Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Amerikanın simvolu doqquz metrlik divar deyil, azadlıq heykəli olmalıdır ”

Çıxışların tam mətni

Amerika prezidenti Donald Tramp Oval kabinetdən birbaşa Amerikan xalqına üz tutaraq ölkənin cənub sərhədindəki təhlükəsizlik problemi və hökumətin işinin dayanmasıyla bağlı Konqresdəki demokratları ittiham edib. Demokratların cavabı gecikməyib.

Amerikanın “Washington Post” və “Time” nəşrlərinə istinadən hər iki tərəfin çıxışını Strateq.az-ın oxucularına təqdim edirik.

Amerika prezidenti Donald Tramp:

Mənim həmvətənlərim amerikalılar, bu gün sizə müraciət edirəm, çünki cənub sərhədimizdə humanitar böhran güclənir və təhlükəsizlik sistemi korlanır. Gömrükxana və sərhəd xidmətinin əməkdaşları hər gün ölkəmizin torpaqlarına keçməyə çalışan minlərlə qeyri-leqal mühacirlə üzləşirlər.

Onları saxlamaq üçün yerimiz çatmır və onları yubanmadan vətənlərinə qaytarmaq imkanımız yoxdur. Amerika, cəmiyyətimizi varlandıran və ölkəmizin inkişafına öz töhfəsini verən milyonlarla leqal mühaciri qürurla qəbul edir. Amma amerikalıların hamısı nəzarətsiz, qanunsuz mühacirətdən əziyyət çəkir. Bu, resurslarımıza əlavə ağırlıq gətirir, iş yerlərini və maaşın tutumunu azaldır.

Bundan ən çox Afrika amerikalıları və Latın amerikalıları əzab çəkirlər. Cənub sərhədlərimiz ölkəmizə metamfetamin, eroin, kokain və fentanil daxil olmaqla böyük miqdarda narkotiklərin gəldiyi boru kəmərinə dönüb. Hər həftə təkcə eroindən 300 vətəndaşımız ölür, axı bu eroinin 90%-i bizə cənub sərhədindən keçir. Bu il bütün Vyetnam savaşındakından çox amerikalı narkotiklərdən ölüb.

Mühacirət-gömrükxana xidmətinin əməkdaşları son iki ildə kriminal keçmişli, o cümlədən ittiham və ya 100 min zorakılıq, 30 min cinsi və dörd min özəl qəddarlıqla qətl cinayətinə görə məhkum edilmiş 266 min əcnəbini həbs ediblər. Ölkəmizə qanunsuz gələnlər bu illər ərzində minlərlə amerikalını amansızlıqıla qətlə yetiriblər. Və biz birbaşa indi hərəkətə gəlməsək, daha minlərlə adam həlak olacaq.

Bu, humanitar böhrandır, qəlbin və ruhun böhranıdır. Mühacirlərin 20 min uşağı keçən aylarda qanunsuz şəkildə Birləşmiş Ştatlara keçib. Bu, güclü şişirtmədir. Kinli qaçaqmalçılar və amansız bandalar onlardan öz oyunlarında piyada kimi yararlanırlar.

Meksika ərazisindən səfər zamanı hər üç qadından biri cinsi zorakılığa düçar olur. Qadın və uşaqlar daha tez-tez bizim işbacarmaz sistemin qurbanına çevrilirlər. Cənub sərhədimizdə qeyri-leqal miqrasiyanın faciəvi gerçəkliyi belədir. Son qoymaqda qəti niyyətdə olduğum insan iztirablarının silsiləsi bu cürdür.

Mənim administrasiyam sərhəddə təhlükəsizliyin təminatı və cinayətkar dəstələrin və insan alverçilərinin fəaliyyətinin kökünü kəsmək haqda Konqresə ayrıntılı təklif verib. Bu, qorxunc problemdir. Bizim təklif hüquq-mühafizə orqanlarındakı peşəkarlar və Daxili Təhlükəsizlik Nazirliyinin sərhədçiləri tərəfindən hazırlanıb. Onlar öz vəzifələrini gərəkli icrası və Amerikanın təhlükəsizliyinin haçansa olduğundan daha etibarlı təminatı üçün resurslar xahiş ediblər.

Daxili Təhlükəsizlik Nazirliyinin təklifi narkotik, silah, qeyri-leqal qaçaqmal və bir çox başqa yasaq şeylərin aşkarlanması üçün qabaqcıl texnika və cihazların tətbiqini nəzərdə tutur. Biz agentlərin, mühacirət məsələləri üzrə hakimlər və çarpayıların sayını artırmaq istəyirik ki, çox güclü iqtisadiyyatımızın səbəb olduğu qanunsuz mühacirət axınının güclü artımının öhdəsindən effektli şəkildə gələk.

Bizim planımızda habelə təcili humanitar və tibbi yardım göstərilməsi haqda xahiş var. Daha sonra sərhəd təhlükəsizliyi ilə bağlı bütün yolları bağlamaq xahişiylə Konqresə müraciət etmişik ki, qeyri-leqal mühacirlərin uşaqlarını təhlükəsiz və insansevər şəkildə vətənlərinə qaytarmaq mümkün olsun.

Və nəhayət, hüquq-mühafizə qurumları sərhədlərdə təhlükəsizliyin təminatının ümumi proqramı çərçivəsində fiziki maneələrin inşasına 5,7 milyard dollar istəyib. Bu, demokratların xahişiylə beton divar deyil, polad maneə olacaq. Belə bir maneə sərhəddə təhlükəsizlik üçün son dərəcə önəmlidir. Sərhəddə işləyən peşəkarlarımız bunu istəyir və buna ehtiyacları var.

Bu, sadəcə, sağlam düşüncə məsələsidir. Sərhəd divarı öz xərcini çox tezliklə çıxarcaq. Qeyri-leqal narkotiklərin dəyəri ildə 500 milyard dolları keçir və bu, Konqresdən istədiyimizdən xeyli çoxdur.

Meksika ilə bağladığımız görkəmli, yeni ticarət sazişi də bu divarın dəyərini dolayısı ilə ödəyir. Bu gün qarşınızda çıxış edəcək senator Çak Şumer də bir çox başqa demokartlar kimi sərhəddə fiziki maneənin inşasını keçən il dəfələrlə dəstəkləyib. Onlar öz baxış nöqtələrini yalnız mən prezident seçiləndən sonra dəyişiblər.

Konqresdəki demokratlar böhran faktını tanımaqdan imtina edirlər. Onlar habelə cəsur sərhədçilərimzin ailələrimizi və millətimizi qorumaq üçün kəskin ehtiyac duyduqları vasitələrlə təmin etməkdən də imtina edirlər.

Federal hökumət yeganə bir səbəbdən işləmir: çünki demokratlar sərhəd təhlükəsizliyinə vəsait ayırmaqdan imtina edirlər. Mənim administrasiyam bu durumdan əziyyət çəkənlərə yardım üçün əlindən gələni edir. Amma bu problemi həll etməyin yeganə yolu bundan ibarətdir ki, demokratlar sərhədlərimizi qoruyan və hökumətə öz işini təzələməkdə yardım edən maliyyələşmə barədə qanun qəbul etsinlər. Bu durumdan çıxış yolunu 45 dəqiqəlik toplantının gedişində tapmaq olar. Mən Konqres rəhbərliyini sabaha Ağ Evə dəvət etmişəm ki, belə bir qərar alınsın. Ümid edirəm ki, milli təhlükəsizliyi təmin etmək naminə partiya siyasəti maraqlarından yuxarı ola bilərik.

Kimlərsə bu divarı ədəbsizlik adlandırır. Amma onda siyasətçilər niyə öz evlərinin ətrafında divar və darvaza ucaldırlar? Bunu bu divarların çölündəki adamlara nifrət etdiklərindən deyil, divarların içindəki adamları sevdiklərinə görə edirlər. Burada ədəbsizlik olan yeganə şey heç nə etməyən və daha çox sayda adamın dəhşətli zorakılığın qurbanına çevrildiyi belə bir duruma yol verməyi sürdürən siyasətçi olmaqdır. Miladdan sonra növbəti gün sərhədi təzəcə keçən qeyri-leqal mühacir Kaliforniyada gənc polis zabitini soyuqqanlılıqla qətlə yetirəndə Amerikanın qəlbi sındı. Ölkəmizdə olmaq hüququ olmayan adam amerikalı qəhrəmanın həyatını çaldı.

Sərhədlərimizi pozan adamlar günbəgün adamlarımızı qiymətli həyatlarndan edirlər. Kaliforniyada zəngin suç keçmişi olan bir qeyri-leqal mühacir HHQ veteranını zorlayıb və çəkiclə ölümcül döyüb.

Corciyada bu günlərdə qeyri-leqal mühacirə öz qonşusunu qətlə yetirmək, başını kəsmək və bədənini şaqqalamaq ittihamı elan ediblər.

Keçən il Merilenddə MS-13 cinayət bandasının üzvləri həbs olunub. Bu həddi-buluğa çatmayanlara 16 yaşlı qızı amansızcasına döymək və bıçaq yarası vurmaq ittihamı elan edilib.

Mən son bir neçə il boyunca, həyatını qeyri-leqal mühacirətin qırdığı adamların onlarla qohumlarıyla görüşmüşəm. Ağlayan ana ların əlindən tutmuş və dərd içindəki ataları qucaqlamışam. Bu, elə kədərlidir. Elə dəhşətlidir.

Onların gözlərindəki ələmi, titrək səslərini və qəlblərini bürüyən qüssəni heç vaxt unutmaram. Amerikanın daha nə qədər qanı axmalıdır ki, Konqres öz işinə girişsin?

Sərhədlərdə təhlükəsizlik naminə güzəştdən imtina edənlərə sıradakını təklif edərəm: təsəvvür edin ki, bu, həyatdan belə bir qəddarlıqla məhrum edilən övladınız, əriniz, arvadınızdır.

Konqresin bütün üzvlərinə isə deyirəm: bu qanunu qəbul edin və böhrana son qoyun.

Hər bir vərəndaşa bildirirəm: Konqresə deyin ki, bütün bu onilliklər keçəndən sonra, nəhayət, sərhədlərimizin təhlükəsizliyini təmin etsin. Bu, xeyirlə şər, ədalətlə ədalətsizlik arasında seçimdir. Məsələ bundan ibarətdir ki, xidmət etməyə borclu olduğumuz Amerika vətəndaşları qarşısında müqəddəs borcumuzu yerinə yetirəcəyikmi?

Mən and içərkən ölkəmizi qorumağa and içmişəm. Və bunu həmişə edəcəyəm və Tanrı mənə yardım etsin. Sizə təşəkkür edirəm, gecəniz xeyirə qalsın.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Senat azlığının lideri Çak Şumer çərşənbə axşamı Oval kabinetdə sərhəddə divar tikməyə həsr edilmiş nitqlə çıxış edən prezident Donald Trampa kəskin cavab veriblər.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi:

Axşamınız xeyir. Mən hökumətin işinin dayandırılmasına necə son qoymaqdan danışmaq və Amerika xalqının ehtiyacına səs vermək üçün bu gün Amerika xalqına birbaşa müraciət etmək imkanını yüksək dəyərləndirirəm.

Təəssüf ki, hökumətin işinin mənasız şəkildə dayandırıldığı bu müddətdə prezident Trampdan eşitdiklərimizin çoxu dezinformasiya və hətta hədələrlə doludur.

Prezident vahiməni seçib. Biz isə faktlardan başlamaq istəyirik. Faktlar isə belədir. Demokratlar Konqresin yeni tərkibinin lap ilk iş günündə Nümayəndələr Palatasında Senat respublikaçılarının hökumətin işinin bərpası və sərhəd təhlükəsizliyinin təminatı üçün effektli və ağıllı qərarların maliyyələşdirilməsi haqda qanun layihəsini qəbul ediblər. Lakin prezident hər iki partiyanın dəstəklədiyi, hökumətə yenidən öz işinə başlamaq imkanı verən bu qanun layihəsini rədd edib. O bunu Amerikanın vergi ödəyənlərini bahalı və effektsiz divar inşasına milyardları boş-boşuna itirməyə məcbur etmək üçün özünün qarayaxa ideyası üzündən edir. Axı o, həmişə söz verirdi ki, divar inşasına görə Meksika pul ödəyəcək!

Faktlar belədir. Prezident Tramp amerikalıları sağlamlıq, təhlükəsizlik və rifahı üçün çox önəmli xidmətlərin girovuna çevirmək, habelə bütün ölkə boyu heç bir günahı olmayan, özü də çoxu veteran olan 800 min işçini maaşdan etmək istəyir.

O, söz verib ki, hökumət “aylarla və ya illərlə” işləməyəcək və bundan kimin əzab çəkəcəyi önəmli deyil. Bu, açıqca yanlış mövqedir.

Faktlar belədir. Hamımız razıyıq ki, sərhədlərimizi bərkitməli, eyni zamanda öz dəyərlərimizi qorumalıyıq. Biz sərhəddən buraxılış məntəqələrində infrastruktur və yollar qura bilərik. Biz ölkəmizə gələn avtomaşın və yük maşınlarında narkotiklərin olduğunu yoxlamaq üçün yeni cihazlar qura bilərik. Sərhəddə ticarət və mühacirət prosedurlarının asanlaşdırılması üçün heyət işə götürə bilərik. Və sərhədi qanunsuz keçməyin aşkarlanması məqsədilə innovasiyaları maliyyələşdirə bilərik.

Faktlar belədir. Sərhəddəki qadın və uşaqlar təhlükəsizliyimizə təhdid təşkil edirlər. Onlar prezident Trampın amansız və səmərəsiz siyasətiylə yalnız ağırlaşdırdığı humanitar problemin qurbanlarıdır.

Faktlar belədir. Prezident Tramp Amerika xalqının girova döndüyü belə bir durumu dayandırmağa borcludur. O, süni şəkildə böhran yaratmağı dayandırmalı, hökumətin işini təzələməlidir.

Sağ olun.

Senat azlığının lideri Çak Şumer:

Sağ ol, spiker Pelosi.

Mənim həmvətənlərim amerikalılar, bu gün sizə yeganə bir səbəbdən müraciət edirik. ABŞ prezidenti sərhəddə bu effektsiz və gərəksiz divarı inşa etmək üçün Meksikanı pul ödəməyə vadar edə bilməyib. O, Konqresi və Amerika xalqını bu inşaatın pulunu ödəməyin gərəkdiyinə inandıra bilmədi. Bu üzdən hökumətin işini dayandırıb.

Amerika demokratiyası belə hərəkət etmir. Biz ölkəni qəzəb tutmasıyla yönəltmirik. Heç bir prezident yumruğunu masaya çırparaq əks halda hökumətin işini dayandıraraq milyonlarla amerikalıya ziyan vurmaq hədəsi gələrək öz fikrində təkid etməməlidir. O isə bundan basqı vasitəsi kimi yararlanır.

Prezident Tramp bu gün, habelə bütün bu debatlar və öz prezidentliyi boyunca faktlara deyil, qorxuya üz tutur. Birliyə deyil, fikir ayrılıqlarına.

Siz sıradakını nəzərə almalısınız. Həm demokratlar, həm də prezident sərhəddə təhlükəsizliyi bərkitmək istəyir. Lakin bunu necə daha effektli etmək məsələsində prezidentlə qətiyyən razılaşmırıq.

Deməli, bu kələfi necə çözək?

Problemin həlli bəllidir: hökumətin bağlanması və sərhəddə təhlükəsizlik məsələlərini ayırmaq gərəkdir. Hər iki partiyanın – demokratlar və respublikaçıların dəstəklədiyi, sərhəddə təhlükəsizlik haqda debatları sürməsilə eyni vaxtda hökumətin işinin təzələnməsini nəzərdə tutan qanun layihəsi var.

Siyasi ixtilaflar üzündən milyonlarla amerikalıya ziyan vuran hərəkətlərə heç bir bəraət yoxdur. Federal qurumların əməkdaşları vaxtında maaş almırlar. Bəzi ailələr yeni mənzil əldə etmək üçün ipoteka ala bilmirlər. Fermerlər və balaca şirkətlər kəskin şəkildə gərəkən kreditləri almır.

Prezidentlərin çoxu Oval kabinetdən nəcib məqsədlərlə çıxış edib. Bu prezident süni şəkildə böhran, qorxu törətmək və administrasiyasının düşdüyü hərc-mərclikdən adamların diqqətini yayındırmaq üçün Oval kabinetdən dekorasiya kimi istifadə edib.

Mənim həmvətənlərim amerikalılar. Millətimizin öhdəsindən gələ bilməyəcəyi elə bir çağırış yoxdur. Biz hökumətin işini təzələmək, eyni zamanda siyasi fikir ayrılıqlarını çözələmək üçün işi davam etdirmək gücündəyik. Biz bahalı və effektsiz divar olmadan sərəhədlərimizin təhlükəsizliyini təmin edə bilərik. Və təhlükəsizliyimizi təhdid altına qoymamaqla yanaşı mühacirləri qəbul edə bilərik.

Amerikanın simvolu doqquz metrlik divar deyil, Azadlıq heykəli olmalıdır.

Buna görə də sadə həll təklif edirik.

Cənab prezident, hökumətin işini bərpa edin, biz isə sərhəddə təhlükəsizlik məsələsi üzrə fikir dartışmalarımızı aradan qaldıra bilərik. Amma hökmətin işinin dayandırılmasına birbaşa indi son qoymaq gərəkdir.

Sağ olun.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar