Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aramızdakı hər yüz nəfərdən biri onun qurbanıdır...

“Şizofreniya xəstəliyi, təxminən göyqurşağının rəngləri kimidir”

Cəmiyyətlər fərqləndiyi kimi onu təşkil edən fərdlər də bir-birindən psixologiyasına, inanclarına, müxtəlif yaşam tərzlərinə görə fərqlənirlər. Cəmiyyət o halda bütöv hesab edilir ki, insanları bütün bu müxtəliflikləri ilə, səhv-düzləri ilə qəbullanır və onlara həyatlarını davam etdirmək üçün istiqamət verir.

Cəmiyyətin müxtəlif psixologiyaya sahib fərdlərinin bir qismi də şizofreniya xəstəliyindən əziyyət çəkənlərdir. Araşdırmalara görə, şizofreniya irsi xəstəliklərdən biridir və onu təyin etmək üçün xüsusi testlər yoxdur. Diaqnoz xəstədə özünü göstərən simptomlara uyğun olaraq qoyulur. Ümumi simptomlar isə paranoid, eşitmə hallüsinasiyaları, nitqdə əks olunan düşüncə pozğunluğu və əqli çatışmazlıqdır. İlkin səciyyəvi simptomlar gənc yaşlarda özünü göstərir.

Bu xəstəliyin göstəriciləri nələrdir və kimlər ondan əziyyət çəkən hesab olunur? Və belə insanlar cəmiyyətə necə qaytarmaq olar? AYNA suallara cavab axtarıb.

Şizofreniya psixozun (reallığı qiymətləndirmə bacarığının itirilməsi) ən çox müşahidə edilən formasıdır. Əvvəllər funksional psixiatrik xəstəliklərdən biri kimi təsnif edilirdisə, indi əsasən beyin fiziologiyasının anormallığı kimi qəbul edilir. Bütün dünyada insanlar arasında hər 100 nəfərdən biri şizofreniyadan əziyyət çəkir. Statistikaya görə, dünyada 60 milyona yaxın şizofren var.

Uzman psixiatr Fuad Bəşirov dediyinə görə, şizofreniyanın əsasında düşüncə və qavrayışın pozulması dayanır: “Şizofreniya başlanğıcı zamanı xəstənin mövcud məşğulliyətində uğursuzluqlar, dərslərdə geri qalma, iş yerində işlərini yerinə yetirə bilməmək, ailədə, işdə, dostları arasındakı münasibətlərdə pozulmalar görülür. Əsası olmayan düşüncələrin olması, xüsusilə tanıdığı və ya tanımadığı insanlar tərəfindən izlənmə, zərər görmə düşüncələri, düşüncələrinin başqa insanlar tərəfindən oxunması və ya yad düşüncələrin ağıllarına yerləşdirilməsi və sair kimi reallıqla örtüşməyən düşüncələrin biruzə verilməsi xəstəliyin əsas simptomlarından biridir. Hallüsinasiyalar, olmayan şeylərin görülməsi, əmr verən səslər, əslində olmayan səslərin eşidilməsi, danışıq qabiliyyətinin pozulması şizofreniyanın simptomlarına daxildir”.

Müsahibimiz bildirir ki, bizim ölkədə də şizofreniyanın göstəriciləri dünya statistikası ilə eynidir: “Belə ki, hər 100 adamdan biri şizofrendir. Konkret olaraq bu xəstəliyin statistikası ölkəmizdə aparılmayıb. Şizofreniya xronik bir xəstəlikdir. Ömür boyu davam edir, lakin müəyyən dərmanlar vasitəsilə xəstəlikdə yaxşılaşma halları olur”.

“Şizofreniya xarakter deyil, xəstəlikdir”

Bəşirov qeyd edir ki, şizofreniya seçim deyil, xəstəlikdir: “İnsan istəmədən bu vəziyyətə düşür. Xəstəlik olduğuna görə də bunun xüsusi dərmanı var. Həmin dərman vasitəsilə nisbətən yaxşılaşma olur. Amma bu dərmanların qəbulu şəkər, təzyiq xəstəliyi kimi ömür boyu davam edir. Dərmanlar yaxşılaşmağa kömək edir, xəstəliyin simptomlarını azaldır. Lakin xronik xəstəlik o deməkdir ki, hər zaman simptomlardan az da olsa, olur”.

Ekspertin sözlərinə görə, Xəstəliyin müalicəsində dərmanlarla yanaşı reabilitasiya da çox vacib rol oynayır: “Məsələn, dünyada, həmçinin mən Türkiyədə təhsil aldığım müddətdə orada belə bir sistem vardı ki, hər dövlət müəssisəsinə, özəl şirkətlərə tək şizofreniya deyil, ümumilikdə psixoloji problemi olanlardan minimal limit qoyulurdu. Limitdə bildirilir ki, hər 100, yaxud 200 xəstədən birində psixioloji problem olacaq. Həmin şəxsləri işə götürən şirkət daha az vergi ödəyicisi olur”.

“Dünyada demək olar ki, hər müəsisədə belə işçilər var deyə, dolayısı ilə onlar artıq cəmiyyətə qarışmış olurlar. Bu zaman həm xəstələr cəmiyyətə qarışır, evdə oturmur, özünə qapanmır, həm də cəmiyyət onlara fövqəladə insanlar kimi baxmır, həmin xəstəlikləri insanlar da tanımış olur. Bu xəstəlik haqqında kənardan qeyri-adi düşüncədə olan insanlar da var”, - deyə həmsöhbətimiz vurğulayır.

“Bu xəstəlik göyqurşağının rəngləri kimidir”

Psixiatr onu da diqqətə çatdırır ki, şizofreniya xəstələrinin simptomları bəzən daha aydın görünə, bəzən də seçilməyə bilər: “Şizofreniya xəstəliyi, təxminən göyqurşağının rəngləri kimidir. Xəstəliyin simptomları da belədir – bəzən hamısı müəyyən edilə bilər, bəzən isə heç biri hiss olunmaz. Çox güclü simptomları bilinən, başqasının köməyinə ehtiyacı olan şizofreniya xəstələrinin müalicəsi zamanı reabilitasiya və dərman qəbulu şərtdir”.

“Bir daha qeyd edim ki, şizofreniya ömür boyu davam edir. Gənclik yaşlarının xəstəliyidir, çox vaxt 20 yaşlarında ortaya çıxır və ömür boyu davam edir. Şizofreniya reallığı qiymətləndirmə bacarığının itirilməsi deməkdir, bəzən tam, bəzən də qismən reallığı qiymətləndirmək itər. Gənc yaşlarda xəstəlik daha şiddətli olsa da, yaşlılığa doğru artıq azalma müşahidə edirik. Şəhər mühitində olan şizofreniya xəstələrində stress, gərginlik daha çox olur, rayon mühitində isə sosial münasibətlərin daha yaxşı olması ilə bağlı xəstəliyin simptomları müşahidə edilsə də, aqressiya daha az müşahidə edilir”, - deyə Bəşirov izah edir.

“Anadangəlmə görmə qabiliyyəti olmayanlar da şizofren ola bilir”

Uzman psixiatrın söylədiyi kimi, anadangəlmə görmə qabiliyyəti olmayan şəxslərdə də şizofreniya xəstəliyinə rast gəlinir: “Şizofreniya – “olmayan şeyləri görmə xəstəliyidir” deyə bir deyim var. Bu, məhz belə deyil, olmayan səsləri eşitmək, şübhə duymaq da xəstəliyin simptomlarına daxildir. Hətta, anadangəlmə görmə qabiliyyətləri olmayan şəxslərdə şizofreniya yarandığı zaman onlar da görməni tərif edə, hallüsinasiyalar görə bilirlər”.

Məlumdur ki, cəmiyyət olaraq fərqliliklərə önyarğı ilə yanaşmağa adət etmişik. Bir qədər fərqli geyinən, danışan, düşünən şəxsləri gördükdə bəzən bilərəkdən, bəzən də özümüz də fərqində olmadan onlardan lağ obyekti olaraq istifadə edirik. Bu proseslə ən çox rastlaşanlar isə qismən psixoloji problemi olan şəxslər, xüsusilə şizofreniya xəstəliyindən əziyyət çəkənlərdir. Şizofreniya yeni yaranmış xəstəlik olmasa da, cəmiyyətin bu xəstəliyi adaptasiya prosesi xeyli gec baş verir.

“Təəssüflər olsun ki, yalnız bizdə deyil, bütün dünyada psixiatrik xəstəliklərə qarşı cəmiyyət önyarğı ilə yanaşır. Bəzən bu xəstəliyi təhqir olaraq da istifadə edə bilirlər. Şəkər xəstəliyi, ürək-damar çatışmazlığı, virusun yaratdığı xəstəliklər necə bir xəstəlikdirsə, şizofreniya da elə bir xəstəlikdir. İnsan istəyərək, bilərək bu xəstəliyə tutulmur. Bu münasibət bütün dünyada belədir, lakin son günlər dünyada bu prosesdə də bir qədər yumşalma var. Bu yumşalmanın da əsas səbəbi marifləndirmə tədbirlərinin çoxalması, ya da az öncə misal gətirdiyim kimi dövlətlərin bu xəstələrə verdiyi bəzi güzəştlərin sayəsində onların cəmiyyətə qayıtması, iş yerlərində belə xəstələrin də olması cəmiyyətin onlara qarşı mövqeyini də müsbət mənada dəyişdirir”, - Bəşirov bildirir.

“Bəzən bizə elə gəlir ki, bir insan şizofrendirsə, deməli, o, təhlükəlidir. Bu, belə deyil. Elm və statistika göstərir ki, normal insanlar daha çox cinayət törədir, şiddətə daha çox meyilli olur, nəinki şizofreniya xəstələri. Dolayısı ilə normal insanlarla necə ünsiyyət qururuqsa, onlarla da elə münasibət qurmalıyıq”, - deyə o vurğulayır.

Psixiatr əlavə edir ki, əsas diqqət edilməsi gərəkən nüanslardan biri də şizofreniya xəstələrinin jest və mimikaları anlamamasıdır: “Normal insanlardan fərqli olaraq şizofreniya xəstələrinin mimikaları, üzdəki ifadələri, emosiyaları anlamaq qabiliyyətləri azdır. Əgər bir insanın üzündə mimika yoxdursa, şizofreniya xəstələri onları çox anlaya bilmirlər. Əgər şizofreniya xəstəsinin simptomlarında şübhəçilik varsa, bu zaman həmin xəstələr üzündə mimika olmayan insanlardan şübhələnə və onlardan zərər görəcəklərini düşünə bilərlər. Bunun da öhdəsindən gəlmək üçün şizofreniya xəstələri ilə gülərüzlə danışmaq lazımdır. Bu özü də, bəlkə də, bizə bir nümunədir ki, gülərüzlə danışmaq həm bizi, həm də qarşımızdakını daha yaxşı hiss elətdirər”.

“Cəmiyyət üçün şizofrenlərin qəbul olunması adi hal olsaydı…”

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, şizofreniya xəstələrinə cəmiyyətin yanaşması dedikdə, öncəliklə diqqət etmək lazımdır ki, cəmiyyətdə müxtəlif toplumlar var: “O toplumların da şizofreniya xəstəliyindən əziyyət çəkən şəxslərə müxtəlif yanaşması olur. İnsanlar var ki, birmənalı olaraq şizofreniya xəstələrindən qorxurlar. Şizofreniyanın da aqressiv şizofreniya kimi müxtəlif növləri var. Cəmiyyət əksər hallarda özündən olmayan bir çox şeyi qəbul etmir”.

“Cəmiyyətin şizofreniyanı qəbul etməməsi, haradasa normal baxışdır. Cəmiyyət üçün şizofrenlərin qəbul olunması adi hal olsaydı, onlar üçün də xüsusi reabilitasiya mərkəzləri açılardı və onlar da cəmiyyətdən kənarlaşdırılmazdılar. Güclü şizofreniya xəstəliyindən əziyyət çəkənlərin müxtəlif cinayətləri törətdiklərini də bilirik”, - deyə mütəxəssis qeyd edir.

Şizofreniyanın xəbərçisi – Eduard Einstein

Tarixdə olan, bir çox yeniliklərə imza atan məşhurların bir qismində şizofreniyanın simptomlarının olduğu bildirilir. Həmin məşhurlardan biri də Eduard Einsteindir. Albert Einstein və Mileva Maricin oğlu Eduard Einstein.

O, atasını xatırladan mükəmməl bir zəka ilə anadan olub. İyirmi yaşlarına qədər işləri uğurla davam etsə də, şizofreniya diaqnozu qoyulduqdan sonra işlərini kənara qoymaq məcburiyyətində qalır və əlli beş yaşında həyatını itirir. Bundan sonra bütün dünya şizofreniya xəstəliyindən xəbərdar olur.

Digər bir məşhur şizofreniya xəstəsi isə şotland futbolçu Andy Goramdır. Məşhur futbolçu bir neçə il ərzində müxtəlif Britaniya medialarında diqqət mərkəzində olub. Lakin bir müddətdən sonra ona şizofreniya diaqnozu qoyulub. “Rangers”-in birbaşa rəqibi olan “Celtic” fanatlarının qapıçı ilə lağ etdikləri şüarlar məşhurdur: “İki Andy Goram, cəmi iki Andy Goram var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar