Bazar, 29 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Aqanbekyanın vurduğu düyünün şifrəsi

23 oktyabr, 1987-ci il. Cümə günü. Bakı Dövlət Universiteti tarix fakültəsinin I kurs tələbələri 711-ci auditoriyada oturub növbəti mühazirənin başlamasını gözləyir.

Arxeoloq-alim Nəsimi Quliyev auditoriyaya girir. Boğuq səslə “Sabahınız xeyir” deyə dilucu salamlaşıb əlindəki qovluğu masanın üstünə atır. Və mühazirəyə başlamaq üçün kürsüyə yox, qəfildən iri pəncərəyə yaxınlaşır, gözlərini bir nöqtəyə zilləyib xeyli sakitcə dayanır, qayğılı-qayğılı harasa baxır – buradan, 7-ci mərtəbədəki bu auditoriyadan isə yalnız Elmlər Akademiyasının bağı görünür...

75 tələbənin olduğu otaqda milçək uçsa, səsi eşidilməz. Bu yorucu, bir az da əcaib səssizliyin nə qədər davam etdiyini xatırlamıram. Üç dəqiqəmi, otuz üç ilmi – bilmirəm. Qurğuşun kimi bu ağır sükutun əsl səbəbini illər sonra biləcəkdim. Onu da öyrənəcəkdim ki, bizə qədim tariximizdən, artıq yaşanmış və bitmiş, yazılmış və dəfələrlə oxunmuş, öyrənilmiş və öyrədilmiş tariximizdən danışmağa gələn müəllimimiz yeni, daha doğrusu, ən yeni tariximizin yazılmağa, özü də acı tale mətni kimi alnımıza yazılmağa başladığını bildiyindən, bəlkə də sövq-təbii hiss etdiyindən susurmuş. Bu sükutu ilə də tələbələrə sanki bunu demək istəyirmiş: “Sakit! İndi qədim tarix öyrənmək yeri deyil. İndi ən yeni tarix yazılır! Ən yeni... Eşidirsiniz? Ən yeni...”

Bunu əvvəl-axır biləcəkdim. Amma bu çox sonralar olacaqdı. 17 yaşlı gənc 50 yaşına çatanda...

Handan-hana pəncərədən aralanıb üzünü tələbələrinə tutan Nəsimi müəllimin ağzından çıxan ilk kəlmələri bu gün – üstündən 33 il (düz bir qərinə!) ötəndən sonra da dəqiqliyi ilə xatırlayıram: “Kişini Politbürodan çıxardılar. Bundan sonra it uşaqlarının əli-qolu açılar yəqin...”

Bu nə demək idi? Bunlar nəyin şifrəsi idi, nəyin kodu idi? “Arxeologiya şifrələr, kodlar elmidir, torpaq altından çıxan hər daş parçası, hər sümük tikəsi, hər saxsı qırığı bir sivilizasiyanın, bir dövrün açarıdır” sözlərini hər dərsdə təkrarlamağı xoşlayan Nəsimi müəllimin indi – bu dərsdə danışdıqlarının Politbüro ilə nə əlaqəsi vardı? KQB-dən qorxduğu üçünmü (hələ 1987 idi) belə üstüörtülü, kodla danışırdı? “İt uşaqları” kim idi, kimlər idi? Kimlərin əl-qolu açılacaqdı? Açılıb da neyləyəcəkdilər? Nələr baş verəcəkdi? Gözəl aurası, duzlu zarafatları, səlis nitqi və dərin savadı olan, həmişə müsbət enerji saçan bu orta yaşlı, orta boylu, kübar və ağayana adam bu gün nədən belə əsəbi, gərgin idi, özünə xas olmayan leksikonla danışırdı? Nədən narahat idi?

Nəsimi müəllim bizi çox intizarda saxlamadı və Qarabağ müharibəsinin, daha dəqiq desək, ermənilərin Qarabağ avantürasının startının, siqnalının verildiyini təmkinlə anlatmağa başladı. Səsimizi çıxarmadan diqqətlə dinləyirdik.

Deyirdi ki, Heydər Əliyevi Siyasi Bürodan çıxarıblar, bu isə Azərbaycan üçün çox pisdir.

Deyirdi ki, Qorbaçov əbləhdir, alçaq ermənilərin təsiri altındadır.

Deyirdi ki, baxarsınız, heç bir ay çəkməyəcək, xain ermənilər Azərbaycandan yenə torpaq tələb edəcəklər, bu dəfə də Qarabağı, Naxçıvanı, Gəncəni, daha haraları istəyəcəklər.

Deyirdi ki, çünki Zəngəzurdan bəri ağızlarında şirə qalıb.

Deyirdi ki, ermənilər qədər murdar qövm, həyasız tayfa yoxdur.

Xalq yox, millət yox, tayfa, qövm... Beləcə də deyirdi.

Deyirdi ki, uşaqlar, siz nə bilirsiniz axı, mən onları yaxşı tanıyıram, əlləri hər yerə çatır, hər yerdə adamları var, biz 1918-dən bəri illər uzunu yatmışıq, onlar yox, onlar işləyiblər, bizə qarşı xain planlar qurublar...
 
...Onsuz da qarabuğdayı adam olan Nəsimi müəllimin rəngi danışdıqca daha da qaralır, işıqlı çöhrəsi qara dəri pencəyindən seçilmirdi. Amma mühazirəmiz davam edirdi (mübarizəmizə hələ çox vardı).

Siqaret çəkmək üçün bir-iki dəfə üzr istəyib dəhlizə çıxmasını nəzərə almasaq, qoşa 45 dəqiqə boyunca müəllimimizi maraqla və sükut içində dinləyirdik...

...İndi bir siqaret çəkiminə o gün dediklərinin hamısını xatırlayram.

Nəsimi müəllim deyirdi ki, mən bu mənfur ermənilərin ilan xislətinə bələdəm, 1948-1953-cü illər deportasiyasını yaşamış, ata-baba yurdumu itirmiş adamam...

Deyirdi ki, onlar it kimi qorxaq, amma tülkü kimi hiyləgərdirlər, yalnız havadarları olanda qudururlar, yal verənə yalmanırlar...

Deyirdi ki, Heydər Əliyevin qorxusundan bu vaxtadək səslərini çıxarmağa qorxublar, girməyə siçan deşiyi gəziblər, amma indən belə çox diqqətli və ehtiyatlı olmalıyıq, çünki özləri qədər kəmfürsət, qəddar, alçaq tayfa yoxdur, faşistlərdən də betərdirlər...

Deyirdi ki...

Müəllim bizə arxeologiyadan danışmalı idi, amma etnoqrafiyadan dərs deyirdi. Öz təbirincə desək, yaxşı tanıdığı, lənətlənmiş qövmün çaqqal xislətini tərif-təsvir edirdi...

...Həmin gün qədim tariximizi incəliyinə qədər öyrənmək üçün girdiyimiz auditoriyadan ən yeni tariximizin ümumi konturlarına dair dumanlı bilgilərlə çıxdıq. Pərt-pərişan çıxdıq... Həmin gün bizə proqram üzrə tarix dərsi keçilmədi, dərs almadıq... Qarabağ savaşı məndən ötrü (və əminəm ki, həmyaşıdlarımdan da) belə başladı. Həmin gün, keçilməyən həmin o dərsdə başladı. O duman düz 33 il çəkilmədi...
 
Nəsimi müəllimin dediyi kimi də oldu. Heç bir ay çəkmədi ki, Aqanbekyan adlı erməni alim Qarabağın taleyinə bir qərinə açılmayacaq düyün vuran düyməni basdı. Noyabr idi. Beləcə, Qarabağ Qorbinin xeyir-duası ilə Qordi düyününə düşdü. Bu düymənin şifrəsini uzun illər çözə bilmədik. “Güclü erməni diasporu-lobbisi” mifi də bir yandan...
 
Bu savaş hər kəs kimi mənim də ruhumda 33 ildir davam edir. Səsini-nəfəsini duymaqda olduğumuz böyük QƏLƏBƏ bundan əvvəlki cümlədə felin zaman şəkilçisini tezliklə dəyişəcək. Onda “davam edir”i “davam etdi” kimi oxuyarıq... Hələliksə...
 
...23 oktyabr, 2020-ci ildir. Yenə cümə günü. Ermənilərin Qarabağdakı son terrorçu dəstələri bir-birinin ardınca məhv edilir. Ermənilərin hər yerdən əli-ətəyi üzülüb. Azərbaycan bir qərinə öncə onun üçün mənhus alın yazısı kimi haralardasa, hansı kabinetlərdəsə yazılmış tarixi ssenarini öz əlləri ilə, öz ərləri ilə elə buralarda, Qarabağdaca pozur, pozub başqa şey yazır. Tarix yazır. Özü də ağılla yazır, gücü ilə yazır, şərəflə yazır. Ermənilər bundan sonra da əvvəl olduğu kimi arxeoloji zir-zibil arasında eşələnib özləri üçün nə qədər yeni “qədim tarix” yaradırlarsa-yaratsınlar, daha faydası yoxdur. Çünki düşmən cəbhəsində bir alimin başladığı murdar iş səviyyəsiz bir çobanla, labüd iflasla bitir... Çünki indi bizim cəbhədə 80-ci illərin gəncləri, 1987-ci ildə, ondan sonrakı illərdə doğulan uşaqlar var. Yeni, ən yeni tarixin adamları... Təkcə bir dərsdən yox, həm də döyüş meydanlarındakı ən ağır imtahandan üzüağ, şərəflə, qürurla çıxan adamlar...
 
...23 oktyabr, 2020-ci il. Bu gün, məhz bu gün özümdən, yaşadığım tarixdən – Qarabağın bizdə olmadığı günlərin hamısından üzr istəyib siqaret çəkmək üçün neçə dəfə eyvana çıxmışam, pəncərə qabağında durmuşam. Müəllimim kimi uzun-uzadı susmuşam, düşünmüşəm. Və çox şeyləri xatırlamışam. Bir qərinə gözümün qabağından film kimi keçib. Bu illərdə daha nələr olmadı ki?! Xatırladığım “çox şeylər” arasında biri də – bu açar-cümlə də var: “Mən ona özüm qədər inanıram...”.

Yadınızda? Onda da oktyabr ayı idi...
 
İndi də oktyabrdır. O biri, o uzaq 23 oktyabrdan 33 il keçir. Mən o uzaq 23 oktyabrdakı şifrəni özümçün indi-indi – 2020-nin 23 oktyabrında açıram.

Həmin gün bizə proqram üzrə tarix dərsi keçilmədi, dərs almadıq, başqa dərsi öyrəndik... Ona görə ki, bir gün özümüz dərs verə bilək. Başqa bir dərs... İndi o dərsi veririk, Nəsimi müəllim... Qarabağ savaşında vurulub darmadağın edilənlər təkcə top-tüfəng deyil, hərbi hədəflər deyil, həm də dediyiniz o miflərdir...
 
İndi isə siz rahat yatın, ustad, biz oyağıq. Pərt-pərişan, utana-utana çıxdığımız həmin o dərsdən qiymət almaq üçün “zaçotka”mızı sizə şəstlə uzadırıq. Nə yazırsınız yazın. Mənsə bunu yazım, ruhunuz rahat olsun: aqanbekyanlarla vurulmuş o düyünün şifrəsini açdıq. Ağlımızı gücümüzlə birləşdirib açdıq. İt uşağının o küçük balalarını qovuruq. Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, iti qovan kimi qovuruq. İti, iti, iti... İtləri... Dediyiniz o it uşaqlarının küçüklərini... Özü də birdəfəlik! 

Famil CƏFƏRLİ (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Digər yazıları

Paşinyan gizli sənəd imzalayacağını 2018-də bilirdi?

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay