Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana qarşı “təhrik diplomatiyası"

"Sizi hirsləndirə bilən kəs, sizi idarə edir”

Lao Tzu, qədim Çin filosofu

Artıq uzun müddətdir ki, Azərbaycan ətrafında “təhrik diplomatiyası” aparılır. Bu diplomatiya Paşinyanın hakimiyyətə gətirilməsi ilə Ermənistan tərəfindən başlayıb və daha sonra prosesə Gürcüstandakı radikal elementlər də qoşulublar. N.Paşinyanın hakimiyyətə gəlməsindən dərhal sonra təhrik diplomatiyasının elementləri dalbadal özünü göstərməyə başladı: 1) N.Paşinyan oğlunu Azərbaycan ərazisində xidmətə yollamaq haqda bəyanat verdi; 1) daha sonra danışıqlar formatını dəyişməyi tələb etdi; 2) müdafiə naziri Tonoyan ABŞ-da olarkən yeni ərazilər işğal edəcəklərini dedi; 3) həmin şəxs işğal olunmuş ərazilərin məskunlaşdırılacağı haqda bəyanat verdi; 4) Azərbaycanın işğal olunmuş ərazilərində yol çəkilməsi haqda məlumatlar yaymağa başladılar və s. və i. Ermənistan tərəfindən başlanmış “təhrik diplomatiyası”nın davam etdiyi dövrün qızğın çağında ortalığa Gürcüstandan Azərbaycana ərazi iddiaları ilə hərəkətlənmə başladı. Bu təhrikedici hərəkətlənmə Azərbaycanlı sərhədçiyə hücum edilməsi ilə kulminasiya nöqtəsinə çatdı. Hazırda biz ölkəmizə qarşı düyməsi basılmış təhriketmə, münaqişəyə çəkmə diplomatiyasının ən qaynar dövrünü yaşayırıq.

Cənubi Qafqazda eyni mənşəli və məqsədli iki təhrik

Uzun müddətdir davam edən prosesin müşahidəsi və yaranmış mənzərədən çıxan nəticələr belədir: 1) istər Gürcüstanda, Keşikçidağ ətrafında baş verənlər, istərsə də Ermənistan rəhbərliyinin Qarabağa dair bəyanatları Azərbaycanı təhriketmə, təxribata çəkmə planının tərkib hissələridir. 2) Hər iki istiqamətdən təhrikedici addımların paralel olaraq atılması və hər iki prosesin məhz Azərbaycanı konfliktə çəkməyə hesablanması, onların eyni mənşəli olmasını sübut edir. Artıq aşkar şəkildə görünür ki, “Keşikçidağ” münaqişəsini planlayanlarla Paşinyanın qızışdırıcı bəyanatları, Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşma planlarının arxasında duranlar eyni qüvvələrdir.

Məqsəd isə 1) Azərbaycanı Gürcüstanla münaqişəyə çəkmək, 2) paralel olaraq Azərbaycanı özləri üçün çox böyük ehtimalla əlverişli, Azərbaycan üçünsə əlverişsiz siyasi məqamda Ermənistanla müharibəyə təhrik etməkdir.

Böyük, strateji məqsəd isə 1) Azərbaycanı çıxılmaz vəziyyətə salmaq, 2) Cənubi Qafqazda geosiyasi mənzərəni, qüvvələr nisbətini dəyişməkdir. Belə görünür ki, əsas oyunçusu Ermənistan olan bu planın strateji məqsədi Avropa İttifaqı və Çinin Cənubi Qafqazla əməkdaşlıq planlarını pozmaqdır.

