Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Axı bu adamların nazir olmasının arxasında hansı prinsip durur?”

“Hazırda hökumətdə olan kadr dəyişiklikləri siyasi irəliləyişə gətirib çıxartmayacaq. Yəni cəmiyyəti bu cür kadr siyasəti ilə dəyişmək mümkün deyil. Ona görə də bunu kadr islahatı adlandıra bilmərik”

PİA.az bildirir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında son günlərdəki kadr dəyişikliyi və əməkhaqqları ilə bağlı islahatlardan danışarkən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O, hesab edir ki, güc strukturlarındakı təyinatları islahat deyil, kadrların yerdəyişməsi adlandırmaq daha düzgün olar. “Çünki bir vəzifədə olan adam götürülüb başqa vəzifəyə qoyulub. Bu da onu göstərir ki, bu cür qapalı dairədə kadrların yerdəyişməsi siyasi hakimiyyətin keyfiyyətcə dəyişiminə imkan vermir. Faktiki olaraq, bu kadrları hansı formada dəyişsək ölkədəki ictimai siyasi vəziyyətdə heç bir dəyişiklik ola bilməz”.

Əməkhaqlarının artırılmasından danışan partiya sədri deyir ki, burada iki məsələ diqqət cəlb edir: “Birincisi, ümumi şəkildə vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində hakimiyyətin atdığı istənilən addımı biz alqışlaya bilərik.

Amma burada 2 ciddi qüsur var. Ümumiyyətlə, əməkhaqqlarının ayrı-ayrı qruplar üzrə artırılması siyasi politologiya elmində həmin qrupları idarəetmə, hakimiyyətin tərəfdarına çevirmək vəzifəsi güdür. Diqqətlə baxsaq, deputatların əməkhaqqı 5 minə qaldırılır. Müəllimlərin maaşı 20%, dövlət məmurlarının əməkhaqqı 40% artırılır. Bu faizlər hakimiyyətin ayrı-ayrı sosial qruplara onların xidməti ilə hakimiyyəti saxlamaq üçün istifadə etdiyinə bir işarədir.

Fikir versəniz, fərmanda mühəndis, həkim, digər sahələrə məxsus insanların əməkhaqqısının artırılmasından söhbət getmir. Ancaq müəllimlərin, məmurların, iqtisadi strukturlarda ancaq gömrük xidmətində əmək haqqı artırılır. Bu da iqtidarın hansı qruplar əsasında hakimiyyəti həyata keçirməsini bir daha sübut edir.

Bu cür sərəncamla qeyri-bərabər əməkhaqqlarının artırılması cəmiyyətdə də nəzarət olunan bir balans yaratmağa xidmət edir.Yəni qərar verib, bəzi qrupları varlandırırsız, bəzilərini kasıb saxlayırsız, bəzi qrupların vəziyyətində isə bir qədər dəyişiklik edirsiz. Bu məsələnin siyasi tərəfidir”.

S.Cəlaloğlu məsələnin hüquqi tərəfinə də toxunub:

“Məsələnin hüquqi tərəfi də var. Ümumiyyətlə, əməkhaqqlarının müəyyən edilməsi dünyada belədir ki, minimum əmək haqqı indekslənir, onun 10%-i müəllimlər, 20%-i həkimlər, 30%-i hansısa sahə...

Bu dəfələrlə müəyyən olunur. Adətən ölkələrdə əməkhaqqı qaldırılanda minimum əməkhaqqı qaldırılır. Ayrı-ayrı sosial təbəqələrin pulu artırılmır. Bu, dövlətçilik ənənəsinə, iqtisadiyyata, ümumiyyətlə əməkhaqqlarının müəyyən edilməsi prinsipinə ziddir. Minimum əməkhaqqıyla indekslənən əməkhaqqı alanda ayrı- ayrı təbəqələrin cəmiyyətdə yeri, mövqeyi, yaşam şəraiti məlum olmur. Sosial iyerarxiyada müəyyən pillədə durur. Bu cür ayrı təbəqələrin pulunun artırılması, ümumi əməkhaqqı bazasının artırılmaması sosial iyerarxiyada yerləşmənin özünü də mahiyyətsiz edir.

Sanki bu gün həkimlər dövlət tərəfindən gözardı edilmiş bir qrupdur. O yerlərdəki, əməkhaqqıları bazar tələbatlarına uyğun artırılmır, orada rüşvətxorluq artır, dövlətə münasibətdə yanlış təsəvvürlər formalaşır. Bu gün həkimlər xeyli narazılıq edir. Bu cür seçmə qaydasında sosial təbəqələrin maaşlarının artırılması, həm də ölkədə hakimiyyətə qarşı narazılıq dalğası yaradır. Bütün bunlar nəzərə alınmalıdır.

Mənə elə gəlir ki, dünyada tətbiq olunan əməkhaqqlarının müəyyən edilməsi prosesinə uyğun həyata keçirilməlidir. Minimum əməkhaqqının artırılması ilə bütün maaşlar qalxmalıdır ki, cəmiyyətdə insanların tutduğu iyerarxiyaya əsasən yaşam səviyyələri də uyğun olsun”.

Sədr bildirib ki, Azərbaycanda aşağı keyfiyyətli idarəetmə mövcuddur:

“Elmi dillə desək Azərbaycanda aşağıkeyfiyyətli idarəetmə var. Politologiya elmində müəyyən olunub ki, şəxsi sədaqət əsasında kadrların yerləşdirilməsi aşağı keyfiyyətli idarəetmədir.

Demokratik cəmiyyətdə kadrlar dövlət və xalqın qarşısında elədikləri xidmətlərə görə, seçilirlər. Onlar dövlət vəzifəsinə gətiriləndən sonra həmin xidmətləri daha böyük səviyyədə, dövlətin verdiyi resurslar hesabına daha layiqli şəkildə yerinə yetirir.

Dövlətdə varislik deyilən prinsip var. Varislik prinsipi gözlənilməlidir. Kadrların yerləşdirilməsində dövlət və millət qarşında əvvəlki xidmətləri nəzərə alınmalıdır. Bir də görürük ki, kimisə vəzifəyə gətiriblər, o adamın bioqrafiyasına baxırsan Azərbaycan dövlət və xalqı qarşısında heç bir xüsusi xdməti yoxdur.

General rütbəsi verirlər, amma hərbi sahədə heç bir iştirakı, nailiyyəti yoxdur. Birinə elmlər doktoru statusu verilir, amma elmdə heç bir fəaliyyəti yoxdur. Onda sual olunur, bu adamların elmlər doktoru, general və ya nazir olmasının arxasında hansı prinsip durur?

Bu cür aşağıkeyfiyyətli idarəetmə ilə cəmiyyətin elitasının formalaşdırılması elə bil cəmiyyətin başını aşağı, qıçlarını yuxarı qoymaq kimidir. Cəmiyyəti əsas irəliyə apara biləcək, inkişaf etdirəcək qüvvələrin hamısı ən aşağı yerlərdə, cəmiyyət üçün yararsız insanlar, xeyri olmayanlar ən yüksək yerlərdə durub. Belə cəmiyyətlərin inkişafı geriyə doğru ola bilər.

Ona görə bu gün Azərbaycan 14-16-cı əsrlər üslubundadır. Baxın, gürcülər bir rusun gəlib parlamentdə sədrin stolunda oturmasına görə az qalır ki, üsyan etsinlər. Jirinovski bizi təhqir edir, amma Azərbaycana gəlir və onun ayağının altına qırmızı xalı döşəyirlər. Onu ən yüksək dövlət xadimi kimi qarşılayırlar. Fərq budur.

Gürcülər isə müasir dövrün əhval ruhiyyəsində yaşayırlar. Düşmən dövlətin nümayəndəsinin gəlib parlament sədrinin stolunda oturmasını özlərinə milli təhqir hesab edirlər. Biz isə torpaqlarımızı işğal edən, bizə qarşı genosid siyasəti yürüdən xalqı həm sevməyə məcbur edilirik, həm də onların dilini öyrənirik, mədəniyyətini təbliğ edirik. Bu da onu göstərir ki, şüurumuza görə, quldarlıq dövrünün insanından heç də fərqlənmirik. Bu da həmin idarəetmənin nəticəsidir”.

Partiya sədrinin sözlərinə görə, Azərbaycan Qafqazda mədəniyyət, siyasi şüur baxımından erməni və gürcülərdən çox -çox geridə qalan xalqdır: “Ermənistanda bir nəfər rus yoxdur. Baxmayaraq ki, ruslar oranı tutub, onları ora gətirərək dövlət yaradıb. Baxmayaraq ki, bu gün onların sərhədlərini Rusiya qoruyur, ordusunun bütün hərbi texnikası pulsuz olaraq Rusiya tərəfindən verilir. Amma onlar nə rusca danışırlar, nə rus məktəbləri var. Gürcülər də xristiandırlar, Rusiya ilə tarixi əlaqələri olub, müəyyən dövrdə Rusiya onlara himayədarlıq edib. Amma nə rus dilində danışmağı sevirlər, nə rus məktəbləri var, nə də rusları görməyə gözləri var. Çünki xalq düşməninin kim olduğunu yaxşı bilir.

Hətta ermənilər zaman-zaman Rusiya ilə ittifaqda olub torpaq əldə etsələr də, bizdən fərqli olaraq rusların onlara düşmən olduğunu başa düşürlər. Azərbaycan xalqı ona qarşı olan düşmənçilik, ayrıseçkiliyə baxmayaraq, hələ də dostuyla düşmənini seçə bilmir. Bu da dediyim idarəetmənin ən böyük mənfi nəticələrindən biridir.

Bizdə tərsinədir, dosta nifrət, düşmənə məhəbbət tərbiyə edirlər. Necə ki, tələyə bir pendir qoyub siçan tutasan. Bu cür tərbiyə olunan xalq çox asanlıqla da tələyə düşür. Çünki düşmənini dost kimi bilir və onun yanına gedir, düşmən də çox asanlıqla onu məhv edə bilir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar