Şənbə, 06 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycan Türkiyə və Pakistanla əməkdaşlığı dərinləşdirməyə çalışır

Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri bu il yanvarın 13-də İslamabadda bir araya gəliblər. Tərəflər arasında bu formatda ilk görüş hələ 2017-ci ilin noyabrında Bakıda keçirilmişdi. Son illərdə bu formatın əhəmiyyəti daha da artıb.

Bu, xüsusilə Bakı üçün mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan hərbi və iqtisadi baxımdan bu iki dövlətlə müqayisədə daha kiçik ölkədir. Üstəlik, son dövrdə Ermənistanla Azərbaycan arasında gərginlik artmış və ötən ilin sentyabrında müharibənin başlaması ilə nəticələnmişdi. Odur ki, Azərbaycan bu iki tərəfdaşı ilə praktiki olaraq bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışır. Xarici işlər nazirlərinin üçtərəfli görüşünün gündəmində olan məsələlərdən biri də məhz bu idi. Görüşdə elm, texnologiya, mədəniyyət, iqtisadiyyat və hərbi sahə daxil olmaqla, bir çox istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.

Nazirlərin imzaladıqları bəyannamədə tərəflər bir-birinə üz-üzə qaldıqları problemlərlə bağlı dəstəklərini ifadə edib. Məsələn, sənəddə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə olunur. Bununla yanaşı, iki ölkənin Azərbaycanın azad etdiyi ərazilərin bərpası səylərinə də dəstəyi vurğulanır.

Eyni zamanda, Kəşmir və Cammu münaqişəsində Pakistana dəstək ifadə olunub. Tərəflər bu münaqişələrin BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həllinə çağırıblar.

Bundan başqa, bəyannamədə Kipr, Egey dənizi və Şərqi Aralıq dənizindəki problemlərlə bağlı Türkiyəyə dəstək ifadə edilib, bu məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməli olduğu vurğulanıb.

Tərəflər onu da bildirirlər ki, bu əçəkdaşlıq hər hansı dövlətə və ya üçüncü tərəfə qarşı müttəfiqlik yox, sülh platformasıdır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov üçtərəfli görüşdən sonrakı mətbuat konfransında Türkiyə və Pakistana İkinci Qarabağ müharibəsində Bakıya dəstək verdikləri üçün təşəkkürünü bildirib: “Bu dost dövlətlər Ermənistanın işğalını, hücumunu və hərbi cinayətlərini qınayırdılar. Onlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə əsaslanacaq danışıqlar prosesinə dəstək də ifadə edirdilər. Biz bu prinsipial mövqeyi yüksək qiymətləndiririk”.

Bu ölkələrə Azərbaycan cəmiyyəti də minnətdarlıqla yanaşır. Hər halda, ölkəmizdə müharibə zamanı çox vaxt Azərbaycan bayrağı Türkiyə və Pakistanın bayraqları ilə yanaşı dalğalanıb. Bu, indi də belədir.

Yeri gəlmişkən, Türkiyə-Pakistan əlaqələrinin kökləri 1950-ci illərin əvvələrinə gedib çıxır. Onlar Qərb dövlətlərinin dəstəklədiyi Mərkəzi Müqavilə Təşkilatı (CENTO) adlı hərbi-siyasi blokda birləşmişdilər.

Bakı-İslamabad əlaqələrisə 1990-cı illərin əvvələrindən, yəni Azərbaycanın müstəqillik qazanmasından sonra başlayıb. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanımış ölkələrdən biridir. Bununla yanaşı, İslamabad Ermənistanın işğalçı siyasətinə qarşı hər zaman sərt mövqe nümayiş etdirib. O, bu səbəbdən Yerevanla diplomatik əlaqələr belə, qurmayıb.

Bir sözlə, Azərbaycanın müstəqillik qazandığı ilk dövrlərdən, Bakı-İslamabad münasibətləri inkişaf edir. Ölkələr arasında bir çox mühüm sahədə, xüsusilə hərbi-strateji sahədə əməkdaşlıq davamlı olaraq inkişaf edir. Tərəflər arasında 2002-ci ilin sentyabrında müdafiə və hərbi sahədə əməkdaşlığa dair saziş də imzalanıb. Onlar hərbi əməkdaşlığın hüquqi çərçivələrini məhz bu sazişlə razılaşdırıblar. Buraya ilk növbədə birgə hərbi təlimlər və məlumat mübadiləsi daxildir.

2015-ci il Bakı ilə İslamabad arasında ikitərəfli münasibətlərdə növbəti dönüş nöqtəsi olub. Həmin vaxt iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında birgə Bəyannamə imzalanıb. Sənəd Azərbaycanla Pakistan arasında siyasi, iqtisadi, müdafiə və təhlükəsizlik, həmçinin ticarət, enerji, investisiya, turizm, nəqliyyat, elm və texnologiya, informasiya, gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə hesablanıb.

Bakı ilə İslamabad xüsusilə ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsində maraqlıdırlar. Bu gün istər Azərbaycan, istərsə də Pakistanda iqtisadi əlaqələrdə mövcud potensialdan tam istifadə edilmədiyini düşünürlər. Hər iki tərəf əmindir ki, qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün yeni potensial layihələr, daha geniş imkanlar var. Qeyd edək ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi təxminən 15 milyon dollar olub.

Son illərdə Pakistanda “Azərbaycan Ticarət Evi” açılıb, investisiya imkanlarının öyrənilməsi məqsədilə işçi qruplar təsis edilib. Bundan başqa, iki ölkə arasında qida təhlükəsizliyi və ticarət sahəsinin hüquqi bazası genişləndirilir, tekstil, əczaçılıq və enerji sahələrinə investisiyalar artırılır. Bakı ilə İslamabad kiçik və orta biznes sahəsində də əməkdaşlığı inkişaf etdirir. Bütün bunlar Pakistan-Azərbaycan əlaqələrində gündəmdə olan məsələlərdir.

Yeri gəlmişkən, yaxın vaxtlarda iki ölkə arasında birbaşa uçuşların təşkil olunacağı gözlənilir. Bu, iki ölkə arasında qarşılıqlı əlaqələrin canlanmasına böyük töhfə verəcək.

Bakı-Ankara əlaqələrinə gəlincə, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə ilə əməkdaşlıq məqsədilə bir neçə platforma yaradıb, eyni zamanda mövcud platformalara qoşulub. Ankara beynəlxalq münasibətlərdə Bakının əsas müttəfiqidir. Bundan başqa, Azərbaycan müdafiə sahəsində yalnız Türkiyə ilə saziş imzalayıb. BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edən tərəflər razılaşıblar ki, onlardan biri hər hansı dövlətin və ya bir qrup dövlətin hücumuna məruz qalarsa, digəri ona yardım edəcək. Söhbət 2010-cu ildə imzalanmış Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişindən gedir. Bakı ilə Ankara müdafiə sahəsində əməkdaşlığı məhz bu saziş çərçivəsində inkişaf etdirir. Bu, Azərbaycanın təhlükəsizlik siyasətinin əsas elementlərindən biridir.

Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında hərbi əməkdaşlıqdan danışan zaman Türkiyədən tədarük edilmiş dronları xüsusi qeyd edib. Bütün bunlar Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazanmasında da müstəsna rol oynayıb.

Bakı ilə Ankara arasında əməkdaşlıq son illərdə digər sahələrdə də yeni zirvələrə çatıb. Məsələn, 2020-ci ildə Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi imzalanıb. İndi tərəflər qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmağı hədəfələyir. Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən il bu, 4,5 milyard dollar olub. 2005-ci ildə isə bu göstərici cəmi 600 milyon dollar idi.

Türkiyə ilə Azərbaycan arasında viza rejimin ləğv edilməsi, iki ölkə arasında birbaşa səfərlərin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsi münasibətləri daha da gücləndirəcək. Hər halda, onlar bir-birini “bir millət, iki dövlət” kimi xarakterizə edirlər.

Ümumiyyətlə, Bakı ilə Ankara arasında son illərdə çox sayda saziş imzalanıb. Bu sazişlər iki ölkə arasında strateji əməkdaşlığı daha da gücləndirir, onlara regional və beynəlxalq çağırışlara vahid mövqedən çıxış etmək imkanı verir.

Bir sözlə, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkaşlıq platforması Bakının xarici siyasətində vacib elementdir. Bu, Bakıya həm təhlükəsizliklə bağlı çağırışlara ciddi müqavimət vermək imkan verəcək, həm də ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün unikal şərait yaradacaq. Qeyd edək ki, neftin ucuzlaşması və COVID-19 pandemiyası üzündən ortaya çıxmış qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatına da mənfi təsir göstərib.

Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, münaqişə nəticəsində bağlanmış regional nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, Cənubi Qafqazda geniş regional əməkdaşlıq platformanın yaradılması təşəbbüsləri əslində, Azərbaycan-Türkiyə-Pakistan əlaqələrinin gələcəyi baxımdan daha böyük imkanlar vəd edir.

Müəllif: Vasif Hüseynov

Mənbə: Eurasia Review

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xəzər İcra Hakimiyyətində korrupsiya həbsi – Şöbə müdiri saxlanılıb...

YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin tam siyahısı - Yenilənib

Arif Rəhimzadə və Vazeh Əsgərov YAP İdarə Heyətinin üzvləri seçilib - Yenilənib

Bu icra başçıları vəzifələrini itirdilər - Siyahı

YAP-da Əli Əhmədovu əvəzləyən Tahir Budaqov kimdir? - Dosye

Erməni diversantlar Ağdama daxil olub? - Rəsmi açıqlama

Ramiz Mehdiyevlə Vasif Talıbova maska taxdırdılar - Foto

YAP-ın qurultayı başa çatıb - 40 nəfərlik İdarə Heyəti seçilib - Yenilənib

YAP-dakı vəzifələrini itirən icra başçıları

Ramiz Mehdiyev Ata Abdullayevin suallarını cavablandırdı

Ən çox oxunanalar