Ona görə ki, Cənubi Qafqaz, xüsusilə də Azərbaycan və Gürcüstan Çinlə Avropa arasında ən qısa və ən müasir infrastrukturla təmin olunmuş ticarət yoludur. Azərbaycan isə bu yolun inhisarçısı və mövcudluq faktorudur. Odur ki, Ermənistanın Azərbaycana qarşı, Gürcüstan və Qarabağ üzərindən başlatdığı “təhrik planları” həm də Avropa İttifaqı və Çinin də strateji hədəflərinə ziddir. Eyni zamanda Rusiyanı da Suriya və Ukrayna münaqişələri ilə eyni zamanda, paralel olaraq Cənubi Qafqazda da daha bir müaqişə ocağına cəlb etməklə ağır duruma salmaq deməkdir.

Münaqişə tarixinin ilk təhrikləri və Sumqayıt təxribatı

İndi isə erməni-azərbaycanlı münaqişəsini qızışdırma, “azərbaycanlıları təhriketmə” tarixindən bir neçə nümunəyə baxaq. 1988-ci ilin fevralın 27-də Sumqayıtda baş vermiş təxribat ərəfəsində azərbaycanlıları təhrik etmək üçün bir neçə təhrikedici hadisə baş vermişdi. 1988-ci il fevralın 22-də Əsgəranda erməni snayper üzümlükdə işləyən 2 azərbaycanlını öldürdü. Bunun təhrikedici addım olduğunu bildikləri üçün belə qərara gəlirlər ki, öldürülənlərin milliyyətini gizlətmək lazımdır. Düz 5 gün bunu gizlədirlər də. Amma, gözlənilmədən fevralın 27-də SSRİ Baş prokurorunun müavini Aleksandr Katusev Mərkəzi televiziya ilə çıxışı zamanı Əsgəranda öldürülənlərin azərbaycanlı olduqlarını elan etdi. Bunun ardınca Sumqayıtda Qriqoryan ermənilərə qarşı talana çağırış etdi. Nəticədə Azərbaycan hələ müstəqil olmamış ağır beynəlxalq duruma düşdü. Eduard Qriqoryanın işıqfora dırmaşıb kütləni erməni talanına səsləməsi, dəstəsinin üzvlərini “kişilik”, “qəhrəmanlıq”, “milli hisslər”lə talana sövq etməsi təhriketmənin açıq nümunələrindən biridir.

Başqa bir təhrikedici hadisə isə Naxçıvan şəhərində olmuşdu. Elə həmin günlərdə, 1988-ci ilin fevralın 26-da Yerevan şəhərinin sakinləri, erməni millətçiləri V.Aleksanyan və Z.Xaçaturyan aldatma yolu ilə Naxçıvan şəhər sakini Q.Hüseynovun mənzilinə daxil olaraq ona və qızına bıçaqla ağır xəsarət yetirmişdilər. Doğrudur, bu hadisə böyük əks-səda doğurmadı və təhrik öz məqsədinə çatmadı.

Bunlar Ermənistanın Azərbaycana qarşı başladığı münaqişə dövrünün çoxsaylı təhriklərinin yalnız üçü haqdadır. 32 il ərzində isə qarşısı alınmış və alınması mümkün olmamış belə təhriklər onlarladır.

Belə görünür ki, Azərbaycan ətrafında məkrli planlar quranlar bizə qarşı “təhriketmə metodundan”, “təhrik diplomatiyası”ndan bütün mərhələlərdə istifadə ediblər və ya buna çəhd göstəriblər. Belə görünür ki, “təhrik” bizə qarşı düşmənlərimizin sevimli metodudur. Yəqin ona görə ki, qürurlu olmağımız, dözümsüzlüyümüz kimi psixoloji kodlarımızı bizdən yaxşı bildikləri üçün. Həm siyasi təcrübənin az olmasına istinad edirlər.

Ancaq, faktlar göstərir ki, Azərbaycan xalqı, dövləti və siyasi qərar qəbul edənlər böyük səbrlə əlverişli məqamı gözləyə bilirlər. Bu siyasətçi üçün ən mühüm göstəricidir. 2016-cı ilin aprelində heç kimin gözləmədiyi anda hücuma keçib özlərinin etiraf etdiyinə görə 500 erməni əsgərini məhv edərək, 20 il ərzində qurulmuş istehkamları dağıdaraq, strateji üstünlüyü ələ almaq elə uzunmüddətli siyasi səbrlə həlledici müharibəyə hazırlığın nəticəsidir.

Ermənistan rəhbərliyi öz xəyalında Azərbaycanı savaşa təhrik edir və danışıqları pozmağa çalışır. Ola bilər ki, bu qısamüddətli dövrdə daxili siyasətdə Ermənistandakı hakim siyasi qüvvələrə hansısa dividendlər gətirsin. Amma uzunmüddətli dövr üçün və beynəlxalq müstəvidə Ermənistan artıq “müharibənin təhrikçisi”, “danışıqların pozucusu” olması haqda Azərbaycanı və beynəlxalq aləmi kifayət qədər faktlarla təmin edib. Azərbaycan özünü iqtisadi, hərbi, hüquqi, diplomatik üstünlüklərlə tam təmin edib. İndi sadəcə ən yaxın zamandakı, ən əlverişli beynəlxalq vəziyyəti gözləmək qalır.

Xaricdən təhqir kampaniyası “təhrik diplomatiyası” kimi

2018-ci ilin əvvəlindən başlanmış Azərbaycan Prezidentini xaricdən təhqir kampaniyasının hədəflərindən biri də elə emosional addımlara təhrik etmədir. Bu kampaniyanın özü də elə təhrikedici informasiyaların yayılması ilə başlamışdı. Sərtliyi və ifrata varılması ilə fərqlənən bu kampaniyanın məqsədlərindən biri də elə Avropa ərazisində həmin şəxslərə qarşı sərt tədbir görülməsinə hesablanmışdı. Əgər məkrli plan baş tutardısa Azərbaycaın Avropaya yolu birdəfəlik bağlana bilər, Brüssellə danışıqlar pozulmuş olardı. Azərbaycanın bu məsələdə, nə qədər ağır olsa da, nümayiş etdirdiyi səbr məkrli planları pozdu.

Tarixdə “təhrik diplomatiyası”

“Təhrik diplomatiyası”nın tarixdə çoxsaylı nümunələri var. Məsələn, Ronald Reyqan “Ulduz müharibələri” adlandırılmış uydurma silahlanma proqramı ilə SSRİ-ni silahlanma yarışına təhrik edib iqtisadiyyatını çökdürə bildi. Başqa bir versiyaya görə, SSRİ-nin Əfqanıstana birbaşa müdaxiləsinin də arxasında məhz amerikalıların Əfqanıstana hərbi müdaxiləyə hazırlaşdıqları haqda saxta məlumatların dövriyyəyə buraxılması olmuşdu. Sovet rəhbərliyi də ABŞ-ı qabaqlamaq məqsədilə Əfqanıstana müdaxilə etdi və nəticədə bütün dünyanın ABŞ-ın rəhbərliyi altında özünə qarşı birləşdirməsinə səbəb oldu. Bəlkə də SSRİ silahlanma yarışına girməsəydi və Əfqanıstana müdaxilə etməsəydi, Vyetnam müharibəsi və İran inqilabından sonra dünyada öz xeyrinə yaranmış vəziyyəti, iqtisadiyyatını gücləndirmək şərtilə, qoruyub saxlaya bilərdi. Amma hər iki halda ABŞ SSRİ-ni təhrik edərək tələyə sala və soyuq müharibədən qalib çıxa bildi.

Şah İsmayıl Xətai Osmanlı sultanı Bəyazidə onu aşağılayan hədiyyələr gödərsə də, sultan Bəyazid ona nəinki savaşla, hətta kəskin məktubla belə cavab vermirdi. O zaman Osmanlı dövləti hələ Səfəvi ilə savaşacaq gücdə deyildi.

Ancaq, sultan Bəyazidin oğlu Yavuz Səlim bu metodu Şah İsmayıla qarşı istifadə etdi. O, Çaldıran döyüşü ərəfəsində Şah İsmayılı savaşa təhrik edən 4 məktub göndərmişdi. Sultan Səlim 130 minlik qoşuna malik olduğu və hakimiyyət uğrunda savaşdan qalib çıxdığı üçün mövqeləri çox güclü idi. Ancaq hərbi kampaniyanın çox uzanması ərzaq problemi yaranır, əsgərlər evdən uzaq düşərgə həyatından yorulur, qış yaxınlaşır və sultanın ətrafında da Səfəvilərlə savaşın əleyhdarlarının sayı artımışdı. Vaxtın uzanması vəziyyəti Səfəvilərin xeyrinə dəyişirdi. Odurki, Sultan Səlim savaşın tez bir zamanda başlayıb, bitməsinə can atırdı. Bu məqsədlə Şah İsmayıla kəskin dildə yazılmış 3 məktub göndərdi. Amma Şah İsmayıl müharibəyə tələsmədiyi üçün ona yalnız nəzakətli dillə yazılmış bir cavab məktubu göndərir. Bundan sonra Sultan Səlim çox qızışdırıcı, sərt tərzdə yazılmış dördüncü məktuba qızışdırıcı-təhrikedici əşyalar da əlavə edir. Nəticədə Şah İsmayıl onun üçün əlverişsiz şərtlər daxilində, hətta yaxın silahdaşlarının da bu döyüşdən müvəqqəti olaraq çəkinməyi tövsiyyə etmələrinə rəğmən, toplar və tüfənglərlə təchiz olunmuş 100 minlik osmanlı qoşununa qarşı 20-25 minlik ordu ilə Çaldıran savaşına girdi və təbii ki, məğlub oldu.

Başqa bir misal. Yavuz Sultan Səlimin oğlu Sultan Süleyman Avstriya kampaniyası zamanı Vyananı hücumla ala bilmədiyi üçün Avstriya imperatorunu şəhər divarları arxasından çıxıb açıq döyüşə girmək üçün ona sərt tərzdə yazılmış təhrikedici məktub göndərməyi qərara alır. Məktubda Avstriya imperatoru ən ağır ifadələrlə təhqir edilir. Amma imperator şəhərdən çıxab açıq döyüşə girmir. Osmanlının Vyananı fəth edə bilməməsinin yeganə səbəbi də elə imperatorun sözügedən “təhrik diplomatiyası”nın qurduğu tələyə düşməməsidir.

Ermənistanın “təhrik diplomatiyası” uzunmüddətli dövr üçün Azərbaycanın “səbr diplomatiyası”nı gücləndirir

Beləliklə, Ermənistan rəhbərliyinin Qarabağ və Gürcüstan üzərindən yürütdüyü “təhrik diplomatiyası” Azərbaycanın “səbr diplomatiyası” ilə uğursuzluğa düçar olmaqdadır. İqtisadiyyatı tənəzzül etmiş, başqalarından yardım uman Ermənistanın Qarabağa, özü də işğal olunmuş ərazilərə investisiya cəlb etmək iqtidarında deyil. Ermənistan rəhbərliyinin “təhrik diplomatiyası”nın elan etdiyi “məskunlaşma”nın reallıqla heç bir əlaqəsi yoxdur. Əksinə, Azərbaycanın “əlverişli məqam” üçün beynəlxalq mövqelərini gücləndirir. Ermənistan rəhbərliyi daxili siyasi müstəvidə özünü ötkəm göstərmək üçün sərt bəyanatlar verib yalnız daxildə və yalnız qısamüddətli dövrdə hansısa problemlərini həll edə bilər. Amma, Azərbaycanla qarşıdurma, beynəlxalq münasibətlər müstəvisində və uzunmüddətli dövrdə bu, “təhrik diplomatiyası”nın acısını dadmaq zorunda qalacaq.

İbrahim Məmmədov - Tarix üzrə fəlsəfə doktoru

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar