Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan feminizmi

Son vaxtlar Azərbaycanda feminizm ideologiya olaraq trendə çevrilib...

Feministlərin aktivləşməsi isə cəmiyyətdə birmənalı qarşılanmır. Bu dalğanın Azərbaycana Qərbdən gəldiyini deyənlər var. Eyni zamanda cəmiyyətdə bunun məqsədli şəkildə, ailə institutunun dağılması üçün ortalığa atılmış ideya olduğunu düşünənlər də az deyil. Əslində feminizm nədir? Feminizm Azərbaycana haradan gəlib?Yeri gəlmişkən, bu il martın 8-də feministlər tərəfindən təşkil olunmuş 8 Marş yürüşünün qarşısı alındı. Oktyabrın 20-də isə Bakının mərkəzində son vaxtlar artan qadın zorakılıqlarına diqqəti çəkmək üçün feministlər tərəfindən təşkil edilmiş aksiya da əvvəlcə polislər tərəfindən dağıdıldı. Hətta həmin aksiyada iştirakçılara qarşı zorakı səhnələrin də şahidi olduq. Amma daha sonra həmin aksiyanın məhdud çərçivədə olsa da polis nəzarətində keçirilməsinə şərait yaradıldı. Aksiyanın iştirakçılarının tələblərindən biri də İstanbul konvensiyasını Azərbaycanın imzalaması idi. Ictimai-siyasi fəal, hüquqşünas Zaur Qurbanlı bütün bunlar barədə ASTNA-ya danışıb.

***

-Zaur bəy, son vaxtlar feminizm dalğasının Azərbaycanda fəallaşdığını görürük. Sizcə, birdən-birə bu dalğanın Azərbaycanda fəallaşması nə ilə bağlıdır? Bu dalğanın Qərbdən xüsusi məqsədlə gəldiyini söyləmək olar, yoxsa bu zamanın yetişdirməsidir?

-Feminizmin nə olduğuna dair suala cavab verməli olsaq, çoxlu təriflə üz-üzə qalarıq, amma mənim xoşuma gələn bir cümlə var – feminizm qadınların da insan olmasının yüksək səslə deyilməsidir. Təbii, hər şey bu qədər sadə deyil, amma məsələnin kökündə, xüsusən Azərbaycanda indiki mərhələdə məhz bu tərifdə deyilən məsələ durur. Niyə feminizm Azərbaycanda son vaxtlar aktivləşib? Bunun bir neçə səbəbi ola bilər. İlk səbəb odur ki, qadınlar zorakılığa, ədalətsizliyə, bərabər olmayan münasibətə məruz qalırlar. Baxın, bizim cəmiyyətdə cinsi, gender bərabərliyi olsa feministlər də bu tələblərlə yürüş etməzlər. O zaman aydın olar ki, sən demə, bu hərəkatı formalaşdıran elə özümüzün qadınlara, fərqli oriyentasiya mənsublarına qarşı ədalətsiz münasibətimizdir, Qərbdən idxal olunma-filan deyil. İnsan hüquqlarının haradan ixtira olunmasından asılı olmayaraq, hər bir insan hüquq və azadlıqlara malikdir və onların təmin olunmasına layiqdir. Qadın hüquqları da insan hüquqlarıdır. Siz kiməsə, məsələn, “sənin pensiya hüququn Qərbdən gəlib” deyə bilmədiyin kimi qadınlara da “sizin hüquqlarınız Qərbdən gəlib” deyə bilməzsiniz. Feminizmin məhz son dövrlər fəallaşmasının səbəbi haqqında müxtəlif versiyalar deyilə bilər.

Məsələn, Avropa İttifaqı ilə imzalanacaq saziş, eləcə də hakimiyyətdaxili mövqelərin oliqarxlar qrupları arasında əl dəyişmə prosesi hökuməti məcbur edir ki, repressiyaların gərginliyini bir az azaltsın. Nəticədə vətəndaş cəmiyyətində canlanma olur. Bizim çoxundan xəbərimiz olmur, amma müxtəlif sahələrdə qeyri-kommersiya məqsədilə təşkilatlanmalar gedir.

-Feminizmin Azərbaycanda güclənməsinə baxmayaraq, hələ də Azərbaycanda qadınlara münasibət dəyişməyib. Hələ də cəmiyyətdə qadın ölümləri, qadın zorakılıqları problem olaraq qalmaqda davam edir. Sizcə, bu feminizm bu statistikanın azalmasına yardımçı olacaqmı?

-Feminizm Azərbaycanda maarifçiliyin bir hissəsidir. Zorakı mübarizə yoxdur, siyasi təmsilçilik yoxdur. Maarifçilik isə statistika azaldan bir şey deyil. Maarifçilik nə edir? Milyonlarla adama müraciət edir, onların içərisindən yaxşı halda bir neçə yüz nəfəri qazanır, onlar da növbəti nəsil və ya növbəti dalğa maarifçiliyi davam etdirən özək olurlar. Bu özəklərdən birinin hakimiyyətə gəlməsinə qədər bu proses belə də davam edir. Maarifçilik hakimiyyətə gəlmədikcə ideyalarını həyata keçirə bilmir. Tarixən belə gəlib, çünki hakimiyyətdə olan qüvvənin təbliğat imkanları maarifçilərin təbliğat imkanlarından qat-qat güclüdür. Hətta demokratik ölkələrdə də maarifçilərin tələbləri dövlət tərəfindən yerinə yetirilənə qədər bütün ölkəni dəyişəcək nəticələr vermir (istisnalar var, təbii). Bundan başqa Azərbaycanda qadın hüquqlarının pozulmasının əsas səbəbkarı dövlətdir, onu idarə edən hakimiyyətdir. Qanunlarımız qadınları dezavantajlı vəziyyətdə qoyur, cinsi bərabərliyi təmin edən müddəaları olan qanunların tətbiqi bərbad vəziyyətdədir. Ümumiyyətlə, korrupsiyanın, “bacarana baş qurbandır” prinsipinin rəhbər olduğu cəmiyyətdə cəngəllik qanunları işləyir. Qadınlar isə cəngəllik varlıqları deyillər. Onlar təkamülü kişilərdən daha uğurlu keçirmiş sosial varlıqlardır. Onları fiziki gücün, “kişi işi”nin hakim olduğu, işgəncənin, qısnamanın adi hal olduğu cəmiyyətdə əzmək asandır. Ona görə də hazırkı feminizm hərəkatının böyük əhəmiyyəti olsa da, o, statistikada əks olunan vəziyyətin düzəldilməsi kimi nəhəng işin görülməsi gücündə deyil. Bunlar siyasi hakimiyyətin edə biləcəyi məsələlərdir.

-Feminizm bir çoxlarında qıcıq yaradır. Bu, nə ilə bağlıdır? Ola bilərmi ki, özlərini feminist adlandıranlar cəmiyyətə bu ideyanı düzgün təbliğ edə bilmirlər, yoxsa bu ideyanın Azərbaycana yad olduğunu düşünənlər cəmiyyətdə çoxluq təşkil edir?

-Azərbaycan cəmiyyətinin unikallıqlarından biri də odur ki, biz Şərqlə Qərbin uğursuz sinteziyik. Məsələn, ənənəvi islam cəmiyyətlərində qadını döymək, 4 arvad almaq, qızı erkən yaşda ərə vermək, qadınları təhsildən məhrum etmək təəccüblü deyil, insanlar bunu utanmadan deyə bilirlər. Statistik göstəricilər fərqli olsa da, bizdə də bunlar təəccüblü deyil, amma bunu ucadan demək, camaat arasında belə ad çıxarmaq ayıbdır. Çünki bizdəki dövləti, cəmiyyəti xalq qurmayıb. Cümhuriyyəti quranlar əsasən seçki ilə seçilsələr də, onlar xaricdə təhsil almış, xalqı geriyə dartan adət-ənənədən xeyli uzaq adamlar idilər. İndiki hakimiyyət isə legitim deyil, qaldı hələ xalqın onu qurması. Yəni, bizdə dövləti, cəmiyyəti quranlar biz deyilik, ya zəlzələdən, ya vəlvələdən bu, belə formalaşıb. Dövlət, cəmiyyət özgədir. Bizdə ictimai mühit, televiziyaya, mətbuata çıxmaq, sosial şəbəkələrdə müzakirə olunmaq pencəyinin qabağını düymələyib, duruşuna, mimikalarına qədər süni forma verib girilən rəis otağı kimidir. Sovet dövründən qalma bir rəis otağı var. İki qapısı olur. Birinci qapını açırsan, görürsən ki, 30 sm. qabaqda yeni qapı var. Bax, bu iki qapının arasındakı azərbaycanlı özünü düzəldir, iki dünya arasında transformasiya yaşayır. Katibə ilə yekə-yekə, rəislə yaltaqcasına danışır. Bizim xalq evində özünü katibənin otağındakı (indi katibənin də otağı əldən çıxır, çünki hər yerdə kamera var) kimi, cəmiyyət içində, el arasında, mətbuatda, sosial şəbəkələrdə isə özünü rəisin otağındakı kimi aparır. Əsas məsələ odur ki, rəis otağında (yəni, sosial şəbəkələrdə) sənin katibə otağında (yəni, ailə içində) özünü necə apardığını bilməsinlər. İndi isə feministlər çıxıb sosial şəbəkələrdə yazırlar ki, arvadını döymək olmaz, kişilər qab yumalıdır və s. və i.a. Bu zaman Facebook-a girən ər görür ki, eyni şeyləri arvadı da oxuyur. Burada artıq işlər korlanır. O, evdə arvadına qarşı ayrı-seçkilik tətbiq edib, sosial şəbəkələrdə isə tamam başqa sifətlə çıxış edə bilirdi. İndi isə məlum olur ki, sosial şəbəkələrdə onu biabır edirlər, ən azı onun evdə etdiyi qələtləri bilənlərin yanında. Təbii ki, qıcıqlanır, dərhal deyir ki, erkək feministlər kişi deyillər, qadın feministlər əxlaqsızdırlar, hamısını Qərb ixrac edir, ABŞ bizim ailəmizi dağıtmaq üçün belə şeylər uydurub və s. Çünki qabları yumaq istəmir, uşağa baxmaq istəmir, paltarı sərmək istəmir, evə vaxtında gəlmək istəmir, tanımadığı qadınlara söz atmaq istəyir, pullu seks xidmətindən istifadə etmək istəyir və bütün bunların əksini arvadından, anasından, qızından tələb edir, vəssalam. Çox bəsitdir bunun səbəbi. Hakimiyyətini, rahatlığını bölüşmək istəmir. Feminizm insan hüquqları ideyasıdır, ona görə də bütün cəmiyyətlərə doğmadır, Amazonun ibtidai icmada yaşayan qəbilələrindən tutmuş Skandinaviyaya qədər. Bizə də doğmadır. Müasir insan cəmiyyətinə, insan hüquq və azadlıqlarına, ləyaqətli həyat anlayışına zidd olan feminizm yox, patriarxal düşüncədir.

-Bu yaxınlarda feministlərin Bakı şəhərinin mərkəzində aksiyası baş tutdu. Bundan əvvəl 8 Marş yürüşünü keçirməyə feministlərə imkan verilməmişdi. Amma bu dəfə aksiya iştirakçılarına əvvəlcə zorakılıq olsa da, sonrada aksiyanın keçirilməsinə şərait yaradıldı. Aksiya iştirakçılarına bu münasibət nə ilə bağlıdır?

-Düzü, Milli Şuranın mitinqinə daha çox icazə verildi, nəinki feministlərin yürüşünə. Bəlkə də yox. Amma bu fərq əhəmiyyətli deyil. Çünki bizim iqtidar bizdən daha yaxşı və uğurlu şəkildə anlayır ki, istənilən toplantı, mitinq, yürüş siyasidir, fərqi yoxdur, bunu Milli Şura keçirir, yoxsa feministlər, yoxsa uşaqlar. Məsələ burasındadır ki, sərbəst toplaşma azadlığı özü siyasidir. Hazırkı dövrdə, ola bilər ki, Aİ ilə saziş məsələsinə görə siyasi həyatda yumşalmalar var və nəticədə istənilən aksiya oxşar münasibətlə nəticələnəcək – bir az təzyiq, bir az icazə, bir az işgəncə və s. Hökumətin sərbəst toplaşma azadlığına münasibətini nəyin formalaşdırdığını müzakirə etmək olar, sadəcə, indiki söhbətimizin mövzusu deyil. Mən düşünmürəm ki, feministlərin aksiyasına digər aksiyalardan daha yumşaq münasibət olub, feministlər Milli Şuranın çıxardığı qədər adam çıxarda bilsə idi, münasibət tam bərabər olardı. Bu sahədə hökumət ayrı-seçkilik qoymadan davranır – hüquq və azadlığını həyata keçirmək istəyənlərin hamısına, təxminən eyni cür düşməndir. Qadın hüquqları isə özü-özlüyündə siyasi məsələdir. Evdə arvadını döyən kişilər siyasətə qarışıblar.

-Sonuncu aksiyada tələblərdən biri də Azərbaycanın İstanbul Konvensiyasına qoşulması ilə bağlı idi. Bundan sonra hökumət bu məsələyə reaksiya verdi. Bu İstanbul Konvensiyası nədir və Azərbaycan bu konvensiyaya qoşulmaqla nə qazanacaq?

-İstanbul Konvensiyası dediyimiz sənədin tam adı belədir: “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası”. Bu sənəd Avropa Şurası Parlament Assembleyasında qəbul edilib və 2011-ci il mayın 26-da Türkiyənin İstanbul şəhərində imzaya açıq elan olunub. İstanbul Konvensiyası özündə qadınlara qarşı zorakılıq barədə müddəaları, məişət zorakılığı qurbanlarının müdafiə yollarını, qabaqlayıcı tədbirləri, bu zorakılıqları törədənlərin məsuliyyətə cəlb edilməsini, milli qanunvericiliklərin səmərəli müdafiəni təşkil edəcək qədər təkmilləşdirilməsini və s. ehtiva edir. Avropa Şurası üzvlərindən yalnız RusiyaAzərbaycan bu Konvensiyanı ratifikasiya etməyiblər. İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində ilk beynəlxalq hüquqi sənəddir. Həm də bu sənəd bəyanat deyil, konvensiyadır, yəni ratifikasiya edən dövlətlər üçün icrası məcburi öhdəliklər yaradır. Bu öhdəlikləri yerinə yetirmək üçün Azərbaycan qanunvericiliyində dəyişiklik etməli, məişət zorakılığı kriminalaşdırılmalı, qısnamaya görə məsuliyyət müəyyən olunmalı, qadın sığınacaqlarının təşkilinə qədər müxtəlif tədbirlər effektiv şəkildə görülməlidir. Azərbaycanda isə istisnasız bütün sahələrin korrupsiyaya qurşandığı bir idarəetmə rejimi var və onlar üçün effektiv işləyən sistem yaratmaq, qısa desək, sərf etmir. Həm də məişət zorakılığı Azərbaycan hakimiyyətinə əhalini təzyiq altında saxlamağa kömək edir. Azərbaycan əhalisinin 51%-i qadındır. Yəni, əhalinin yarıdan çoxu fasiləsiz davam edən basqı altındadır, bir çoxu psixoloji və fiziki şiddətə məruz qalır. Nəticədə bu vəziyyətdə olan insanların ilk mübarizə apardıqları maneə elə bu problemlərdir, birbaşa siyasi hesab olunan məsələlər deyil. Evin oğlunun mitinqə çıxması üçün məişət səviyyəsində keçəcəyi maneələrin sayı 3-4-dürsə, evin qızı üçün bu maneələrin sayı azı 30-40-dır. Qadınların təhsilinə imkan verilməməsi də təhsil sistemini onillərdir keyfiyyətsizləşdirmək sahəsində məqsədli siyasət aparan bir hakimiyyətin sevə-sevə qəbul etdiyi praktikadır.

-Azərbaycan İstanbul Konvensiyasına qoşulsa, bütün bu problemlərin həlli üçün əməli addımlar atmalı olacaq və nəticədə ölkədə insan hüquqlarının təmini istiqamətində xeyli irəli getmiş ola bilərik.

Sizcə, Azərbaycanda qadın- kişi bərabərliyi, qadın hüquqlarının normal qorunması, məişət zorakılıqlarının qarşısının alınması üçün hansı işlər görülməlidir? Bu sahədə nə çatışmır?

-Bu işlər 2 istiqamətlidir: vətəndaş cəmiyyəti tərəfindən və dövlət tərəfindən. Vətəndaş cəmiyyəti üzvləri qadın hüquqları, ümumiyyətlə, feminizm sahəsində təşkilatlanmalı, strategiya müəyyən etməlidirlər. Amma bayaq da qeyd etdiyim kimi, maarifçilik bu sahədə ciddi dəyişiklik yaratmaqdan daha çox problemə qarşı ayıqlığı nəsildən-nəslə ötürməklə məşğuldur. Əsas məsuliyyət dövlətindir. Dövlət səviyyəsində bir az əvvəl qeyd etdiyimiz kimi, İstanbul Konvensiyasınn ratifikasiyası həyata keçirilməlidir. Amma İstanbul Konvensiyasını gözləyərək problemləri görməzdən gəlmək olmaz. Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması üçün təxirəsalınmaz olaraq həyata keçirilməli olan iki məsələ var: qadınlara mühafizə orderlərinin verilməsi məsələsindəki çətinliklər həll olunmalıdır. Mühafizəyə ehtiyacı olan hər bir qadına bu order verilməli, mühafizə orderi barədə yaranmış fikir ayrılıqları qadınların lehinə həll olunmalıdır. İkincisi, qadın sığınacaqları təşkil olunmalı, xüsusən regionlar nəzarətdən kənar qoyulmamalıdır. Bundan başqa məişət zorakılığı kriminallaşdırılmalı, hüquq- mühafizə orqanları həm məişət zorakılığı cinayətinin istintaqı ilə bağlı, həm də mühafizə orderlərinin verilməsi kimi digər məsələlərlə bağlı xüsusi təlimlərə cəlb olunmalıdırlar. Məişət zorakılığı motiv kimi bir sıra cinayətlərdə, xüsusən qəsdən adamöldürmə və sağlamlığa zərərvurma cinayətlərində ağırlaşdırıcı hal olaraq Cinayət Məcəlləsinə əlavə edilməlidir. Dövlət özü əlində olan bütün vasitələrlə qadınlara qarşı ayrı-seçkilik əleyhinə maarifçilik həyata keçirməli, cinsi ayrı-seçkiliyin qabarıq olduğu sahələrdə işçilər arasında kvota tətbiq edilməlidir və s. Görüləcək iş çoxdur, sadəcə, bütün bunlar üçün siyasi iradə olmalıdır. Siyasi iradə olsa, faydalı təkliflər veriləcək və bu təklifləri icra edə biləcək çoxlu adam meydana çıxacaq.

pia.az


Etiket: feministlər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar