hallarda ölkənin müxalifəti, vətəndaş cəmiyyəti, mediası bu prosesi islahat kimi qəbul etmirsə, prosesdə iştirakı yoxdursa, bunu qətiyyən islahat adlandırmaq olmaz”.

Azər Qasımlı: “Azərbaycanda korrupsiya pramidal şəkildədir, yəni ölkədə korrupsiya yuxarıdan aşağıya gedir. Əgər yuxarıda korrupsiya olmasa, aşağıda da olmaz”.

Bir neçə il bundan əvvəl Azərbaycanda korrupsiyaya qarşı mübarizənin və islahatların miqyası genişləndi. Hüquq-mühafizə orqanları vətəndaşların şikayət və müraciətlərinə xüsusi həssaslıq nümayiş etdirdi. 2017-ci ildən isə korrupsiyaya qarşı mübarizə tədbirləri daha sərtləşdi və bu ölkədə gedən sosial-iqtisadi islahatların tərkib hissəsinə çevrildi.

Lakin son iki ildə aparılan islahatlar çərçivəsində antikorrupsiya həbsləri demək olar ki, həyata keçirilməyib. Müqayisə üçün qeyd edək ki, qonşu Rusiyada son bir neçə ildə onlarla yüksək vəzifəli məmur, general, qubernator korrupsiya və rüşvətxorluq ittihamları ilə həbs edilib və bu həbs dalğaları daha da genişlənir.

Azərbaycanda aparılan iqtisadi və siyasi islahatların genişlənməsinə baxmayaraq, böyük korrupsiya əməlləri ifşa olunan iri çaplı məmurlar məsuliyyətdən kənar qalırlar. Buna son misal olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanovun fəaliyyətini göstərmək olar. Belə ki, ölkənin maliyyə institutlarını sarsıdan Beynəlxalq Bank qalmaqlından sonra yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasının başına gətirilən Rüfət Aslanovun fəalliyyətində qısa zaman ərzində ciddi korrupsiya faktları mətbuatda işıqlandırılsa da, vəzifəsini itirən Aslanov məsuliyyətdən kanarda qaldı. Əslində belə misallardan çoxlu sayda demək olar. Yaxın ətrafı hər cür cinayətdə ittiham olunan Eldar Mahmudovun isə məsuliyyətdən kanarda qalması ümumiyyətlə hüquqi dövlətin imicini ciddi şəkildə korlayan bir hadisə idi.

Məsələnin başqa bir tərəfi də odur ki, böyük korrupsiya əməlləri ifşa olunanan məmurların məsuliyyətdən kanarda qalması korrupsiyaya qarşı mübarizənin təməllərini sarsıdır və cəzasızlıq mühiti ölkədə korrupsiyanın daha geniş yayılması üçün zəmin yaradır.

Yüksək korrupsiya fonunda Azərbaycanda antikorrupsiya həbslərinin keçirilməməsi islahatların effektliliyinə və keyfiyyətinə necə təsir edir?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəsimi Məmmədli və REAL İdarə Heyətinin üzvü Azər Qasımlı ilə müzakirə edib.

Nəsimi Məmmədli: “Azərbaycanda korrupsiya və rüşvətxorluq ittihamları ilə yüksək vəzifəli məmurlara qarşı həbslərin həyata keçirilməsini gözləməyə dəyməz”.

İslahatların ən mühüm şərti onun hüquq zəmində qanunvericiliklə qorunması və ictimai dəstəyin olmasının labüdlüyü olduğunu düşünən politoloq qeyd edib ki, hazırda nə belə bir qanunvericilik dəyişikliyini, nə də ictimai dəstəyə ehtiyac olduğunu görürük:

“Öncə onu qeyd etməliyəm ki, hələ ölkədə hansısa islahatların aparıldığı diqqət çəkmir. Cəmiyyət islahatların əlamətlərini görmür, sadəcə ümumi bəyanatları eşidir.

İslahatlar necə olmalıdır? Ona tələbat varmı? Bu sualların cavablarını analiz etsək, o zaman əsl mənzərə tam aydın olar. Qapalı idarəetmələrin hakim olduğu halda islahatlar aparmaq çox çətindir. İctimai iştirakçılığın olmadığı seçkilərlə hakimiyyətə yiyələnən qrupların hakimiyyətdən könüllü imtina etməsinə çox nadir hallarda rast gəlinir. Ölkənin bütün sahələrinə total nəzarət sistemi üzərində qurulan idarəetmə yerli və mərkəzi idarəçilərə elə geniş imtiyaz və komfort verir ki, bundan imtina edilməsi çox çətin təsəvvür olunur.

İslahatların ən mühüm şərti onun hüquq zəmində qanunvericiliklə qorunması və ictimai dəstəyin olmasıdır. Hazırda nə belə bir qanunvericilik dəyişikliyini, nə də ictimai dəstəyə ehtiyacı olduğunu görürük.

Eyni zamanda islahatlar ölkənin milli, sosial, iqtisadi maraqları tələb etdikdə və ya cəmiyyətdə sosial əlaqələr sistemi ənənəvi formada davam edə bilmədikdə ortaya çıxa bilər. Yəni ölkədə qarşısıalınmaz ictimai tələbat yarandıqda ya xalqın tələbi ilə, ya da hakimiyyətin öz planlaşdırması ilə həyata keçirilir.

Nəsimi Məmmədli: “Əgər hakimiyyət ənənəvi şəkildə hələ davam edə bilirsə, niyə mövcud kanyukturanı dəyişsin ki?”.

Əslində bu günün reallıqlarından baxsaq belə bir ictimai tələbat görünmür. Heç hakimiyyətin də belə bir istəyi olduğunu deyə bilmərik.

Bu sadaladıqlarımın hər biri azad və ya qismən azad ölkələrə xas olan yanaşmadır. Totalitar rejimlərdə yalnız bir maraq üstündür; hakimiyyətin spesifik maraq və mənafeləri. Əgər hakimiyyət ənənəvi şəkildə hələ davam edə bilirsə, niyə mövcud kanyukturanı dəyişsin ki?

Doğrudur, son vaxtlar hakimiyyətin müəyyən müsbət addımları var. Lakin bütün hallarda ölkənin müxalifəti, vətəndaş cəmiyyəti, mediası bu prosesi islahat kimi qəbul etmirsə, prosesdə iştirakı yoxdursa, bunu qətiyyən islahat adlandırmaq olmaz.

Hələlik müşahidə edilənlər kosmetik dəyişikliklərdir. Ən yaxşı halda deyə bilərik ki, islahatlara meyildir.

Odur ki, belə bir şəraitdə korrupsiya və rüşvətxorluq ittihamları ilə yüksək vəzifəli məmurlara qarşı həbslərin həyata keçirilməsini gözləməyə dəyməz”.

Azər Qasımlı: “Azərbaycanda qanunvericilikdə nələrsə dəyişib və yeniliklər olub. Amma hər yenilik islahat adını daşıya bilməz”.

Azərbaycanda korrupsiyanın pramidal şəkildə olduğunu düşünən REAL İdarə Heyətinin üzvü bildirib ki, ölkədə korrupsiya yuxarıdan aşağıya inkişaf etdirilir. Azər Qasımlı hesab edir ki, yuxarıda korrupsiya olmasa, aşağıda da olmaz:

“Əvvəla onu qeyd edim ki, Azərbaycanda heç bir islahat keçirilmir. İslahat o deməkdir ki, hansısa vəziyyətdən tamamilə başqa bir vəziyyətə keçid olur. Keçilən vəziyyət də əvvəlki vəziyyətdən fundamental surətdə fərqli olur. Bunun da müəyyən nəticələrin görmək olur. Azərbaycanda isə bu tipli ciddi islahatları görmək olmur.

Azərbaycanda qanunvericilikdə nələrsə dəyişib və yeniliklər olub, amma hər yenilik islahat adını daşıya bilməz. Çünki islahat kompleks şəkildə həyata keçirilməlidir.

Korrupsiaya ilə bağlı da onu deyə bilərəm ki, Azərbaycanda korrupsiya pramidal şəkildədir, yəni ölkədə korrupsiya yuxarıdan aşağıya gedir. Əgər yuxarıda korrupsiya olmasa, aşağıda da olmaz.

Özləri korrupsiyanın içində olan şəxslər həm korrupsiya komitələri yaradırlar, həm də ona rəhbərlik edirlər. Bu gülünc haldır. Həmin insanların gördüyü iş də bu oldu ki, hansısa özəl şirkətdə kimlərsə korrupsiyaya bulaşıb və hansısa iş görüblər, onları ifşa edirdilər. Dəfələrlə də bununla bağlı faktlar ortaya çıxarırdılar. Bunu da korrupsiyaya qarşı mübarizə kimi qələmə verirdilər, amma bu hal korrupsiya sözünün özünə zidd idi. Yəni korrupsiya hakimiyyətin, dövlətin içində olan bir hadisədir. Onun özəl mülkiyyətlə əlaqəsi yoxdur.

Azər Qasımlı: “Korrupsiya hakimiyyətin, dövlətin içində olan bir hadisədir. Onun özəl mülkiyyətlə əlaqəsi yoxdur”.

Özəl mülkiyyət hansısa, tenderdə iştirak edə bilər və dövlətdə olan hansısa məmur bu tenderi ona bağışlaya bilər, amma bu hal da şirkətin deyil, dövlət məmurunun korrupsiyaya bulaşmasıdır. Bizdə isə özəl şirkətləri korrupsiyaya bulaşmaqda ittiham edirlər.

Bir daha qeyd edim ki, Azərbaycanda korrupsiyaya bulaşmış insanlar korrupsiya əleyhinə guya mübarizə apardıqları üçün bunun islahatlarda heç bir nəticəsi ola bilməz”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar