Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT-in Minsk Qrupu regiona geri qayıtmaq istəyir: Onların hədəfi nədir?

Aprelin 13-də ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış edərək, regiona qayıtmağa hazır olduqlarını bildiriblər. Onlar atəşkəsin möhkəmlənməsindən məmnuniyyətlərini bildiriblər.

Həmsədrlər tərəflərə narahatlıq doğuran məsələlərin həlli və uzunmüddətli sülh üçün əlverişli qarşılıqlı etimad atmosferinin yaradılması üçün müharibə əsirlərinin və digər məhbusların beynəlxalq humanitar hüququn müddəalarına uyğun olaraq geri qaytarılması, münaqişə bölgələrinin minalardan səmərəli şəkildə təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi, beynəlxalq humanitar təşkilatların nümayəndələri də daxil olmaqla, Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin götürülməsi, dini və mədəni irsin qorunması və mühafizəsi, münaqişənin təsir göstərdiyi icmalar və digər xalqlar arasında etimad qurulması tədbirləri üçün birbaşa təmasların və əməkdaşlığın inkişaf etdirilməsi kimi əlavə səylərin tələb olunduğunu xatırladıblar.

Son olaraq Minsk Qrupu həmsədrləri onların müşahidəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini təkrarlayıblar.

Həmsədrlər qiymətləndirmə və vasitəçilik rollarını yerinə yetirmək üçün Dağlıq Qarabağ və ətraf bölgələr daxil olmaqla, bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını vurğulayıblar.

Azərbaycan prezidenti İlham Əliyev isə ötən il dekabrın 12-də ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edərkən bildirib ki, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll edib.

Prezident vurğulayıb ki, Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamayıb. «Halbuki, bunu etmək üçün Minsk Qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Minsk Qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir».

Aprelin 13-də isə Prezident İlham Əliyev ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfransda suallara cavab verərkən bildirib ki, Minsk qrupunun tərkibi və daxili münasibətlər həmişə onların prioriteti olub. «Əvvəla, biz həmsədrlərin - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın mövqeyinin nədən ibarət olduğunu bilməliyik. Onlar Minsk Qrupunun gələcək fəaliyyətini necə görürlər? Çünki bu quruma həmsədrlik edən onlardır. Bu da bizim mövqeyimizdir. Münaqişə öz həllini tapdıqdan sonra münaqişənin həllinə kömək etməli olan qrupun fəaliyyətinə yer varmı? Bilmirəm».

Eyni zamanda, Prezident vurğulayıb ki, «bizə artıq Minsk Qrupu lazım deyil, çıxın gedin» deyə bilməz. «Xeyr. Nəyə görə bunu deyim ki? Buna görə mən onlardan diplomatik şəkildə düşünməyi və kreativlik göstərməyi xahiş etdim. Onlar bu 29 il ərzində çox kreativ olublar. Bir az da kreativlik göstərsinlər».

İlham Əliyev qeyd edib ki, onların postmünaqişə vəziyyətində öz rolunu oynaya biləcəyi bəzi sahələr ola bilər. «Münaqişəni həll etməli olan bir qrup olaraq yox. Burada mən Minsk Qrupunun bəzi nümayəndələri ilə tamamilə razı deyiləm. Onlar münaqişənin həll edilməli olduğunu deyirlər. Münaqişə artıq həll olunub».

İlham Əliyev vurğulayıb ki, onlar bu kövrək sülhə zərbə vura biləcək bir şey etməməlidirlər. «Ermənistana qeyri-real vədlər verməməlidirlər, neytral, qərəzsiz olmalı və bu vəziyyəti bağlamağa çalışmalıdırlar. Ermənistanla gələcək sülh razılaşması haqqında danışanda, yəni, əgər Ermənistan belə bir variantı nəzərdən keçirərsə, bu halda beynəlxalq tərəflər üçün çoxlu imkanlar ola bilər. Demarkasiya, delimitasiya, qarşılıqlı əlaqə məsələləri var. Biz beynəlxalq birliyin bir hissəsiyik, biz ATƏT-in üzvüyük və ATƏT-in regionda çox xüsusi rolu var. Buna görə mən onların faydalı ola biləcəyini düşünürəm. Lakin onlar bizə çoxdandır səfər etmir. Ümid edirəm ki, onlar tezliklə müəyyən təkliflərlə gələcəklər və biz də, əlbəttə ki, bu təklifləri lazımi diqqət verərək nəzərdən keçirəcəyik».

ATƏT-in Minsk Qrupu prosesə yenidən qoşula bilərmi? Qoşularsa, bu prosesə fayda verə biləcəkmi?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı Turan-a bildirib ki, ATƏT-in Minsk Qrupunun hazırkı davranışı bir əhvalatı xatırladır. «İki uşaq bağda güləşir və onlardan biri yıxılır. Uşaq pərt olmamaq, diqqəti yayındırmaq üçün yerdən qalxıb «ay, fındıq tapdım» deyir. ATƏT-in 30 ilə yaxın fəaliyyəti təxminən ona bənzəyir». Komitə üzvü deyir ki, qurum münaqişənin həlli istiqamətində heç bir iş görməyib, danışıqdan irəli gedə bilməyib. «Başa düşürük, mürəkkəb məsələdir, onlar da güya beynəlxalq normalar çərçivəsində hərəkət edirlər, hər iki tərəfi razı salmağa çalışırlar. Amma burada hər iki tərəf söhbəti yoxdur. Bu tərəflərdən biri işğalçıdır, biri isə torpaqları işğal olunan. Təəssüf ki, ATƏT, bir sıra Avropa ölkələri məsələyə bu müstəvidə baxmır. Az qala Azərbaycanla Ermənistanı bir səviyyədə görürdülər bu müzakirələrdə».

S.Rüstəmxanlı vurğulayıb ki, Azərbaycan ordusu beynəlxalq hüquq normaları çərçivəsində torpaqları işğaldan azad edib. «ATƏT-in Minsk Qrupunun üç ayağı var. Onlardan biri olan Rusiya mövqeyi tam itirilməsin deyə, müəyyən mesajlarla – bomba, «İsgəndər» mesajları ilə «Dağlıq Qarabağdan bütün erməniləri çıxara bilməzsiniz» deyib, müxtəlif bəhanələrlə sülhməramlıları bura göndərib. Halbuki, Azərbaycanın orada yaşayan dinc əhalini çıxarmaq niyyəti yox idi. Minsk Qrupunun ayaqlarının digər ikisi – Fransa və ABŞ isə oyundan kənardadır və hökmən istəyirlər ki, bura gəlib Rusiyaya qoşulsunlar».

Deputatın fikrincə, məsələnin praktiki tərəfi həll olunub. «Azərbaycan ordusu göstərdi ki, ATƏT olmasa da biz torpaqlarımızı azad edə bilərik. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi gec-tez bağlanacaq. Sərhədlər açılsa, Ermənistan öz gələcəyini düşünərək Azərbaycan və Türkiyə ilə normal qonşu münasibətləri qurmalıdır. Minsk Qrupu isə istəyir ki, hökmən onların da bir vasitəçiliyi olsun. Amma onlar Dağlıq Qarabağ statusu, ermənilərin orada statusu tipli bəyanatlardan əl çəkmirlər. Azərbaycan bu məsələni bitirib artıq. Digər bəhanələr də axtarırlar, guya xristian abidələri dağıdılır. Bunların hamısı bəhanələrdir».

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov “Azadlıq Radiosu”na bildirib ki, ATƏT-in Minsk Qrupu regiona lazımdır. «Lakin fərqli obrazda. Çünki 1994-cü ildən sonra Azərbaycan müharibədə uduzmuş tərəf idi və ATƏT-in Minsk Qrupu çalışırdı ki, danışıqlar yolu ilə bu münaqişəni həll etsin. İndi Azərbaycan bu münaqişədə udmuş tərəfdir və ATƏT-in Minsk Qrupu Ermənistan üçün çalışmalıdır ki, danışıqlar yolu ilə məsələnin həllini tapsın. Yəni, Azərbaycan artıq öz problemini həll edib».

Ekspert qeyd edib ki, Dağlıq Qarabağda ermənilər yaşayan ərazilər var və Azərbaycan onları nə vaxtsa reinteqrasiya etmək haqqında düşünür. «Bu barədə Prezidentin çıxışında da deyilir. Ona görə də ATƏT-in Minsk Qrupuna ehtiyac var. Çünki onlar vasitəçilərdir. Rusiyanın burada təkbaşına vasitəçilik etməsi nə Azərbaycana sərf edir, nə də Ermənistana. Ona görə də hər iki ölkə maraqlı olmalıdır ki, ATƏT-in Minsk Qrupu kimi bir format burada olsun».

Konfliktoloqun fikrincə, qurumun tərkibi o qədər də ciddi rol oynamır. «ATƏT-in Minsk Qrupunun tərkibi, Fransanı çıxmaq şərtilə, ən optimal tərkibdir. Yəni, burada Rusiya, ABŞAvropanın təmsilçisi var. Bundan başqa bir format çətindir. Minsk Qrupunun formatı münaqişə tərəflərinin hər ikisinin razılığı ilə dəyişdirilə bilər. Təkbaşına bu format dəyişdirilə bilməz».

Ə.Həsənov hesab edir ki, ATƏT-in Minsk Qrupu regiona qayıtmaq istəyirsə, qayıdacaq. «Onları regiondan çox uzaq saxlamaq mümkün olmayacaq. Xüsusən Azərbaycanın uzunmüddətli danışıqlar prosesini və reinteqrasiya prosesini aparmaq üçün, postkonflikt dövrü üçün ATƏT-in Minsk Qrupuna ehtiyacı var. Məncə onlar yeni bir obrazda, ola bilsin ki, bu yaxınlarda bölgəyə qayıtsınlar».

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar