Çərşənbə, 22 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...

Rusiyanın Altay Federal Aqrobiotexnologiya Elmi Mərkəzinin alimləri yeni cins maral yetişdirməyə başlayıblar...

Buynuzları adi maral buynuzundan xeyli böyük olan, ətraf mühitə daha tez uyğunlaşmaları ilə seçilən bu marallar bəzi MDB ölkələrindən, o cümlədən, Azərbaycandan olan biznesmenlərin də diqqətini cəlb edib. 

Virtualaz.org xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” nəşri məlumat yayıb.

Mənbə yazır ki, yeni cins marallar populyasiya daxilində alınıb, onları digər növlərlə çarpazlaşdırmayıblar. Bu heyvanlar daha tez böyüyür və  çoxalır, buynuzlarının çəkisi, 2,5 kq-a qədər çatır.

“2009-cu ildə maralçılıq təsərrüfatları ilə məşğul olan regionlarda 17 min – Altay diyarında 9 mindən çox, Altay Respublikasında 8 min baş maral var idi. Lakin getdikcə maral təsərrüfatların sayı azalmağa başladı, nəticədə bu heyvanların sayı 5 minə endi. Genofondu qorumaq və inkişaf etdirmək üçün növün əsas xüsusiyyətlərini daşıyan xallı maral cinsini yetişdirməyə başladıq”, - mərkəzin direktor müavini Vasili Lunitsın deyir.

Sayı təxminən minə yaxın olan yeni cins marallar "İskra" fermasında yetişdirilir. Saytın yazdığına görə, bu marallara tələbat gün-gündən artdığından, təsərrüfatın tezliklə daha da böyüyəcəyi ehtimal olunur. Artıq Rusiyanın Avropa hissəsindən, eləcə də MDB ölkələrinin ovçuluq təsərrüfatları marallarla maraqlanmağa başlayıblar. Mənbə hətta Azərbaycandan olan iş adamlarının bu maralların bir partiyasını aldığını yazır.

Yeri gəlmişkən, Rusiyada maralların yetişdirilməsi ilə yalnız bir neçə bölgədə məşğul olurlar. Altay Respublikası və Altay diyarı ölkədəki maralların əsas yaşayış yeridir.

Bəs Azərbaycanda marallardan hansı məqsədlər üçün istifadə olunur? Araşdırma nəticəsində müəyyən etdik ki, həqiqətən də, bəzi yerli biznesmenlər tərəfindən Azərbaycana bir neçə partiya Altay  maralı gətirilib. Belə ki, Xızı rayonunda 2015-ci ildən maral təsərrüfatı salınıb. Altıağac “Cənnət bağı” istirahət mərkəzində yerləşən “Altay maralı” müalicə mərkəzinə Altay vilayətindən 86 baş maral gətirilib. Hazırda sayı 100-dən çox olan marallar burada xüsusi məqsədlə bəslənilir. Mərkəzdə maral buynuzundan istifadə etməklə müalicə üsulu – pant vannaları tətbiq edilir.

Mərkəzdən virtualaz.org-a bildirdilər ki, burada saxlanan maralların buynuzu may ayında, bərkiməmiş kəsilir, soyuduculara yığılır və müştərilər müraciət etdikdə onlardan istifadə olunur: “Sifariş olduqda biz həmin buynuzu 3 gün qaynadırıq, sonra alınmış bulyon xüsusi rezervuardan müştəriyə tətbiq olunur. Bu məhluldan vanna oluna bilər, xüsusi çəlləklərdə buxar formasında və ya kosmetik vasitə kimi istifadə oluna bilər”.

Tam bərkiməmiş maral buynuzu - pant müalicəsinə çəkilən xərcə gəlincə isə, 10 gün ərzində gündə bir dəfə vanna, 3 dəfə qidalanma da daxil olmaqla, prosedurun qiyməti nə az, nə çox 1600 manatdır.

Mərkəzin saytında maral buynuzundan alınan məhlulla xroniki yorğunluq sindromunun aradan qaldırılması, maddələr mübadiləsinin sürətləndirilməsi, ürək-qan-damar, sidik, mədə-bağırsaq sistemi xəstəliklərinin aradan qaldırılmasında istifadə olunur. 

Altay diyarından maralların daha bir partiyası isə 2017-ci ildə Azərbaycana gətirilib. Bu dəfə ekoturizmi inkişaf etdirmək məqsədilə Şəmkir rayonunun Çənlibel kəndində təsərrüfat salınıb. Hazırda meşə ərazisindəki 50 hektarlıq sahədə 60 baş maralın saxlandığı bildirilir.

Şəmkirdə digər bir maral təsərrüfatı isə bu rayondan Gədəbəyə gedən yolun üstündə, Qaraboyluda yerləşir. Yerli oliqarxlardan birinə məxsus olan təsərrüfat təxminən 5 ilə əvvəl yaradılıb, hazırda burada 70-dən çox maral saxlanır.

Qeyd edək ki, yerli onlayn satış saytlarında Altay maralının satışına da rast gəldik. Şəmkir rayonundakı maral təsərrüfatlarından birində yetişdirilən bir baş maral 8 min manata satışa çıxarılıb. (Virtualorg.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: marallar

Şərh yazın.


loading...

Ən çox oxunanalar