Cümə, 18 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Axır ki, deputat vəsiqəsi bir işə yaradı…

"Özünüzdən söz uydurmayın"

“Bizim camaatın Dumaya vəkil göndərməsi müsəlman ananın oğluna gəlin gətirməsinə bənzəyir. Oğlunu evləndirir. Fəqət kimə evlənməsini oğlu yalnız zifaf gecəsi bilir. İndi Bakı əhalisi də Dumaya nə məsləkdə adam göndərdiklərini, fəqət bu adam Dumaya gedəndən sonra biləcəklər!”
(Məhəmməd Əmin Rəsulzadə, 1907-ci il, “Təkamül” qəzeti)

Zamin Hacılı yazır...

Bizim qanunlara görə deputatxanada oturan yoldaşlara “deputat” deyilməlidir, ancaq bisavad jurnalistlərimiz farmazonluq üçün onları “millət vəkili” adlandırırlar. Yox bir, millətin kəkili... Özünüzdən söz uydurmayın. Haçan deputatlar qanun qayırıb özlərinə “millət vəkili” adı qoyarlar, buyurun, o zaman elə yazın. Yoxsa bəziləri Hacıbala müəllimi də “mer” adlandırırdı, halbuki icra hakimiyyəti başçısı ilə merin fərqi 202 saylı avtobusun şoferi Mamedlə hazırda Beynəlxalq Kosmik Stansiyada uçan italyan astronavt Luka Parmitano-nun fərqi qədərdir (yazını düzəliş üçün təkrar oxuyanda fikirləşdim fərq o qədər çox alınmayıbdır).

Sözgəlişi, bu yaxında görürəm 10 yaşlı uşaq dilxor oturubdur. Deyirəm, a bala, niyə kefin yoxdur. Deyir hindistanlılar Aya qurğu uçurtmuşdular, lakin endirə bilmədilər, əlaqə itibdir. Mən də dilxor oldum ki, bunun tərbiyəsini, görəsən, haçan pozmuşam, Aya qona bilməyən hindistanlıların dərdini çəkir. Bunun tayları Üzeyirin mahnısını mələdə-mələdə çayçıda qəlyan çəkir. Belə uşaq vətənə xeyir verməyəcəkdir. Nəsə, ailədaxili işləri qəzetə çıxartmaq olmaz. Vaxtilə Pavlik Morozov atasını hökumətə satmışdı, qolçomaq kişini aparıb sürgünə basmışdılar. İndi də uşaqlar dizlərinə nəlbəki atan atalarını hökumətə satır. Bizim axırımız necə olacaqdır? Qeyrət-zad əldən gedir. Bu arada xəbəriniz olsun, hava yaman soyuqdur, ermənilər toyuqdur. Arvadlar isə bizim vətənimizdir - keçmiş baş nazirimiz Pənah müəllim demişkən. Bəs Çingiz “Hamınız arvadsuz” deyəndə bəlkə bunu nəzərdə tuturmuş?

Gör hara gəldik, tema da yaddan çıxdı. Tema isə odur ki, dünən “Lider” TV-nin aparıcısı bir həkimin Nəsimidən oxuduğu şeiri elə həkimin özünün yazdığını zənn edibdir. Yüz faiz o aparıcı BDU jurfakını bitiribdir. Mən 2000-ci illərdə orada oxuyan bir tələbəni tanıyırdım, “Leyli-Məcnun” əsərini Füzuli rayonunun keçmiş icra başçısı Nofəl bəyin yazdığını düşünürdü. Sizə zarafat kimi gəlir. Bir dəfə şair Akif Səməd Sumqayıt yolundakı kafelərdən birində yaxşıca yeyib-içəndən sonra hesabı verməyə pulu olmadığını görüb ofisianta “Mən Nizami Gəncəviyəm” demişdi. Ofisiant isə zır savadsız imiş, təkidlə pulu tələb edir, axırda müdiri çağırırlar. Müdir gəlir Akif bəyi qucaqlayır öpür: “Nizami müəllim, siz Allah bu qoduqları bağışlayın, tupoy şeylərdir, sizi tanımayıblar”.

Xülasə, yuxarıda bəhs elədiyimiz millət şəkillərindən... üzr istəyirəm, deputatlardan birinin çoxlu mal-mülkü, qanunsuz gəlirləri aşkar edilibdir. Püff... Guya deputatın cibindən qanunsuz əmlak yox, qanun layihəsi çıxmalıymış. Adamı ora nə üçün qoyublar? Bu temada atalar sözümüz də vardır: “Verərsən ətdən-mətdən, İşlərəm bərkdən-bərkdən. Verərsən şordan-mordan, İşlərəm ordan-burdan”. Ancaq bu deputat yoldaşın günahı təkcə belə şeylərlə bitmirmiş. Deyir haradansa borc pul götürüb girov yerinə deputat vəsiqəsini qoyubdur.

Əladır. Axır ki, bu ölkədə deputat vəsiqəsi bir işə yaradı. Yoxsa camaat deputatlığı tam hörmətsiz zənn edirdi. Həm də deputat vəsiqəsini girov qoymaq haradasa 30-40 min seçicinin (bizdə bir seçki dairəsi səhv eləmirəmsə, o qədər camaatı əhatə edir) səsini girov qoymaq kimi alınır. Deməli, seçicilərin səsi də bir işə yarayır, nəsə maddi dəyəri vardır. Moskva birdən-birə qurulmayıb, bu minvalla bir vaxt ayılıb görəcəyik parlamentimiz yaranıbdır.

Düzdür, qanun deputata bizneslə məşğul olmağı qadağan edir, ancaq deputat vəsiqəsini girov qoyub bankdan kredit götürmək hardasa biznes, iqtisadiyyat yox, mənəviyyat məsələsidir. Onu da şeyx həll edir. Əgər soruşsaq şeyxin 77 dəfə həccə gedən deputat qudası problemin tam halal olması haqda arayış verər.

Bircə pis, mənfi, neqativ hal yaranır ki, sən deputatdan ət, yağ, məhləyə yas evi, küçəyə asfalt xəyal edirsən, o isə vəsiqəsini girov qoyan yetimin biri çıxır. Hələ yaxşıdır seçiciləri girov qoymayıb.

Nə biləsən...

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar